Orada vəziyyət elə də yaxşı deyil
   
    Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin sərəncamı ilə 2009-cu il uşaq ili elan olunub. Ölkəmizdə istər hökumət, istərsə də qeyri-hökumət təşkilatları bu sahədə müxtəlif tədbirlər həyata keçirirlər. “Təhsil”, “Aspoliqraf”, “Çaşoğlu”, “Tutu” və b. nəşriyyatlar dərsliklər, dərs vəsaitləri, eləcə də bədii nümunələr toplusu nəşr ediblər. Amma ölkəmizdə hələ də uşaq ədəbiyyatı haqqında az danışılır. Etiraf edək ki, valideynlər də uşaqlarına kitab almağa, onları kiçik yaşlarından mütaliəyə həvəsləndirməyə çox da maraqlı deyillər. Hələ ibtidai siniflərdən hansı universitetə gedəcəyini müəyyənləşdirən uşaqlar nədənsə bədii ədəbiyyatla maraqlanmırlar. Bu, başqa bir söhbətin mövzusudur. Bizi isə uşaq ədəbiyyatının bugünkü vəziyyəti və bu sahədəki mövcud problemlər maraqlandırır. Elə bu məqsədlə “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, tanınmış uşaq şairi Zahid Xəlilə aşağıdakı suallarla müraciət etdik.
   1) Azərbaycan ədəbiyyatının ümumi fonunda uşaq ədəbiyyatımız necə görünür?
   2) Bu analogiyanı dünya ədəbiyyatı ilə aparsaq, Azərbaycan uşaq ədəbiyyatında hansı mənzərənin şahidi olarıq?
   3) Yaşadığımız günlərdə yaranan uşaq ədəbiyyatını necə səciyyələndirirsiniz?
   4) İbtidai siniflərin dərsliklərinə salınmış ədəbi-bədii nümunələri necə qiymətləndirirsiniz?
   
   Rafiq Yusifoğlu
   
   - Uşaq ədəbiyyatı ümumən ədəbiyyatın ayrılmaz tərkib hissəsidir, bunu təcrid eləmək şərtidir. Səməd Vurğunun gözəl bir fikri var: “Uşaq haqqında danışanda bilməliyik ki, insan haqqında danışırıq”. Yəni uşağı aldatmaq, kələk gəlmək olmaz. Uşaq daha səmimidir, onları zamanın çirkabı hələ batırmayıb. XX əsrin böyük ispan şairi Lorkadan jurnalist soruşur ki, nəyə görə sizin şeirləriniz qısa, aydın və mənalıdır? Lorka cavab verir: “Mən şeir yazanda gözümün qarşısında balaca bir qız uşağı canlanır, o, özündən hündür gülü dərmək üçün boylanır, amma əli çatmır”. Uşaq ədəbiyyatı özündən hündür gülə boylananların ədəbiyyatıdır. Amma məsələ təkcə bunda deyil. Uşaq ədəbiyyatının oxucuları yaşca kiçikdirlər. Çox təəssüf ki, biz yaş hədlərini hələ tam müəyyən eləyə bilmirik. Bu, xüsusi bir institutun işidir. Məktəbəqədər, ibtidai sinif, yeniyetməlik dövrü var. Amma hələ çoxları elə bilir ki, uşaq ədəbiyyatının təyinatı ancaq təzə şeir öyrənən uşaqlar olmalıdır. Böyük ədəbiyyatın problemini uşaq ədəbiyyatı da yaşayır. Nazim Hikmət deyir: “Pətəyimdə balım olsun, arısı Bağdaddan gələr”. Ümumiyyətlə, ədəbiyyatı oxuyan uşaq və onları maraqlandıran, həvəsləndirən müəllim və valideynlər lazımdır. Tam bədbin deyiləm, amma görülməli işlər həddindən artıq çoxdur. Məsələn, “Ulduz” jurnalının tirajı 500, “Azərbaycan” dərgisininki 1000 ədəd olduğu halda, “Göyərçin” 2000 nüsxə ilə çap olunur. Bu mənada uşaq ədəbiyyatının taleyi barədə nikbin olmağa dəyər.
   * Azərbaycanda 8 milyon insan yaşayır. Azərbaycan ədəbiyyatını bu mənada dünyayla müqayisə etmək, bəlkə də uyarlı olmazdı. Məsələn, Rusiya, Türkiyə və.s. ölkələrlə. Amma dünya uşaq ədəbiyyatını dilimizə çevirmişik, bu baxımdan, müəyyən qədər nailiyyətlərimiz var. Bu işləri XX əsrin əvvəllərində A.Şaiq, R.Əfəndiyev və b. görüblər. Lev Tolstoy vaxtilə dünyanın ən maraqlı uşaq ədəbiyyatı nümunələrini toplayıb dərslik yaradıb. Xalqlar bir-birinin mədəniyyəti ilə əlaqə yaratmağa çalışır. Eləcə də ölkəmizdə 50 ildir ki, “Göyərçin” jurnalı nəşr olunur. Bu illər ərzində dünya ədəbiyyatının ən yaxşı nümunələri dilimizə çevrilib. Sovet dövründə uşaq ədəbiyyatı ilə bağlı dörd festivalda iştirak etmişəm. Mən heç də uşaq ədəbiyyatımızı xarici ədəbiyyatdan zəif görmədim. Əksinə, bizdə bəzi cəhətlər onlardan daha güclü idi. Uşaq ədəbiyyatı ayrı-ayrı fərdlərin ədəbiyyatı deyil, bu işə dövlət qayğısı artırılmalıdır. Rusiyanın məşhur uşaq şairi Valentin Beriskovu bütün dünya tanıyır. Azərbaycanın məşhur uşaq şairləri İlyas Tapdıq və Məstan Günər onunla eyni nəslə mənsubdurlar. Amma onları biz lazımınca tanıtmamışıq. Təbliğat işimiz ürəkaçan səviyyədə deyil.
   M.F. Axundov adına Milli Kitabxanada rus ədəbiyyatı nümunələrinin sərgisi keçiriləndə gördüm ki, dünya xalqlarının nağıllarını 5000 tirajla nəşr ediblər. Qismən təskinlik tapdım. Analogiyanı bu kontekstdən aparsaq, tiraj və nəşr səviyyəsinə, eləcə də tərcümə işinə görə dünyadan elə də geri qalmırıq.
   * Son illər “Daha uşaq deyiləm”, “Dəniz səviyyəsi” adlı uşaq kitabları yazmışam. Zahid Xəlilin 6-cildliyi, Ələmdar Quluzadənin və b. kitabları cap olunub. Eləcə də Sevinc Nuruqızı və Vaqif Bünyadzadənin uşaqlar üçün yazılmış çox maraqlı kitabları işıq üzü görüb. Yazanlar var, amma günün tələblərinə cavab verən kitablar çox deyil. Sovet dövründə də bizim çox gözəl uşaq ədəbiyyatımız olub. Onları yenidən toplu halında nəşr edib balaca oxucuların ixtiyarına vermək lazımdır. M. Dilbazi, Teymur Elçin, Xanımana Əlibəyli və başqa şairlərin çox maraqlı şeirləri var. Böyüklərin yazıçısı kimi tanıdığımız Ə.Cəfərzadə, Ə.Vəliyev, S.Rəhimov, İ.Şıxlı, M.Hüseyn uşaqlar üçün də çox gözəl hekayələr yazıblar. Yaşadığımız dövrdə yaranan uşaq ədəbiyyatının bəzi bədii nümunələrində uşaqların yaş və dünyagörüşü psixolgiyası nəzərə alınmır. Orta və yaşlı nəsil az-çox nəsə yazıb və müəyyən uğurlar da əldə ediblər. Ancaq bugünkü gənc yazarlar uşaq ədəbiyyatı ilə maraqlanmırlar.
   * Bütün uşaq ədəbiyyatının sonuncu ünvanı dərsliklərdir. Dünya ədəbiyyatının gözəl nümunələri, o cümlədən Puşkin, L.Tolstoy, Qrim qardaşları və s. əsərləri bizim dərsliklərimizdə öz yerini alıb. Razılaşıram ki, dərsliklərdə olan nümunələr arasında zəif əsərlər həddindən artıq çoxdur. Bunları aradan qaldırmaq üçün Təhsil Nazirliyi əsaslı işə başlayıb. Dərsliklərlə bağlı tender elan olunub. Ötən il birinci siniflər üçün ilk dərsliklər tenderdə öz layiqli qiymətini aldı. Həmin dərsliklərin müəlliflərindən biri də mənəm. Bu il ikinci siniflər üçün tender elan olunub. Əlbəttə, dərslik müəllifi olanda uşaq ədəbiyyatındakı boşluğu daha aydın görmək olur. Məsələn, hər hansı bir mövzu lazım olur, axtarırsan, həmin mövzuya aid bədii nümunə tapmırsan. Məlum olur ki, yazıçı və şairlərimiz uşaqlar üçün həmin mövzuda heç nə yazmayıblar. Dərsliklərlə bağlı hər şeyin yaxşı olacağına inanıram. Onu da qeyd edim ki, ”Göyərçin” jurnalında nəşr olunan bəzi bədii mətnlər artıq dərsliklərə salınıb. Uşaq ədəbiyyatı sürətlə və çox yaranmalıdır ki, biz onların içərisindən ən dəyərlilərini seçə bilək. Təkcə sovet dövründə yaranmış bədii nümunələrlə uşaq ədəbiyyatının səviyyəsini qaldırmaq olmaz.
   
   Zahid Xəlil
   
   - Azərbaycan ədəbiyyatının ümumi fonunda uşaq ədəbiyyatımız xeyli zəifdir. Bu gün uşaq ədəbiyyatını yaradanlar sovet dövrünün yazarlarıdır. Məsələn, İlyas Tapdıq, Ələmdar Quluzadə, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu və b. Gənc yazarlar uşaq ədəbiyyatına çox laqeyddirlər. Məsələn, 80-ci illərdə olan uşaq ədəbiyyatımız (hansı ki, böyük bir qarşısıalınmaz axınla gəlirdi və gözəl nümunələr yaranırdı) indi yoxdur. Bunun konkret səbəbləri var. Uşaq ədəbiyyatının əvvəlki səviyyəsi hələlik görünmür Bu gün ədəbiyyatda həvəskar bir əhval-ruhiyə hökm sürür. Ədəbiyyatsa ciddi sahədir, orada həvəskarlıqla keçinmək olmaz. Bu gün uşaq ədəbiyyatına mövzu verən yenilik və hadisələr çoxdur, amma bunu yazan və yazmaq istəyənlər, demək olar ki, yox dərəcəsindədir.
   * Bu analogiyanı dünya uşaq ədəbiyyatı ilə aparmaq nəinki çətindir, əslində heç mümkün deyil. Bizdə yaranmış problemlərin səbəblərini araşdırmaq lazımdır ki, niyə bu gün uşaq ədəbiyyatı zəifdir. Ənənələrin dağılması, yeniliyin tam şəkildə yaranmaması problemin əsas səbəblərindəndir. Bir məsələ də var ki, uşaq ədəbiyyatını yaşadan xalqdır. Skandinaviya ölkələri dünya uşaq ədəbiyyatının paytaxtı hesab olunur. O ölkələrin çox yaxşı ənənələri var. XIX əsrin birinci onilliyində Skandinaviyadan təxminən bir milyon adam Amerikaya köçüb. Amerkada Xarb soyadlı bir alim fikirləşir ki, görəsən, bu xalq gələndə özləri ilə nə gətirib. Hansı ailəyə gedirsə, orada ən azı on-on beş uşaq kitabı görür. Yəni xalq özü ədəbiyyata maraqlı olmalıdır. Dünyanın uşaq ədəbiyyatı üzrə Nobel və Andersen mükafatçıları da skandinaviyalılardır. Bu baxımdan analogiya aparsaq, biz çox pis görünərik. Mətbuatda mən uşaq ədəbiyyatının zəif olduğunu yazanda bəziləri fikirləşmədən danışırlar ki. Azərbaycanda uşaq ədəbiyyatı yoxdur. XIX əsrdən bu günə qədər bizim çox zəngin bir uşaq ədəbiyyatımız yaranıb. Həmin ədəbiyyat, nədənsə, bu gün tam yararlı və sistemli şəkildə oxucularına ünvanlanmır. Yaxşı cəhətləri vurğulayaraq demək istəyirəm ki, “Bala dili”, “Elli”, “Göyərçin” jurnalları, “Tonqal” qəzeti nəşr olunur. Bu nəşrlər güclü bir uşaq ədəbiyyatının yaranacağından xəbər verir.
   * Yeni yaranan uşaq ədəbiyyatı daha çox dərslik xarakterli olmalıdır. Bu elə yaranmalıdır ki, məktəbdə uşaqlara lazım olsun. Bunu elə yazmaq lazımdır ki, seçilən sözlər, ritm, qafiyə uşaqların psixologiyasına, dilinə uyğun olsun. Məsələn, birinci sinif üçün yazılmış şeirdə uşağın başa düşməyəcəyi bir söz belə varsa, artıq o şeir məktəbliyə xeyir verməyəcək. Gülarə Nuruqızı güldən, çiçəkdən, hərflərdən şeirlər yazır. O çalışır ki, hər şey uşaqların qavraya biləcəyi şəkildə olsun. Biz Avropa təhsilinə inteqrasiya eləyirik, onlar bu sahədə bizdən çox irəlidədirlər. Bu təcrübədən məharətlə faydalanmalıyıq.
   * “Oxu” dərsliklərinə salınan əsərlər həmin dərsliklərin müəliflərinin zövqündən və savadından asılı olan amildir. Mən dərsliklərdə elə şeirlərə rast gəlirəm ki, o əsərlər son dərəcə zəif və lazımsızdır. Bəziləri iddia edirlər ki, bu şeirlər zəif olsa da, dərslik üçün vacibdir. Başa düşə bilmirəm ki, zəif olan əsər dərsliyə niyə salınmalıdır?! Əgər əsər obrazlı təfəkkürün məhsulu deyilsə, uşağa xeyir vermirsə, dərsliyə salınmamalıdır. Təəssüf ki, belə əsərlərə dərsliklərdə yer verilir. Məna və məzmunu olmayan əsərləri şəxsi münasibətlər zəminində dərsliklərə salıb uşaqların zövqünü korlayırlar.
   
   Fərid Hüseyn