Sənətkarı dövr yetişdirir, məlum həqiqətdir. Amma dövrün siması da müəyyən mənada həmin sənətkarlardan asılı olur. Azərbaycan mədəniyyətinin inkişafı, müasir mərhələyə qədəm qoyması Hacıbəylilərin, Əliverdibəyovların, Cavidlərin, Qarayevlərin, Əmirovların, Bədəlbəylilərin... dünyaya gəlməsi lazım idi. Bu nəsillərin nümayəndələrinin irsini nəzərdən keçirəndə onların Azərbaycan incəsənətinin, ədəbi fikrinin inkişafında misilsiz rolu bütün əzəməti ilə göz önünə gəlir.

Bu yazıda biz Əliverdibəyovlar haqqında söhbət açacağıq. Lakin öncə dahi musiqiçi Üzeyir Hacıbəylini xatırlamaq istərdik. Üzeyir bəyin irsi bir məktəbdir - möhkəm özüllər üzərində qurulmuş zəngin, dolğun bir məktəb... Üzeyir bəylə Əliverdibəyovlar arasında qohumluq əlaqələri var idi. Əliverdibəyovlar nəslinin tanınmış simalarından olan Ağalar bəy Əliverdibəyov Üzeyir bəyin dayısı və onun ilk musiqi müəllimi idi.
Ağalar bəyin atası Kərbəlayı Ələkbər Xurşudbanu Natəvanın süd qardaşı olub. Kərbəlayı Ələkbərin uşaqları müxtəlif musiqi alətlərində ifa edirdilər. Bu təəccüblü deyildi, axı onlar Azərbaycanın dilbər guşəsi olan musiqi, sənət beşiyi Qarabağda dünyaya gəlmişdilər.
Ağalar Əliverdibəyov xalq mahnılarına və muğamlara xüsusi maraq göstərirdi. Muğam ifaçılığını dayısı Mirbaba Vəzirovdan öyrənmişdi. O, əczaçı olsa da, muğamlarımızın dərin bilicisi idi. Ağalar bəy Quranı və fars dilini əla mənimsəyir, rus-tatar məktəbini bitirdikdən sonra Şuşa realnı məktəbinə daxil olur və oranı 1901-ci ildə başa vurur. Peterburqa, daha sonra Varşavaya gedərək ali inşaatçı mühəndis təhsili alır. Rus, fars, alman dillərini çox gözəl bilirdi.
Təbiəti etibarilə çalışqan, təşəbbüskar bir adam olan Ağalar bəy Şuşa musiqiçilərinin əhali qarşısında çıxış etməsinə hər vasitə ilə yardım göstərir, öz evində musiqi məclisləri keçirir, xalq ifaçılarını ətrafına toplayırdı. Həmin yığıncaqlarda Şuşanın ən gözəl musiqiçilərini, ifaçılarını - Hacı Hüsünü, Cabbar Qaryağdıoğlunu, Keçəçioğlu Məhəmmədi, Mirzə Sadığı dinləmək olardı. Üzeyir bəy də bu məclislərdə iştirak edərdi.
Ağalar Əliverdibəyov muğamlar əsasında “Harun Ər-Rəşid” operasını, habelə “Azərbaycan musiqisinin tarixi” əsərini yazmışdır. Azərbaycan xalq mahnılarının yorulmaz təbliğatçısı olan Ağalar bəy bu zəngin musiqi folkloru nümunələrini böyük məhəbbət və həvəslə toplayırdı. Görkəmli bəstəkar Səid Rüstəmov yazırdı ki, onun əlyazmasında 600-dən artıq xalq mahnı və təsnifinin mətnləri var. O, mətnə baxan kimi melodiyanı da yada salıb oxuyardı.
1922-ci ildə Ağalar bəy Məhbubə xanım Uğurlubəyova ilə evlənir. Bu ağıllı qadın onun ömür-gün yoldaşı olmaqla bərabər, həm də dostu olur. Onların dörd övladı da musiqi sahəsini seçir: Nazim bəstəkar, Kazım dirijor, Rasim skripkaçı olur, qızları Nüşabə xanımsa həkim olmasına baxmayaraq, sonralar konservatoriyanı bitirərək öz həyatını bütünlüklə musiqiyə həsr edir.
Əliverdibəyovlar nəslinin parlaq nümayəndələri arasında Əməkdar incəsənət xadimi Kazım Əliverdibəyovun xüsusi yeri var. Onun keçdiyi şərəfli ömür yolu gələcək nəsillərə nümunədir.
O, 1934-cü il noyabrın 27-də dünyaya gəlib. Kiçik yaşlarından heç bir həmyaşıdından fərqlənmirdi. Böyüdü, gənclik yaşlarına çatdı... Bu bitməyən nöqtələr zamanı zamana bağladı, o özü üçün bir dünya yaratdı. Bu, musiqi dünyası idi.
Kazım bəyin yetişməsində doğulduğu ziyalı mühitinin çox böyük rolu oldu. Qardaşı Rasim maestro Niyazinin orkestrində skripka çalırdı. Axşamlar bəzən onu da özü ilə konsertə aparırdı. Maestronun simfonik orkestri məharətlə idarə etməsi, orkestrin səlis ifası Kazımda dirijorluğa həvəs oyadır. Bu məqsədlə o, Azərbaycan Dövlət Konservatoriyasının dirijorluq fakültəsinə daxil olur. Tələbə ikən əməksevərliyinə, çalışqanlığına görə Süleyman Ələsgərov onu Musiqili Komediya Teatrına işə dəvət edir. Kazım bəy teatrda iki il ərzində Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, F.Əmirovun “Gözün aydın”, T.Quliyevin “Qızılaxtaranlar”, S.Ələsgərovun “Ulduz” operettalarının tamaşalarında orkestrə müvəffəqiyyətlə dirijorluq edir. 1960-cı ildə onu Akademik Opera və Balet Teatrına işə dəvət edirlər.
Dirijor həm şair olmalıdır, həm də musiqiçi. Bu iki qüvvə eyni istiqamətə yönəldikdə yüksək sənət yaranır. Bu xüsusiyyətlər K.Əliverdibəyovda var və onların hər biri zirvə möhtəşəmliyindədir. O, Opera və Balet Teatrında Üzeyir bəyin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu”, F.Əmirovun “Sevil”, “1001 gecə”, Ə.Bədəlbəylinin “Qız qalası”, T.Bakıxanovun “Dəniz balladası”, Z.Hacıbəyovun “Aşıq Qərib”, M.Maqomayevin “Şah İsmayıl”, Q.Qarayevin “İldırımlı yollarla”, “Yeddi gözəl”inə, A.Məlikovun “Məhəbbət əfsanəsi” əsərlərinə dirijorluq edib. Buraya C.Verdinin “Aida”, C.Rossininin “Sevilya bərbəri”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov", P.Çaykovskinin “Qu gölü”, “Fındıqqıran” və s. əsərləri də əlavə etsək, bu insanın yaradıcılıq portretini göz önünə gətirmiş olarıq.
Kazım Əliverdibəyov Türkiyənin İzmir şəhər Konservatoriyasının dəvəti ilə 1996-cı ildən 2006-cı ilədək orada çalışır. Qardaş ölkədə dirijorluğunu təkmilləşdirir və yaradıcılıq enerjisini daha da artırır. Bu müddətdə o, 9 Eylül Universitetində balet və operaları tamaşaya qoyur, bir çox əhəmiyyətli konsertlərin təşkilatçısı və dirijoru olur.
Sənətkarın Fransada 20-dən çox çıxışı olub. Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından, P.Çaykovskinin “Qu gölü” baletindən, D.Şostakoviçin “Xanım və xuliqan” əsərindən hissələr, Q.Qarayevin “Yeddi gözəl”, T.Bakıxanovun “Xəzər balladası” baletlərindən fraqmentlər onun dirijorluğu ilə fransız musiqisevərlərin qəlbini ovsunlayıb.
Müasirləri onun dirijorluq məktəbinin təşəkkülündə rolunu dəfələrlə qeyd etmişlər. Görkəmli bəstəkar F.Əmirov yazırdı: “Sevil” operasının yeni redaksiyası üzərində iş zamanı mən Kazım Əliverdibəyovu quruluşçu-dirijor kimi tanıdım. Məhz burada onu işinə ciddi yanaşan, yüksək professionallığa malik, əsərin musiqi dramaturgiyasını dərinliklərinə qədər duyan və onu təsvir etməyə çalışan, tamaşanın müxtəlif xarakterli obrazlarını açmaq bacarığına qadir bir şəxs kimi tanıdım. Və nə yaxşı ki, bu cür ixtisaslı müəllim Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında işləyir”.
Musiqiçinin dirijor həssaslığını vurğulayan böyük sənətkar S.Ələsgərov qeyd edir ki, “Müxtəlif janrlı musiqili teatr tamaşalarına - opera, operetta, balet əsərlərinə məharətlə dirijorluq edən K.Əliverdibəyov cəldliyi, temperamenti, manerası, həssaslığı ilə diqqəti cəlb edərək Musiqili Komediya Teatrı kollektivinin rəğbətini qazanmışdır. Parisdə keçirilmiş beynəlxalq rəqs festivalında, habelə Monte-Karloda müvəffəqiyyətli çıxışlarını və orada orkestri məharətlə idarə etməsini, Parisdə konsertləri də əlavə etsək, K.Əliverdibəyovun artıq tanınmış bir dirijor olduğuna əsla şübhə qalmaz”.
K.Əliverdibəyov həm də müəllim kimi çox məhsuldar fəaliyyət göstərmişdir. Onun pedaqoji metodunun əsasını dərs dediyi tələbələrlə böyük yaradıcılıq dostluğunun olması təşkil edir. Böyük zövqə malik bu insan gələcəyin musiqiçilərinə dirijor hərəkətlərinin aydın və səlis olmasını, pult üzərində mətnə bacardıqca az baxmalarını, həmişə diqqətli, cəld hərəkət etmələrini məsləhət görmüş, onlarda sərbəstliyi də tərbiyə edərək bunsuz orkestri öz arxasınca aparmağın mümkün olmadığını tövsiyə etmişdir.
Sevincdən, fərəhdən, ülviyyətdən doğan, insanların ümidini özündə tərənnüm edən, 80 yaşını arxada qoymuş Kazım Əliverdibəyovun sənəti həmişə var olacaq.

Sevinc Aqilqızı,
Ü.Hacıbəyli ev-muzeyinin böyük elmi işçisi