İyunun 28-də Bakıda Rusiya-Azərbaycan regional forumu, oktyabrda isə II Beynəlxalq Humanitar Forumu keçiriləcək. 
   Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın İTAR-TASS agentliyinə müsahibəsində bildirib. Qeyd edək ki, Azərbaycan səfiri yenidən MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri seçilib.
   Diplomat müsahibəsində deyib: “İkinci Beynəlxalq Humanitar Forumu Azərbaycan və Rusiya prezidentlərinin himayəsi altında keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə forumun daimi əsasda keçirilməsi üçün işçi qrupu və şərait yaradılıb. Forum bizə təkcə ikitərəfli və regional deyil, dünya miqyaslı məsələləri də müzakirə etmək imkanı verir. Düşünürəm ki, forum il-ildən güclənəcək və tezliklə “İntellektual Davos”a çevriləcək”.
   Səfir Azərbaycanla Rusiya münasibətlərinin bütün sahələrdə olduğu kimi, humanitar sahədə də uğurla inkişaf etdiyini vurğulayıb.