Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmer: «Azərbaycanlılar Avropada və Avropadan kənarda təbiətcə çox dostpərvər insanlar kimi tanınırlar» Avropa Şurasına üzv ölkələrin Mədəniyyət Nazirlərinin Bakı Konfransı artıq tarixə qarışsa da, geniş perspektivlər vəd etdiyindən nəticələrdən danışmağa dəyər. Ümumilikdə dünyanın diqqətini ölkəmizə yönəldən bu beynəlxalq tədbir təkcə Azərbaycanın deyil, eyni zamanda Şərq və Qərb dövlətlərinin mədəni həyatında böyük əhəmiyyətə malik hadisə kimi müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü və xüsusi dəstəyi ilə həyata keçirilən bu tədbir bir sıra mühüm müddəaların müzakirəsi və qlobal mədəni layihələrin müəyyənləşməsi baxımından da maraqlıdır. “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən ikigünlük konfrans rəmzi olaraq Şərqlə Qərbi birləşdirmiş oldu. Xatırladaq ki, 2007-ci il noyabrın 21-23-də Tripolidə İslam Konfransı Təşkilatının Mədəniyyət Nazirlərinin V İclasında Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmerlə görüş zamanı Azərbaycan dövləti adından 2008-ci ilin payızında Bakıda Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirləri Konfransının keçirilməsi təklifi irəli sürülmüşdü. Təklifi yüksək qiymətləndirən R.Palmer bu addımın Avropa mədəni proseslərində yeni bir istiqamətin - “Bakı prosesi”nin əsasını qoyacağını demişdi. Bunu ənənəvi olaraq Qərb dəyərləri ilə Şərq sivilizasiyasını birləşdirən, eləcə də özündə Avropa və İslam mədəniyyətini ehtiva edən, tarixən iki qitə arasında tranzit rolu oynayan ölkəmizin geosiyasi mövqeyinə əsaslandığını da deyən mütəxəssisdən konfransın nəticələri ilə bağlı təəssüratlarını öyrənmək maraqlı idi. Cənab Robert Palmer mədəni mübadilə ənənəsinə sadiq qalan ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri qənaətbəxş saydığını bildirdi. Onunla müsahibəmizdə konfransın gedişi, nəticələri, ən əsası isə təəssüratları ilə bağlı bir sıra məqamlara toxunduq. Söhbətimizə AŞ-ın mədəniyyət sahəsi üzrə proqramlarından, Avropa Şurasına daxil olan qurumlardan başladıq. - Avropa Şurasına 48 üzv dövlət daxildir və insan haqları, demokratiya və hüquq qaydalarının inkişafına yardım edir. Bundan əlavə, təşkilata bir sıra qurumlar da daxildir. Bu baxımdan ən mühüm beynəlxalq təsisat Avropa İnsan Hüquqları Məhkəməsidir. İnsan hüquqları bəşəri dəyərlərdir və bütün mədəniyyətlərə şamil olunur. Bu qurum yuxarıda sadalanan məsələlərin həll edilməsində iştirak edir. Müxtəlif ölkələrin vətəndaşlarının hüquq pozuntusu ilə bağlı şikayətinə ölkə daxilindəki bütün hüquq-müdafiə instansiyalarında baxıldıqdan sonra, həmin insidentdən şikayətə bu məhkəmənin müstəqil hakimlərindən ibarət palatasında baxıla bilər. Əgər məhkəmə qət edərsə ki, həqiqətən pozuntu baş verib, onda o, qəti və məcburi olan qərar qəbul edir. Eyni zamanda qurum müxtəlif siyasi prosesləri izləmək və nəzarətdə saxlamaq üçün təşəbbüslər göstərir. Bundan başqa, qurum seçki sisteminə və mədəniyyət siyasətinə də nəzarət edir. Məsələn, mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısı əsasən mədəniyyət siyasəti üzərində mərkəzləşmişdi. Qeyd edim ki, AŞ dünyada baş verən digər məsələlərin həll olunmasında da yaxından iştirak edir. - Nəzərə alsaq ki, Bakı toplantısı bilavasitə mədəniyyətlərarası dialoqa həsr olunmuşdu, o halda Sizin rəhbərlik etdiyiniz qurumun fəaliyyət istiqamətləri də söhbətimizçün daha aktuallıq təşkil edir... - Adından göründüyü kimi, rəhbərlik etdiyim qurum mədəniyyət, mədəni və təbii irs üzrə məsuliyyət daşıyır. Bu sahə ilə bağlı çox proqramımız var. Məsələn, xüsusi konvensiyaların monitorinqinə dair proqramımız mədəni irs üçün nəzərdə tutulub. Dünən və bu gün (dekabrın 3-4-də - red.) Azərbaycan belə konvensiyalardan birinə - memarlıq abidələrinin qorunması üzrə konvensiyaya imza atdı. Qurumun digər fəaliyyət sahəsi mədəniyyət siyasətinə nəzarətdir. Bugünkü iclasda kompendium sisteminə məsul olan ekspertlər qrupu bildirdi ki, mədəniyyət siyasətini, Azərbaycan da daxil olmaqla, 43 dövlətdə inkişaf etdirmək niyyətindədirlər. Başqa bir proqramımız milli azlıqlara aid olan mədəniyyətlərarası dialoqdur və bu da mədəniyyətlərarası fəaliyyəti gücləndirmək üçün nəzərdə tutulub. Ümumiyyətlə, Avropa Şurası mədəniyyətlər, sosial birləşmələr arasında daha yaxşı anlaşmanı təmin etmək üçün mədəniyyətlərarası dialoqun inkişafına yardım etməyə üstünlük verir. Digər proqramımız isə film rəhbərlərinə treninqlər keçmək, artistlərin səfərbər olunmalarına yardım göstərmək, çəkilişlərinə nəzarət etmək və bunun üçün zəmin yaratmaqdan ibarətdir. - Cənab Palmer, necə düşünürsünüz, Azərbaycan AŞ-a üzv dövlət kimi qurumun standartlarına uyğun gəlirmi? - Razılaşma və konvensiyaların şərtlərinə uyğun olaraq üzv dövlətlərin qurum qarşısında öhdəlikləri var. Mədəniyyət sahəsində Azərbaycan çox fəaldır və fəaliyyət proqramlarının şərtlərini yerinə yetirmək baxımından aparıcı dövlətlərdən biridir. Lakin digər üzv dövlətlər kimi, Azərbaycan da öz fəaliyyətini təkmilləşdirmək baxımından daim inkişaf etməyə çalışmalıdır. - Bildiyimiz kimi, bu konfrans Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirləri ilə yanaşı, İslam ölkələrinin də mədəniyyət yetkililərinin iştirakı ilə keçirilən ilk toplantıdır. Qurumun baş katibi cənab Terri Devis konfransın açılış mərasimində bildirdi ki, nazirlər səviyyəsində keçirilən konfransın mövzusu AŞ-ın əsas məqsədini əks etdirir. Mövzu isə mədəniyyətlərarası dialoq idi. Necə düşünürsünüz, konfransın gedişində müzakirələrdən, qəbul edilən «Bakı Bəyannaməsi»ndən sonra mədəniyyətlərarası dialoqun inkişafına optimist yanaşmaq mükündürmü? - Bəli, mümkündür. Mədəniyyətlərarası dialoq siyasi bir prioritetdir. Düşünürəm ki, mədəniyyətlərarası dialoq müxtəlif səviyyələrdə və istiqamətlərdə olmalıdır. Bu, müxtəlif cəmiyyətlər, vətəndaşlar arasında baş verməlidir. Eyni zamanda, mədəniyyətlər arasında da dialoq olmalıdır. Mədəniyyətlərarası dialoq yüksək səviyyədə olduğu kimi, millətlərarası və lokal səviyyədə də mövcud ola bilər. Dinləmənin özü də mədəniyyətdir və insanlar bir-birilərini dinləməlidirlər. - Yəqin razılaşarsınız ki, bu gün dünyanın iki qütbü - Şərqlə Qərb mədəniyyəti arasında sanki soyuq müharibə hökm sürür. Məncə, Şərq Avropanı qınağa çəkir, Avropa isə sanki özünü «qapayıb» və…deyəsən, Şərqi geridəqalmış hesab edir. Bəs, Sizcə? - Müxtəlif qitələrdən olan 48 ölkəni bir araya gətirən bu konfrans çox vacib idi və Azərbaycanın iki qitə arasında vacib körpü rolu oynamasının əhəmiyyətini göstərdi. Azərbaycan tarixən Şərqlə Qərb, həmçinin Şimalla Cənub arasında körpü rolu oynayıb. Eyni zamanda, Avropa Şurası və İSESKO kimi hər iki təşkilata üzv olan yeganə ölkə olmasını nəzərə alaraq, böyük sivilizasiyaları yaxınlaşdırmaq müasir Azərbaycan Respublikasının təbii-tarixi missiyasıdır. Bundan başqa, artıq digər ölkələrdə yaranmış stabillik bu mədəniyyətləri konstruktiv və sülh yolu ilə birləşdirməyə yol tapmaqda şərait yaradır. Bu baxımdan Azərbaycan, xüsusilə də Bakı həm də simvolik olaraq əhəmiyyətlidir. Konfrans əlaqələrin şərtlərini yerinə yetirir. Düşünürəm ki, insanları bir araya gətirmək baxımından Azərbaycan hökumətinin, Bakının rolu çox mühüm oldu. Bir-biriləri ilə söhbət edən insanlardan heç biri burada özünü yad hiss etmədi. Çünki azərbaycanlılar Avropada və Avropadan kənarda təbiətcə çox dostpərvər insanlar kimi tanınırlar. Onlar iki qitədə, iki dünyada yaşayırlar. Hər kəs başa düşür ki, başqa dünya ilə ünsiyyət qurmaq, dialoq yaratmaq çox vacibdir. Bu konfrans öz fəaliyyətini və tədbirlərini davam etdirir. Dialoqa gəlincə, bu, Avropa və qeyri-Avropa dövlətləri arasında, müsəlmanlar və xristinlar arasında olmalıdır. Bu dialoq çox mürəkkəbdir və Şərqlə Qərb arasındakı tarixi suallardan o qədər də sadəsi deyil. Lakin həm də gözəl dialoqdur. Müxtəlif dialoqlar eyni vaxtda baş verə bilir. Dialoqun olması müxtəlif səviyyələrdə mövcud ola bilər. Dialoqun olmaması vəziyyəti mürəkkəbləşdirir. - Və düşünürsünüzmü ki, bu dialoq Avropa ilə Şərq arasında mədəni münasibətlərdə yaranmış dəmir pərdəni qaldıra bilər... - Mədəniyyət sahəsindəki soyuq müharibəyə mane olmaq və onun qarşısını almaq Avropa Şurasının mədəniyyət sahəsində əsas istiqamətlərindən biridir. - Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru kimi Sizə məlumdur ki, Azərbaycan torpaqlarının bir hissəsi qonşu Ermənistan Respublikası tərəfindən işğal olunub, oradakı mədəniyyət abidələrimiz dağıdılıb. Burada bildirildi ki, qurum tərəfindən faktaraşdırıcı missiya işğal edilmiş Azərbaycan torpaqlarında abidələrin vəziyyəti ilə tanış olacaq. Bu məsələ nə zaman öz həllini tapacaq? - Birincisi, bütün irs dünyaya məxsusdur - ümumi irsimiz sayılır. Mədəni irsin hər hansı formada dağılmasının kəskin şəkildə əleyhinəyik. Hər iki dövlət - həm Azərbaycan, həm də Ermənistan hökuməti bizdən xahiş edib ki, ziyan çəkmiş iki mədəni irsi dəyərləndirmək üçün missiyanın tədqiqatını öhdəmizə götürək. Hələ də iki dövlət arasında müzakirələr davam edir. İki hökumət arasında razılığa gəlindikdən və ziyan çəkmiş abidələrin, yerlərin siyahısı bizə təqdim edildikdən sonra dərhal işə başlaya bilərik. Yəni təşəbbüs onlar tərəfindən gəlməlidir. Qurum olaraq gözləyirik ki, hər iki hökumət: «biz siyahını tərtib etmişik, gəlin gedək, gəlin bunu edək»-desin. AŞ müstəqil ekspertlərini araşdırmaya göndərə və onlar da lazımi hesabatı təqdim edə bilərlər. - Necə düşünürsünüz, bu konfrans qarşısına qoyduğu məqsədlərinə nail ola bildimi? - Bu konfransda çoxlu məqsədlərə nail olundu. Toplantıda müxtəlif dövlətlər bir araya gələrək birlikdə işləmək üçün ortaya güclü iradə qoydular. Eyni zamanda, konfrans maraqlı proqramla başa çatdı. AŞ-a üzv olan dövlətlər növbəti ildə Bakıda keçiriləcək İslam Ölkələri Təşkilatına üzv dövlətlərin konfransına dəvət olundular. Bu, mübadilənin xeyrinədir və çox maraqlı, vacib proyektin başlanğıcıdır. Eyni zamanda, Azərbaycan hökuməti tərəfindən aparılan dialoqdur. Konfrans çərçivəsində olan iclaslardan birində mədəniyyət siyasətinin aparılması, onun digər başqa ölkələrə tətbiq olunması, bu sistemdən necə istifadə olunması və sistemin əlaqələndirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Konfransın gedişində həmçinin, imzalanmaq üçün 30 nazirə qarşılıqlı razılaşma təqdim edildi. Bu, sivilizasiyalar sırasına daxil olan YUNESKO ilə AŞ arasında açıq Faro platformasının davamı idi. Razılaşmaya əsasən, hər kəs İSESKO ilə və bu müzakirələrdə iştirak etməyən təşkilatlarla əməkdaşlığa başlaya bilər. Beləliklə, bütün gözlənilənlər həyata keçdi və bu da daha çox Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Avropa Şurasının birgə əməkdaşlığı ilə gerçəkləşdi. - Qədim Bakı və onun müasir insanları Sizdə hansı təəssüratı yaratdı? - Artıq dördüncü dəfədir ki, Bakıya gəlirəm. Çox vaxt şəhərlər haqqında təəssüratlar fiziki olur. Yəni, insanlar şəhərlərdəki tikililər haqqında düşünürlər. Mənim Azərbaycanla bağlı təəssüratlarım isə insanların qonaqpərvərliyi, alicənablığı ilə bağlıdır. Bakı qonaqpərvərliyə, alicənablığa açıq şəhərdir. Bu şəhərin muzeylərindəki kolleksiyaların zənginliyi də özgə bir təəssüratdır. Ona görə də, Bakıya səfər edərkən ən çox muzeylərə baş çəkirəm.… Söhbətləşdi: Həmidə Nizamiqızı