“Azərbaycanın klassik musiqisinin dünya mədəniyyətinə verdiyi töhfələri qardaş Türkiyədə də lazımınca tanıtmalıyıq. Mədəniyyətlərimiz yaxındır deyib bunun üzərindən keçmək olmaz”

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov 2010-cu ildən bu postda fəaliyyət göstərir. Ötən altı ildə diplomatik fəaliyyətində mədəniyyətimizin qardaş ölkədə daha geniş tanıdılmasına, bu sahədə əlaqələrin inkişafına xidmət edən təşəbbüs və layihələrə də xüsusi diqqət ayırıb. Özünün dediyi kimi, Türkiyə ilə münasibətlərimiz “İki dövlət, bir millət” məfhumu üzərində qurulsa da, bir-birimizin tanımadığı, öyrəniləsi çox məqamlar var.
Elə söhbətə də körpünü mədəniyyət mövzusundan salırıq.


- Cənab səfir, hələ Misirdə səfir kimi çalışdığınız dövrdə mədəni əlaqələrə mühüm diqqət ayırdığınızı bilirik. Bu təşəbbüsləri Türkiyədə də davam etdirirsiniz. Diplomatik fəaliyyətinizdə mədəniyyət nə üçün bu qədər prioritetdir?
-
İnsan üçün bağlı olduğu tarixi kökləri, milli mədəniyyəti hər zaman müstəsna önəm kəsb edir. Mədəniyyət xalqın ümumi dəyəridir. Azərbaycanın tarixən zəngin mədəni dəyərlərə malik olmasını nəzərə alaraq, dövlətimizin, xalqımızın mədəniyyətə verdiyi dəyərdən irəli gələrək, bu sahədə əldə olunmuş nailiyyətləri təmsil etdiyim xarici ölkələrin xalqlarına da çatdırmağı özümə vəzifə borcu bilirəm. Ona görə də mədəniyyət diplomatik fəaliyyətimdə hər zaman xüsusi yer tutur. Ümumiyyətlə, müasir dövrdə diplomatiya təkcə siyasət deyil. Diplomatiya artıq keçmişdə olduğu çərçivədən çıxaraq geniş bir fəaliyyəti ehtiva edən bir faktora çevrilib. Bu həm də mədəniyyətin təbliği istiqamətində qurulan fəaliyyətdir.
Buna görə də 2005-ci ildə Misirə səfir təyin olunandan sonra fəaliyyətimin əsas istiqamətlərindən biri bu ölkədə Azərbaycanın mədəni irsinin, incəsənətinin tanıdılması oldu. Həmin il Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk dəfə Misirin paytaxtı Qahirədə və İsgəndəriyyə şəhərində Azərbaycan mədəniyyət həftəsi keçirildi. Bu tədbirlər böyük maraqla qarşılandı. Sadəcə ifaçılıq sənətimiz deyil, Azərbaycan xalçaları, rəsm əsərləri, qədim mis qablardan ibarət olan əşyaları, qədim musiqi alətləri çox yüksək səviyyədə təqdim olundu. Hətta Misir tərəfinin təklifi ilə eksponatlar tədbirdən sonra təxminən bir ay müddətində Qahirənin möhtəşəm opera binasının foyesində sərgiləndi. 2007-ci ildə isə səfirliyin təşəbbüsü və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkarımız Fikrət Əmirovun “Min bir gecə” baletinin Misir Opera və Balet Teatrının repertuarına salınması və səhnəyə qoyulması böyük rezonans doğurdu. Balet bundan sonra bir neçə il Qahirə teatrının repertuarında qaldı.

- Sonra “mədəniyyətə dəyər vermə” ənənəsini Türkiyədə davam etdirdiniz və 2012-ci ildə Türkiyədə ilk dəfə Azərbaycan mədəniyyəti həftəsi keçirildi. Niyə belə gec?
- Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyədir. Bizim qardaşlıq münasibətlərimiz ulu öndər Heydər Əliyevin bəyan etdiyi “İki dövlət, bir millət” məfhumu üzərində təşəkkül tapıb. Amma maraqlı hal ondan ibarətdir ki, 2012-ci ilə qədər, yəni 20 il ərzində bizim əlaqələrimizin ən yüksək səviyyədə olmasına baxmayaraq, Türkiyədə Azərbaycan mədəniyyət günləri keçirilməmişdi. Bunun izahı da çox idi: mədəniyyətimiz eyni köklərə dayanır, qardaş xalqlar bir-birini onsuz da tanıyır və s. Amma Türkiyəyə səfir təyinatımdan sonra belə bir qənaətə gəldim ki, Azərbaycanın çoxşaxəli mədəniyyəti Türkiyədə yetərincə tanınmır. Burda sadəcə bəzi ifaçılarımızın, böyük şairlərimizin adlarını bilirdilər. Amma çoxları Azərbaycanın muğam musiqisindən, klassik musiqi əsərlərimizdən xəbərsiz idi. Mədəniyyətlərimiz yaxındır deyib bunun üzərindən keçmək olmaz. Azərbaycanın klassik musiqisinin dünya mədəniyyətinə verdiyi töhfələr var, bunu qardaş Türkiyədə də lazımınca tanıtmalıyıq. Ona görə də Azərbaycan mədəniyyəti həftəsinin Türkiyənin bir neçə şəhərində keçirilməsini təklif etdik. Nəhayət, 2012-ci ilin may ayında Ankara, İstanbul və İzmirdə Azərbaycan mədəniyyəti həftəsi baş tutdu, gözəl tədbirlər keçirildi. Konsert proqramları gerçəkləşdi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə bağlı sərgi salonlarında Azərbaycanın qədim musiqi alətləri, xalçaları, rəsm əsərləri nümayiş olundu. Azərbaycan muğamı, balet və opera musiqiləri bu üç şəhərdə təqdim edildikdən sonra sıra gəldi Azərbaycanın şedevrlərinin Türkiyə səhnəsində ifa olunmasına.

- Yəni söhbət “Koroğlu” və “Leyli və Məcnun” operalarından gedir. Üzeyir Hacıbəylinin ölməz “Koroğlu”su Mersin şəhərində tamaşaçıların görüşünə gəldi. “Leyli və Məcnun” operası isə öz tarixində ilk dəfə olaraq Azərbaycandan kənarda bir teatrın repertuarına daxil edildi...
- Əslində, “Koroğlu” 2009-2010-cu illərdə Türkiyədə TÜRKSOY-un beynəlxalq layihəsi kimi səhnəyə qoyulmuşdu. Əsərin bütün xoreoqrafik tərəfi, dekorasiyası, kostyumları və s. mövcud olduğunu diqqətə alaraq belə bir fikir yarandı ki, “Koroğlu” operasını Türkiyə teatrlarının repertuarına salaq və opera Mersin Opera və Balet Teatrının 2015-2016 mövsümünün repertuarına daxil edildi. Şərqin ilk operası olan “Leyli və Məcnun” operasının da Ankara Dövlət Opera və Balet Teatrının repertuarına salınmasına nail olduq. Hər iki tamaşa böyük uğurla səhnələşdirildi.
2015-ci ilin yanvar ayında Mersində “Koroğlu”nun premyerası oldu və tamaşa böyük əks-səda doğurdu. Amma Azərbaycan və Türkiyə sənətçilərinin iştirakı ilə “Leyli və Məcnun” tamaşası daha böyük rezonansa səbəb oldu. Hətta teatrdan belə bir təklif də gəldi ki, operanı 2016-2017-ci il repertuarında da saxlamaq istəyirlər. O istəyi bizim Mədəniyyət və Turizm Nazirliyinə də çatdırmışıq və güman edirəm ki, müsbət cavab veriləcək.

- Cənab səfir, Türkiyənin müxtəlif bölgələrində çoxlu sayda azərbaycanlı incəsənət xadimi yaşayıb çalışmaqdadır. Onlar səfirliyin mədəniyyət layihələrində nə dərəcədə iştirak edir? Onlarla maraqlanır, əlaqə saxlayırsınızmı?
- Mədəniyyətlə bağlı fəaliyyətimiz təkcə Azərbaycan korifeylərinin tanıdılması, mədəniyyət günlərinin keçirilməsi ilə məhdudlaşmır. Bildiyiniz kimi, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən, Türkiyə ilə sıx əlaqələr yarandıqdan sonra bir çox sənət adamları dövlət xətti və ya öz istəkləri ilə Türkiyəyə gəldilər. O zamandan bəri Türkiyənin müxtəlif bölgələrində bir çox incəsənət universitetlərinin bünövrəsini bizim sənətkarlarımız qoymuşdur. Rəssamlarımız, heykəltəraşlarımız, bəstəkarlarımız, dirijor və ayrı-ayrı musiqi alətləri ifaçılarımız hər zaman Türkiyədə böyük bir rəğbətlə qarşılanıblar. Bizim sənətkarların Türkiyə incəsənətinə verdikləri töhfələr çox dəyərlidir. Onlar bu gün də öz fəaliyyətlərini davam etdirirlər. Əlbəttə, biz onları yaddan çıxarmırıq. 2010-cu ildən bu vaxtadək 3 dəfə Türkiyədə yaşayan azərbaycanlı rəssamların sərgilərini keçirmişik. Onların müxtəlif bukletlərinin, rəsm əsərlərini əks etdirən sərgi-afişalarının və s. hazırlanmasına dəstək veririk. Təşkil etdiyimiz sərgilər onlara daha geniş auditoriyaya çıxmaq imkanı verir. Gələn il növbəti belə sərgini keçirməyi planlaşdırırıq. Məsələn, Xocalı soyqırımı ilə bağlı səfirliyin sifarişi ilə Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən bəstəkar Nazim Mirişli “613” adlı bir əsər yazdı və bu əsər ilk dəfə 2012-ci ilin 26 fevralında Türkiyənin hökumət rəsmilərinin də iştirak etdiyi gecədə Bilkent simfonik orkestrinin ifasında səsləndi. Bundan başqa, Türkiyədə yaşayan azərbaycanlı teatr xadimləri, bəstəkarlarla əlaqələrimiz var, tədbirlərimizdə iştirak edirlər. Eləcə də TÜRKSOY ilə də yaxşı əlaqələrimiz var və quruma lazımi dəstəyi veririk.

- Turizm də mədəniyyət kimi bir ölkənin təbliğatının ayrılmaz hissəsidir. Azərbaycanlıların turizmdə ən çox önəm verdikləri ölkə Türkiyədir. Bəs sizcə, qardaş ölkədən Azərbaycana turist axınını necə qiymətləndirmək olar?
- Təbii ki, Azərbaycan turisti üçün Türkiyə hər zaman maraqlı ölkə olub. Azərbaycanda az insan tapılar ki, həyatında bir dəfə də olsun Türkiyəyə getməsin. Təəssüf ki, bunu Türkiyə əhalisi üçün demək mümkün deyil. Təbii ki, Türkiyə bizdən böyükdür. Ola bilsin ki, Azərbaycanın turizm potensialını burada hələ yetərincə təbliğ edə bilməmişik. Amma ümidverici hal odur ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi burada turizm nümayəndəliyini açdı. Düşünürəm ki, təbliğat nəticəsində Türkiyə vətəndaşlarında Azərbaycan turizmi ilə bağlı daha geniş fikir formalaşacaq. Bu yöndə atılan addımların davam etdirilməsi vacibdir. Bu işdə medianın da rolu mühümdür. Fürsətdən istifadə edərək, “Mədəniyyət” qəzetinə uğurlar diləyir, bu mövzunu da daim diqqətdə saxlamağınızı arzu edirəm.

Mehparə Sultanova
Ankara