İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri:
   «İslam dini bütün insanları daim mədəniyyətlərarası, dinlərarası dialoqa, qarşılıqlı barışa dəvət etməkdədir»

   
   Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq. Son illər tez-tez işlənən bu ifadələr qloballaşdıqca mədəni, dini, etnik müxtəlifliyi qabarıq şəkildə göstərib bu məsələnin sivil formada nizamlanmasına çalışılsa da, hələ ki, uğurlu bir nəticə hasil olmayıb. Son onillikdə mədəniyyətlərarası dialoq bu məsələlərə məsul olan nazirlərin gündəmində prioritet kimi meydana çıxıb. Mədəniyyət və inkişaf haqqında iki mühüm sənəddə də - «Bizim yaradıcı fərqliliyimiz» (YUNESKO, 1996-cı il) və «Hüdudlardan kənara çıxanlar» (Avropa Şurası, 1997-ci il) yeni mədəni müxtəliflik konsepsiyalarını ifadə edən bir sıra bəyannamə və strategiyalarda mədəniyyətlərarası dialoq mövzusuna toxunulur.
   
   2003-cü ilin oktyabr ayında isə mədəniyyət məsələlərində məsul olan Avropa ölkələri nazirləri Opatjia Bəyannaməsini qəbul etdilər. Beləliklə, mədəniyyətlərarası dialoqun inkişafı vəzifə olaraq Avropada mədəniyyət siyasətini formalaşdıran şəxslər qarşısında ilk dəfə gündəmə gətirildi. Bu öhdəlik 2005-ci ildə nazirlərin görüşü zamanı bir daha təsdiqləndi. Nəticə etibarilə qəbul edilən Faro Bəyannaməsində hökumətlərarası və regional əməkdaşlıq, həmçinin mədəniyyətlərarası dialoqa rəvac vermək üçün müvafiq strategiyaların yaranmasına olan ehtiyac xüsusilə vurğulandı.
   Paralel olaraq İSESKO-ya üzv dövlətlər Mədəni müxtəliflik haqqında bəyannamə (2004) də qəbul etdilər. Burada «zorakılıq və başqalarının sıxışdırılması»nın qarşısının alınması üzrə yeganə alternativ vasitə kimi mədəniyyətlərarası dialoq xüsusi olaraq qeyd edilir və mədəni müxtəliflik prinsipinə əsaslanan konstruktiv əməkdaşlıq və dialoqa çağırışlar səsləndirilirdi. Həqiqətən də İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) əsas mədəniyyət və əlaqə proqramlarından biri olan «Mədəniyyətlər arasında mədəni plüralizm və dialoq: Nəzəriyyədən təcrübəyə» İslam mədəniyyətinin «birliyi və müxtəlifliyinə», müsəlmanlar arasında dialoq və həmrəyliklə yanaşı, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və müttəfiqliyin inkişafı üçün mədəni mübadiləyə çağırışlar səsləndirildi.
   2008-ci ilin sonlarında paytaxtımızda baş tutan «Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın təməli kimi» adlı Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı da bu problemə həsr edilmişdi. Tədbirdə təkcə Avropa dövlətləri deyil, eyni zamanda TÜRKSOY, İSESKO, ALESKO, İRSİKA kimi İslam dünyasını təmsil edən beynəlxalq təşkilatların rəhbərləri də iştirak edirdi. Bu da səbəbsiz deyildi. Çünki Azərbaycan Avropa Şurası və İSESKO-ya üzv olan yeganə dövlətdir. Bakı getdikcə mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilir. Beləliklə, bu gün dünyanın mədəniyyətlərarası anlaşmaya ehtiyac hiss etdiyi bir vaxtda, Bakı toplantısından gözlənilənlər çoxdur. Görəsən paytaxtımız bu missiyanın öhdəsindən gəlib, Şərqlə Qərbi yaxınlaşdıra biləcəkmi? İKT-yə üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakı konfransı, Şərq-Qərb mədəni dialoqunun hazırkı səviyyəsi ilə bağlı bu və digər məqamlara İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə söhbətdə aydınlıq gətirməyə çalışdıq.
   Təşkilat rəhbərindən ilk olaraq İSESKO ilə Azərbaycan arasındakı əlaqələrin yetərli olub-olmadığını soruşduq.
   - Mən İSESKO-nun baş direktoru seçiləndən bir neçə gün sonra Azərbaycan təşkilata üzv olan ilk ölkədir. Cənab prezident İlham Əliyevin sayəsində bizim Azərbaycanla çox gözəl əlaqələrimiz mövcuddur. O, İSESKO-nun sivilizasiyalı və bəşəri missiyasına böyük etimad göstərir, hər dəfə bu gözəl ölkəyə səfərimizdə bizi açıq ürəklə qarşılayır. Təşkilat olaraq yaxın gələcəkdə ölkənizlə pedaqoji, elmi və mədəni sahələrdə də əlaqələrimizi genişləndirmək niyyətindəyik. Bu günə qədər Bakıda mühüm konfranslar keçirmişik və gələcəkdə bu işləri davam etdirəcəyik. Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq proqramları üzərində çalışırıq. Bildiyiniz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bizim təşkilatın xoşməramlı səfiridir. Bu baxımdan mən fondla İSESKO arasında bağlanmış əməkdaşlıq haqqında müqavilədən şərəf duyuram. İSESKO ilə Azərbaycan arasında əlaqələr ən müxtəlif sahələdə inkişaf edir və bu əlaqələrin qurulmasında, inkişafında Mehriban xanımın böyük əməyi var. Yaxın gələcəkdə qədim mədəniyyət mərkəzi olan Azərbaycanla əməkdaşlığı ən müxtəlif sahələrdə genişləndirməyi planlaşdırırıq.
   Bu ölkə hələ qədim dövrlərdən dünyanın elmi və mədəni inkişafında fəal iştirak edib, ədəbi, incəsənət, sosial və sivlizasiyada tərəqqi əldə edib. Nəticədə elm, ədəbiyyat, poeziya, tədqiqat sahəsində 10-larla parlaq adlar meydana çıxıb. Tanınmış alim, filosof, şair və sufilərin çoxu İslam dünyasının bu regionunda yaşayb-yaradıblar. Avropada intibah müjdəçiləri XVII əsrdə yetişiblər. Amma Azərbaycanda hələ orta əsrlərdə bütün sahələrdə elmin, sənətin pionerləri olub.
   - Ötən ilin sonlarında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısı keçirildi. Bildiyiniz kimi, konfransın məqsədi Şərqlə Qərb arasında mədəni dialoqun yaranmasına nail olmaq idi. Rəhbərlik etdiyiniz təşkilatın Şərq-Qərb mədəni dialoquna münasibətini bilmək maraqlı olardı...
   - Yeni dövr yeni addımlar və yeni təşəbbüslər tələb edir. İndi dialoqun aktivləşməsinə, sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin stimullaşdırılmasına, davamlı inkişaf üçün konkret hərəkətlərə başlamağın vaxtıdır. Bu, İSESKO-nun və onun tərəfdaşlarının fəaliyyətinin əsas məqsədidir. Biz Şərq dövlətləri qədim mədəniyyətə sahib olduğumuzdan mədəni dialoqa dəvət aldıqda da fəal oluruq. Qərb isə daim dünya müharibələrinin, imperializmin mənəvi beşiyi olub. Təəssüf ki, Avropa belə bir ağır yükü öz üzərində hələ də daşıyır. Düşünürəm ki, onlar mənəviyyatın maddiyyatı üstələdiyi Şərqdən çox şey öyrənməlidir. Dialoq rəqabət tələb edir. Biz qəbul edirik ki, Qərblə bəzi səviyyələrdə rəqabət apara bilmərik. Lakin bizim fəaliyyətimiz öz mənbəyini mədəni və sivilizasiyalı fonda tapır. Biz müasir bəşəri sivilizasiyada uzaq məqsədli təsirə malik olan mədəniyyətə və sivilizasiyaya məxsusuq, bütün müasir mədəniyyətlər və sivilizasiyalarla dialoq aparmağa hazırıq. Unutmayaq ki, mədəniyyətlər və sivilizasiyalar arasında İslam dünyası ilk dəfə dialoqa dəvət edən tərəf olub.
   Konfransa gəlincə, bu, dünyanın ehtiyacı olan dialoqa əsaslanır. İSESKO olaraq biz də belə tədbirlərin təşkilinə çalışacağıq. Azərbaycanın 2009-cu il İslam dünyasının mədəniyyət mərkəzi seçilməsi də bununla əlaqədardır. Bakı qədim tarixə malik şəhərlərdəndir və biz çalışacağıq ki, burada bir çox simpozium və tədbirlər keçirək.
   - O halda mədəniyyətlərin sintezinə yanaşma necə olacaq? Məsələn, sivilizasiyanın beşiyi Şərqdir, amma bu gün bütün dünyanın faydlandığı və faydalanmağa çalışdığı Qərb dəyərləri də mövcuddur. Necə düşünürsünüz, sivilizasiya və dəyərləri qovuşdurmaq mümkündürmü və belə olarsa, üstünlük hansı tərəfdə olacaq?
   - Bunu yalnız qarşılıqlı ehtiram və bəşəriyyətə xidmət yolu ilə həyata keçirə bilərik. Lakin bu, hegemonluq, hökmranlıq, özündənmüştəbehlik, başqalarını inkar etməklə qeyri-mümkündür. Fələstin, Əfqanıstan, Dağlıq Qarabağ kimi münaqişə ocaqlarında Qərbin göstərdiyi ikili, yanlış siyasət nəticəsində milyonlarla insanımız əziyyət çəkir. Hər zaman demokratiya, insan azadlığı, sülh-əminamanlıq, açıq səmadan dəm vuran Qərb nədənsə, bu gerçəkləri - əzilən, tapdanan millətləri, topluları, onlara qarşı haqsızlığı, mənəvi məhrumiyyətləri sanki «görmür», öz hegemonluqundan, imperializm siyasətindən əl çəkmir. Bunun üçün mütləq ortaq məxrəcə gəlmək lazımdır. Doğrudur, Avropada da müdrik, ağıllı insanlar çoxdur və onlar da Qərb və Şərq arasında bu kimi dialoqların keçirilməsinə dəvət edirlər. Lakin bu cəhdlər yetərli deyil. Bu problem və çətinliklərə baxmayaraq, dialoq öz işini davam etdirəcək; bu, müdriklərə məxsus xüsusiyyətdir. Döyüş isə heç bir arqumenti, faktı olmayan ağılsız insanların yoludur.
   Mədəniyyətlərarası dialoq və dinc yanaşı yaşamanı bəşəri qismətimiz kimi qəbul etməliyik və sözdən çox real iş görməliyik. Biz buna çox möhkəm inanırıq. Təhsil, ünsiyyət, insan haqları və demokratiya bu sahənin əsasını təşkil edir. Məktəblərin tədris planlarında, dərsliklərində müxtəlif mədəniyyətlər və sivilizasiyalar haqqında yanlışlığa yol verilib. Biz isə, İSESKO olaraq, müxtəlif elmi toplantılar keçirməklə, konsepsiyaların yanlış olduğunu sübut edirik. İSESKO konstruktiv dialoqa möhkəm inanır və bütün bəşəriyyətə fayda vermək üçün ciddi işləyir. Biz gərək mədəni müxtəlifliyi tanıyaq və buna yardım etməyə cəhd edək. Öz avropalı tərəfdaşlarımıza cəhdlərimizi birləşdirməyi və fəaliyyətimizi birgə yerinə yetirməyi təklif edirik. Bəzi Avropa mədəniyyət nazirlərini 2009-cu ildə İslam Konfransı Təşkilatı mədəniyyət nazirlərinin Bakıda keçiriləcək toplantısına dəvət olunmalarını istərdim. Bu, bəşəriyyətin inkişafı və çiçəklənməsinə nail olmaq üçün ümumi təcrübə və vasitələrin başlanğıcı olar.
   - Cənab Tuveycri, yeri gəlmişkən, haqqında danışdığımız konfransda AŞ-a üzv dövlətlərin mədəniyyət nazirləri ilə yanaşı, ilk dəfə İslam, Ərəb ölkələrinin də mədəniyyət nazirləri və eləcə də digər səviyyələrdə olan nümayəndələr təmsil olunurdu. İndi isə siz öz tərəfdaşlarınızı Bakı konfransına dəvət edirsiniz? Sizcə bu addım Şərqlə Qərb arasında mədəniyyətlərarası əlaqələrin sonrakı inkişafına necə təsir edəcək?
   - Əvvəlcə ötən ilin sonlarında AŞ-a üzv olan dövlətlərin Mədəniyyət Nazirlərinin Bakı Konfransı haqqında deyim ki, bu, qarşılıqlı ehtiram və barışığa gətirib çıxaran toplantı idi. İnanıram ki, toplantının nəticələri gələcəkdə yeni nəsillərin arasında qarşılıqlı anlaşmanın yaranmasına gətirib çıxaracaq. Və bizim də cəhdlərimiz Qərb ilə Şərq arasında bu anlaşmanın meydana gəlməsidir. Yeni nəsil bu düşüncədə olmalıdır. İnşallah, bu cəhdlərimiz öz gözəl nəticəsini verəcək. Çünki bu təhlükəli dünyada bəşəriyyəti əmin-amanlığa aparan yol yalnız dialoqdur.
   
   Söhbətləşdi: Həmidə Nizamiqızı