“Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, biz doğma Vətənimizin övladlarıyıq”

Sait Rüstəm ölkəmizi xaricdə uğurla təmsil edən soydaşlarımızdandır. Bu gün Türkiyənin bir çox bölgələrini onun yaratdığı heykəllər bəzəyir. Müxtəlif ölkələrdə sərgiləri keçirilib. Ən qürurvericisi isə odur ki, bütün tədbirlərdə, layihələrdə Sait Rüstəmin adı “Azərbaycan əsilli heykəltəraş” kimi çəkilir.
Sənətkarla Ankaranın sakit məkanlarından birindəki emalatxanasında iş başında görüşdük. Söhbət əsnasında bəlli oldu ki, Türkiyəyə gəlişi və burada çalışmağa başlaması tam təsadüf olub. Bir görüş ömrünün 24 ilini qardaş ölkəyə bağlayıb...


- İkinci Dünya müharibəsi zamanı əmilərimdən biri Türkiyəyə gəlmişdi və o vaxtdan da ondan xəbər ala bilməmişdik. 1991-ci ildə onu tapmaq niyyəti ilə Ankaraya gəldik. Həmin vaxt məni bir sərgiyə dəvət etdilər. Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Fikir Sağlar ilə tanış oldum. Nazir məndən soruşdu ki, Türkiyədə çalışmaq istəyərsənmi? Razılaşdım. Ertəsi gün qəbuluna getdim, apardığım rəsmləri görüb çox bəyəndi və mənə bir heykəl sifariş etdi. Artıq iki günə heykəlin maketi hazır idi. Hətta nazir maketi tez hazırladığıma görə təəccübləndi də. Beləliklə, mənə yer ayrıldı və işləməyə başladım. Bundan sonra taleyimi Türkiyə ilə bağladım. Ankarada Rəsm-Heykəl Muzeyində çalışaraq Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sifarişlərini yerinə yetirirdim.
- O zamankı arzunuz Türkiyədə böyük heykəllər qoymaq olub. Səbəb nə idi?
- Türkiyədə Cümhuriyyət dönəmində xaricdən gələn heykəltəraşlar çox işlər görüblər. İtaliya, Almaniyadan xeyli sayda rəssam və heykəltəraş burada çalışıb. Bununla da Türkiyədə yeni bir məktəb yaranmağa başlayıb. Bildiyimiz kimi, keçmiş SSRİ-də çox nəhəng heykəllər olub və bunları Türkiyə ilə müqayisə etdikdə görürdüm ki, burdakı heykəllər kiçikdir. Ona görə mən öz-özümə belə bir sual verdim ki, nədən qardaş ölkədə də belə böyük əsərlər qoyulmasın?
- Beləcə, qolunuzu çırmalayıb işə başladınız. Maraqlıdır, ilk ən böyük əsəriniz nə oldu?
- Polatlıda (Ankaranın rayonu - red.) Əskişəhər istiqamətində “Dur, yolcu” adlı Mehmetçik abidəsi. Bu əsəri 8 ayda tamamladım. Bu məkan Qurtuluş savaşının, Sakarya döyüşünün dönüş nöqtələrindədir. Həmin abidəni də o nöqtədə qoyduq. Bu, Türkiyədə ilk ən böyük əsərim oldu. Amma ilk işim 1993-cü ildə İzmirdə, Çeşmədə “Barış” adlı əlində göyərçinlər olan bir qadın heykəli idi. Bundan sonra Türkiyənin bir çox şəhərlərində heykəllər qoydum. Mən Türkiyəyə gələndə heykəltəraşlıq sahəsində maraqlı bir tendensiyanın şahidi oldum. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün heykəli hər yerdə var. Eyni zamanda tanınmış sənət, ədəbiyyat xadimlərinin, digər görkəmli insanların heykəlləri olduqca az idi. Bu məsələni nazirliklə də müzakirə etdik. Məsələn, Nevşəhərdə Yunus Əmrənin, İstanbulda Mehmet Fatehin heykəlini qoyduq. Türkiyədə elə qəhrəman qadınlar olub ki. Belə qəhrəman qadınlardan birinin - Yanğın Əminənin heykəlini yaratdım. Qadın kürəyində uşaqla cəbhəyə gedir, uşaq ölsə də, fərqində olmur, döyüşdən geri döndükdən sonra görür ki, uşaq həlak olub. Tarixi oxuyarkən də görürsən ki, türklərdə vətən sevgisi çox güclüdür.
- Söhbətinizdən də bəlli olur ki, Türkiyədə daha çox tarixi abidələr qoymusunuz və onlar haqqında geniş məlumata da maliksiniz...
- Bir qəhrəmanın və ya tarixi şəxsiyyətin heykəlini qoyanda onunla bağlı bütün bilgiləri dərindən öyrənməyə məcbursan. Məsələn, Mövlanənin abidəsini yaratmaq istəyirsən. O dönəmdəki bütün məişət qaydalarını, geyim tərzini, zinət əşyalarını araşdırırsan. Bunların hamısını bilməlisən. Məsələn, Mövlanənin əlində təsbeh var. Ordakı daşların sayına qədər araşdırmalısan. Ankarada İbn Sinanın heykəlini qoymazdan öncə onun yaşadığı dönəmə aid məlumatların hamısını oxudum. Bolu bələdiyyəsində Koroğlunun heykəlini qoymaq istəyirlər. Əgər at üzərində insan heykəli qoyuruqsa onun anatomiyasını öyrənməliyik. At şahə qalxdığı zaman hansı formaları alır, ayaqları, başı necə olur, bunların hamısını dönə-dönə öyrənirik. Əks halda keyfiyyətli iş ortaya qoymaq qeyri-mümkündür.
- Maraqlıdır, sizin üçün böyük əsərlər yaratmaq daha zövqvericidir, yoxsa kiçik əsərlər?
- Emalatxanada birinci mərtəbədə kiçik heykəlləri gördünüzmü? Mənim ən çox sevdiyim o əsərləri yaratmaqdır. Bir əsəri plastilinlə yaradırsan. Öncə beynində onu təsəvvür edirsən, sonra qələmlə bir şəkil verirsən. Sonra da qalır əsərin böyüdülməsi. Yaradıcılıq kiçik əsərdir, onu böyütmək isə artıq ustalıqdı. Gördüyünüz bütün əsərlər öncə kiçik şəkildə yaranmış əsərlərdi. Onları sonradan böyütmüşəm.
- Atatürkün dünyadakı heykəllərindən birini yaratmaq da sizə nəsib olub. Bu, necə baş verdi?
- Meksikanın paytaxtı Mexikonun mərkəzində bir yer var ki, orada da dünyanın məşhur insanlarının heykəlləri qoyulub. Türkiyə İşəgötürən Peşələri Həmkarlar Konfederasiyasının rəsmiləri Meksikada olarkən o yeri görüb və sonra da səfirliklə görüşərək belə bir təklif irəli sürüblər. Sonra qurumun rəhbəri mənə müraciət etdi və mən də onlara bir maket göstərdim, bəyəndilər. Heykəlin hazırlanıb burdan Meksikaya gəmi ilə aparılması 7-8 ay çəkdi. Dövlət səviyyəsində baş tutan açılış mərasimi 2003-cü ilin 29 oktyabrında Türkiyə Cümhuriyyətinin qurulmasının 80 illiyinə həsr edilmişdi.
- Türkiyədə də bir sıra böyük layihələriniz olub. Məsələn, elə götürək, Çankırı duz mağaralarındakı daş duzlardan heykəllərin yaradılmasını. Hətta emalatxananızda da bu daş duz parçalarını elə bir formaya salmısınız ki, hər bir evə, otağa xüsusi gözəllik verə bilər.
- Çankırıda dostum var idi və bir gün məni çağırıb dedi ki, buradakı duz mağarasına baxım. Mağaranı gəzdik. Validən icazə alıb Atatürkün heykəlini yondum. Elə burdan da ideya gündəmə gəldi. Polşanın Krakov şəhərində bir kənddə duz muzeyi var, vali bizi təcrübə üçün oraya yolladı. Mən də xahiş etdim ki, bizimlə başqa sənətkarlar da getsin. Biz gedib orda duzla bağlı yeni şeylər öyrəndik, gəldik. Sonra bələdiyyə başqanına duz heykəlləri layihəsini təqdim etdim və mənə dedilər ki, hamısını sən hazırla. Amma mən razılaşmadım, dedim ki, bunu dünyaya tanıtmaq üçün başqa-başqa ölkələrdən sənətkarları dəvət edək. O vaxt biz TÜRKSOY-a müraciət etdik. Mövzunun da Orxon kitabələrinə həsr edilməsi təklifini irəli sürdüm. Beləliklə, tədbiri TÜRKSOY-un sənət simpoziumuna çevirdik. Duz bir sənət nümunəsi kimi gündəmə gəldi. Çankırını dünyaya bu şəkildə tanıtdıq. Çankırıda “Duz otağı” layihəsini də mən başladım. Daş duz parçaları ağac kötükləri, ağac parçaları ilə birləşdirərək yaradıcılıq təxəyyülümdən irəli gələn dizayn vermişəm.
- Yaradıcı təxəyyüldən söz düşmüşkən, sizcə, monotonluqdan çıxmaq üçün sənətkara nə lazımdır?
- Bunun üçün düşünən beyin və ürək lazımdır. Bir çox sənətkarlar eyni dəst-xətlə işləyir. Məsələn, rəssamın çəkdiyi yüzlərcə əsərin arasında sadəcə bir ağacın rənginin dəyişdiyini görürsən. Yaradıcı insanın dəyişməsi, yenilənməsi lazımdır. Yenilənmədikcə, heç bir şey edə bilməzsən. Yaradıcı fəaliyyətə başladığım müddətdə hər zaman yeniliklərə, texnologiyaya qədər tətbiq etməyə cəhd etmişəm. Çalışmışam ki, bir əsərim digərinə bənzəməsin. Mənə elə gəlir ki, sənətkar həm də daxilən qocalmamalıdır.
- Bu günə qədər ürəyinizdən keçən bütün əsərləri yarada bildinizmi?
- Nazim Hikmətin heykəlini yaratdıqdan sonra bir jurnalist qız emalatxanaya gəldi, ətrafa nəzər saldıqdan sonra mənə belə bir sual verdi ki, bunların hamısını necə yarada bilmisiniz? Cavab verdim ki, heç özüm də bilmirəm ki, bunları necə yaratmışam. Allahdan istəyim odur ki, mənə uzun ömür versin və o qədər etmək istədiklərim var ki. Onu da deyim ki, 24 ildir Türkiyədə yaşayıb çalışmağıma baxmayaraq, hər yerdə Azərbaycan heykəltəraşı kimi təqdim olunuram. Bundan qürur hissi keçirirəm. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq biz öz doğma Vətənimizin övladlarıyıq.

Mehparə Sultanova
Ankara