Cəbrayıl və Füzulinin işğalından 22 il ötür

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının mərkəzlərini, hər iki rayonun kəndlərinin böyük hissəsini işğal edib. Həmin ilin oktyabrında bu rayonların ərazisi bütünlüklə düşmən əlinə keçdi. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzuli rayonunun Arazboyu kəndlərini, Horadiz qəsəbəsini düşməndən azad etdi. Hazırda Cəbrayıl rayonunun bütün ərazisi (96 kənd), Füzuli rayonunun isə təxminən üçdə ikisi işğal altındadır. İşğal olunmuş ərazilərdə bütün tikililər, o cümlədən tarixi-mədəni abidələr erməni vandalizminin qurbanına çevrilib.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. Qafqazın cənub-şərq ətəklərində yerləşib, Araz çayının sol sahilində cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonu ilə həmsərhəddir. Ərazisi 1050 kvadrat kilometrdir.
Rayonun ərazisi XVIII əsrin II yarısından Qarabağ xanlığının tərkibində olub. 1805-ci ildə Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirildikdən və Rusiya-İran müharibələri (1804-1813, 1826-1828) nəticəsində bütün Şimali Azərbaycan rus ordusu tərəfindən işğal edildikdən sonra yeni ərazi-inzibati qurumları yaradılıb.
1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyində olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,6 min kvadrat km, əhalisi 66 min nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1905-1918-ci illərdə Qaryagin qəzası adlandırılıb. Qəzada müxtəlif təsərrüfat müəssisələri, o cümlədən ipək fabriki olub.
1876-cı ildə Cəbrayılda rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb.
XX əsrin əvvəllərində Rusiya-İran dəmiryolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. Rayon ərazisindən Bakı-Naxçıvan dəmiryolu, Bakı-Şirvan-Zəngilan avtomobil yolu keçirdi.
Cəbrayıl rayonu tarixi memarlıq və dini abidələrlə zəngindir. Tarixi memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamamını, Xudayarlı kəndindəki dairəvi və səkkizguşəli türbələri (XIX əsr), Şıxlar kəndində dairəvi türbəni (XIV əsr), Xudafərin körpülərini (erkən orta əsrlər), Diridağdakı Qız qalasını, Dağtumas kəndindəki Başıkəsik günbəzi, Gordubaba dağındakı məzarı, dini abidələrə "Hacı Qaraman", "Cəbrayıl ata", "Dül-dül", "Mazannənə" ziyarətgahlarını misal göstərmək olar.
Rayon ərazisində qədim arxeoloji abidələr də mövcuddur. Dağtumas kəndi yaxınlığındakı "Divlər sarayı", Mahmudlu kəndi yaxınlığındakı "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Siklop tikililərini və s. misal göstərmək olar.
* * *
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Füzuli rayon mərkəzini və rayonun böyük hissəsini işğal etdi. Həmin ilin oktyabrında rayonun ərazisi (1386 kvadrat kilometr) bütünlüklə işğal olunsa da, 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Arazboyunda yerləşən 20-dək kəndi və Horadiz qəsəbəsini düşməndən azad etdi.
Yaşayış məntəqələrinin yenidən qurulmasından sonra həmin ərazilərdən köçkün düşmüş əhalinin böyük qismi öz torpaqlarına geri qayıtdı. Hazırda rayon ərazisinin təxminən üçdə ikisi, o cümlədən Füzuli şəhəri və 58 kənd işğal altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində yeni salınmış 12 qəsəbədə, Horadiz şəhərində və Arazboyu kəndlərdə hazırda 60 mindən çox (rayon əhalisinin təxminən yarısı) yaşayır. Bu yaşayış məntəqələrində müvafiq sosial infrastruktur, mədəniyyət, təhsil, səhiyyə və s. obyektlər inşa edilib.
Respublikamızın iri yaşayış məntəqələrindən olan Füzuli rayonu 1930-cu ildə təşkil olunub. O vaxt Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında yaradılan rayona Qaryagin adı verilib. 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılıb.
Rayonun bir çox dini və mədəniyyət abidələri işğal altında qalıb: Qarğabazar kəndində XVII əsrə aid karvansaray və məscid binası, XVIII əsrə aid Cəlil türbəsi, Aşağı Veysəlli kəndində XIII əsrə aid Mirəli türbəsi, Qoçəhmədli kəndində XVIII əsrə, Horadiz, Qacar, Merdinli və s. kəndlərdə XIX əsrə aid məscid binaları, Aşağı Aybasandı kəndində XVIII əsr İbrahim türbəsi, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri və s.