“Ürək çırpıntısı ilə gözləyirdim ki, nə vaxt mənə əsir paltarı geyindirəcəklər...”

Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətləri olan şəxslər çoxdur. Amma milli teatrımızın formalaşdığı çətin zamanlarda seçkin adlar siyahısı o qədər də geniş deyildi. Həmin fədailər sırasında onun da adı var idi.

Səhnəyə, teatra sonsuz sevgisini xatirələrində belə ifadə etmişdi: “Məhərrəmlik günlərini səbirsizliklə gözləyirdim. Çünki bu zaman məscidlərin həyətində İmam Hüseynin qətlini təsvir edən şəbih-tamaşalar göstərilirdi. Bu tamaşalarda mən əsir uşaq rolunu oynayırdım. Böyük ürək çırpıntısı ilə gözləyirdim ki, nə vaxt mənə əsir paltarı geyindirəcəklər və ata mindirəcəklər..."
Şəbihlərlə başlanan cığır onun üçün məşəqqətlər dolu böyük uğur yolunu açdı və beləcə, bir sənətkar ömrünün örnək məqamlarını hər dəfə başqa çalarlarla yetişən nəsillərə izhar üçün söz yeri yaratdı...
Tanınmış aktyor və rejissor, Xalq artisti İsmayıl Hidayətzadə 1901-ci ildə Bakıda dənizçi ailəsində doğulub. Kiçik yaşlarından sənətə marağı özünü büruzə verib. Qonşuluqdakı tay-tuşlarını ətrafına toplayıb onlar üçün səhnəciklər quran balaca İsmayıl bununla özünü uzaq olduğu böyük teatr aləminə yaxın etməyə çalışarmış.
1909-cu ildən "İttihad" məktəbində oxuyan İsmayıl tez-tez şəhərdə göstərilən tamaşalara baxır və dövrün sənətkarlarının ifa incəliklərini mənimsəməyə çalışır. Nə atasının etirazları, nə də dövrün fərqli münasibətləri onu yolundan döndərə bilmir. Bir müddətdən sonra o da böyük səhnədə öz sözünü deməyə başlayır. Özü də böyük sənətkarın davamçısı kimi "balaca Ərəblinski" adı ilə şöhrətlənərək aktyor sənətinin həm də fədakarlıq və qurbanlar üçün yarandığını anlayıb anlatmağa çalışaraq.
Dövrün sənət arzulu gənclərinin istinad yeri olan Hüseyn Ərəblinski ilə tanışlığını "Mənim yaradıcılıq yolum" adlandırdığı "Xatirələrim"də belə təsvir edib: "Məktəbimizin müdiriyyəti tamaşalara rəhbərlik etmək üçün Ərəblinskini dəvət edirdi. O, truppanı öz istədiyi kimi tərtib edib, tamaşaları Tağıyev və Mayılov teatrlarında göstərmək üçün hazırlayırdı... Tamaşalara hazırlıq məktəbin böyük salonunda keçirilirdi. Ərəblinski burada professional aktyorlarla məşq edirdi. Şagirdlərə məşqlərə baxmağa icazə verilmirdi. Mən isə gizlincə salona yol tapıb, Ərəblinskinin hər addımını izləyirdim. Ərəblinskinin əsiri idim. O qədər məftun idim ki, onunla yenidən görüşməyi böyük səbirsizliklə gözləyirdim. Mən onun evinə gedib, ona qulluq eləməyə hazır olduğumu bildirir, rolunun üzünü köçürmək lazım olub-olmadığını soruşur, növbəti məşqi nə vaxta təyin etdiyini və s. öyrənirdim. Bunları mən Ərəblinskini təkrar-təkrar görmək, onunla danışmaq imkanı tapmaq üçün edirdim. Bütün xahişlərimə baxmayaraq, o, məni öz tamaşalarında məşğul etməkdən boyun qaçırırdı. Çünki mən hələ çox kiçik idim. Nəhayət ki, yanğımı duyub, "Ağa Məhəmməd Şah Qacar" pyesində kütləvi səhnələrə çıxmağıma razı oldu...”
H.Ərəblinskinin “laboratoriyasında” yetişməyə başlayan İsmayıl get-gedə ustadının oyun manevrlərini mənimsəyir: “Bir dəfə... mən qızışıb Ərəblinskini bərk təqlid edirdim; bütünlüklə ona oxşamağa çalışırdım, - onun bütün ədalarını mənimsəməyə müvəffəq olmuşdum. Bu zaman aktyorlar Ərəblinskinin məşqində iştirak etmək üçün yavaş-yavaş toplaşırdılar. Məni səhnədə görən aktyorlardan biri Ərəblinskini təqlid etdiyimi dərhal başa düşərək, qaçıb onu çağırır və məni göstərərək deyir: "Budur balaca Ərəblinski". Ərəblinski xeyli durub mənə baxır. Onun mənə baxdığını başa düşdükdə çox tutuldum, özümü büsbütün itirdim... Bu hadisədən sonra məktəb yoldaşlarım mənə "balaca Ərəblinski" adını qoydular".
Sənətkar haqqında ətraflı araşdırma aparan Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli bu barədə yazır: “...Ancaq "Balaca Ərəblinski"nin həvəskar səhnə fəaliyyəti yarımçıq qalır. 1917-ci ildə atası vəfat edir. Evin böyük oğlu olduğundan ailənin bütün məsuliyyəti İsmayılın üstünə düşür. O, səhnə haqda deyil, balaca bacı-qardaşını necə saxlamaq barədə düşünür. Məktəbi atıb ticarət müəssisələrində pirkeşiklik etməyə başlayır. İşləri yoluna qoyduqca, yenidən səhnəyə can atır”.
İsmayıl Hidayətzadə məhz bu illərdə böyük səhnəyə gəlir. 1919-cu ilin payızında müxtəlif teatr truppaları birləşib "Dövlət Teatrosu" kimi fəaliyyətə başlayanda kollektivin nəzdində İsmayıl Hidayətzadə də vardı. O, bugünkü Milli Dram Teatrında 1937-ci ilədək fəaliyyət göstərir.
1926-cı ildən özünü rejissorluqda da sınamağa başlayan aktyor 1934-cü ildə "Səyavuş" (H.Cavid) əsərini səhnələşdirir. Dövrün teatr tənqidçilərinin bəyəndiyi "Səyavuş"dan sonra Opera və Balet Teatrında "Koroğlu" və "Karmen" operalarını səhnələşdirən İ.Hidayətzadə Rus Dram Teatrında "1905-ci ildə" və "Vaqif" əsərlərinə də quruluş verir.
Zamanla özünü səhnədə təsdiqləyən, rejissor kimi də sözünü deməyi bacaran İ.Hidayətzadənin sənət tərcümeyi-halında 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində quruluş verdiyi "Koroğlu" və "Arşın mal alan" tamaşalarının böyük uğur qazanmasının ayrıca yeri var. Məhz bu səfərdən sonra Opera və Balet Teatrının rəhbəri təyin edilən İ.Hidayətzadənin sənət axtarışları daha da şaxələnir.
İ.Rəhimli yazır: “İsmayıl rol üzərində özünəməxsus tərzdə işlərmiş. Əvvəlcə əsərdə göstərilən dövrü, tarixi vəziyyəti öyrənərmiş. Sonra qəhrəmanının xarakterini açmağa çalışarmış. İri göz quruluşuna malik olan İsmayıl mürəkkəb psixoloji vəziyyətlərdə gözlə oynayarmış. Onun rolla bağlı qeydlərində "gözlə oynamaq" ifadəsinə rast gəlmək olar”.
Ömrünü teatra həsr edən sənətkar "Qız qalası", "Almaz" və "Altıncı duyğu" kimi ilk kino nümunələrimizdə də rol alıb. Onun zəngin yaradıcılıq tərcümeyi-halındakı bir nüans da ilk milli baletimiz olan "Qız qalası"nın libretto müəllifi olmasıdır. O həmçinin bir çox böyük sənətkarların yetişdiyi Opera studiyasının yaradılmasının da təşəbbüskarıdır.
1 noyabr 1951-ci ildə Bakıda vəfat edən aktyor milli teatr tariximizdə xidmətləri ilə bundan sonra da sevgi ilə xatırlanacaq.

Həmidə