Əsəd Nəsirli
   
   

  

   Dünən, bu gün, sabah
   
   Dünən, bu gün, sabah
   Nə dəyişər saçlarının rəngindən
   Ayrılıqlı ömrünün düşmür yolu ölümünə
   
   Dünən, bu gün, sabah
   saçlarının rəngiylə qarışıram şəhərimə
   bir-bir insanları qucaqlayıb öpürəm
   təşəkkür edirəm bu gün öləcəklərinə
   Dünən olmaz, dünən, bu gün, sabah
   
   Dünən, bu gün, sabah gələr-gələr,
   gəlməz-gəlməz uzun bir yola düşürəm
   göz yaşından islanmış yanağına ilişmiş
   bir telinə sahib olub bu dünyanın
   sürüşürəm dünən, bu gün, sabah
   
   Dünən, bu gün, sabah
   bir telindən keçib gedirəm cənnətə
   həyatımdan keçmirəm dünən, bu gün, sabah
   ovcumdan qan axır yanağın üzüaşağı
   saxlayır islanmış yanağında tellərin əllərimi
   dünən, bu gün, sabah əllərim tellərini
   sabah olmaz dünən, bu gün, sabah
   
   Dünən, bu gün, sabah
   Adamlar qarışır saçlarının rənginə
   qucaqlayıb öpürlər məni bir-bir
   təşəkkür edirlər bu gün ölmədiyimə
   dünən, bu gün, sabah
   bu gün olar dünən bu gün sabah
   
   Eynşteyn ayrılığı
   
   Kim bilir, bəlkə də
   hələ səsinin olması sənin varlığın deyil,
   varlığın deyil hələ hamı kimi danışmağın
   Kim bilir məni bezdirən Bakının, bəlkə
   ilk və son gördüyüm adamı sən olacaqsan
   (Bakıda ayrılıqlar daha böyük görünür)
   kim bilir, bəlkə
   özünü dünən 13-cü qatdan atan o tələbə
   qız sən idin, bəlkə bu gün mən olacam
   araba qəzasının qurbanı, qurban sənə...
   Kim bilir, bəlkə də
   hər insanın taleyi ölümündən başlayır
   ən mənasız sözlərdi dünyanın xilaskarı
   bəlkə də Eynşteyn daha doğulmayacaq
   atom bombalarının alov dilimlərindən
   kim bilir, bəlkə də daha çox oxuduqca
   səndən daha çox uzaqlaşdım bəlkə də.
   Bizi ayıran da, Eynşteyn,
   sənə qarşı qəzəbim də çoxaldı kim bilir,
   bəlkə də “vicdanın dərinliyinə
   baxmaq kimi dəhşətli, heç nə yoxdur”
   Dəhşətli heç nə yoxdur, heç nə yoxdur,
   heç nə yoxdur dəhşətli, qurban sənə...
   
   Səsin ilişdi ayağıma
   
   səsin ilişdi ayağıma
   üzün səslər içində hıçqırarkən dayandın
   tutulmuşdu göy üzünün ilk və son günəşi
   səsin düşdü ayağıma, ayağım daşa döndü
   nə sənə yol gedə bildi, nə də səndən o yana
   hıçqırığın bədəninin yer üzünü titrətmədi
   tutulmuşdu yer üzünün mənə aid ayaqları
   bir də, bir də şeir düşdü saçlarıma
   saçlarım söz-söz uzandı, bir anda yüz söz
   yaşadım söz-söz, düşdü ayağıma səsin də
   səsin düşdü ayağıma
   ayağım daşa döndü, zalım qızı, səsindən...
   
   Aqressiya
   
   Dünən, bu gün, sabah
   Çox zaman həyata dördəlli sarılarkən
   barmaqlarımın ucunda hiss etmərəm
   toxunduğum divarları özüm-özümə
   
   çox zaman yaratdığım divarlardan
   bir yağış sonrası
   yıxılaram yalnızlığın dibinə
   yeni bir daşa toxunar
   daşa dönmüş əsəblərim
   
   çoxu zaman bircə divarı aşmaq qalar
   ümidlənib qalxaram
   yeni bir yağış öncəsi
   90-cı ilin şəkli
   
   kirayə otağımın divarında portret yox,
   heç bir rəngli şəkil yox, stolumun üstündə
   
   altmış yaşlı atamın da iyirmi yaşlı şəkli
   mənə yalan söylədi
   qapqara saçları, qırışmamış sifətiylə...
   
   90-da çəkdirdiyim rəngsiz şəkillərimsə
   nə ayağıma oldu, nə də əynimə gəldi
   beş yaşımdan şəkildəyəm
   beş yaşımda ölkəmiz də müstəqillik qazanıb...
   
   Çarpayı haqqında sevgi şeiri
   
   Bir mənəm, bir sənsən, bir də çarpayı,
   Bir də aramızda gecə köynəyin.
   Soyun ürəyini, üçəcən sayıb,
   Soyun yaddaşından qara eynəyi.
   
   İstər yaxına gəl, istər gen dolan,
   Çarpayı, bu, sənə heç nə demirmi?
   Dəmir yaddaşına səslər həkk olan
   Səncə, bu çarpayı adi dəmirmi?
   
   Adi bir parçamı gecə köynəyin,
   Altında nə sirlər yatır, kim bilir?
   Bakirə qaldıqca, gözəl mələyim!
   İçində əsirlər yatır, kim bilir?..
   
   Burax əsirləri, azadlığa çıx,
   Məni də içində əsir saxlama.
   Bir az özün yıxıl, bir az məni yıx,
   Bir az dişini sıx, döz, döz, ağlama...
   
   Bir mənəm, bir sənsən, bir də çarpayı,
   Bir də aramızda gecə köynəyin.
   Soyun ürəyini, üçəcən sayıb,
   Soyun yaddaşından qara eynəyi...