“Biz istəyirik ki, bu sahədə çalışan insanlar daha bacarıqlı və bilikli olsunlar”

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində aparılan islahatlar öz bəhrəsini verir

Ölkəmizdə təhsilin məzmunca yaxşılaşdırılması, gənc nəslin dünyagörüşünün formalaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkil edilməsi qarşıda duran mühüm vəzifələrdən biridir. Tədrisin yüksək səviyyədə qurulmasında, sözsüz ki, peşəkar müəllim kadrlarının müstəsna rolu var.

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu gün ölkəmizdə də müəllimlərin peşə bayramıdır. Azərbaycanda təkcə bədii təhsil sahəsində 17 mindən artıq müəllim çalışır. Son illərdə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tədrisin səmərəliliyinin artırılması üçün müəyyən addımlar atılır, islahatlar aparılır. Nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyevlə söhbətimizdə bu barədə danışdıq.
Şöbə müdiri bildirdi ki, nazirliyin 10 illik fəaliyyəti dövründə, bütün sahələrdə olduğu kimi, bədii təhsildə də müəyyən islahatlar aparılıb. Nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə bu sahədə bir sıra yeniliklər həyata keçirilib, nəticələr əldə olunub.
Həmsöhbətim qeyd edir ki, hazırda respublikamızda ümumilikdə 239 musiqi, uşaq incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 68 minədək uşaq və yeniyetmə təhsil alır. Tədrisin səviyyəsinin yüksəldilməsi, idarəetmənin müasirləşdirilməsi istiqamətində nazirlik tərəfindən zəruri işlər görülür: “Son dövrdə məktəb direktorlarının seçimi məsələsinə böyük önəm veririk. Bu günə qədər 173 direktordan 134 nəfər müvafiq attestasiyadan keçmişdir. Etiraf etməliyik ki, bəzən direktorlar özləri hiss edirlər ki, artıq onların bu sahədə fəaliyyəti qənaətbəxş deyil və bu səbəbdən özləri işdən azad olunmaları ilə bağlı müraciət edirlər. Əsas məqsədimiz bu sahədə olan çatışmazlıq və problemləri aradan qaldırmaqdır. Müəllim adı hər zaman uca səslənib və biz istəyirik ki, bu sahədə çalışan insanlar daha bacarıqlı, savadlı və bilikli olsunlar”.

Bilikli və bacarıqlı mütəxəssislərə önəm verilir

Yaşar Əliyev bildirir ki, son iki ildə bədii təhsil müəssisələrinə işə qəbul prosesində yeniliklər tətbiq olunur. Bu prosesin şəffaflığına xüsusi fikir verilir: “Mədəniyyət və turizm nazirinin 3 sentyabr 2015-ci il tarixli qərarı ilə pedaqoji işçilərin işə qəbulu yeni qaydalarla həyata keçirilir. Rayon mədəniyyət və turizm şöbələri tərəfindən bizə təqdim olunan vakant yerlər komissiya tərəfindən ümumiləşdirilir. Daha sonra vakant yerlər və elektron ərizə forması nazirliyin saytında yerləşdirilir. Cari il üçün 600-ə qədər vakant yer təqdim edilmişdi. Bəzən müraciətlər zamanı yanlışlıqlar da olur. İddiaçı hansı məktəbə namizəd olduğunu dəqiqləşdirməlidir. Namizəd olmaq istəyənlər bu incəliklərə diqqət yetirməlidirlər”.
Hər il avqustun 15-nə qədər sənədlər toplanır, 28 avqustda isə ərizə qəbulu yekunlaşır. Sentyabrın 1-dən müəllimlərin yerləşdirilməsi reallaşdırılır: “Bu sistem şəffaflıq yaratmaqla yanaşı, məktəblərdə ən bilikli, bacarıqlı, musiqi və incəsənət sahəsində geniş dünyagörüşünə malik olanların qəbuluna şərait yaradır. Əvvəllər orta ixtisas məktəblərini bitirənlər, İncəsənət gimnaziyasının məzunları da pedaqoq kimi işə qəbul olunurdular. Ötən ildən bu hallar aradan qaldırılıb”.

Xalq çalğı alətlərinə marağın təşviq edilməsi

Şöbə müdiri bədii təhsildə uğur qazanılmasında bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğının xüsusi rol oynadığını vurğulayır. Bildirir ki, Mədəniyyət və Turizm Nazirliyi bir neçə istiqamət üzrə gənc istedadları dəstəkləyir, müxtəlif müsabiqələr keçirilir, yeni istedadlar üzə çıxarılır. Onlar Azərbaycanı müxtəlif beynəlxalq festival və müsabiqələrdə uğurla təbliğ edərək mükafatlar qazanırlar.
Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və nazirliyin müvafiq kollegiya qərarlarının icrası sayəsində müsbət nəticələr əldə edir: “Bizim təhsil müəssisələri bədii təhsildə ilkin pillədir. Buna görə də məqsədimiz işimizi gücləndirmək, gənclərin gələcəkdə təhsillərini təkmilləşdirərək yenidən musiqi məktəblərimizdə müəllim kimi çalışmalarına stimul vermək, eyni zamanda onların tanınmış musiqiçi, bəstəkar kimi yetişməsinə zəmin yaratmaqdır”.
Şöbə müdirinin sözlərinə görə, mədəniyyət və turizm nazirinin göstərişi ilə 2016-2020-ci illər üzrə fəaliyyət proqramı hazırlanıb: “Onun həyata keçirilməsi üzrə qarşımızda böyük vəzifələr durur. Fəaliyyət proqramının icrası çərçivəsində nəfəsli, zərb, simli musiqi alətləri üzrə təhsilin inkişafını stimullaşdıran ayrıca bir proqram da hazırlanıb. Təəssüflər olsun ki, səylərimizə baxmayaraq, son vaxtlar bu sahədə bir qədər mütəxəssis qıtlığı var. Məktəblərdə milli musiqi alətlərimiz üzrə tədrisi mütləq şəkildə inkişaf etdirməliyik. Bu, ikitərəfli problemdir. Məsələn, kamança alətinin tədrisində son 1-2 ildə müəyyən problemlər müşahidə olunurdu. Nazirlik tərəfindən Xalq artisti, görkəmli kamança ifaçısı Habil Əliyev adına kamança müsabiqəsi keçirildi. Bundan sonra məktəblərdə bu sahəyə maraq artdı və müraciətlər qat-qat çoxaldı”.

Turizm təhsili ümdə vəzifələrdəndir

Həmsöhbətim qeyd edir ki, Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlər ölkəmizdə güclü turizm industriyasının yaradılmasını hədəfləyir: “Bunun reallaşdırılması, o cümlədən xidmət keyfiyyətinin artırılması daha çox turizm təhsili ilə əlaqədardır. Bu kontekstdə Turizm İnstitutunun Turizm və Menecment Universitetinə çevrilməsi xüsusi önəm kəsb edir. Bundan əlavə, turizm üzrə kollec və peşə məktəbimiz fəaliyyət göstərir. Bu sərəncam bölgələrdə yeni peşə məktəblərinin açılmasına şərait yaradacaq”.
Y.Əliyev sonda peşə bayramı münasibətilə bütün müəllimlərə xoş arzularını çatdırdı: “Arzumuz və məqsədimiz uşaqların biliklərini təkmilləşdirib uğur qazanmalarına nail olmaqdır”.

Lalə Azəri