Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyi bu ilin mart ayında növbəti - IV Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinə start verib. Birliyin sədri Yaqub Öməroğlu ötən müddətdə müsabiqəyə türkdilli ölkələrdən xeyli hekayə daxil olduğunu bildirdi:

- Türk dünyası yazarlarını əhatə edən bu müsabiqəyə maraq ildən-ilə artmaqdadır. Əsərlərin qiymətləndirilməsi oktyabr-noyabr aylarında, mükafatlandırma mərasimi dekabrda Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Sözügedən müsabiqəni bütün türkdilli ölkələrdə yazarlar birlikləri, ədəbiyyat jurnalları elan etdilər. Ölkələr üzrə münsiflər heyəti də bu qurum və nəşrlər tərəfindən müəyyən edilən beş yazıçıdan ibarətdir. Şərtlərə əsasən, təqdim olunan əsərlər daha əvvəl heç bir müsabiqədə mükafat almamalı və hər hansı bir yerdə dərc edilməməlidir. Müsabiqəyə göndərilən hekayələrdə müəllifin ad, soyad və s. göstərilməməli, sadəcə təxəllüs yazılmalıdır. İştirakçı adını, soyadını, ünvanını, tərcümeyi-halını və 1 ədəd şəklini ayrı bir zərfə qoyaraq üzərinə təxəllüsünü yazıb, hekayənin qoyulduğu böyük zərfin içinə yerləşdirməlidir. Müsabiqədə mükafat qazanan əsərlərin bütün haqları Avrasiya Yazarlar Birliyinə məxsusdur.
Müsabiqəyə əsərlərin qəbulu tamamlanmaq üzrədir. Bu günlərdə Başqırdıstan birincisini açıqladı. Qarşıdakı günlərdə o biri jürilərdən də qaliblərin adlarını açıqlamalarını gözləyirik. Bu qaliblərin mükafatlarını verəcəyik. Azərbaycanda 42 müəllif tərəfindən 53 hekayə göndərilib. Türkiyədə isə 46 yazıçıdan 58 hekayə qəbul etmişik. İlk yarışma Kaşğarlı Mahmudun doğum gününə həsr edilmişdi və ümumilikdə 1000-ə yaxın hekayə göndərilmişdi. Bu il isə təxminən 500 hekayə daxil olub.
- Müsabiqənin türk dünyası üçün önəmini necə dəyərləndirirsiniz?
- Bu, türk dünyasını əhatə edən və bütün türk dillərində keçirilən yeganə ədəbiyyat yarışmasıdır. Bütün türkdilli ölkələrin yazarları müsabiqəyə hekayə göndərə bilər. Layihə həm də türk dillərinin bütün dünyada daha canlı tutulması baxımından da əhəmiyyətlidir. Bu, türk dünyasının bir hekayə Nobelidir. Tarixdə ilk dəfə bu cür ədəbi yarış keçirilir. Biz bu müsabiqəni daha da təkmilləşdirmək və brendə çevirmək istəyirik. Amma buna maddi vəsait də lazımdır.
- Avrasiya Yazarlar Birliyi bütün Avrasiyanı əhatə edirmi?
- Artıq 10 ildir ki, fəaliyyət göstəririk. Daha əvvəldən demişik ki, biz türk Avrasiyasıyıq. Amma Ukrayna, Rusiya, Koreya, Yaponiyadan da yayımladığımız əsərlər və əlaqədə olduğumuz ədəbiyyatçılar var. Amma əsas etibarilə türk xalqları ilə çalışırıq. Azərbaycanla da işbirliyimiz hər zamankı kimi davam edir. Yayda “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nı çap etdik. Bu layihə Azərbaycan ədəbiyyatının təbliği baxımından çox əhəmiyyətlidir. Önümüzdəki illərdə yenə də Azərbaycan ədəbiyyatından bir çox kitabları nəşr etməyi düşünürük.

Mehparə Sultanova
Ankara