Azərbaycan

7 fevral 1919 - Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919 - 27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.
7 fevral 1924 - Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1924 - 21.3.1981) Bakıda anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.

8 fevral 1921 - Bakıda Azərbaycan qadınlarının birinci qurultayı işə başlayıb.
8 fevral 1992 - Görkəmli bəstəkar, musiqişünas, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (Şuşa, 23.3.1920 - 1992) vəfat edib. Azərbaycan musiqi tarixində ilk uşaq baletinin («Qaraca qız»), «Səndən mənə yar olmaz», «Dağlar qoynunda», «Həyətim mənim, həyatım mənim” musiqili komediyalarının, simfonik orkestr üçün əsərlərin, «Qurban olduğum», «Oxu bülbülüm», «Qarabağın qızları» və s. populyar mahnıların müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (1953-1957) rektoru olub.

9 fevral 1925 - Əməkdar artist, müğənni Rəhilə Mirələsgər qızı Həsənova (1925 - 28.2.2004) anadan olub.
9 fevral 1936 - Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) anadan olub.
9 fevral 1942 - Yazıçı-publisist, filologiya elmləri doktoru Fazil Şamil oğlu Rəhmanzadə anadan olub. “Əsrə bərabər gecə” kitabının müəllifidir.

10 fevral 1828 - Rusiya ilə İran arasında müharibənin (1826-1828) yekunlarına dair Türkmənçay sülh müqaviləsi bağlanıb. Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Bundan öncə, 1813-cü ildə bağlanan Gülüstan müqaviləsi ilə Şimali Azərbaycanın digər xanlıqları da Rusiyaya ilhaq edilmişdi.
10 fevral 1918 - Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. “Brilyant məsələsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” və s. detektiv əsərlərin müəllifidir.
10 fevral 1925 - Cənubi Azərbaycan şairi, publisist Müzəffər Məmmədəli oğlu Dirəfşi anadan olub.
10 fevral 1927 - Ədəbiyyatşünas alim, professor Cahangir Vahid oğlu Qəhrəmanov (1927-1995) Qəbələdə doğulub.

Dünya

7 fevral 1478 - İngilis mütəfəkkiri və yazıçısı, katolik din xadimi Tomas Mor (Thomas More; 1478-1535) anadan olub. Məşhur “Utopiya” əsərinin müəllifidir.
7 fevral 1812 - Məşhur ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens, 1812-1870) anadan olub. Realist sosial romanın yaradıcılarından biri, “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir.
7 fevral 1885 - Amerika yazıçısı, amerikalı yazıçılar arasında ədəbiyyat üzrə ilk Nobel mükafatı (1930) laureatı Sinkler Lyuis (Sinclair Lewis, 1885-1951) anadan olub. “Baş küçə”, “Martin Errousmit” (“Martin Arrowsmith”) və s. romanların müəllifidir.
7 fevral 1905 - Fransız yazıçısı və filosofu Pol Nizan (Paul Nizan, 1905-1940) anadan olub.
7 fevral 1929 - Türk şairi və aktrisası Könül (Gönül) Aysel Gürel (1929 - 17.8.2008) anadan olub. Bir çox populyar mahnıların sözlərinin müəllifidir.
7 fevral 1954 - Alman müğənnisi, bəstəkar və prodüseri Diter Bolen (Dieter Bohlen) anadan olub. 80-ci illərin məşhur “Modern Talking” qrupunun yaradıcısı kimi tanınıb.

8 fevral 1577 - İngilis yazıçısı Robert Berton (Robert Burton, 1577-1640) anadan olub.
8 fevral 1591 - İtalyan rəssamı Qverçino (əsl adı Covanni Françesko Barbieri, 1591- 1666) anadan olub.
8 fevral 1828 - Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne, 1828 - 24.3.1905) anadan olub. Macəra ədəbiyyatının klassiki, elmi fantastikanın banilərindən biridir. “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s. əsərlərin müəllifidir.
8 fevral 1920 - Amerika aktrisası, 40-50-ci illərin kino ulduzu Lana Terner (Lana Turner, 1920-1995) anadan olub.
8 fevral 1928 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq-ağ Bim” və s. filmlərdə çəkilib.

9 fevral 1441 - Böyük özbək şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai; 1441 - 3.1.1501) Heratda doğulub. Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.
9 fevral 1874 - Alman əsilli rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Emileviç Meyerhold (Karl Kasimir Theodor Meyergold; 1874-1940) anadan olub.
9 fevral 1881 - Dahi rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 - 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının müəllifidir.
9 fevral 1885 - Avstriya bəstəkarı, ekspressionizmin məşhur nümayəndəsi Alban Berq (Alban Berg, 1885-1935) anadan olub.

10 fevral 1808 - Alman tarixçisi və filoloqu Georq Veber (1808-1888) anadan olub.
10 fevral 1837 - Böyük rus şairi, yazıçı, dramaturq Aleksandr Sergeyeviç Puşkin (6.6.1799 - 1837) vəfat edib. Əsərləri: "Yevgeni Onegin" (mənzum roman), "Ruslan və Lüdmila", "Qafqaz əsiri", "Tunc atlı" (poemalar), "Boris Qodunov", "Motsart və Salyeri" (pyeslər), “Mərhum İvan Petroviçin povestləri”, “Qaratoxmaq qadın”, “Kapitan qızı” (povestlər) və s.
10 fevral 1890 - Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1958) laureatı Boris Leonidoviç Pasternak (1890-1960) anadan olub. Əsərləri: “Doktor Jivaqo” (roman), "Leytenant Şmidt", "Spektorski" (poema), "Bacım mənim - həyat", "Erkən qatarlarda" (şeirlər kitabı).
10 fevral 1898 - Alman dramaturqu, rejissor və teatr nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898-1956) anadan olub. Pyesləri: “Üç quruşluq opera”, “Kuraj ana və uşaqları”, “Qalileyin həyatı” və s.
10 fevral 1938 - Rus yazıçısı Georgi Aleksandroviç Vayner (1938-2009, Nyu-York) anadan olub. 1990-cı ildə Amerikaya mühacirət edib. Qardaşı Arkadi Vaynerlə birlikdə məşhur detektiv əsərlərin müəllifidir: “Şaquli yarışlar”, “Minotavra ziyarət”, “Mərhəmət erası”, “Cəlladın incili” və s.

Hazırladı: Vüqar Orxan