Şeyx Mübarək bin Fahad Al-Thani: «Mədəni əlaqələr ölkələr arasında problemləri aradan qaldırır»
   
   Son illər beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilən Azərbaycan bir çox mədəniyyət tədbirlərinə ev sahibliyi etməkdədir. Demək olar ki, əksər dünya dövlətləri ilə mədəni əlaqələri yüksək səviyyədə olan ölkəmiz bu münasibətləri günü-gündən genişləndirir. Bu xüsusda İslam ölkələri ilə mədəni əlaqələri qeyd etmək yerinə düşər. Məlumdur ki, bu il Bakı İslam Mədəniyyətinin Paytaxtı elan edilib. Bundan əlavə, Bakıda İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin toplantısının keçirilməsi gözlənilir. İslam ölkələri ilə geniş əlaqələrin olmasını təsdiqləyən digər məqam da Azərbaycanda tez-tez İslam ölkələrinin mədəniyyət günlərinin və həmin ölkələrdə də Azərbaycan mədəniyyət günlərinin keçirilməsidir. Bugünlərdə Azərbaycanda Qətər dövlətinin mədəniyyət günlərinin keçirilməsi də məhz İslam ölkələri ilə Azərbaycan arasında olan qarşılıqlı mədəni münasibətlərə bir nümunədir.
   
   Qeyd edək ki, bu gün Qətər İslam dünyasında özünəməxsus milli mədəniyyət nümunələri ilə tanınır. Ümumiyyətlə, bu dövlət İslam dünyasında həm ictimai-siyasi, eləcə də mədəni baxımdan xüsusi çəkiyə malik ölkələrdəndir. Odur ki, bu ölkənin paytaxtımızda baş tutan mədəni aksiyasının marağa səbəb olması təbiidir. Elə buna görə də, bu yaxınlarda Bakı bu ölkənin mədəniyyətinin təntənəsinə bürünmüşdü. Mədəniyyət günlərində Qətərin İncəsənət və İrs Milli Şurasının Baş katibi Mübarək bin Nasir Əl-Xəlifənin rəhbərliyi altında 58 nəfərlik nümayəndə heyəti iştirak edirdi.
   Sirli ərəb ölkəsinin zəngin mədəniyyəti ilə kütləvi tanışlıq imkanı verən tədbir Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şeyx Mübarək bin Fahad Al-Thani ilə söhbətimizin qayəsinə çevrildi. Qətər təmsilçisi ilə müsahibəmizdə ölkələrimiz arasındakı mədəni əlaqələrin səviyyəsi, gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsi yönündə görüləcək işlər diqqət mərkəzində oldu.
   - Cənab səfir, söhbətə Bakıda Qətər Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı təəssüratlarınızla başlamaq istərdik..
   - Tədbirin rəsmi açılış törəni Bakı Muzey Mərkəzində oldu, daha sonra R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, Mərdəkan və Suraxanıda Qətər mədəniyyəti, milli mətbəxi, adət-ənənələri Azərbaycanın mədəni ictimaiyyətinə və əhaliyə təqdim edildi. Eyni zamanda mədəniyyət günləri çərçivəsində Qətər dövləti haqqında mühazirələr və çəkilmiş filmlərin nümayişi də keçirildi.
   - Qətər dövləti ilə Azərbaycan Respublikası arasında əlaqələrin tarixi çox qədimlərə gedib çıxır. Bu gün bu əlaqələr hansı səviyyədədir?
   - Qətərlə Azərbaycan arasında əlaqələr son vaxtlar intensiv surətdə inkişaf edir. Bunun bir göstəricisi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə Qətərə olan rəsmi səfərini və 2007-ci ildə əlahəzrət Əmirin respublikanıza olan rəsmi ziyarətini, bu səfərlər zamanı müxtəlif sahələrdə əməkdaşlıq etmək məqsədilə imzalanan birgə memorandumları demək olar. Bu baxımdan mədəniyyət və turizm sahəsi üzrə əlaqələri xüsusilə vurğulamaq istərdim. Mənim fikrimcə, mədəniyyət və turizm əlaqələrinin çox güclü olması ölkələri arasında bütün sahələrdə münasibətlərin möhkəmlənməsi deməkdir. Həmçinin ölkələrimiz arasında mədəni əlaqələrin tarixi, dediyiniz kimi, qədimlərə təsadüf edir. Ümumiyyətlə, mədəni əlaqələrin mövcudluğu ölkələr arasında gərginliyin və problemlərin aradan qalxmasına səbəb olur.
   - Məlumdur ki, Bakı 2009-cu ildə İSESKO tərəfindən İslam Mədəniyyətinin Paytaxtı elan edilib. Qətər dövlətinin Azərbaycanda Mədəniyyət Günlərinin keçirilməsinin məhz bu ilə təsadüf etməsi həm də sizin mədəniyyətinizin təbliğidir. Maraqlıdır, cənab səfir, ümumiyyətlə, ölkənizin mədəni həyatının bugünkü durumu ilə bağlı nə deyərdiniz? Nəzərə alsaq ki, qəzetimiz Azərbaycanda sırf mədəniyyət sahəsini əks etdirən yeganə qəzetdir, onda cavabınız oxucularımız üçün çox maraqlı olardı...
   - Mədəniyyət sahəsində son illər baş verən inkişafla bağlı təfsilatı ilə danışmaq çox vaxt aparardı. Amma ümumən onu demək istərdim ki, Qətər dövləti mədəniyyət və təhsil sahələrinə xüsusi önəm verir, bu sahədə son illər çox böyük inkişaf var. Bu barədə mədəniyyət günləri çərçivəsində Muzey Mərkəzində mədəniyyət xadimlərimiz tərəfindən aparılan mühazirələrdə də geniş məlumat verildi. Bir çox azərbaycanlı gənclər təhsillərini Qətərin ali təhsil ocaqlarında davam etdirirlər. Eyni zamanda qətərli tələbələr də Bakıda müxtəlif universitetlərdə təhsil alırlar.
   - Cənab səfir, Qətər mədəniyyətində, sizcə, ən önəmli olan cəhət nədir?
   - Təhsilimizin inkişafı... Ölkəmizin paytaxtı Dohada ayrıca təhsil şəhərciyi deyilən bir yer var. Orada həm Qətər Dövlət Universiteti, həm də dünyada tanınmış bir çox universitetlərin filialları var. Bu universitetlərdə təhsil tam ödənişsizdir ki, bu da qətərlilərin çox yüksək səviyyədə təhsil almasını təmin edir.
   - Gələcəkdə mədəni sahədə əməkdaşlıqda nələr gözlənilir?
   - Azərbaycan xalqı daha geniş mədəniyyətə malikdir. Bildiyiniz kimi, gələn il Qətərdə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bundan əlavə, Qətərin İncəsənət və İrs Milli Şurasının Baş katibi Mübarək bin Nasir Əl-Xəlifə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi 2010-cu ilin birinci ayında səfərə dəvət edib. Ümid edirəm ki, cənab nazir orada iştirak edəcək və Azərbaycan Mədəniyyət Günləri 3 gün yox, bir həftə və ya daha çox davam edəcək. Sizin ölkəniz mədəniyyət sahəsində çox böyük tarixə malikdir və mən yeni təyin olunmuş bir səfir kimi görürəm ki, incəsənət sahəsində necə geniş inkişaf var.
   - Azərbaycan mədəniyyətinin daha çox hansı xüsusiyyətləri xoşunuza gəlir?
   - Muğamı çox sevirəm. Bakıda Muğam Mərkəzinin tikilməsini yüksək dəyərləndirirəm. Çox istərdim ki, oranı gəzim, çünki həm də muğama xüsusi marağım var. Burada olduğum müddətdə çalışacam ki, incəsənətinizlə, mədəniyyətinizlə daha yaxından tanış olum. Ümumilikdə götürdükdə indiyəcən gördüklərim məni çox valeh edib. Ölkənizdə mədəni tərəqqi var ki, bu da dövlətin bu sahəyə olan diqqətinin təzahürüdür. Azərbaycana gəldiyim ilk gündən məndə belə bir təəssürat yaranıb ki, azərbaycanlılar çox səxavətli, əliaçıq, qonaqpərvərdirlər. Ola bilsin ki, bizim ancaq dilimiz fərqlidir, amma siz də bizi kimi çox əliaçıqsınız.
   - Qətər də bir İslam ölkəsidir, çox qonaqpərvər xalqdır. Mədəniyyət və təhsil sahəsində bir çox uğurlara imza atıb. İnşallah, yəqin ki, gələcəkdə Qətər və Azərbaycan arasında yeni layihələrin şahidi olacağıq...
   - Sözsüz ki, Qətər Mədəniyyət Günlərinin Bakıda keçirilməsi mədəni sahədə olan ilk addımdır, ikinci addımda Azərbaycanın Qətərdə mədəniyyət günləri olacaq. Bundan əlavə, biz çalışacağıq ki, mədəniyyət sahəsi üzrə mütəxəssislərin yüksək səviyyədə qarşılıqlı səfərləri olsun. Qətərin qədim tarixi abidələri, müsəlman dünyasının inciləri hesab edilən mötəbər muzeyləri var. Bunlar haqqında Azərbaycan ictimaiyyətini məlumatlı olmasını çox istərdik.
   
   Söhbətləşdi:
   Azər ALLAHVERDİYEV