Türk Dünyası Mühəndislər və Memarlar Birliyi (TDMMB) ənənəvi olaraq iki ildən bir “Dildə, fikirdə, əməldə birlik” şüarı altında qurultay keçirir. Qurum 2016-cı ili Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq “Heydər Əliyev ili” elan edib və builki qurultayı da ölkəmizin iki şəhərində - Bakıda və Şəkidə keçirməyi planlaşdırır. TDMMB-nin rəhbəri Akif Özkaldı ilə söhbətimiz də bu barədədir.

- Akif bəy, əvvəlcə rəhbərlik etdiyiniz qurum barədə oxucularımıza məlumat verməyinizi istərdik.
- Müasir dünyamızda qeyri-hökumət təşkilatları önəmli yerə, o cümlədən ayrı-ayrı sahələr üzrə ixtisaslaşmaqla aktiv mövqelərə sahibdir. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi də mühəndislik peşəsi sahəsində fəaliyyət göstərən məsləkdaşlarımız arasında birlik, bərabərlik, ünsiyyət və həmrəyliyin inkişaf etdirilməsi məqsədilə, bu sahədə vətəndaş cəmiyyətinin ehtiyacını və çatışmazlığını aradan qaldırmaq məqsədi ilə 2002-ci ildə Ankarada qurulub. Sıralarına memarları da daxil edərək, zamanla peşə sahəsini və xidmət şəbəkəsini genişləndirərək beynəlxalq bir qeyri-hökumət təşkilatı halına gəlib.
- Birliyinin məqsəd və hədəfləri nələrdi?
- Türk dünyasının ortaq məxrəci olan “Dildə, fikirdə, əməldə birlik” şüarını ana hədəf olaraq mühəndislik, memarlıq və şəhərsalma sahəsində də həyata keçirməyi qarşıya məqsəd qoymuşuq. Əsas hədəfimiz təhrif olunan, məhv olmaq təhlükəsi ilə üzləşən və mövcud olduğu coğrafiyanın xaricində yetərincə tanınmayan türk-islam dünyası memarlıq əsərlərinin təsbit edərək qorumaq və tanıtmaqdır. Uzunmüddətli hədəflərimizdən biri də türk dünyası beynəlxalq ictimaiyyətini hərəkətə gətirərək belə əsərləri bərpa etmək üçün qaynaq tapmaqdır. Başqa bir sözlə, birliyimiz türk dünyasının ortaq dəyərləri olan memarlıq mirasını yaşatmağa çalışır, ümumtürk memarlıq tarixinə işıq tutur.
- Birliyiniz artıq beynəlxalq status əldə edib. Bu proses necə inkişaf etdi?
- Birliyimizin qurulmasından keçən 14 illik müddətdə ölkə çapında və beynəlxalq sahədə fəaliyyəti və keçirdiyimiz tədbirlərin nəticəsi olaraq təkcə türkdilli ölkə və diyarları deyil, daha geniş coğrafiyanı əhatə edir. Bu gün tarixi türk respublikaları, İpək Yolu marşrutunda yer alan ölkələr, Şərqi Avropa, Yaxın Şərq də daxil olmaq üzrə 30-dan çox ölkədə təmsilçiliyimiz fəaliyyət göstərməkdədir. Türk dünyası və soydaş topluluqlarından gələn elm adamları və mötəbər təşkilatların iştirakı ilə bu günə qədər bir sıra milli və beynəlxalq simpozium və toplantılar gerçəkləşdirmişik. Qurumun ən önəmli tədbiri iki ildən bir keçirdiyimiz Türk dünyası mühəndislik, memarlıq və şəhərsalma qurultayıdır. Bu tədbirdən əlavə, yenə iki ildən bir “Kaşğardan Əndəlüsə Türk İslam Şəhrəngizləri” adlı şeir toplantıları, sərgi və s. tədbirlər düzənləyirik.
- Bu il yeddinci qurultayı Bakıda keçirməyə hazırlaşırsınız...
- Qurultay bu ilin oktyabr ayında “Enerjidə və çatdırılmada qitə aşan layihələr” adı altında gerçəkləşdiriləcək. Bildiyiniz kimi, bu ili birlik olaraq “Heydər Əliyev ili” elan etmişik və qurultay çərçivəsində tədbirlərimizi türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyevin xatirəsinə ithaf edəcəyik.
- Yeri gəlmişkən, qurultay çərçivəsində hansı tədbirlər keçiriləcək?
- Qurultay çərçivəsində keçirəcəyimiz ən önəmli tədbirlərdən biri Türk Dünyası Şəhərsalma Şurasının toplantısı olacaq. Bundan başqa, müxtəlif sərgilərin açılışları ilə yanaşı, qurultay günlərində müxtəlif mövzularda iclaslar keçiriləcək, sərgilər təşkil olunacaq. Həmçinin növbəti Memar Sinan beynəlxalq layihə olimpiadasına yekun vurulacaq, qaliblər mükafatlandırılacaq. Onu da qeyd edim ki, bu tədbirə Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə yanaşı, Türk Şurası, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, Türk Dünyası Bələdiyyələr Birliyi və digər qurumlar dəstək verəcək. Tədbirimizə həmçinin Türkiyə və Azərbaycanın Mədəniyyət və Turizm nazirlikləri də qatılacaq. İnanırıq ki, Bakıda keçirəcəyimiz Türk dünyası mühəndislik, memarlıq və şəhərsalma qurultayı gücümüzü daha da artıracaq. Bütün bu tədbirlərin məqsədi türk xalqlarını daha yaxından bir-birinə yaxınlaşdırmaqdır. Zaman-zaman bizi bir-birimizdən ayırmağa çalışdılar. Amma artıq bir araya gəlib tarixi mirasımızı, o cümlədən memarlıq mirasımızı ortaya çıxarmağımız lazımdır. Biz köklərimizə gedərək, bu sahədə tarixi irsimizi müasir şəhər memarlığı ilə birləşdirməyə çalışırıq.

Mehparə Sultanova
Ankara