Yaxın vaxtlarda oxucuların ixtiyarına veriləcək
   
   Bakı Kitab Klubunda Prezident İlham Əliyevin sərəncamı ilə “Dünya ədəbiyyatı kitabxanası” seriyasından çap ediləcək kitablarla bağlı abunə layihəsi təqdim olundu. Abunə kampaniyasını aparacaq Bakı Kitab Klubunda keçirilən tədbirdə mütəxəssislər, Milli Məclisin deputatları və mütaliə həvəskarları iştirak edirdilər. İştirakçılar əvvəlcə ölkəmizdə çap edilmiş yeni kitablardan ibarət sərgiylə, habelə “Dünya ədəbiyyatı kitabxanası” çərçivəsində nəşr ediləcək150 kitabın hər birinin yüksək poliqrafik səviyyədə hazırlanmış maketlərlə tanış olublar. Kitab Klubunun direktoru Elxan Rzayev bildirdi ki, latın qrafikasına keçidlə əlaqədər Azərbaycan hökuməti iki böyük layihəni reallaşdırmağı nəzərdə tutmuşdur. Artıq bunlardan birincisi uğurla başa çatıb, ikinci layihə isə dünya ədəbiyyatından seçmə əsərlərin dilimizə tərcümə olunub nəşr edilməsi ilə bağlıdır. Layihə şərti olaraq “Dünya ədəbiyyatı kitabxanası” adlandırılır və bu seriyaya daxil olan kitabların siyahısı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə təsdiq edilmişdir. Layihə çərçivəsində 150 kitabın nəşri nəzərdə tutulmuşdur.
   “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin layihənin əlaqələndiricisi olduğunu bildirən klub rəhbəri kitabların bədii tərtibatı və səhifələnməsinin “Tutu” nəşriyyatı tərəfindən aparıldığını, hazırlanan kitabların isə “Şərq-Qərb” və “CBS” mətbəələrində çap ediləcəyini söylədi. Yeni layihə əsasında nəşr olunacaq kitabların abunə yazılışının klub tərəfindən aparılacağını qeyd edən E.Rzayev məhz bu tədbirlə kampaniyaya start verildiyini açıqladı. Əsərlərin tərcüməsi və redaktəsi işi ilə məşğul olan yaradıcı heyətin rəhbəri, Bakı Slavyan Universitetinin prorektoru, professor Asif Hacıyev kitabların böyük əksəriyyətinin Azərbaycan dilində ilk dəfə işıq üzü gördüyünü vurğuladı.
   Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov kitab nəşri ilə bağlı prezidentin sərəncamının həyata keçirilməsini mədəni həyatımızın hadisəsi adlandıraraq kitab satış-şəbəkələri ilə bağlı təkliflərini də dilə gətirdi.
   Milli Məclisin deputatı Fazil Mustafa isə bu cür tədbirdə iştirakından məmnun qaldığını, abunə kampaniyasına məmnuniyyətlə qoşulacağını nəzərə çatdırdı.
   Tədbirdən sonra ilk abunələrin qəbuluna başlanıldı. Xatırladaq ki, abunə ilə bir kitabın qiyməti 7 manatdan baha olmayacaq. Abunə müddəti 2 ildir. Hər kitabın haqqı ünvanına çatdırıldıqdan sonra ödəniləcək. Abunə rəsmi anket və qəbzlə sənədləşdirilir. Abunənin ümumi məbləği 2 ildə 1000 manat təşkil edəcək.