Ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova ölkəmizdə özbək ədəbiyyatının tanınmış tədqiqatçısıdır. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiridir. Özbək ədəbiyyatına dair bir sıra tədqiqatların müəllifidir.

- Almaz xanım, Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi haçandan başlanır?
- Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi qədim dövrlərə gedib çıxır. Bu əlaqələrin zəngin ədəbi mənzərəsini təsəvvür etmək üçün bəzi faktlara diqqət yetirək: beşcildlik "Özbək ədəbiyyatı tarixi" kitabında Nizaminin özbək ədəbiyyatının inkişafında müsbət təsiri ayrıca qeyd edilir: Xarəzmdə naməlum özbək müəllif “Müftah ül-ədl” adlı bədii əsərinin mövzusunu Nizaminin “Şah və iki bayquş” hekayətindən götürüb. “Xosrov və Şirin”in müəllifi Qütb Xarəzmi Nizamidən öyrəndiyini etiraf edib. Lütfi, Xarəzmi, Durbək, Gədayi, Ətayi, Səkkaki kimi orta əsrlər özbək klassikləri Azərbaycan ədəbiyyatı ilə bağlı olublar. Heydər Xarəzmi ilk dəfə Nizaminin "Sirlər xəzinəsi" poeması əsasında özünün "Məxzən ül-əsrar" əsərini qələmə alıb. Ə.Nəvai H.Bayqara sarayının baş vəziri işlədiyi dövrdə N.Gəncəvinin “Xəmsə”sinin ən qiymətli nüsxələrini xəttatlara yazdırıb ki, günümüzə gəlib çatan ən qədim nüsxələr də həmin əlyazmalardır. Ə.Nəvai “ustad” deyə baş əydiyi N.Gəncəvinin “Xəmsə”sinin təsiri ilə ilk dəfə cığatay türkcəsində “Xəmsə” yazaraq həm də türk ədəbi dil inqilabçısı kimi adını tarixə həkk etdirib.

- Ədəbi əlaqələr hər iki tərəfdən nə dərəcədə araşdırılıb? Özbək ədəbiyyatının araşdırıcısı kimi nələri tədqiq etmisiniz?
- Bu əlaqələr tarix boyu qarşılıqlı olub. Mütəxəssislər hər iki ölkədə baş verən ədəbi-bədii, elmi-nəzəri məsələlərlə yetərincə məlumatlı olublar. Bu gün də yaranan ədəbiyyat örnəkləri hər iki ölkədə tədqiqat obyektidir. Azərbaycan-özbək ədəbi əlaqələrinin poetik özülü Nizami irsinə özbək klassik şairlərinin məhəbbəti üzərində daha da möhkəmlənib. Eyni zamanda XV əsrdən sonra Nəvainin Azərbaycan ədəbiyyatına, o cümlədən, Füzuli, Kişvəri kimi nəhəng Azərbaycan klassiklərinin yaradıcılığına təsiri çox olub. Bu ədəbi faktlar “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” (Bakı, 2009) adlı məqalələr toplusunda geniş əks olunub. Doktorluq dissertasiyam əsasında nəşr etdirdiyim “Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələri: dövrlər, simalar, janrlar, təmayüllər” (2008) adlı monoqrafiyada ədəbi əlaqələrin zənginliyi nəzərə alınaraq beş bölümə bölünüb. Həmin bölümlər Azərbaycan-özbək ədəbi əlaqələrinin 600 illik tarixini əhatə edir.
Bu il “Özbək ədəbiyyatı (ədəbi portret cizgiləri, araşdırmalar, müsahibələr”) və Daşkənddə özbəkcə nəşr olunmuş “Özbək ədəbiyyatı və Azərbaycan (tədqiqatlar, ədəbi portretlər, söhbətlər”) kitablarım işıq üzü görüb. Özbək mətbuatında dərc olunan müsahibələrimdə iki xalqın ədəbiyyat dostluğundan bəhs edilib. İndiyə qədər 100-dən artıq elmi konfrans və simpoziumda məruzələr etmişəm ki, onların yarıdan çoxu özbək ədəbiyyatı ilə bağlı tədqiqatlar əsasında hazırlanıb.

- Özbəkistanda bizim ədəbiyyatın araşdırılması barədə nə deyə bilərsiniz?
- Daşkənddə özbək alimi Natan Mallayevin "Nizami Gəncəvinin irsi və onun təlim-tərbiyəvi əhəmiyyəti" adlı monoqrafiyasında iki xalqın ədəbi əlaqələrinə geniş yer verilib. Onlarla tədqiqat işləri, dissertasiyalar yazılıb. N.Gəncəvinin “Yeddi gözəl”, “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”, “İsgəndərnamə” poemalarından müəyyən hissələr “Güldəstə” kitabında (1947), “Seçilmiş əsərləri” (1983), “İncilər ümmanı” (1989), “Leyli və Məcnun” (2005) və “Xosrov və Şirin” (2005) poemaları və s. əsərləri fars dilindən özbəkcəyə tərcümə olunaraq çapdan çıxıb. Bugünlərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Nizaminin “Xəmsə"si özbək dilində nəşr edilib.
Müstəqillik illərində istər Azərbaycan dilindən özbəkcəyə, istərsə özbək dilindən azərbaycancaya tərcümə olunan nümunələrin böyük bir hissəsini vətənpərvər obrazları və azadlıqsevər qəhrəmanları ilə seçilən əsərlər təşkil edir. Bu baxımdan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Fikrət Qoca, Vaqif Səmədoğlu və başqalarının şeirlərinin, Yusif Səmədoğlu, Anar, Elçin və digər müəlliflərin nəsr əsərlərinin özbək dilinə, eləcə də Abdulla Arif, Erkin Vahid, Osman Əzim, Osman Qoşqar, Şövkət Rəhman, Xeyrəddin Sultanov, Əbdülhəmid İsmayıl kimi özbək şair və yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümələrini vurğulamaq gərəkdir. Ülvi Bünyadzadənin hekayə və şeirləri özbək dilinə tərcümə olunaraq qəzet, dərgi və almanaxlarda nəşr edilib.
Osman Qoşqarın Azərbaycan ədəbiyyatından tərcümələri də diqqətəlayiqdir. Onun Mirzə Cəlil, M.Ə.Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Cəfər Cabbarlı və başqa klassiklərimizdən, xüsusən Hüseyn Cavidin “İblis”, “Topal Teymur”, “Şeyx Sənan” əsərlərinin tərcüməsi Özbəkistan ədəbi mühitində böyük rəğbətlə qarşılanıb. Son illərdə “XX əsr Azərbaycan şeriyyəti antologiyası” (Daşkənd, 2013) və “Umrdan uzun gecə” (Azərbaycan yazıçılarının hekayələri, Daşkənd, 2014) toplularında müasir Azərbaycan şair və yazıçılarının əsərləri yer alıb. Azərbaycanda da bu yöndə işlər davam edir. Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi yaradılıb. Şöbənin nəzərdə tutduğu işlərdən biri “Özbəkistan ədəbiyyatı antologiyası”nı hazırlamaqdır, bununla bağlı işlər başa çatmaq üzrədir.

S.Qaliboğlu