“Onun qara xalına Səmərqənd və Buxaranı bağışlaram...”

Şərqin poeziya çələngində görkəmli İran şairi Hafiz Şirazinin xüsusi yeri var. Həyat və yaradıcılığı tarixin qarışıq dövrünə təsadüf edən şairin qələmə aldığı əsərlər insanları öz sehrində saxlayıb, qəlbləri oxşayıb.
Şəmsəddin Məhəmməd Hafiz 1325-ci ildə Şiraz şəhərində varlı tacir ailəsində dünyaya göz açıb. Atası Bəhaəddin vəfat etdikdən sonra Məhəmməd erkən çağlardan işləmək məcburiyyətində qalır. Axşamlar işləyir, səhər isə məktəbə gedir. Ağır həyat tərzi onun oxumaq, öyrənmək həvəsini söndürmür. “Hafiz” təxəllüsü də məhz bu zəhmətlə bağlı olub.
Bir gün o, şəhərdəki şeir məclisinə dəvət olunur və burada ələ salındığını hiss edir, qəlbi sınır. Rəvayətə görə, Baba Kuhinin məqbərəsinə yollanır. Qırx gün ibadət edir və ağlayıb-sızlamaqdan zəif düşür. Nəhayət ki, onu məqbərədə yuxu aparır. Röyada Həzrət Əlini görür və o, amiranə bir tərzdə Hafizə deyir: “Dur get, artıq elm qapıları üzünə açıqdır”. Yuxudan ayılan Hafiz bədahətən aşağıdakı məşhur qəzəlini söyləyir:
Dünən səhərə yaxın mənə qüssədən nicat verdilər,
Gecənin o zülmətində mənə dirilik suyu verdilər...
Nə mübarək səhər idi, necə xoşbəxt gecə -
O qədir gecəsi ki, mənə bu təzə baratı verdilər.
Şəhərə gəlib məclis əhlinə bu qəzəli oxuyur. Ancaq Hafizə heç kəs inanmır. Onun bu şeiri kimdənsə mənimsədiyini güman edirlər. Sınaq üçün Hafizə bir beyt verilir və onu davam etdirməyi istəyirlər. O, həmin beyt əsasında bədahətən gözəl bir qəzəl söyləyir. Məclis əhli onun istedadına heyran qalır. Məhz bundan sonra Hafiz bir şair kimi qəbul olunur.
Bu zaman Şirazın hökmdarı Əbu İshaq İncui (1343-1353) idi. Şeiri sevdiyinə, sənətə qiymət verdiyinə görə Hafizə də böyük hörmətlə yanaşır. Çox keçmir ölkədə vəziyyət dəyişir. Yəzdin hökmdarı Mübarizəddin Məhəmməd ibn Müzəffər Şiraza hücum edir və şəhəri tutur. Əbu İshaqı əsir götürür və qətlə yetirir. Dörd ildən sonra onun oğlu Şah Şüca atasını öldürür və yerinə keçir. Hafizin həyatının əsas hissəsi məhz Şah Şücanın (1357-1384) dövrünə təsadüf edir. Şah Şüca da şair idi, Hafizlə yaxşı münasibətləri vardı.
1387-ci ildə Əmir Teymur Şiraza hücum edir. Həmin vaxt Hafizi Teymurun hüzuruna gətirirlər. O, böyük fatehdən çəkinmir. Hətta onunla görüşündə yaradıcılığına xas olan istehzasından da qalmır. Deyilənə görə, Əmir Teymur Hafizin məşhur:
Əgər o Şiraz türkü bizim könlümüzü ələ alsa,
Onun qara xalına Səmərqənd və Buxaranı bağışlaram,
- beytini yada salır: “Mən dünyanın yarısını xaraba qoymuşam ki, Səmərqənd ilə Buxaranı abad edim. Sən hansı haqla onları bir xala bağışlayırsan?”
Hafiz gülümsəyib öz yoxsul görkəmini, cırıq-sökük paltarını göstərir və deyir: “Ey böyük hökmdar, elə belə əliaçıq və israfçı olduğum üçün bu günə qalmışam”.
Zaman-zaman Hafizin şöhrəti ölkənin hüdudlarını aşır. Şərqin bir çox ölkələrinin hökmdarlarından onların sarayında yazıb-yaratmağa dəvətlər alır. Sultan Əhməd Cəlairi dəfələrlə onu Bağdada dəvət edir. Dəkən hökmdarı Şah Mahmud Bəhməni də Hafizi sarayında görmək istəyir. Ancaq Hafiz doğma şəhərinə, onun təbii gözəlliklərinə çox bağlı olduğundan bu dəvətlərin heç birini qəbul etmir:
Müsəlla nəsimi və Rüknabad suyu
Mənim seyr və səfərə çıxmağıma imkan vermir.
Araşdırmalarda şairin bir qəzəlinə istinadən ehtimal olunur ki, o, Azərbaycanda da olub:
Ey səba yeli, əgər Araz çayının sahilindən keçsən,
O vadinin torpağını öp və nəfəsini müşk qoxulu et!
Görkəmli şairin Məhəmməd Güləndam tərəfindən tərtib olunan divanı 496 qəzəl, 29 qitə, 42 rübai, 1 məsnəvi və 1 saqinaməni əhatə edir. Onu da deyək ki, Hafiz Şirazinin poeziyasında coşqunluq, sevinc və nikbinlik var:
Əgər qəm qoşun çəkib aşiqlərin qanını tökmək istəsə,
Mən və saqi birləşib onun kökünü kəsərik.
Şairin daim hörmətlə yanaşdığı şəxsiyyət azadlığı ideyası bu gün də öz aktuallığını saxlayır. O, XIV əsrdə olduğu kimi, bu gün də müxtəlif millətlərə və dillərə mənsub insanların həmsöhbətidir. Hafiz 1390-cı ildə Şiraz şəhərində vəfat edib, Müsəlla qəbiristanlığında dəfn olunub.

Savalan Fərəcov