...və bunu vəslə yetirmək istəyən Yaqub Zurufçu
  
   Və elə bu heynidə yadıma düşən Böyük Məhəbbət Şairi Məhəmməd Füzulinin bir misrası: «Neylərəm ol vəsli ki, sonunda hicran görünür»...
   Ardınca da, tələbə vaxtlarımda (70-ci illərin əvvəllərində) öz könül jüri-nominasiyamca Böyük Vətən Şairi adıyla sevgilədiyim iki şairin - o taylı Məhəmmədhüseyn Şəhriyarın və bu taylı Məhəmməd Arazın o zamankı misralarını xatırlayıram. O taylı M.Şəhriyar yazırdı ki; «Eşq əhlisən, məni yaxşı qanarsan, Gözlər yağış yağdırmasa, yanarsan». Bu taylı M.Araz fağır da yanmışdığından «pozurdu» ki; «Eh... İşıqlar da ayrılığa öyrəşəcək, Yükünü çək, Dəvə qardaş, yükünü çək...».
   O zamanlar bu qocafəndi misralarla birgə, V.Bəxtiyarın cavan-cahıl iddialı və hələ bu gün də vüsalına yetməmiş bir bəndi də dillərdə gəzirdi: «Yarım o tayda qaldı, Yarım bu tayda qaldı, Toyum burda çalındı, Yarım o tayda qaldı».
   Və o vaxtdan qırx igid ömrü keçdikdən sonra da - 80-ci illərin sonlarında - Yaqub zalım oğlunun vokal «Ayrılıq» misraları...
   Sən demə, illərlə şairlərimizin nisgil-qınaqlarıyla axan Xan Arazın o tayında doğulmuş bir oğlan da böyüyürmüş ki, iki yüz ilə yaxın hamımızın söznən dediyimizi saznan desin.
   Tüsdüm-küsdümdən «zalım oğlu» kimi qələmə verdiyim bu oğlan - Yaqub Qulu oğlu Zurufçu 1956-cı ildə Təbrizdə doğulub. Elə körpəlikdən musiqiyə könül verib. Yeddi yaşında Təbriz orkestrində «adı qulağına dəyib», Tehran İqtisad Universitetində, professionallıq dərsi aldığı Tehran operasında sözün hər iki mənasında oxu mahiri olub. İran inqilabından sonra isə musiqili-nəğməli ömrünün bir az siyasi, bir az macəravi notları başlayıb: öncə Almaniya (Hamburq operası), sonra Amerika, hazırda bu tay Azərbaycan və bu an göyün 5-ci qatında yerləşən «Mədəniyyət» qəzetinin redaksiyası.
  
   - Yaqub müəllim, özünüzü «yaylım atəşi»nə bənzər suallarımıza hazırlayın: Azərbaycana nə vaxt gəldiniz, niyə gəldiniz, mayasını Güney-Quzey ayrılığından götürmüş və hələlik yalnız məlum «böyük qardaş»dan ayrılmağımıza yardımçı olmuş «Ayrılıq» mahnınız can-qan qardaşımızla qovuşmaq yolunda yonulmayıb ki?..
   - Bu «serial»-sualların hamısının bir nəfərlə - Azərbaycanın qeyrətli oğullarından biri olan şair Gülağa Tənha ilə birbaşa və dolayısı ilə bağlılığı var. Məsələnin mənbəyindən başlamalı olsaq, o vaxt Gülağa müəllim Almaniyada olanda mənim «Ayrılıq» mahnımın klipini Azərbaycana gətirdi və televizionda yayımlanmasına nail oldu. Bilirsiz də, o vaxtlar - 1980-ci illərin sonları necə vaxtlar idi! Bax elə həmin zamanlarda bu klip çox məşhurlaşdı. Ardınca da Gülağa müəllim və «Vətən cəmiyyəti» tərəfindən Azərbaycana konsert verməyə dəvət olundum. Bakıya uçan təyyarədə artıq məni tanıyırdılar. Bir-ikisindən bunun «nədən-hardan»ını soruşdum, dedilər, baa, Yaqub müəllim, Siz indi Azərbaycanda çox məşhursunuz.
   Sonradan bu doğma Azərbaycanı mənə, məni isə bu gözəl Azərbaycana dərindən-dərin tanıdan bu ilk tanışlığa görə mən Gülağa müəllimə daim hörmət və minnətdarlıq hissi ilə yaşayır, hər konsertimdə, hər məclisdə onun adını ürəyimdən dilimə gətirirəm.
   - Amma o məşhur ilk «Ayrılıq» konsert-harayından sonra ayrılıb getdiniz harasa...
   - Hə, hə, düz xatırlayırsız. Azərbaycanda birinci konsertimdən sonra, mən köçüb getdim Amerikaya. Amma o boyda varlı-hallı, nazlı-qəmzəli Amerika da mənə bir şey vermədi, canıma yatmadı. Gözüm elə Azərbaycanda idi, könlüm elə «Azərbaycan!» deyib dad döyürdü.
   - Bu da Azərbaycan...
   - Hə, artıq 3-4 ildi ki, burda məskunlaşmışam və özümü min illərin vətəndaşı sayıram. Bir can, qan vəsiyyətimdi ki, bütün qalan ömrümü də bu Azərbaycanda keçirim.
   - Yaqub müəllim, belə demək olarmı ki, Sizin ifanızdakı «Ayrılıq» öz işini gördü?
   - Yox. Mən fikirləşirəm ki, bizim ayrılıq heç zaman bitməyəcək. Özü də bu, tək elə Azərbaycanın çox faizinin İran tərəfində olması ilə bitmir. Yeri gəlmişkən, mən çox təəssüf edirəm ki, hələ də Bakı -Təbriz təyyarəsi yoxdu, gediş-gəliş icazə ilədir və s. Təyyarə ilə 30 dəqiqəlik yoldu, amma bir qardaş o biri qardaşıgilə 24 saata gedib çıxır. Bu, bizim ən ağrılı, can ağrılı ayrılığımızdır. Qaldı o biri ayrılıqlarımıza - bunun marşrutu çox uzundur. Bunun konturları çox uzaqlara gedir - bir ucu İrəvan, bir ucu Dəmirqapı Dərbənd, Borçalı mahalı...
   Mənə belə gəlir ki, «Ayrılıq» hələ indi başlayır. İnsanlarımız ayrılır. İnsan ayıldıqca, özünü tanıdıqca isə - qardaşını da tanımağa başlayır. 1989-cü ildə mənim «Ayrılıq»ım istiqlal mahnısı kimi də səsləndi və bizim sovet imperiyasından ayrılmağımızda bir balaca rol oynadı. Bu ayrılıq «ağacının» çox qol-budağı hələ də yam-yaşıl qalır.
   - Təyyarə məsələsində «bir qardaş o biri qardaşıgilə» ifadələri işlətdiz. Sizcə, biz qardaşıq, yoxsa...
   - Hə, bildim nəyə işarə edirsiz. Bunu rəhmətlik Xudu Məmmədov demişdi ki, biz bütün türk xalqları ilə qardaşıq, güney Azərbaycan türkləri isə özümüzük - adam özünə «qardaş» deməz.
   - Ömrünüzün çox hissəsini qürbətdə yaşamısız...
   - Təəssüf ki, hə. Mən Təbrizdə doğulmuşam, amma 20 yaşımdan xaricə getmişəm. Artıq 29 ildi ki, xaricdə yaşayıram.
   - Bəs, «Əzizim Vətən yaxşı» ilə başlayan bayatımızın sonuncu misrası haqda nə fikirdəsiz?
   - Həəə, «Ölməyə Vətən yaxşı»! Çox romanların ifadə edə bilmədiyi hikmət! Bu məsələdə qəmim kəm. Arazlar, sərhədlər bizim ev-eşiklərimizin, ormanlarımızın da arasından keçir, qəbiristanlıqlarımızın da...
   - Hansı ölkədə özünüzü daha rahat hiss edirsiniz?
   - «Eksperimentlər» göstərdi ki, mən Azərbaycandan ayrı yerdə yaşaya bilmərəm. Quş səmada, balıq suda, könül canda özünü necə hiss edirsə, mən də Azərbaycanda o sayağam. Bir az da ona görə ki, Azərbaycanda bir az lazımlılığımı, bir az sevildiyimi hiss edirəm. Baxın, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə aprelin 26-da Filarmoniyada mənim yaradıcılıq gecəm keçiriləcək. Çox şadam ki, bu konsert dünya şöhrətli Şəhriyarın adı ilə bağlı olacaq.
   - Yeri gəlmişkən, Şəhriyarı üzbə-surət görmüsünüzmü, söhbətiniz olubmu?
   - Bəli. «Ayrılıq» kitabında birlikdə şəkillərimiz var. Rəhmətə getməzdən bir az qabaq öz iştirakı ilə Tehranda düzənlənən konsertimi də şərəfləndirdi o böyük ustad.
   - Yəqin ki, onunla yalnız ana dilinizdə danışırdız?
   - Əlbəttə!
   - O Kişi haqda ana dilimizin o ləhcəsində oxucularımıza nə deyə bilərsiniz?
   - (Bir qədər duruxur) Axi, ləhcəni yazidə necə verəcəksiz? Hə, yaxşi. Diyərdim kii, hürmətdi şumallı qərdəşdərim, o Kişi sizin gözüzdə dahi şairdi, mənim gözümdə isə, həm də dahi İnsandi. Axır vəxtlərində o, cürbəcür mənəvi, qüssəvi hallara düşmişdi. O halların özü də onun şəxsiyyətini mənim gözimdə day da ucaltdi. O, baxirdi kii, çox insanlarimiz ayiq-sayıqlıx, mərfət-mədəniyyət sarıdan çox geridə qalıblar. Onçu da Şəhriyar axir-axirdə, demək olar, hər seyi qoydi qırağa, ancax və ancax ədəb-irfan yoluni tutdi. Bunlar mənim ürəyimdə silinməz izlər qoyub. Mən onun evində çox olmuşam. Çox sadə bir evi vardi: plitə, sadə bir çiraq, köhnə bir mebil, bir-iki dənə də ayın-oyin. O, adətən yerdə oturardi, döşəmədə yatardi. Gündüzlər az-para istirahət edərdi, gecələr sübhəcən yazardi...
   - Çox təşəkkür. Bu şirin ləhcənin havasıyla mən də gedib ziyarət etdim Şəhriyarı, onun odasını, obasını, xalqımızın babasını...
   - Görürəm, Təbrizdə olmamısız...
   - Olmamışam... Siz necə, Təbrizə gedə bilirsiniz?
   - Bəli.
   - İncitmirlər ki? Axı Siz öz «Ayrılığ»ınızla bizi birləşdirmək istəyirsiz...
   - Yox, mən yalnız oxuyuram. Siyasi məsələyə baxmıram. Musiqiyə isə sərhəd yoxdur. Heç bir top-tüfəng güllədən bərk gedən nəğməyə yetə bilməz...
   Ayrı oldu-olmadı, hər xalq öz mədəniyyətini tanımalıdır, tarixini bilməlidir. Bizim kimilərin də borcu - bir musiqiçi, bir mədəniyyət xadimi kimi - xalqın olanını xalqa çatdırmaqdır.
   - Yaqub müəllim, özümüzü nə qədər bir, eyni saysaq da, aramızdan su (Araz) keçir və bu, bizi bəzi fərqlərə mübtəla edib. Xüsusən də mədəniyyət, musiqi sarıdan. Mənə belə gəlir ki, 10 milyonluq tərəf 30 milyonluq tərəfdən daha musiqiçi, daha ədəbiyyatçı, kinoçu, incəsənətçidi...
   - Bu tərəf Azərbaycan keçmişdə Rusiyaya, Rusiya isə - bir az qapalı olsa da - bütün dünyaya bağlı idi. Bir də tale bu tərəfə Üzeyir Bəy kimi azman sənətkar verdi. Sonra Qara kimi, Fikrət kimi nəhənglər yetişdi. Məmləkətimizin o tərəfi isə kapital sisteminə, Amerikaya bağlıydi, uzun illər Şah İranı farsistana çevirmək, yalnız fars ölkəsi kimi tanıtdırmaq istəyirdi. Azərbaycan məsələsi o ölkədə, hətta Təbrizin göbəyində sıfır vəziyyətində idi. İndi isə Güneydə musiqi xeyli inkişaf edir, bu gün hər ailədə musiqiçi görmək olar. Mən bir kərə xaricdə şahın oğluna sual verdim ki, sənin atan niyə Azərbaycana elə balaca gözlə baxırdı?!
   - Xaricdən söz düşmüşkən, Siz dünya ölkələrində çox olmusuz, bizim diasporumuzun vəziyyəti necədi? Bir şairmizin dediyi «Yox millətimin imzası imzalar içində» kimidi, ya bu gün bəzilərinin dediyi kimi - «super»di?
   - Şükr, imzamız var, ancaq çalışmaq lazımdır ki, hamının görə biləcəyi avtoqrafı olsun.
   - Aprelin 26-da Filarmoniyada imtahan verəcəksiz...
   - İmtahan yox, o gecə mən ən vəfalı köhnə mahnılarıma yeni oyanış verəcəm.
   - Bu tay Azərbcanla bağlı bircə xatirə danışmalı olsaydınız, nəyi söyləyərdiz?
   - Bir kərə Amerikada - Klivlenddə ulu öndərlə canlı görüşümü hər zaman xatırlayacağam. Başqa yerlərdə də görüşümüz, söhbətimiz olub və hər dəfə o dahi şəxsiyyət mənə əl uzadanda, elə bilirdim əlimi bütün Azərbaycan sıxır...
   - Söhbətimizin əvvəlində dediniz ki, Azərbaycan Sizi «Ayrılıq»la tanıyıb. Bəs, o qədər səs-küy salan ikinci bir fenomen haqda fikrləşmirsiniz?
   - Elə mahnılarım az deyil; 20 diskə toplanmış ifalarımı dinləsəniz, sözümə şərik çıxarsız. «Ayrılıq» isə xalqımızın mənim səsimə, özümə, sözümə «ilk məhəbbət»idir. İlk məhəbbətin yerini isə heç nə verə bilməz...
   - Aha, Yaqub müəllim, arzudan arzu, sözdən söz doğur; müsahibəyə gəldiyimdən xəbər tutan gənc bir iş yoldaşım dedi Sizdən xahiş edim ki, həmişə daha çox politik-toponomik motivdə oxuduğunuz «Ayrılıq»ın gözünə bu dəfə bir az o biri ayrılıqdan qatasız...
   - (Gülür) Görünür, o gənc kiminləsə barışmaq istəyir, əks kimsənəninsə bundan xəbəri yoxdu...
   - Bunu o bilər, o birisi bilər. Deyin görüm, sifarişnən olan bu «həcc» qəbul olunur, ya?..
   - Çalışaram. Alınmasa, sevginin, nərmənazik ayrılıqların da yer aldığı disklərimi o gəncə də hədiyyə edərəm, o gənci incidən o biri gəncə də...
   - Çox sağ olun, birisigün axşam Filarmoniyada görüşənə - daha doğrusu, Siz bizi feyziyab edənə, biz sizi alqışlayanadək!
   - Təşəkkür edirəm.
  
   Söhbətləşdilər:
   T.Abbaslı,
   K.Cəbrayıl