Aydın Mirzəzadə:
   «Azərbaycan cəmiyyəti üçün ən aktual olan məsələlər müstəqil dövlətimizin olması, beynəlxalq birliyə inteqrasiyamız, eyni zamanda əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır»
   
   Bu gün cəmiyyət tarixi dəyərlərimizin qorunmasına yönəlik inkişaf tələb edir. Əks halda, o, «maddiyyat bazarı»nda itib ümidsizləşə bilər. Bu cür psixoloji natamamlıqdan xilas olmağın yollarını aramaq istədik. Müsahibimiz millət vəkili Aydın Mirzəzadədir.
   
   - Bu gün Azərbaycan cəmiyyəti mənəvi dəyərlərin qorunmasının nəbzini tuta bilirmi?
   - Azərbaycanın mənəvi dəyərləri özünün zənginliyinə, dərinliyinə və tarixi köklərinə görə çox zəngindir. Biz özümüzü bu sahədə xoşbəxt nəsil hesab edə bilərik. Bütün çətinliklərə, ağırlıqlara, tarixin keçməkeşlərinə baxmayaraq, bizdən əvvəlki nəsillər bu dövr üçün mənəvi dəyərləri qoruyub saxlaya biliblər və biz hazırda onların sahibləriyik. Eyni zamanda bu dəyərlər içərisində tərbiyə olunmuş nəsil kimi də biz bu dəyərlərə çox bağlıyıq. Hesab edirəm ki, bizim onlardan qopmağımız, yaxud onların təsirindən kənarda qalmağımız qeyri-mümkündür. Mənəvi dəyərlər bu gün Azərbaycan cəmiyyətinin əsasını təşkil edir, Azərbaycan cəmiyyətinin yeni nəsillərinin yetişdirilməsində fəal iştirak edir. Hər birimizin təfəkküründə, genində mənəvi dəyərlər möhkəm oturduğuna görə onun bundan sonra da qorunub-saxlanacağı, gələcək nəsillərə çatdırılması, əlbəttə ki, baş verəcək. Ancaq bu o demək deyil ki, biz hər şeyi öz axarına buraxıb, heç bir cəhd etməli deyilik. Əslində, mənəviyyatın qorunub saxlanması üçün bizə qədər gəlib çıxan vasitələrdən istifadə etməklə, yenilərinin yaranmasında, tətbiq edilməsində böyük işlər görülməlidir. Bu, həm ənənəvi vasitələr olan ailə, məktəb, cəmiyyət, eyni zamanda yeni vasitələrdir. Mən incəsənətin yeni növlərinin meydana gəlməsini, dünya mədəniyyətinə inteqrasiyası və bu istiqamətdə ortaya çıxan müəyyən problemlər, həmçinin texnikanın inkişafı ilə bağlı açılan imkanları qeyd edə bilərəm. Mənə elə gəlir ki, bu istiqamətdə böyük işlər görülüb. Və bu gün biz mənəviyyatımızın itməsində, mənəvi dəyərlərimizin zəifləməsində böyük narahatçılıq hissi keçirməyə bilərik. Ancaq bununla belə, bu istiqamətdə durmadan fəaliyyətdə olmaq lazımdır.
   - Bu gün torpaqlarımız işğal altındadır və didərgin düşən milyondan artıq insan var ki, Qarabağ mövzusu müstəvisində hüquqlarının pozulduğunu bəyan edir.
   - Ağır problemdir. Birbaşa milyonların hissiyyatına toxunan bir problemdir. Bunun həllinə çalışmaq bu gün hamının işidir. Hər bir kəs bu işdə bacardığı köməyi göstərməlidir. Ancaq qeyd edim ki, bu itkimiz var deyə, ümumiyyətlə, mənəviyyatımızda aşınmanın olması prinsipini qəbul edə bilmirəm. Çünki məhz mənəviyyatımızın möhkəmliyidir ki, belə ağır situasiyada dəyərlərimiz qorunub saxlanır. Yurdundan qaçqın düşənlər var ki, onlar torpaqlarından məhrum olublar, amma azərbaycançılığından ki, məhrum edilməyiblər. Ən çətin şəraitdə - çadır şəhərciyində, yarımçıq binalarda, doğma el-obadan uzaq bir şəraitdə yaşasalar da, mənəvi dəyərlərimizin qorunması prinsipini özündə saxlaya bilib. Onların içərisindəki istedadlı adamlar vaxtaşırı elmə, mədəniyyətə, jurnalistikaya, bir sözlə ictimai proseslərə qatılırlar. Onların içərisində gənclər var ki, xarici universitetlərdə oxumağa meyil edirlər, biznes işi qururlar. Bununla belə, nə etsələr də, heç vaxt torpaqlarını unutmurlar. Tək bu yox. Azərbaycanda milyonlarla insan Ermənistan adlanan Azərbaycanın qədim torpaqlarından gəliblər. Onlar da özlərinin dədə-baba yurdlarına gedə bilmirlər. Bu problem var. Vaxtilə Azərbaycanın tarixi ərazisi 400000 (dörd yüz min) kvadratkilometrə qədər olub. İndi isə rəsmi 86,6 min kv km-dır, onun 20%-i işğal altındadır. Bu faktlar hamısı cəmiyyətimizin ağrılı problemlərindən sayılır. Ancaq mənəvi dəyərlərimizin bizə ağır şəraitdə o köməyi də var ki, Azərbaycan oğlu, qızı sınmır, özünün ümidsizliyə qapılmasına imkan vermir, əksinə, bu ağır şəraitdə belə müstəqil dövlətini qoruyur və bu gün dünyaya inteqrasiya olunmasında yaxından iştirak edir, Azərbaycan adını tanıtmağa çalışır.
   - İşğala məruz qalmağımız insanların psixologiyasında özünün əks təsirini göstərməmiş deyil və bunun mənəviyyatın qoruyucu strukturu olan təhsilə təsiri necədir? Təhsilimiz dövlət üçün gərəkli olan dəyərlərin qorunması yönündə iş görə bilirmi?
   - Təhsil bütün dövrlərdə diqqətdə olan məsələlərdən olub. İstər bu stabilləşmiş cəmiyyətdə olsun, istər keçid dövrü və s. İndinin özündə Avropa dövlətləri təhsilin yeni modellərini axtarırlar, təhsilə bir yenilik gətirməyə çalşırlar. Cəmiyyət inkişaf edirsə, deməli, aparıcı insanlarını yetişdirən bu sistem də təkmilləşməlidir. Əlbəttə ki, işğalın bu məsələyə müəyyən mənada təsiri olub. Ancaq təhsilimizin problemləri bir tərəfdən onunla bağlıdırsa, digər tərəfdən bir sistemdən digər sistemə keçidlə əlaqədardır. Yəni biz dövlətin bütün sahələrə nəzarət etdiyi sistemdən insan azadlığının təmin edildiyi bir sistemə keçid ərəfəsindəyik. Artıq bunun müsbət göstəriciləri də var. Eyni zamanda problemlər də az deyil. Həmçinin qeyd edim ki, təhsil bəlkə də cəmiyyətdə gedən proseslərdən daha sürətlə inkişaf edir. Bu gün təhsildə əldə etdiyimiz hər hansı bir yenilik, bir iki ildən sonra artıq köhnəlmiş olur. Bu gün təhsilin irəliləməsi üçün nə tələb olunursa, cəmiyyət bunu ortaya qoya bilir. Məsələn, özəl orta məktəblər, universitetlər, Boloniya prosesinə keçid, gənclərimizin dünyanın aparıcı universitetlərində oxuması və s.
   - “Dünyaya inteqrasiya ərəfəsində mənəviyyatın qorunması”- dedikdə nəyi nəzərdə tutursunuz?
   - Qeyd edim ki, hər bir xalqın özünə aid mənəvi, ədəbi dəyərləri var. Dünyaya inteqrasiya isə bir çox yeniliklər gətirir. Bu, əhalinin çox sayda yerdəyişməsi, gündəlik həyatımıza televiziya, qəzetlər və yaxud digər əlaqələr vasitəsilə yeniliklərin gətirilməsi və bunların fonunda hansısa yeni baxışların formalaşmasıdır. Həmin baxışlar bizim baxışlarımızla ya üst-üstə düşür, ya ziddiyyət təşkil edir. Ziddiyyət təşkil etdiyi zaman onda dəyərlərimizin qorunması birbaşa bizdən asılı olur.
   - Bü gün cəmiyyətdə «inteqrasiya adı altında sanki şüurların pozulması prosesi gedir» ictimai narahatçılıq ilə razılaşırsınızmı?
   - Belə narahatçılıqlar bütün dövrlərdə olub. Vaxtilə İngiltərədə, sanaye inqilabından sonra fəhlələr “iş yerimiz əlimizdən alınır”- deyib dəzgahları qırmağa başlamışdılar. Baxmayraq ki, bu cəmiyyətin inkişafına kömək edən bir amil idi. Ancaq hesab edirəm ki, insan bütün mübarizələrdə ən yaxşı dəyərləri qoruyub-saxlamağa nail ola bilir və bu xüsusiyyət azərbaycanlılarda xüsusilə qabarıq görünür. Problem var, amma bunun həllini mən bu gün görürəm.
   - Mənəviyyatın qoruyucularından biri kimi elektron KİV-in rolunu qeyd ediriksə, bu gün televiziyanın mənəvi dəyərlərimizin qorunması istiqamətində apardığı işlər sizi nə dərəcədə qane edir?
   - Açığını deyim, tam qane etmir. İş burasındadır ki, biz bütün sahələrdə olduğu kimi, televiziya sahəsində də azad şəraitin yaradılmasına nail olduq. Amma məlum oldu ki, bu şəraitin yaradılması heç də bütün hallarda biz istədiyimiz nəticəni verə bilmir. Artıq fikri formalaşmamış yeniyetmələrin, gənclərin ordan nə götürəcəyi, orada təbliğ olunan dəyərlərin nə dərəcədə bizim dəyərlərimizə uyğun gəlməsi məsələsi ortaya çıxır. Xarici ölkələrdə isə bir tərəfdən bu məsələdə azadlıq verilir, digər tərəfdən cəmiyyətin, hər bir ailənin özündə bundan qorunmanın mexanizmini fikirləşiblər. Valideynlərin övlad üzərində nəzarəti, övladlarla bu istiqamətdə işin aparılması, heç nə yox, elə televiziya işçilərinin özünün cəmiyyət qarşısında məsuliyyətini dərk etməsi və hər verilişi efirə buraxmaq istəməməsindən irəli gəlir. Bu, böyük problemdir və mənə elə gəlir ki, bunun aradan qaldırılmasında hər bir adam iştirak etməli və hər bir adam məsələyə özünün münasibətini bildirməlidir.
   - Sizin münasibətiniz necədir?
   - Mən hesab edirəm ki, bir tərəfdən azadlıq versək də, digər tərəfdən mənəviyyatı pozan verilişlərə müəyyən bir senzura tətbiq edilməlidir. İkinci məsələ, ictimai bir nəzarət forması həyata keçirilməlidir. Hər bir telekanalın özündə nəzarət forması həyata keçirilməlidir, hər bir telekanalın özündə mənəviyyata dair şura mövcud olmalıdır.
   - Aydın müəllim, son vaxtlar televiziya vasitəsilə insanlara müxtəlif şoular təqdim olunur. Bunu televiziyanın hansı halı və hansı təbliğat metodu kimi qiymətləndirmək olar?
   - Mənə elə gəlir ki, bu həm cəmiyyətimizin, həm də bütün telekanalların bir şou xəstəliyidir ki, biz bunu keçməliyik. Necə ki, uşaqlıqda hər bir kəs müəyyən bir xəstəlikləri keçir, ona qarşı immunitet yaranır. Televiziya da, istədi istəmədi, bu etapı keçməlidir.
   - Cəmiyyəti yoluxduran bu «xəstəlik» nə vaxta qədər çəkər?
   - Bunu demək çətindir, amma mən hesab edirəm ki, artıq simptomları görünür. Məsələn, məni əhatə edən insanların böyük əksəriyyəti həmin o şoulara, sadəcə olaraq baxmırlar.
   - Amma bu şoular birbaşa evlərə baş vurur. Orada isə ölkənin gələcəyi olan uşaqlar böyüyür. Onları necə qorumaq lazımdır?
   - Şounun ailəyə daxil olması valideynlərdən asılıdır. Məsələn, mən bir ara şoulara tam baxmağa imkan yaratdım. Amma indiki halda mənə elə gəlir ki, onlar doyublar. Eyni zamanda mən övladlarımla vaxtaşırı söhbət edirəm ki, bu şoular sənin gələcək həyatını təmin etməyəcək. Sənin gələcək həyatını ancaq biliyin, savadın, sənin geniş informasiyalı olmağın təmin edəcək. Ona görə də hər bir gənc seçim etməlidir.
   - Bu problemin həllini dövlət səviyyəsində həyata keçirilməsi vacib deyilmi?
   - Mənə elə gəlir ki, bu məsələdə hər iki tərəfin - cəmiyyətin və telekanalda işləyənlərin də ayrı-ayrılıqda məsuliyyəti var.
   - Fikirlərimizi ümumiləşdirsək, bu gün ictimai mühitin formulasını necə cızmaq olardı?
   - Bu geniş cavab tələb edən bir sualdır. Öz -özlüyümdə bunu bir neçə kəlmə ilə ifadə etməyə çalışaram. Mənim təsəvvürümdə bu gün Azərbaycan cəmiyyəti üçün ən aktual olan məsələlər müstəqil dövlətimizin olması, beynəlxalq birliyə inteqrasiyamız və eyni zamanda əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Bütün bunların kökündə isə əlbəttə ki, tariximiz, mənəviyyatımız, Azərbaycana sevgimiz və Azərbaycanın qarşısında məsuliyyətimiz durur.
   
   Söhbətləşdi: Tahirə Qafarlı