Baloğlan Əşrəfov: “Oxuduğum mahnıların taleyimlə əlaqəsi yoxdur”

O, adət-ənənəmizə olduqca bağlıdır. Elə bu səbəbdən də vətənini qarış-qarış gəzməkdən zövq alır. Bizimlə görüşməyə məmnuniyyətlə razı olan əməkdar artist Baloğlan Əşrəfov söhbət əsnasında yaradıcılığındakı yeniliklərdən danışmaqla bərabər, illərdən bəri ürəyində gəzdirdiyi bəzi sirləri də açıqladı.

- Hər bir müğənni repertuarını yeni mahnılarla zənginləşdirməyə çalışır. Fikrimcə, müğənninin seçdiyi mahnının dinləyicilər tərəfindən rəğbət qazanması ən uğurlu yenilikdir. Çox zaman məni sevənlər 20 il bundan əvvəl oxuduğum mahnıları yeni aranjimanda təqdim etməyimi xahiş edirlər. O dövrdə oxunulan mahnıları bu gün efirlərdə olduğu kimi səsləndirmək, bəlkə də qəbul edilməz. Buna görə də əvvəlki mahnılarımı yeni aranjimanda səsləndirmək niyyətindəyəm. Mənim ifama tələbat var və bunun şahidi olduqca sevinirəm. Bu da məndə işləmək həvəsi yaradır. Bilirsiniz, zaman dəyişir, nəsil yeniləşir, ancaq mənim mahnılarım köhnəliyin qalığı kimi deyil, dövrün marağı ilə üst-üstə düşür. Hərdən dinləyicilərimdən köhnə mahnılarımın adlarını eşidərkən özüm də təəccüb edirəm ki, onlar bu mahnını necə xatırlayırlar? Ona görə də yaradıcılıq planlarımın əsas hissəsi köhnə mahnılarımın 50-60 faizini yeniləşdirməkən ibarətdir. Bundan başqa, el nəfəsindən süzülən bir şeirə də mahnı yazmışam. Düzdür, mən peşəkar bəstəkar deyiləm. Ancaq hesab edirəm ki, musiqi duyumu olan kəs mahnı yazırsa və xalq da onu sevirsə, o, niyə bu bacarığını dinləyicilərindən əsirgəməlidir? Etiraf edim ki, poetik ifadələr deyil, bəsit söz yığınından ibarət olan şeirlərə çox təsadüf edirəm. Düzdür, bu sözlərə mahnı bəstələmək olar. Lakin bu mahnının ömrü olduqca qısa olacaq. Əgər şeirdə dərin məna yoxdursa, oxucunu təsirləndirmirsə, onu musiqiyə çevirib xalqa çatdırmağın bir mənası yoxdur. Mən ancaq təsirləndirmək gücünə malik şeirlərə mahnı bəstələyirəm. Müəllifi tanımadan, onunla şəxsi münasibətim olmadan çox şeirə mahnı yazmışam. Şairə Gülayə Şınıxlının “Məndən nə apardın, halalın olsun” adlı şeiri də belə yarandı.
Məndən nə apardın, halalın olsun,
Candan can qopardın, halalın olsun!
Məni təsirləndirən bu ifadələr qəlbimdə mahnıya çevrildi.

- Maraqlıdır, mahnı misraların təsirindən yarandı, yoxsa xatirələr dilə gəldi?

- Mən çox qəribə tale yaşamışam. Güclü şairlərin poetik ifadəsindən qaynaqlanan misralar duyğularıma toxunur. Şeiriyyəti qaydalardan kənara çıxmayan nəzm məni ruhlandırıb. Bəzən sual verirlər ki, oxuduğun mahnılar öz həyatınamı işarədir? And-aman edirəm ki, bu mənim taleyim deyil. Sadəcə, şeirin gözəlliyindən ilham alıb, o obrazı yaratmışam. Əlibala Hacızadənin “Nədəndi” şeirinə mahnı yazıb oxuyanda onunla şəxsi tanışlığım yox idi. “Ürəyimə od salıbdır bir gözəl , odu deyir, közü deyir, sev məni”. Bu sətirlərdən necə təsirlənməmək olar? Bu mahnını Türkiyənin tanınmış müğənnisi  Sərdar Ortac da oxudu. “Tale səni rəva görməyəydi kaş mənə, ey gül” - “Oldun ürəyi daş mənə, ey gül” adlı mahnım ilk dəfə Azərbaycan Televiziyasında səsləndirildi. Sözün təsirindən mənanı əks etdirən obrazı yaradaraq yeni bir mahnıya imza atdım. Yəqin ki, qəlbimin hökmündən yaranan yeni mahnım da aləmə səs salacaq. Daxilimdən gələn səsi hər zaman dinləmişəm. Və bu qayda ilə də addımlamışam. Tamaşaçılarımdan narazı qalmamışam. Ancaq son zamanlar mətbuatda səslənən bəzi məqamlarla razılaşmıram. Əvvəllər “ara müğənnisi” kəlməsi çox səslənirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra söz azadlığı deyilən bir anlayış zamanımızda öz əksini taparkən biz də həqiqəti dilə gətirmək cəsarəti əldə etdik. Sovet ideologiyasına xidmət edən mahnıları oxumaq məcburiyyətində idik. Mən etiraz edəndə efirin qapıları üzümə bağlanırdı. Elə olub ki, 6 ay efirə buraxılmamışam. Bu mahnıları oxumayan müğənniyə “ara müğənnisi” damğası vurulurdu. O dövrdə millətlərarası qardaşlıq və digər mövzularda mahnı oxumaq əsas şərt idi.  Mən isə sevgi janrında oxuyurdum. İndi o zaman bizə qadağa qoyan insanlarla qarşılaşarkən üzrxahlıqla o dövrün şərtləri çərçivəsində hərəkət etdiklərini deyirlər. Məncə, bu gün pis və ya yaxşı, məişət səviyyəsində və bədii dildə yazılan mahnılar arasında seçim aparmaq lazımdır.

- Deməli, bu təklif yaranmış söz-söhbətə son qoya bilər?

- Nüsrət Kəsəmənlinin sözlərinə yazılan mahnılar dillər əzbəridir. Hələ gənclik illərimdə Ələmdar Quluzadənin “Azərbaycan qadını” jurnalında “İtən eşqim” adlı şeiri diqqətimi cəlb etmişdi. Bu sözlərə mahnı bəstələyib oxudum.  O zaman Ə.Quluzadə Xankəndində yaşayırdı. Onunla şəxsi tanışlığım yox idi. Bu mahnını oxuyanda məni çox incitdilər. “Sovet İttifaqında “İtən eşqim” kəlməsi eşidilə bilməz” kimi sərt qadağalarla qarşıma sədd çəkirdilər. Bu gün isə sevgi janrına damğa vurulmur. Ancaq bu o demək deyil ki, kim nə istəsə efirdə oxuya bilər.

- Bu qədər qadağaların qarşılığında efirdə görünmək imkanı qazanmağınızın da bir yolu olmalı idi...

- Bu səddi yarmaq çox çətin idi. Ancaq hər bir insanın özünəməxsus siyasəti var.     Mən də bu işin çəmini tapmışdım. Bir tələb olunan mahnı oxuyanda ikisini də öz bəstəmdən ifa edirdim. Mən efirdə “Ay uçan quşlar” mahnısını oxuyanda televiziyanın ünvanına çoxsaylı məktublar gəlmişdi. Qəribə bir nəfəs, boğazlardan bəhs edən fikirlər səslənirdi. Kimlərsə qəbul edirdi, kimisi qısqanır, kimisi də qorxurdu. Gəncliyimdə də çox maraqlı hadisələr olub. Bir gün ziyalılardan birinin toyunda oxuyurdum. Fikirləşdim ki, dostluq, qardaşlıq mövzusunda olan mahnılardan başlayım. Necə olsa da, ziyalıların toplaşdığı bir məclis idi. Bir az keçmədi ki, toy sahibləri mənə yaxınlaşıb repertuarımda olan sevgi mahnılarını oxumağımı xahiş etdilər. Fikirləşdim ki, ziyalı ailəsi ancaq məhsul bayramı, dövlət ideologiyasını tərənnüm edən mahnılar dinləyə bilər. Öz bəstələrimi ifa etməyə çəkinirdim. Ancaq onların bu sözündən sonra ürəkləndim. Mən özüm ali təhsilli filoloqam. Sovetlər dövründə  əla qiymətlərlə instituta qəbul olmuşam. Sadəcə, el şənliklərində iştirak etməklə sənətimdən uzaqlaşdım.

- O dövrdə sevgi janrında olan mahnılar qəbul olunmurdu?

- Bir dəfə “Ay uçan quşlar” mahnısını oxuyurdum. Çəkilişi dayandırıb, bir qədər sevinc hissi ilə mahnını ifa etməyi məsləhət etdilər. Sonradan bunun alınmayacağını anlayıb, rejissor hər şeyi mənim ixtiyarıma buraxdı. O dövrdə sevgi janrı qəbul olunurdu. Ancaq Sovet İttifaqında nakam sevgidən oxumaq olmazdı. Sovet vətəndaşı yalnız xoşbəxt görünməli idi.

- Bu sənətdə indi fəaliyyət göstərmək asandır, yoxsa o zaman?

- İfadəmə görə üzr istəyirəm. İndi yoldan keçən də istədiyi formada səhnəyə çıxır.  Mən o çətinliyə görə, vaxtilə bizə kömək edən insanlara minnətdarlığımı bildirirəm. Biz öyrənirdik, səhvlərimizi düzəltməyə çalışırdıq. Məncə, efirə çıxan hər kəs öz davranışına, geyiminə fikir verməlidir. Məgər Rübabə Muradova,  Şövkət Ələkbərova, Sara Qədimova sənətkar olmayıblar? Zeynəb Xanlarovadan irəli gedən olub? Onların geyimi, davranışı, özünü təqdim etmək mədəniyyəti yüksəkliyi ilə seçilib. 

-  Klip çəkilişinə münasibətiniz o qədər də yaxşı deyil. Özünüzə necə ssenari yazırsınız?

- Bir-iki klipim var. Klip çəkilişi vaxtımı alır. Bir dəfə mənə bir ssenari təqdim olundu. Deyərdim ki, lap heysiyyətimə toxundu. Açıqlamaq istəmirəm. Ssenari mənim xarakterimə, fikirlərimə uyğun gəlməlidir. Müasir dövrdə çəkilən ssenariləri qəbul edə bilmirəm. Yalnız təmiz əxlaq, ədəbli ssenarilərə imza ata bilərəm. Məni bu cür tanıyan insan sabah başqa bir formada müşahidə edərsə, hansı əxlaqdan, davranışdan söz aça bilərəm. Bizim Azərbaycan torpağı öz gözəlliyi və təmizliyi ilə seçilir. Bölgələrimizdə yeni yaradılan istirahət yerlərində olan yüksək xidmət, şərait dünyanın heç bir ölkəsindən geri qalmır. Hər bölgənin öz gözəlliyi var. Çəkiliş gərək barda və ya restoranda ola? Nə isə, deyiləsi sözlər çoxdur. Yaxşı olar ki, hər kəs öz işində məsuliyyətli olsun. Yalnız bunu qeyd edə bilərəm.

ŞƏMSİYYƏ