İyulun 4-də Mədəniyyət və Turizm Nazirliyi ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə milli memarlıq sənətimizin əsrarəngiz nümunəsi olan Şəki Xan Sarayının 250 illiyinə həsr olunmuş yubiley tədbirləri keçiriləcək.
   
   Yubiley tədbirləri Şəki Şəhəri \"Yuxarı Baş\" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, respublikamızın mədəniyyət və incəsənət xadimlərinin, folklor qruplarının iştirakı ilə gerçəkləşəcək. Tədbirlər çərçivəsində XVIII əsr Şəki xanlığının tarixini əks etdirən teatrlaşdırılmış səhnənin təqdimatı və qala divarları daxilində \"Şərq bazarı\" adlı satış yarmarkasının təşkil olunması da nəzərdə tutulub. Axşam saatlarında isə Aşağı Karvansarada yubiley tədbirləri və \"İpək Yolu\" III Beynəlxalq musiqi festivalının təntənəli bağlanış mərasimi keçiriləcək.
   Qeyd edək ki, özünün unikal xüsusiyyətlərinə görə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Şəki Xan Sarayının \"Yuxarı Baş\" Dövlət Tarix-Memarlıq Qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Bu məqsədlə ötən ay nüfuzlu beynəlxalq ekspertlər ölkəmizdə səfərdə olub, abidəyə baxış keçiriblər və lazımi prosedur tədbirlərinin icrasına başlanılıb. Ekspertlər bu abidənin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmə ehtimalını çox yüksək qiymətləndirirlər.