Ona olan məhəbbət də əbədidir
   
   Ötən həftə keçirilən 8-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edən müxtəlif yerli turizm təşkilatları arasında Şəkidə yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin (RATM) təklif etdiyi turizm marşrutları digər ənənəvi turizm qurumlarından fərqlənməsi ilə diqqətimizi çəkdi. Mərkəzin direktoru, ömrünü atçılıq idmanına həsr etmiş SSRİ idman ustası, bədən tərbiyəsi və idman əlaçısı Rafiq Ramazanov ilə söhbətimiz isə əslində Azərbaycanda atçılığa tarixi münasibətdən başladı.
   - Bizim xalqın ata münasibəti xüsusidir. Əslində tarixən bizdə ata üç cür münasibət olub - igidlər, döyüşçülər ata yoldaş, simsar kimi baxıblar, zənginlər - zövq, əyləncə mənbəyi, kasıblar, təsərrüfatla məşğul olanlar isə köməkçi, hətta tərəfdaş kimi. Hərçənd, atı bizim qədər, bəlkə də bizdən artıq sevən Orta Asiya türklərinin ata olan məhəbbəti bizimkindən fərqlidir. Onlar atın südünü də içirlər, ətini də yeyirlər.
   - Maraqlı məqama toxunduğunuz. Bu gün də Qazaxıstanda ən hörmətli qonaqlar üçün, qurbanlığa da dayça kəsirlər. Amma tarixən bizdə belə hal olmayıb, yoxdur.
   - Rafiq müəllim, maraqlıdır, bəs bu gün bizdə ata münasibət nə qədər dəyişilib? Təsərrüfat sahiblərinin münasibəti aydındır, yəni kənd təsərrüfatı texnikası nə qədər geniş yayılsa da, xüsusən də dağlıq yerlərdə, ən azı, at ən yaxşı minikdir. Bəs imkanlı insanların ata, at bəsləməyə münasibəti necədir? Şəhərdə insanın yalnız itə, pişiyə münasibətini duymaq mümkündür. Bəs bu gün Azərbaycanda əhali arasında at yetişdirmək həvəsində olanlar varmı?
   - Müəyyən tarixi mənbələrdən belə nəticəyə gəlmək olar ki, bəlkə də atı ilk dəfə Azərbaycanda ram ediblər. Buna görə də bizdə atçılığın tarixi çox qədim və zəngindir. Çünki, atçılıqla bərabər bir sıra sənət sahələri də var. Nalbəndlik, sərraclıq... Son on ildə təkcə Abşeronda təxminən 15 irili-xırdalı atçılıq təsərrüfatı yaradılıb. Mən belə düşünürəm ki, getdikcə Azərbaycanda at həvəskarlarının sayı artacaq.
   - Belə bir fikir var ki, bu gün Azərbaycanda təmiz cins Qarabağ atı tapmaq mümkün deyil. Ömrünü atçılığa, atçılıq idmanına həsr etmiş bir şəxs kimi bu barədə nə deyə bilərsiniz?
   - Əlbəttə, Qarabağ atı Dilboz atından qədimdir. Əslində Dilboz Qarabağ atlarının törəməsidir. Qarabağ atının müsbət cəhətləri çoxdur. O, həm yük, minik, dağ, oyun, idman atıdır. Əvvəlki müharibələrdə də dözümlüyünə, sürətli qaçışına görə məhz Qarabağ atlarına üstünlük veriblər. Qarabağ atını görünüşünə görə digər at növlərindən fərqlənirən iki cəhəti var: dərisinin qızılı rəngi, bir də belində özündən kəməri. Amma yaddan çıxarmayaq ki, Şuşa xanları beş qardaş olublar, hər qardaşın da öz ilxısı varmış. Həmin ilxılardakı atlar Qarabağ cinsindən olsa da, ayrı-ayrı tiplər olub. Sonralar, yəni sovet dövründə Qarabağ atlarının cinsini daha da yaxşılaşdırmaq üçün ərəb atının tiplərindən istifadə edilib.
   - Rafiq müəllim, gəlin razılaşaq ki, belə bir tarixi ənənə, milli at cinslərinin mövcudluğu fonunda bizim atçılıq idmanı sahəsində göstəricilərimiz o qədər də ürəkaçan deyil.
   - Bizdə maddi-texniki bazanın zəifliyi üzündən idman uğurlarımız az olub. Halbuki, vaxtilə hər il həm Moskvada, həm Azərbaycanda keçirilən auksionlarda bizim atçılıq zavodlarında yetişdirilən 20-25 baş cins at yaxşı qiymətə satılırdı. Amma özümüzün qapalı manejimiz yox idi ki, il boyu məşq edək. Respublika çempionatı keçiriləndə əgər Gürcüstanda 10-12 komanda iştirak edirdisə, bizdə cəmi bir komanda yığılırdı. Amma mən ümidsiz deyiləm. Atçılıq federasiyasının yeni seçilmiş prezidenti ölkədə atçılıq idmanının dirçəldilməsi üçün müəyyən işlərin görüləcəyinə söz verib.
   - Bəs bu gün bölgələrdə necə, atüstü oyunlara maraq varmı?
   - Bilirsiniz, maraqlananlar çoxdur. Əgər ilk turnirə 6 komanda qoşulmuşdusa, ikinci dəfə 13 rayon yarışda iştirak etdi. Təsəvvür edin, əgər hər rayonda bir nəfər həvəskar varsa, o da bir neçə gənci, yeniyetməni öz arxasınca apararsa, bu idman növünə maraq göstərənlərin sayı artar.
   - Maraqlıdır, bu gün yaxşı cins at, yəni təsərrüfatda işlədilməyən at neçəyədir? Məsələn, xarici ölkələrdə at var ki, avtomobildən bahadır... Bəs bizdə necə, bir neçə maşını olan adam at sahibi də olmaq həvəsinə düşürmü?
    - At almaq istəyənlər çoxdur. Mənə müraciət edəndə həmişə bir sual verirəm: atı nə üçün alırsınız? Dekorasiya üçün, minik üçün, cıdır üçün olan atın qiyməti bambaşqadır.
   - Tutaq ki, dekorasiya üçün, elə bağda saxlayıb əzizləmək, hərdən bir minib sürmək üçün qəşəng at neçəyədir?
   - Düzdür, at bəyənəndə də şəxsi zövq böyük rol oynayır, amma hər halda 2-3 min manata yaxşı at almaq olar. Əgər madyan atdırsa, ondan bala almaq üçün istifadə ediləcəksə, deməli, onun qiyməti də baha olacaq, həm də belə atın seçimində başqa göstəricilər, məsələn, cinsi, nəsli, seleksiya xüsusiyyətləri nəzərə alınır.
   - Bəs Respublika Atçılıq Turizm Mərkəzinin vəziyyəti necədir? Bu gün ölkəmizdə atçılıq turizminə maraq hansı səviyyədədir?
    - At belində səfalı guşələrdə dincəlmək istəyənlər üçün bir, ikigünlük xüsusi marşrutlar tərtib etmişik. Əminəm ki, Daşüz-Daşbulaq-Çorqat meşəsi, Daşüz-Daşbulaq-Çorqat meşəsi-Su ambarı-Daşüz, Daşüz-Cumakənd-Daşüz, Daşüz-Daşbulaq-Acınohur gölü, Daşüz-Kiş-Marxal-Daşüz, Daşüz-Baş Göynük-Şin-Daşüz, Daşüz-Baş Kəldək-Daşüz marşrutları fəal istirahət sevənlərin ürəyincə olacaq.
   
   Söhbətləşdi:
   Gülcahan Mirməmməd