Ötən yüzilliyin əvvəllərində Azərbaycanın mədəni-maarif və ictimai-siyasi həyatında tanınan mütərəqqi fikirli ziyalılarımızdan biri də müəllim, istedadlı şair, ədəbiyyatşünas, tərcüməçi, jurnalist kimi tanınan Abdulla Sur olub.

Mirzə Abdulla Məhəmmədzadə Tofiq (Abdulla Sur) 1883-cü ildə Gəncədə dünyaya göz açıb. İlk təhsilini şəhərdəki “Xeyriyyə məktəbi”ndə alır, ərəb və fars dillərini öyrənir. Çox gənc yaşlarında bu məktəbdə müəllimlik edir. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsi ilə Gəncə ziyalıları arasında tanınır. Ədəbi yaradıcılıqla da məşğul olur, dövri mətbuatda çıxış edir. İlk məqaləsi 1903-cü ildə Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində dərc olunur. Həmin il qəzetin baş redaktoru Məhəmməd ağa Şahtaxtinskinin dəvəti ilə Tiflisə gedir. Yazıları tez-tez qəzetdə çap olunur.
1905-ci ildə “Şərqi-Rus” qəzeti bağlandıqdan sonra o, Gəncəyə qayıdır, müəllimlik fəaliyyətini davam etdirir. Eyni zamanda “Həyat” və “İrşad” qəzetlərində ədəbiyyat və mədəniyyət məsələlərinə dair məqalələr dərc etdirir. “İrşad” qəzetində işıq üzü görən “Əski İstanbul xanımları” adlı məqaləsində xanımların problemlərindən bəhs edir. Qeyd edir ki, Avropa cəmiyyətlərində qadınlar artıq cəmiyyətdə fəal mövqe tutmağa başlayıblar, ancaq müsəlman ölkələrində hələ də bu sahədə ciddi problemlər var. Abdulla Surun fikrincə, avropalı millətlərdən ibrət almaq onları təqlid kimi başa düşülməməlidir. Türklər öz adət-ənənələrinə hörmət etməklə yanaşı, müasirləşməyə də biganə qalmamalıdır. Çünki elə bir zaman gəlmişdir ki, onunla ayaqlaşmayan millətlər başqa millətlərin arasında əriyib yox olur...
Abdulla Sur 1906-cı ildə İstanbula gedir. İki il yarım orada yaşayır, İstanbul Universitetində ədəbiyyat ixtisası üzrə təhsil alır. Qəzetlərdə məqalələr dərc etdirir. “Türk ədəbiyyatına bir baxış” kitabını yazır. İbrahim Şinasinin “Şairin evlənməsi” əsərini Azərbaycan dilinə tərcümə edir.
Ülviyyə Tahirqızı araşdırmasında yazır ki, Abdulla Sur Türkiyədən Azərbaycana qayıtdıqdan sonra qəlbində vətəninin mədəni həyatına böyük qayğı hissi baş qaldırır. 1910-cu ildə Gəncədə “Ədəbiyyat və Sənət Cəmiyyəti”ni yaradır. Məqsədi istedadlı gəncləri üzə çıxarmaq və təhsillərinə kömək etmək olur. Yeni ədəbiyyat və sənət əsərlərini ortaya çıxarmaq üçün müsabiqələr təşkil edir. Cəmiyyət eyni zamanda klassik, çağdaş Azərbaycan və Osmanlı türk ədəbiyyatının problemləri ilə davamlı şəkildə məşğul olur. Dilin və üslubun sadəliyi, başa düşülən olması məsələsinə böyük önəm verir. Buna görə də o, əsərlərini ərəb, fars və türk dillərinin sintezindən ibarət bir dildə yazan Əbdülhaq Hamid, Tofiq Fikrət, Məhəmməd Hadi kimi görkəmli şair və yazıçıların yaradıcılığını tənqid edir.
Müəllif qələmə aldığı məqalələrində bildirir ki, müasirlik islam dininin əsasını təşkil edir. O, islam dinini mədəniyyətə və müasirləşməyə əngəl kimi görənlərə qarşı çıxır. Abdulla Sur hesab edir ki, müsəlman dünyasının inkişafı üçün ilk növbədə, valideynin uşaqlara, kişilərin qadınlara münasibəti dəyişməlidir. Avropada olduğu kimi, islam aləmində də uşaqları qorxutmaqla deyil, qayğı ilə tərbiyə etmək lazımdır. “Hər gün küçələrdə görürük” adlı məqaləsində müəllif yazır: “Artıq müsəlmanlar uşaqlarına zülm verməkdən əl çəkib, onları dünyəvi məktəblərə qoymalıdır. Yalnız bu halda müsəlman uşaqları da başqa millətlərin uşaqları kimi elm və tərbiyə sahibi ola bilərlər”.
Onu da deyək ki, “Azərbaycan türklərinin ədəbiyyatı” kitabının müəllifi Firidun bəy Köçərli xatirələrində yazır ki, bu əsərin yazılmasında Abdulla Surun böyük əməyi olub: “Şəxsən biz mərhum Mirzə Abdullaya “Azərbaycan türklərinin ədəbiyyatı” əsərimizə Gəncə şair və yazıçılarının tərcümeyi-halı və əsərlərindən nümunələr, qiymətli materiallar göndərdiyi üçün minnətdarıq. Mərhum doğma ədəbiyyatı böyük məhəbbətlə sevər və bizim əsərimizə lazım olan məlumatları toplamaqda bütün xahiş və tapşırıqlarımızı həvəslə yerinə yetirərdi”.
Ədəbiyyatşünaslıq məsələlərinə geniş yer verən Abdulla Sur bədii yaradıcılıqla da məşğul olmuş, romantik şair kimi tanınmışdır. Filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli müəllifin mənsur şeirlərini ədəbi ictimaiyyətə təqdim etmişdir.
Abdulla Sur 30 yaşında qəflətən xəstələnir. Onu müalicə üçün Tiflisə aparırlar. Ancaq bütün ümidlər boşa çıxır və o, 1912-ci il mayın 8-də Tiflis xəstəxanasında dünyasını dəyişir. Gəncənin Səbiskar qəbiristanlığında böyük izdihamla dəfn olunur. Dəfn mərasimində mərhumun şagirdləri sevimli müəllimləri üçün hüznlü şeirlər səsləndirirlər. Gələcəkdə istiqlal şairi kimi şöhrət tapacaq Əhməd Cavad da vida mərasimində təsirli bir şeir qələmə alır və “İqbal” qəzetində dərc etdirir.

Savalan Fərəcov