Aprelin 7-də xalqımızın mədəni həyatında xüsusi mərhələ təşkil edən “Molla Nəsrəddin” jurnalının nəşrindən 109 il ötdü.

Nəşrin ilk sayının üz qabığındakı məşhur karikaturanı yəqin ki, çoxları xatırlayır: Azərbaycan türkləri dərin yuxudadır. Bir kişi oyanıb gərnəşir... Bu karikatura jurnalın məşhurlaşmasında böyük rol oynadı. Əsərin müəllifi isə Oskar Şmerlinq idi.
Jurnalın ildönümündə mədəniyyətimizə böyük xidmətlər göstərən ilk “Molla Nəsrəddin”çi rəssam haqqında danışmaq yerinə düşər.
Aydındır ki, jurnalın əməkdaşlarına mövzuları Cəlil Məmmədquluzadə verirdi. Bu baxımdan O.Şmerlinqin “Molla Nəsrəddin”dəki karikaturaları jurnalın başlıca ideyasına çox uyğun idi.
C.Məmmədquluzadənin həyat və yaradıcılığının araşdırıcısı, akademik İsa Həbibbəylinin karikaturaçı O.Şmerlinqlə bağlı tədqiqatları maraq doğurur. Alim araşdırmalarında göstərir ki, rəssamın mənsub olduğu alman ailə XIX əsrin əvvəlində Almaniyadan Rusiyaya, oradan da Qafqaza gələrək burada özlərinə yurd salıb: “Oskar Şmerlinq 1863-cü il iyulun 13-də Tiflisdə hərbi qulluqçu ailəsində anadan olub. İlk təhsilini Tiflis Realnı Gimnaziyasında alıb, rus və gürcü dillərini öyrənib. Hələ məktəbli ikən rəssamlığa ciddi maraq göstərən Oskar gimnaziyada çıxardığı “Ağcaqanad” adlı yumoristik divar qəzeti vasitəsilə özünün ilk rəsm və karikaturalarını məktəb ictimaiyyətinə çatdırıb. Həmin illərdə o, rus satirik mətbuatı ilə əlaqə yaradıb”.
1884-cü ildə O.Şmerlinq peşəkar rəssam olmaq məqsədilə Peterburq Rəssamlıq Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən öyrənir. Peterburqda tanınmış fırça ustası Villevaldın sinfində oxuyan Şmerlinq öz üzərində ardıcıl çalışır, akademiya mühitində bacarıqlı tələbələrdən biri olur.
1889-cu ildə akademiyanı gümüş medalla bitirir. İki ildən sonra Almaniyada, Münxen Rəssamlıq Akademiyasında təhsilini davam etdirir. Akademik İ.Həbibbəyli yazır: “Şmerlinq burada məşhur alman rəssamı Karl Zammerlə tanış olur. Professor Fransua Rubonun sinfində oxuyur. 1893-cü ildə Tiflisə qayıdır, ardıcıl yaradıcılıqla məşğul olmağa başlayır”.
Gürcülərin görkəmli rəssamlarından olan Lado Qudeaşvili, Azərbaycanda realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli, habelə tanınmış rəssamlardan İsmayıl Axundov, Qəzənfər Xalıqov, Xəlil Musayev və başqaları O.Şmerlinqin rəhbərlik etdiyi (1902-1916) Tiflis Rəssamlıq və Heykəltəraşlıq Məktəbinin yetirmələri idilər. O, yalnız “Molla Nəsrəddin”in sayəsində görkəmli karikatura ustası kimi Qafqazda tanınmış, şöhrət qazanmışdı. O.Şmerlinq 1906-1917-ci illərdə jurnalın rəssamlığını bacarıqla yerinə yetirib. “Molla Nəsrəddin” jurnalının əsas ideyalarını gözəl əks etdirdiyindən onun rəsmləri jurnalın üz qabığında verilirdi. Alman olmasına baxmayaraq, O, Azərbaycan mühitini, türklərin məişətini və psixologiyasını dərindən öyrənmişdi.
C.Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım xatirələrində yazır: “Jurnalın şəkillərinin planını hazırladıqdan sonra Mirzə Cəlil Şmerlinqin və Rotterin yanına gedib şəkillərin səciyyəsini onlara izah edirdi. Mirzə Cəlil Şeytanbazarda yaşayan tipləri xatırlatmağa məcbur olurdu. Şmerlinqin deyilən fikri dərhal qavrayıb gözəl karikaturalar çəkməsi Mirzə Cəlili heyran edirdi”.
Rəssamın “Sizi deyib gəlmişəm”, “Niyə məni döyürsünüz?”, “Molla Nəsrəddin”, “İran sərhədindən”, “Xabi-qəflət”, “Müsəlman məclisində rus zabiti”, “Məhəmmədəli şahın Təbrizdən çıxması” və digər əsərləri bənzərsiz sənət əsərləridir.
O.Şmerlinq həm də Molla Nəsrəddinin bədii obrazının yaradıcısı idi. Rəssam bu obrazın təkcə Azərbaycanda deyil, bütün Şərqdə tanınmasına nail olmuşdu. Bu cəhəti nəzərə çatdıran akademik İ.Həbibbəyli qeyd edir ki, Şmerlinqin çəkdiyi Molla Nəsrəddin portreti uzun illər müxtəlif süjetlərlə birlikdə ayrı-ayrı vəziyyətlərdə “Molla Nəsrəddin” jurnalında çap olunub: “Şmerlinqin yozumunda Molla Nəsrəddinin müdrikliyi və uzaqgörənliyi böyük məharətlə canlandırılıb. Onun rəsmlərində Molla Nəsrəddinin daxili aləmi ilə yanaşı, zahiri əlamətləri də milli koloritə, Şərq adətlərinə uyğun şəkildə təsvir edilib. Bir sözlə, türk xalq satirasının baş qəhrəmanı Molla Nəsrəddinin portreti alman Oskar Şmerlinqin kəşfidir”.
“Molla Nəsrəddin”də silsilə karikaturalar yaratmağın da əsasını Şmerlinq qoyub. “Erməni-müsəlman münasibətləri”, “Dumaya seçilmiş millət vəkilləri” və başqa karikaturalar onun süjetli karikatura yaratmaq ustalığını üzə çıxarır. İ.Həbibbəylinin fikrincə, “Mirzə Cəlil və Sabirin mahir qələmi ilə Şmerlinqin fırçasının birliyi həm jurnalın uğurlarını müəyyən edib, həm də geniş anlamda Azərbaycan satira sənətinin şöhrətini yüksəklərə qaldırıb, onun kütləviliyinə müsbət təsir göstərib”.
Satirik rəssam sovet hakimiyyəti illərində də “Molla Nəsrəddin” jurnalı ilə əlaqə saxlayıb. C.Məmmədquluzadə Təbrizdən Bakıya qayıdandan sonra Şmerlinqə müraciət edərək onu “Molla Nəsrəddin” jurnalında birgə işləməyə çağırıb. Bu çağırışı yüksək dəyərləndirən rəssam Tiflis Rəssamlıq Akademiyasında çalışdığına görə 1922-1923-cü illərdə Bakıya gələ bilməyib. Ədəbiyyatşünas alim bunun səbəbini həm də Mirzə Cəlilinin 1927-ci ildən sonrakı durumu ilə əlaqələndirir: “Artıq böyük ədibin həyatında sovet cəmiyyətinə ümid və inam dövrü başa çatmışdı. O, İran hökumətinə qarşı sərt mövqe tutmaqda suçlandırılmış, jurnalın isə guya həyatla ayaqlaşa bilməməsi barədə fikirlər yayılmışdı. Az sonra “Molla Nəsrəddin”in ideya xəttinin dəyişdirilməsi, jurnalın Mübariz Allahsızlar İttifaqının orqanına çevrilməsi “yuxarılar” tərəfindən tövsiyə olunmuşdu. Bu dönəmdə Mirzə Cəlil jurnaldan getmək qərarına gəlmişdi. Görünür, ağır duruma düşən Mirzə Cəlilin artıq Bakıya gəlmək istəyən dostu Şmerlinqi onun layiq olduğu səviyyədə qarşılamaq, yerləşdirmək imkanı yox idi”.
Uzun illərin əqidə dostları Mirzə Cəlil ilə Oskar Şmerlinqin yaradıcılıq əməkdaşlığı sonralar da davam edib, bundan isə Azərbaycan mədəniyyəti faydalanıb.

S.Soltanlı