Azərbaycan Yazıçılar Birliyi, Bakı Slavyan Universiteti və ”Mütərcim” Tərcümə Mərkəzinin birgə təsis etdiyi “Mütərcim” jurnalının yeni sayı nəşr olunub. Jurnal F.M. Dostoyevskinin “Karamazov qardaşları” romanının növbəti hissəsi (on birinci kitab) ilə açılır. Jurnalın gələn sayında bu əsər tam şəkildə oxucuların ixtiyarına veriləcək. Xatırladım ki, əsər jurnalda 2005-ci ildən hissə-hissə cap olunur. Əsər çap olunandan jurnalın hər sayını alıb oxumuşam, tərcüməni qənaətbəxş hesab etmək olar. Jurnalın baş redaktoru və romanın tərcüməçisi Telman Vəlixanlı əsəri kitab şəklində nəşr etməyi də nəzərdə tutur.
   Bundan başqa, jurnalda məşhur dramaturq, əsərlərindəki absurd situasiyalarla fərqlənən Fransuaz Doranın “Şlayger” pyesi işıq üzü görüb. Əsəri fransızcadan dilimizə Aliyə Məmmədova çevirib. Əsər qəribə situasiyalar və konfliktlər üzərində qurulub. Pyesin davamı jurnalın növbəti sayında oxucuların ixtiyarına veriləcək.
   Klassik latış şeirinin zirvədə dayanan simalarından olan Eyjen Veverisin şeirləri Fəxrəddin Əsədin tərcüməsində nəşr olunub. Tərcümələr səviyyəsinə görə zövqümü oxşadı. Fəxrəddin Əsəd bəzi tərcüməçilərdən fərqli olaraq formadan çox, məzmuna üstünlük verib.
   Azər Mustafazadənin çevirməsində tanınmış Azərbaycan yazıçısı Kamal Abdullanın “Mələk” (“Anqel”) pyesi rus dilinə tərcümə olunub.
   Vladimir Vinoqradın “Şahdan Xomeyniyə qədər” xatirə-qeydlərini professor Maqsud Hacıyev tərcümə etmişdir. Dərginin bir neçə nömrəsində cap olunan əsər artıq bu sayda yekunlaşıb.
   Jurnalda daha maraqlı və rəngarəng tərcümələr MDB xalqlarının poeziyasından seçmələrdir. Müxtəlif tanınmış imzaları - Vladimir Turkin (Rusiya), Pyotr Kajarov (Rusiya), Vasiliy Simonneko (Rusiya), Larisa Rumarçuk (Belorusiya), Oleqa Oraç (Ukrayna), Mikola Naqnibeda (Ukrayna), Dimitriy Kara Çaban (Moldova), S. Mosiyaş (Moldova), Kulyaş Axmetova (Qazaxıstan), Zülfiyyə (Özbəkistan), Rəhim Fərhadi (Özbəkistan), Loik Şeralin (Tacikistan) əsərlərini tanınmış tərcüməçi Nurəddin Mənsur dilimizə çevirib. Telman Vəlixanlı isə Anatoli Vladimiroviç Jiqulin (Rusiya) iki şeirini tərcümə edib.
   Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin II kurs tələbəsi Səidə Abdullayeva dünyaca məşhur yazıçı Yaroslav Haşekin “Yaşam örnəyi” hekayəsini uğurla dilimizə çevirib. Qəribə üsluba malik hekayəni gənc tərcüməçi çox ustalıqla tərcümə edib.
   Jurnalda tərcümələrlə yanaşı, Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsində təhsil alan tələbələrin yaradıcılığından nümunələr də verilmişdir. Jurnalda Elnaz Eyvazlı, Fərid, Fəxrəddin Əsəd, Feyziyyə, Əsəd Nəsirli və Günel Rüstəmovanın şeirləri dərc olunmuşdur.
   
   Fərid Hüseyn