Krım tatarlarının ədəbi-mədəni həyatında dərin iz qoymuş şəxsiyyətlərdən biri də şair, dramaturq, ədəbiyyatşünas və pedaqoq Abdulla Lətifzadə olub. Xalqının azadlığı, mədəni inkişafı yolunda çalışan ədib ötən əsrin 30-cu illərində repressiya burulğanında həyatını itirib.

Abdulla Əbil oğlu Lətifzadə 1890-cı ildə Krımın Akmescid (indiki Simferopol) şəhərində ziyalı ailəsində dünyaya göz açıb. İlk təhsilini atasından alıb, rus dilini də ondan öyrənib. Sonra təhsilini rüşdiyyə məktəbində davam etdirib. Orada oxuyarkən inqilabçılara qoşulur. Çox keçmir, onun fəaliyyətindən xüsusi xidmət orqanları xəbər tutur. Nəticədə o, məktəbdən qovulur və nəzarətdə saxlanılır. Abdulla İstanbula getmək və orada oxumaq qərarına gəlir. 1908-ci ildə atasının xeyriyyəçi dostunun köməyi ilə İstanbula gedir. Sənədlərini məktəblərdən birinə vermək ərəfəsində atasının ölüm xəbərini alır, vətənə dönür. Krımda nəşr olunan “Tərcüman” və “Vətən xadimi” qəzetləri ilə əməkdaşlıq edir.
Folklorşünas Əli Şamilov Abdulla Lətifzadə ilə bağlı araşdırmasında yazır ki, o, bir müddət Krımda işlədikdən sonra yarımçıq qoyduğu təhsilini başa vurmaq istəyir. Buna görə də Başqırdıstanın Ufa şəhərinə gedir. Üç il məşhur Qaliyə mədrəsəsində oxuyur. 1915-ci ildə çar ordusunda hərbi xidmətə çağırılır, I Dünya müharibəsində iştirak edir. İmkan düşdükcə bədii yaradıcılıqla da məşğul olur, A.S.Puşkinin, L.Tolstoyun bir neçə əsərini tatar dilinə tərcümə edir.
Müharibə başa çatdıqdan sonra Abdulla Krıma dönür, Tatar Sosialist Partiyasına daxil olur. 1917-ci ildə Akmesciddə keçirilən I Krım-tatar qurultayına nümayəndə seçilir, “Millət” qəzetinin redaktoru olur. Həmkarlar təşkilatında, sonra da Xalq Maarif Komissarlığında rəhbər vəzifələrə irəli çəkilir.
Yazıb-yaratmaq eşqilə Krım-tatar ədəbiyyatının forma və məzmunca inkişafına çalışır. Vladimir Mayakovskinin təsiri ilə “Ver”, “Cermayın türküsü”, “Bir damcı qan”, “Çətin, lakin çiçəklənəcək yol”, “Qurtarınız ölümdən!” və başqa şeirlərini qələmə alır. “Şairə”, “Axır zaman quşu”, “Axına” şeirləri yeni Krım-tatar ədəbiyyatının ən gözəl nümunələri kimi dəyərləndirilir. O daha sonra yeni həyatı tərənnüm edən “Şairin ruhu”, “Ömür”, “Gözaydınlığı”, “Müjdə” kimi şeirlərilə yanaşı, “Xeyirsiz yuxu” poemasını yazır. 1928-ci ildə Akmesciddə bu əsərlərdən ibarət “Yeni saz” adlı kitabı çapdan çıxır.
Abdulla Lətifzadə bədii yaradıcılıqla yanaşı, folklor və etnoqrafiya sahəsində də axtarışlar aparır. Bölgələrə səfər edərək dialekt və şivələri toplayır. Eyni zamanda ərəb əlifbasından latın qrafikasına keçmək işində uğurlu fəaliyyət göstərir və Yeni Əlifba Komitəsinin katibi təyin olunur. “Okuv işleri” jurnalında “Krım-tatar ədəbiyyatının ən yeni dövrü” və “Krım-tatar ədəbiyyatına qısa nəzər” məqalələri dərc olunur. Bu məqalələr onu Krımda bir ədəbiyyatşünas kimi də məşhur edir. II Ümumkrım Orfoqrafiya Konfransında (1929) terminologiya ilə bağlı məruzə edir. Onun bu çıxışı tatar ədəbi dilinin formalaşması üçün bir istiqamət olur.
Bölgələrə dialektoloji ekspedisiyalar keçirir. Onun bu fəaliyyəti birmənalı qarşılanmır. Xalqını sevdiyinə, milli dəyərlərə hörmətlə yanaşdığına görə haqqında mətbuatda tənqidi məqalə dərc olunur, millətçilikdə təqsirləndirilir...
1930-cu ildə Moskvadakı Şərq Xalqları İnstitutuna oxumağa gedir. Az sonra isə Dövlət İncəsənət Tarixi Akademiyasının aspiranturasına qəbul olunur. 1932-ci ildə təhsilini başa vurur. Dissertasiya müdafiə etdikdən sonra Leninqrada (Sankt-Peterburq) gedir və iki il orada işləyir. Ukraynalı şair Tıçınoy və akademik Krımski ilə dostluq edir. Bu görüşlər onun dünyagörüşünə təsir edir. Krım-tatar ədəbiyyatında yeni olan dramaturgiyanın inkişafı üçün çox çalışır, “Ömür barı” əsərini yazır. 1928-ci ildə tamaşaya qoyulan pyes böyük tamaşaçı marağına səbəb olur...
Abdulla Lətifzadə yeni quruluşu ilk vaxtlarda təqdirlə qarşılasa da, sonradan aldadıldığını başa düşür, əsarətin yenə də davam etdiyini görür. Verilən vədlərin reallaşmadığını, bolşeviklərin hakimiyyət uğrunda mübarizədə keçmiş silahdaşlarına necə qəddarlıqla divan tutduqlarının şahidi olur. Odur ki, Krım-tatar millətçilərinə doğru meyllənir və onlarla birlikdə olmağa can atır. Təhsilini başa vurduqdan sonra Krım Dövlət Pedaqoji İnstitutunda işə düzəlir. Krım-tatar dili və ədəbiyyatı fakültəsində Qərbi Avropa ədəbiyyatından mühazirələr oxuyur. Gənc nəslin savadlı, vətənpərvər və millətçi ruhda böyüməsi üçün böyük səy göstərir.
Ancaq onun bu səyləri diqqətlərdən yayınmır, üzərində nəzarət gücləndirilir. Buna qarşılıq olaraq o, gizli fəaliyyətdə olan Krım-tatar millətçiləri ilə daha sıx əməkdaşlıq edir. Faktlara söykənən elmi həqiqətləri təbliğ edir. Bu da gənclərdə tarixlərinə, ədəbiyyatlarına marağı artırır.
1937-ci ilin Novruz bayramı ərəfəsində Abdulla Lətifzadə işdən azad edilir. Qısa müddətdə həbs olunur. Qatı millətçilikdə ittiham edilən şair-alimin istintaqı bir il davam edir. Abdulla Lətifzadə 1938-ci il aprelin 17-də güllələnir.

Savalan Fərəcov