“Parkda “Xarı bülbül” abidəsi qoyulacaq, Qarabağ müharibəsində şəhid olanların, Türkiyədən, Boludan gedib Azərbaycan uğrunda savaşanların adları əbədiləşdiriləcək”

Bolu Türkiyənin Qara dəniz bölgəsində yer alan vilayətidir. Türkiyənin qədim tarixə malik olan bu bölgəsində turizmin müxtəlif növləri inkişaf etdirilir və mədəniyyət layihələri gerçəkləşdirilir. Bolu Türkiyədə “Koroğlu diyarı” kimi də tanınır. TÜRKSOY-un və Türkiyənin Bolu Bələdiyyəsinin təşkilatçılığı ilə şəhərdə Koroğlu parkının salınması üçün elan edilən dizayn müsabiqəsi barədə oxucularımıza məlumat vermişdik. Bu günlərdə isə TÜRKSOY-un gənclərdən ibarət kamera orkestri Avropa turuna çıxmazdan öncə Boluda konsert-məşqlər keçirdi.
Bolunun bələdiyyə başqanı Ələddin Yılmazla müsahibəmiz də bu vaxta təsadüf etdi. Müsahibim söhbətə yeni layihələr barədə məlumat verməklə başladı.

- Bolu tarixən türk dünyası ilə sıx bağları olmuş, bu gün ümumtürk ortaq mirasının izlərini yaşadan bir bölgədir. Türk xalqlarının ortaq qəhrəmanı olan Koroğlunun adı Bolu ilə bağlıdır. Digər bir ortaq mirasımız - Novruz bayramı hər il Boluda xüsusi təmtəraqla qeyd olunur. Boluda “Novruz təpəsi” deyilən məkan da var. Bütün bunlar bizi türk dünyası ilə bağlayan, qucaqlaşdıran möhkəm tellərdir. Bu zəmindən çıxış edərək Bolunu dünyada tanıtmağa çalışırıq. Bolu coğrafi baxımdan da əlverişli nöqtədə yerləşib. Ankara ilə İstanbulun ortasında qərar tutan bu məkandan avtobusla 3 saata Türkiyənin istənilən bölgəsinə getmək mümkündür. Torpaqlarının 60 faizi meşələrlə əhatə olunub. Ərazisində 200-ə qədər göl var. Beləliklə, Bolu çox gözəl bir coğrafiyaya sahibdir. Biz də öz növbəmizdə bu coğrafiyaya uyğun bir şəhər düzənləmək istəyirik və düşünürəm ki, buna az-çox nail oluruq. Məsələn, Bolu hazırda Türkiyədə yaşamaq üçün uyğun olan şəhərlər arasında 10-cu yerdə dayanır. Əgər belədirsə, nə üçün dünyadakı şəhərlər sırasında belə bir yerə sahib olmasın. Biz də hazırda bu hədəfə nail olmaq üçün müxtəlif layihələri reallaşdırırıq. Demək olar ki, türk dünyası və ərəb dünyasının hər yerindən turistləri qəbul edirik. Biz həm də idman turizmini inkişaf etdirmək istəyirik. Bununla bağlı çox ciddi layihələrlə məşğuluq. Bildiyiniz kimi qışda bütün futbol komandaları Türkiyənin Antalya bölgəsində məşq keçir. Biz isə istəyirik ki, idman yarışlarının yay mərkəzi Bolu olsun.
- Turizmin inkişaf etdirilməsi ilə mövzunu bir qədər də konkretləşdirsək, sözügedən istiqamətdə hansı addımlar atılır?
- Bolu turizm anlamında mövcud təbii gözəlliyi ilə yanaşı, ümumilikdə 1500 km uzunluğunda yürüş-səyahət yollarının çəkilməsini hədəfləyir. Meşələrdən keçən bu yürüş yollarının üzərində həm də turist düşərgələri salınacaq. Bolu müxtəlif isti su qaynaqları olması etibarilə də Türkiyənin ən zəngin rayonlarından biridir. Bu qaynaqlar bu günə qədər yalnız hamamlarda istifadə olunur. Bildiyimiz kimi isti su qaynaqlarının Türkiyədəki mərkəzlərindən biri Afyondur. Yaxın gələcəkdə biz də Bolunu belə bir mərkəzə çevirməyə çalışacağıq. Termal sularla bağlı layihə həm hamam, həm də sağlamlıq turizmi baxımından dəyərləndirilən bir fəaliyyətdir. Əgər bu reallaşarsa, Bolu dünyada sayılan turizm şəhərlərindən birinə çevriləcək. Bölgəmizdə həm də qış turizmi inkişaf etdirilir, buradakı xizəksürmə mərkəzi Türkiyədə ən önəmli mərkəzlərdən biridir. Yəni qış idman növləri sahəsində də Bolu xüsusi bir yerə sahibdir. Bundan başqa, mədəni turizmi ilə də diqqət mərkəzindədir. Safranbolu kimi Türkiyədə öz tarixi özəlliklərini qoruyub saxlayan yerlərimiz var. Vaxtilə Bolunun mərkəzində qədim hamamlar olub. Onlardan bu günümüzə qədər gəlib çıxanları bərpa edib gələcəyə ötürmək niyyətindəyik. Məsələn, bu yaxınlarda tarixi hamamlardan birini, “Sultan hamamı”nı bərpa edərək istifadəyə verdik. Bolu həm də Əhməd Yəsəvi kimi mütəfəkkir alimlərin yaşadığı bir məkandır. Məsələn, İstanbulu fəth edən Osmanlı hökmdarı Sultan Mehmetin müəllimi də Bolunun Göynük rayonundandır və hazırda qəbri də ordadır. Yəni bütün bu özəllikləri bir araya toplasaq, ilin bütün fəsillərində Bolunu gəzmək, görmək, burada faydalı bir zaman keçirmək mümkündür.
- Son vaxtlar Bolu türk dünyasının gündəminə həm də TÜRKSOY ilə işbirliyiniz əsasında həyata keçirilən “Koroğlu” abidəsi layihəsi ilə gündəmə gəlib. Bu layihə ilə bağlı işlər nə yerdədir?
- Biz TÜRKSOY-la Boluda Koroğlu parkını salacağıq və orada ümumtürk qəhrəmanının nəhəng abidəsini ucaldacağıq. Bununla bağlı bir müsabiqə də elan edilib və yaxın zamanlarda onun nəticələri məlum olacaq. Türkiyə daxil olmaqla bütün türkdilli respublikaların o parkda öz yeri olacaq. Bundan başqa, hər bir respublikanın öz payına düşən hissəni özünün tikməsini istəyirik. Əgər onlardan hansınınsa buna imkanı olmazsa, o zaman bunun da öhdəsindən özümüz gələcəyik. Bu park Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın ana yerləri olacaq. Bunlarla bərabər, muxtar türk respublikaları da parkda yer alacaqlar. Bir sözlə, yaxın gələcəkdə TÜRKSOY-la işbirliyimizi daha da genişləndirmək niyyətindəyik.
Onu da deyim ki, Bolunun mərkəzində, Borzanlar məhəlləsində 2 min 600 kvadratmetr ərazidə Qarabağ parkı salmışıq. O parkda Azərbaycan heykəltəraşı Akif Əsgərov tərəfindən hündürlüyü 7 metr və eni 4 metr olan “Xarı bülbül” adlı gül abidəsi də qoyulacaq. Qarabağ müharibəsində şəhid olanların, Türkiyədən, Boludan gedib Azərbaycan uğrunda savaşanların adları əbədiləşdiriləcək. Artıq parkda tikinti işləri başa çatıb, Azərbaycandan gələn heyətin iştirakı ilə açılış mərasimi olacaq. Yeri gəlmişkən, Bolu Azərbaycanın Qazax şəhəri ilə qardaşlaşıb və biz bu istiqamətdə birgə layihələr gerçəkləşdirməyi planlaşdırırıq. Türkdilli xalqların arasında Azərbaycan bizə ən yaxın olandır. Biz iki dövlət - bir millətik. Biz bunu örnək alaraq digər türk respublikaları ilə “beş dövlət - bir millət” devizini reallaşdırmaq istəyirik.

Mehparə Sultanova
Ankara