səhnələrdə, ekranlarda neçə-neçə özgə, həyatda isə öz obrazını yaratmış birincilərimizdən biri...

O - səhnələrdə səbirsizliklə gözlənilən, ekranlarda xüsusi sevgi, məxsusi maraqla izlənilən aktyor...
O - Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenlisi, uzun müddət Dövlət Musiqili Teatrının (və bir ara “Tənqid-təbliğ”in) direktoru və bədii rəhbəri...
Bu fenomenal-teatral persona həyati-real adam kimi də seçilən; etibarlı dost, diqqətçəkən kişi, “ay gecikən məhəbbətim” binəli ailəsinə ürəkdən bağlı ər və ata...


Öncə onun “həyat səhnəsi”ndən bir-iki pərdə, üç-dörd şəkil.
1932-ci il iyunun 12-də Bakıda - fəhlə ailəsində doğulub. Kiçik yaşlarından teatr-səhnə aləminə böyük həvəsi olub. Barəsindəki xatirələrdən birinin onun öz dilindən bəyanına görə, “şagird yoldaşları hərdənbir dərsdən alayı-dolayı maraqlarçün, o isə yalnız teatr tamaşaları üçün qaçarmış”. “Bəzi istedadlı şagirdlər hərdən, tənəffüslərdə “hənək müəllimlər”i yamsılayarmış, o isə nəhəng aktyorları”. Bir sözlə, “balacabala” Hacıbabanın beş sözündən üçü, iki söhbətindən biri səhnə-teatr işarətli “ora”, “oralar” olarmış...
Orta məktəbi bitirəndən sonra, Hacıbaba oralardan birinin - Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına dəvət alır və burada böyük sənət korifeylərinin dərsləri, nəzəri-təcrübi vərdişlər onun teatra marağını, sənətə məhəbbətini birə-beş artırır. Bir müddət sonra yolu nəsil-kök bağlılığı olan cənub bölgəsinə düşür və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil (amma həm də hələlik qeyri-peşəkar) yaradıcılıq fəaliyyətinə başlayır.
Sən demə, özünün “həyat yolu” sandığı bu aləmdə kiçik bir “tale cığırı” da varmış. Belə ki, o, iki il sonra, ailə-dolanışıq dramı səbəbilə teatrdan ayrılmalı, 1953-cü ildə Azərbaycan Dəmiryolu Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləməliymiş. Əllinci illərin axırlarında isə yenidən öz qəlb aləmi haləsinə düşür; 1959-dan Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edir, növbəti il C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına dəvət alır. Qısa müddətdə məsuliyyət və səmimiyyətilə kollektivin rəğbətini, Fuad (“Almaz”), Şahsuvar (“Komsomol poeması”), Rəşid (“Anacan”) və digər rollarıyla tələbkar Gəncə tamaşaçılarının aksent alqışlarını qazanıb məşhurlaşan aktyor 1962-ci ildə paytaxta - Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur.
Bu dəvət...

...Bu dəvəti Hacıbaba Bağırovun həyat və yaradıcılıq taleyində “baş rol” da adlandırmaq olar. Bu “rol” bu adlı-sanlı aktyorun, sözügedən şan-şöhrətli sənət məkanında fasiləsiz (ömrünün sonunadək) fəaliyyət göstərdiyi 26 ildə 100-ə yaxın mükəmməl surət, biri-birindən maraqlı obrazlar qalereyası deməkdir. Bu “rol” onun, barmaq hesabı ilə sayılıb-seçilən gülüş ustalarımızdan biri kimi püxtələşib populyarlaşmasının, sənət tariximizdə əbədiləşməsinin “prototip”idir. Bu “rol”un bəzi rollarının adlarını çəkib, dadlarından feyz almamaq mümkünsüz; “Arşın mal alan”da Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, “50 yaşında cavan”da Orduxan, “Hicran”da Mitoş, “Toy kimindir?”də Uzun, “On min dollarlıq keyf”də Fərzəli...
Bilirəm, hörmətli oxucular, sadaladığım rolları içərisində birisini (bəlkə də birincisini!) görmədiyinizdən yana, “yandınız”. Amma... məncə, bundan duyuq düşənləriniz də var ki, onun bu seçkin, deyərdim, baş rolu ayrıca bir yarımbaşlığa layiq:

Əlbəttə, Mitoş!

Görkəmli ata-bala cütlüyünün - yazıçı Sabit Rəhmanla bəstəkar Emin Sabitoğlunun səhnə şedevri “Hicran” tamaşasında hər biri ayrıca baş rol dəyərli üç obrazdan biri olan Mitoş...
Nəsibə xanım Zeynalova kimi korifey və Səyavuş Aslan sanlı as duetini “trio”lamağın özü - ayrıca bir mogikanlıq! Hələ onun sevgilisinə “xod” tapmaq üçün çağırılmış Qızbacının (N.Zeynalova) öz mal-matahlarını sırımaq təkrarçılıqlarına rəğmən saldığı “müsibet” vay-şivənləri, tamaşaçıları uğunduran “ah-uf”ları və xüsusən, yaratdığı bəzi bədahəti situasiyalarda özünü gülməkdən saxlamaq üçün məsuliyyət istedadı!..
Yazımın bu məqamında onunla bağlı bir replika-kadr yadıma düşdü: -

“Möhsün, yaz!..”

Hə, bildiniz; “sitat” məşhur “Ulduz” filmindəndir və deməli, Hacıbaba Bağırovun kino əməlləri...
Niyə “kino yaradıcılığı” yox, “əməlləri” yazdım? Çünki bu adam ən ciddi filmlərdə belə, məlum “üzündə şeytan tükü var” deyimimizə bab təbəssümçü, “gülaxıtma” məsələsinə müvafiq güldürən, kosmik-seysmik bir komedik idi! Gülümsərovun çağrılarına reaksiya rəngarəngliklərinin fərqindəsizmi? Film uzunu davam edən yüngülməzac sevgi “hekayətlərindən”, heç olmasa biri ilə - Yetərə yazdığı məktubla əlaqədar cavab verməli olurkən: “Şubay, Şubay, Şubay!..” - deyə, necə zayıllanıb-yazıqlandığı kadrlarla kodlaşa bildinizmi? Yaratdığı obrazı bir az da mütiləşdirmək üçün, apostrof ləngərli, ləng ahəngli “bəli” ifadəsini necə şimşək sürətilə ifadə etməsi necə, qulaqlarınızda cingildədimi?
Onun “Mehman” filmində Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala obrazları haqda rəy və qənaətləri hörmətli kinosevərlərimizin öz öhdəsinə buraxıb, keçirəm bu məşhur və mərhum sənətkarın həyat yoldaşı Arzu xanımla qiyabi müsahibəyə. “Qiyabi”liyin səbəbi isə son günlər onun söhbətlərə çox çəkilməsi, həmin veriliş və yazılardan artıq çox şeyi öyrənməyim və beləliklə, onu növbəti bir müsahibliklə narahat etməmək istəyimlə bağlı.
Suallarım Arzu xanımın efir və mətbu cavablarından bəlli olacaq.

Belə;

...Hacıbaba dünyasını dəyişdikdən sonra stresslər yaşadım. Buna hazır deyildim. Fikirləşirdim ki, uzunömürlülər nəslindəndi...
Qızımız iki yaş üç aylıq idi. Birdən-birə özümü çox yalnız, ucsuz-bucaqsız bir səhrada tənha hiss etdim. Diqqətə, sevgiyə, qayğıya öyrəşən qadın üçün ən pis hal həyat yoldaşını itirməkdir. Mənə elə gəlir ki, Hacını itirməyimlə övladıma da pislik etmiş olmuşam. Atası dünyasını dəyişəndə Şölə yenicə dil açırdı. Hər dəfə qapı döyüləndə deyirdi “atam gəldi!”
...Hərdən düşünürdüm ki, övladımı Hacıya bağlanıb ailə qurmaq istəyimə, başqa sözlə, öz həyatıma qurban vermişəm. Amma, əslində, nə yaxşı ki, sağ ikən özü, “yox” ikən ruhu güclü insanla ailə qurmuş, belə bir şəxsiyyətdən, gözəl bir insandan dünyaya uşaq gətirmişəm. İnsan həyatında genlərin böyük rol oynadığına çox inamlıyam. Övladımda ondan keçən xüsusiyyətlər, xasiyyət və hərəkətlər görürəm. Həssas, səmimi, savadlı, istedadlı qızdır. Bacardığım qədər tərbiyə, təhsil verməyə çalışıram. Fransız liseyində oxuyur. Əlaçıdır. İngilis və fransız dillərini mükəmməl bilir. Gözəl rəsmlər çəkir.
...Həyatdan və həyatımdan razıyam. Dünyada problemsiz insan yoxdur. Allahdan arzum budur ki, övladıma çəkdiyim əziyyət yerdə qalmasın.
...Hərdən mənə belə bir sual da verirlər ki, yenidən dünyaya gəlsəydiniz, Hacı ilə evlənərdinizmi? Deyirəm, bəli! Hətta həyatda Hacıya gec rast gəldiyimə və bu səbəbdən də bir qadın kimi gec xoşbəxt olmağıma görə peşmanam.
...Hərdən, belə bir məşhur adamın qadını olmağın asan, ya çətin olduğunu da soruşurlar, deyirəm, hər ikisindən bir az. Məsələn, hər zaman fikirləşirəm ki, Hacının adına layiq hərəkət etməliyəm, onun şəxsiyyətinə, əziz xatirəsinə uyğun addım atmalıyam. Hətta övladıma da demişəm ki, bəlkə də məktəbdə bəzi qızlar özlərini xoşagəlməz apara bilər; məktəbi bitirdikdən sonra onların hərəkəti yaddaşlardan silinəcək. Amma həmişə deyəcəklər ki, bu məktəbdə Hacıbaba Bağırovun da qızı oxuyub! Necə oxuyub, məktəbi hansı tərbiyə ilə başa vurub?!. Hə, qızım, dünyanın belə problemləri də var...
Belə, hörmətli oxucular, böyük sənət Yolunun Hacıbaba Bağırov kimi yoldaşları, böyük sədaqət Yolunun Arzu Bağırova sayaq həyat yoldaşları var...

Tahir Abbaslı