Azərbaycan

7 aprel 1906 - Azərbaycanın ilk satirik nəşri olan "Molla Nəsrəddin" jurnalının birinci sayı çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.
7 aprel 1930 - Tanınmış jurnalist Azad Şərif (1930 - 24.12.2009) anadan olub. “Azərinform”a (indiki AzərTAc) rəhbərlik edib, “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru olub.
7 aprel 1959 - Xalq yazıçısı Çingiz Akif oğlu Abdullayev anadan olub. 1988-ci ildə işıq üzü görən “Mavi mələklər” romanı yazıçıya şöhrət gətirib. Sonralar detektiv janrında digər əsərləri ilə dünya miqyasında tanınıb. Ümumilikdə 160-dək roman və povestin, 50-dək ssenarinin, hekayələrin müəllifidir. Əsərləri 30-dək dilə tərcümə olunub.

8 aprel 2000 - Bakıda böyük türk (oğuz) eposu "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi türkdilli ölkələrin dövlət başçılarının iştirakı ilə qeyd olunub.

9 aprel 1126 - Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əfzələddin Xaqani Şirvani (1126-1199) Şamaxıda doğulub. 17 min beytlik divanın, Azərbaycan ədəbiyyatında ilk poemanın («Töhfətül-İraqeyn»), «Mədain xərabələri» qəsidəsinin müəllifidir.
9 aprel 1905 - Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 - 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub. Azərbaycan ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğətinin, "Deyilən söz yadigardır" adlı üçcildlik toplunun tərtibçisidir.
9 aprel 1946 - Tanınmış aktyor və kinorejissor Ceyhun Mirzəyev (1946-1994) Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. 12 yaşında “Ögey ana” filmində oynadığı İsmayıl rolu ilə məşhurlaşıb. “Dəli Kür”, “Yenilməz batalyon” , “Qanun naminə”, “Yol əhvalatı”, “ Lətifə” və s. filmlərdə çəkilib. Rejissor işi: “Bəyin oğurlanması” (Vaqif Mustafazadə ilə birgə), “Fəryad” (eyni zamanda baş rolun ifaçısı). “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub, kinojurnal üçün süjetlər çəkib.

10 aprel 1923 - Yazıçı-dramaturq Salam Qədirzadə (1923 - 16.11.1987) anadan olub. "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" və s. nəsr əsərlərinin, "Şirinbala bal yığır", "Hardasan, ay subaylıq", "Həmişəxanım" komediyalarının müəllifidir.

Dünya

7 aprel 1883 - İtaliya rəssamı və heykəltəraşı, futurizm cərəyanının banilərindən biri Cino Severini (1883-1966) anadan olub.
7 aprel 1889 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1945) laureatı Qabriela Mistral (Gabriela Mistral - əsl adı Lucila Godoy Alcayaga; 1889-1957) anadan olub.
7 aprel 1939 - Amerika kinorejissoru, ssenarist Frensis Ford Koppola (Francis Ford Coppola) anadan olub. "Xaç atası", "Xaç atası-2" flimləri “Oskar” mükafatına layiq görülüb.
7 aprel 1954 - Amerika və Çin (Honqkonq) aktyoru, rejissor, prodüser Ceki Çan (Jackie Chan - əsl adı Çan Kon San) anadan olub. Filmləri: “Bronksda haqq-hesab”, ”Şanxayda günorta”, “Qadağan olunmuş krallıq”.
7 aprel 1964 - Məşhur Hollivud aktyoru Rassel Krou (Russell Crowe) Yeni Zelandiyada anadan olub. Filmləri: “Qladiator” (Maksimus, “Oskar”, 2001), “Dənizlərin sahibi”, “İdrakın oyunları”, “Robin Qud” və s.

8 aprel 1692 - İtaliya bəstəkarı, skripkaçı Cüzeppe Tartini (1692-1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurluq qazanıb.
8 aprel 1973 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 25.10.1881 - 1973) vəfat edib. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika".
8 aprel 1859 - Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub. Əsərləri: “Avropa elmlərinin böhranı və transendental fenomenologiya”, “Məntiqi tədqiqatlar”.

9 aprel 1821 - Fransa şairi və ədəbiyyatşünası Şarl-Pyer Bodler (Charles Pierre Baudelaire; 1821-1867) anadan olub.
9 aprel 1906 - Amerikalı bəstəkar və dirijor Antal Dorati (1906-1988) anadan olub.
9 aprel 1933 - Fransız aktyoru Jan Pol Belmondo (Jean-Paul Belmondo) anadan olub. Filmləri: “Son nəfəsdə”, “Qadın elə qadındır”, “Oğru”, “Missisipidə həyəcan”, “Taleyin şıltağı”, “Professional”, “Doktor Popol” və s.

10 aprel 1847 - Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer, 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının yaradıcısıdır.
10 aprel 1932 - Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub) İsgəndəriyyə şəhərində doğulub. Filmləri: “Ərəbistanlı Lourens”, “Çingiz xan”, “Makkennanın qızılı”, “On üçüncü döyüşçü”, “Sirli ada” və s.
10 aprel 1937 - Tatar əsilli rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir. “Belə bir oğlan vardı”, “İdman, idman, idman” filmlərində çəkilib.

Hazırladı: Vüqar Orxan