Ramiz söhrabov: “Mənim üçün ulduz Bülbüldü, Rəşid Behbudovdu, Şövkət Ələkbərovadı”

Gündəlik yaşantımızda  bizi əhatə edən musiqilərimizlə  bizi mühasirəyə alan “musiqi”lərimiz  paralel gedir. Bir parası ruhumuzu təzələyib, nəbzimizi tənzimləyir, bir parası isə... əsəblərimizi çalır. Bakı Musiqi Akademiyasının professoru Ramiz Söhrabovla söhbətimiz əsasən  bu ladda oldu.

- Ramiz müəllim,  qəzetimizdə davamlı olaraq “müasir musiqimizin uğurları, ağrıları və problemləri” mövzusunda yazılar vermək istəyirik və bununla bağlı, bu sahənin universal mütəxəssislərindən biri kimi, ilk olaraq professor Ramiz Söhrabovu seçməyimiz heç də təsadüfi deyil...


- Aktual mövzudur. Bü gün musiqi sahəsində narahatlıq doğuran problemlər çoxdur.


- Mümkündürmü, problemin çözümünə yuxarıdan aşağıya - Bəstəkarlar İttifaqı və Musiqi Akademiyasından başlayaq?


- Əlbəttə. Məsələn, indiki zamanda bəstəkarlar üçün əsas problem onların   böyük əsərlərinin üzə çıxarılmasıdır. Biz belə əsərləri dinlədikdən sonra orkestrlərə təklif edirik ki, ifa etsinlər. Simfoniya, simfonik poema, xor simfonik əsərləri, kantata, suitalar, bir sözlə, simfonik orkestrlə bağlı əsərlər bizə asan başa gəlir. Amma kamera, vokal əsərlərdə - pyeslər, romanslar, sonatalarda bir az problem yaşayırıq..
Digər narahatçılıq yaradan məsələ mahnı yaradıcılığı ilə bağlıdır. Bu sahədə bir az gərginlik var. Yeri gəlmişkən, bu məsələ ilə bağlı hər yerdə fikrimizi bilmək istəyirlər. Şou-biznes mahnıları əksər telekanallarda çox yayımlanır, həddindən çox! Nisbətən AzTV-də bunun qarşısı alınıb, İctimai televiziya başqa cür işləyir bunlarla. Başqa televiziyalar isə - xüsusilə ATV bu işlə, bu tip mahnıların yayımlanması ilə gərgin, belə demək olarsa, xüsusi məşğul olur. Əslində, onları da çox qınamaq olmur, maliyyə məsələlərinə, öz-özlərini dolandırma məsələsinə görə...


- Bəs xalqın zövq məsələsi?..


- Belə tipli mahnılarla mübarizə aparmaq o qədər də asan məsələ deyil. Əvvəllər deyirdilər ki, bütün musiqi aləminə  Bəstəkarlar İttifaqı rəhbərlik etməlidir. Bu iş  bu gün mümkün deyil. Bizim sədrimiz - tanınmış bəstəkar Firəngiz Əlizadə yeni gəlib, yəqin onun haqqında filmə baxmısız və görmüsüz ki, Avropa xalqları onun əsərlərini necə heyranlıqla dinləyirlər. Yəni, belə bir ciddi, yüksək zövqlü və səlahiyyətli adam da yüngül, şou-biznes tipli musiqilərin qarşısının alınması ilə  məşğuldur. Lakin bu qeyri-ciddi, bu neqativ tendensiya  bütün ciddi və pozitiv təsirlərdən, iradlardan “möhkəm” çıxır. Mətbuat bu işdə daha intensiv işləməli, daha çox kömək etməlidir.
Firəngiz xanım belə bir  tədbir də  həyata keçirmək istəyir ki, bütün televiziya və radioların musiqi redaksiyalarının baş redaktorlarını bir yerə yığıb,  bizim idarə heyəti ilə birlikdə ciddi  söhbət aparsınlar. Bunu indi həyata keçirə bilmirik, çünki Bəstəkarlar İttifaqı təmirdədir.


- Dediniz ki, televiziyalar dolanmaq üçün biznes şoularına qaçırlar. Bu “güzəşt”inizi necə başa düşək; özü də  şəxsən Sizin - dolanmaq üçün heç yerə, heç nəyə qaçmayan ziyalılarımızdan birinin dilindən?.. 

- Yox, biz bu fikirlə televiziyalara güzəştə getmirik, amma biz qayda-qadağa  səlahiyyətində də deyilik.  Biz təkliflər, ideyalar verə bilərik.


- Ramiz müəllim, gəlin yaşlıların daha bir laqeydliyindən danışaq: uşaq repertuarı, uşaq mahnıları...


- Doğurdan da indi uşaq mahnıları az yazılır. Baxmayaraq ki, ömrünü uşaq mahnıları yazmağa həsr edən bəstəkarlarımız var. Məsələn, Oqtay Zülfüqarov. O indi az yazır,  ancaq onu qınamaq da olmaz - bu yaxınlarda səksən yaşı olacaq. Gərək gənclərimiz bu işə ciddi fikir versinlər. Bizim 1979-cu ildə keçirilən qurultayımızda ulu öndər Heydər Əliyev çıxış etdi, bütün janrların bərabər inkişaf etdirilməsi  məsələsi ilə bağlı təkliflərini verdi. Bu çox lazımlı problemdir. Uşaq mahnıları yazılmağına yazılır, ancaq gərək bu mahnıların ifa olunması üçün şərait yaradılsın. Təqribən 20 il bundan qabaq  mən AzTV-də “Romans axşamı” verilişi aparırdım və bəstəkarlar başladılar romanslar yazmağa. Hər verilişdə klassik romanslarla yanaşı, biz yeni bir romans da təqdim edirdik.  Bəstəkarlar gördülər ki, romanslarının səslənə biləcəyi yer, məqam, məkan var, başladılar yazmağa.
Uşaq mahnılarının inkişafı üçün də belə bir yön, yol fikirləşmək lazımdır. Bir vaxt uşaq mahnıları ilə bağlı disput da, plenum da keçirdik, amma bir nəticəsi olmadı. Hər şeyə uşaqlıqdan başlamaq lazımdı ki, böyüyəndə qarşına qəfil “böyük”lük çıxmasın, qəliz olmasın. Uşaqlar üçün şeir yazanlar da azalıblar.


- C.Məmmədquluzadə deyirdi ki, “Molla Nəsrəddin”i zaman özü yaratdı. Bu baxımdan Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Fikrət Əmirovu, Niyazini, Tofiq Quliyevi... də sanki xalqın aclığı, ictimai sifarişi yaratmışdı. Bəs indi zaman niyə susub?..


- Yaxşı, ideyalı sualdı. Zaman onları yaratdı, onlar da bizim böyük musiqi eramızı yaratdılar. Onlar nəinki təkcə Azərbaycanın, həm də Yaxın Şərqin, bütövlükdə türk-müsəlman dünyasının klassiklərinə çevrildilər. Onlar Üzeyir bəyin, Şostakoviçin məktəbini keçmişdilər. Şostakoviç bir vaxt deyirdi ki, Azərbaycan Bəstəkarlar İttifaqı çox güclüdür, əla məktəbdir. Onlar həm özləri, həm də ətrafları üçün çox tələbkar idilər. Onlara bir əsər göstərmək böyük məsuliyyət idi. İndi də əsərlər yazılır, amma o əsərlərin ifası, camaata çatdırılma “mizan-tərəzisi” dəyişib. İndi yeni-yeni cərəyanlar yaranıb, amma bunlarda millilik, fundamentallıq çatmır. Ən yeni, ən müasir cərəyanlar yolunu da gərək milli notlarla  gedəsən. Hər xalqın o  bəstəkarları klassikləşirlər ki, onlar həmişə -  ən müasir əsərlərində belə, xalq musiqisindən istifadə edir, xalq kökü üstə köklənirlər. Bizim haqqında danışdığımız dahilərimiz də öz yaradıcılığında muğamdan, xalq yaradıcılığından istifadə ediblər. Muğamdan istifadə etmək üçün isə gərək muğamı yaxşı biləsən. Cavanlarımız bu məsələdə axsayırlar, xalq musiqimizi, aşıq musiqisini o dərəcədə bilmirlər. Biz burada o sahələri tədris edirik. Məsələn, mən rəhbərlik etdiyim  “Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi”   kafedrasına gələndə burada cəmi yeddi nəfər var idi və bircə dərs keçirdik: “Azərbaycan xalq musiqisinin əsasları”.  Bu fənni də Üzeyir Hacıbəyov yaradıb və eyni adlı dərslik də yazıb. Sonra biz “Azərbaycan xalq musiqi yaradıcılığı”, “Muğam sənəti”, “Etno musiqişünaslıq” şöbələri açdıq.


- Ramiz müəllim, vaxtilə Azərbaycan radio-televiziyasında nəhəng bəstəkarları tez-tez səsləndirirdilər,  indi isə klassikaya müraciət olunmur. Nolardı,  hərdən  Vivaldini, Bethoveni də eşitsəydik... Bir yol tapıb  xalqın zövq menyusuna  nəhəng əsərlərdən də əlavə etməsək,  on-on beş ildən sonra bu öz diringi nəticələrini verməyəcəkmi?

- Artıq verməkdədi o  nəticələri. Müasir  cərəyanlarla yazılan və gecə-gündüz ara vermədən səsləndirilən musiqini xalqın  inkişaf etmiş qismi, elitar təbəqəsi qəbul edə bilmir. Bu və ya digər səbəbdən yaxşıya, dərinə  “kar”  qismi isə yerində saymaqda davam edir. Gərək bizim radiolarımız, televiziyalarımız tez-tez səsləndirib, təbliğ etməklə onlara çatdırsınlar ki,  simfoniya nədir.


- Hiss olunur ki, toxunduğumuz məsələlərin həllində KİV-ə çox önəm verirsiniz. Bax bu saat  Musiqi Akademiyasında işıqlandırılmağa ehtiyacı olan nə kimi  məsələlər var?

- Düşünmək lazımdır. Qəzetinizin problematik materiallar vermək istəyini alqışlayırıq. Amma bu,  ardıcıl  olmalıdır. Problemləri  pillə-pillə həll etməliyik. Məsələlər gərək konseptual qoyulsun, kompleksal müzakirə edilsin ki, onların həlli də möhkəm olsun. Məsələn, qabaqlar vaxtımız çox olurdu, professor otağına yığışardıq, bir-birimizə deyərdik ki, filan kursda filan tələbəyə yaxşı fikir verin,  o gələcəkdə yaxşı  musiqişünas və ya bəstəkar olacaq. Və o tələbəni yavaş-yavaş yetişdirirdik.  İndi isə... çox yerdə işləməli olduğumuzdan,  biz müəllimlər çox az-az rastlaşırıq. İndi belə disputlar keçirmək lazımdı. Birinci dərəcəli, ikinci, üçüncü dərəcəli problemlər var. Bizim yığışmağımızın özü də bir problemdi.

- Ramiz müəllim, Zeynalabdin Tağıyevlə  Üzeyir Hacıbəyov eyni əsrin, eyni dövrün adamları idi. Amma indi Zeynalabdin Tağıyevliyə  iddialılar çox,  Üzeyir Hacıbəyovluğa iddialılar azdır...

- Özü asan, cavabı çətin sual... Görünür “hər şey maliyyəyə, şəraitə bağlıdır” qənaəti elə-belədən yaranmayıb...


- Amma cəmiyyətdə ziyalı sözü də  olmalıdır ki, insanların zövqü korlanmasın. Musiqimizin indiki vəziyyəti bütün xalqımızı maraqlandırır.


-  70 -ci illərdən AzTV-də fəaliyyət göstərən Bədii Şuranın üzvüyəm. İndi onun adı var, fəaliyyət göstərmir. Biz onda hər ay yığışır, yeni mahnıları, əsərləri dinləyir, əlavə olaraq, orkestrlər üçün, tədbirlər üçün bəstəkarlara sifarişlər verərdik. Bəstəkarların istifadə etdiyi mətnlər də diqqətimizdə idi; vurğu hara düşür, taktlar yerli-yerindədirmi və s. Zəif idisə, üstündə işləməyi tapşırırdıq. Elə olurdu bir mahnını 5 dəfə qaytarırdıq ki, bəstəkar gedib yenidən işləsin. İndi nəzarət yoxdur. İndi radio-televiziyaya çıxan mahnıların çoxu bəstəkarlara yox, həvəskarlara məxsusdur.  İndi biz çalışırıq,  istəyirik ki, o həvəskarlar bura cəlb olunsunlar. Həvəskar var ki not bilmir, amma gözəl zövqü, istedadı var. Nolar, gəlsin, burada ona izah edərik. Belə olsa, həvəskarların təsadüfiləri  məsuliyyət hiss edib uzaqlaşar, istedadlıları isə az-çox peşəkarlaşarlar. 

 
- Son dövrlər maraqlı müsabiqələr keçirilir, muğam müsabiqələri istisna edilməklə, qəribə-qəribə “ulduz”lar peyda olur...


- Mənim üçün ulduz hələ də Bülbüldü, Rəşid Behbudovdur, Şövkət Ələkbərovadır. İndi dahi, korifey sözlərini də xırdalayırlar, ucuzlaşdırırlar. Üzeyir bəy,  Qara Qarayev öz  ünvanlarına “dahi” sözü eşidəndə özlərini narahat hiss edirdilər.  İndi bu epitetlər eninə-uzununa işlədilir. Mədəniyyətimizə, sənətimizə bir pay verməyənlər dövlətimizdən, nazirliyimizdən beş pay umur... Bunlar geniş söhbətdir. Sağlıq olsun!

Söhbətləşdilər:
Turan,
Kəmalə Cəbrayıl