“Bu, saz-söz sənətidir. Onun öyrədilməsinin dədə-baba üsulu daha yaxşıdır”

Müsahibimiz sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xalq musiqisi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, “Musiqi dünyası” jurnalının baş redaktoru və naşiri Tariyel Məmmədovdur.

- Tariyel müəllim, söhbətə baş redaktoru olduğunuz jurnaldan başlayaq...
- “Musiqi dünyası” beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif jurnalıdır. 1999-cu ildən nəşr olunur. İldə 4 sayımız çıxır. İndiyədək 67 sayımız işıq üzü görüb. 1999-cu ildən jurnalın saytı (www.musigi-dunya.az) da fəaliyyət göstərir. Bu, ölkəmizdə yaradılan ilk saytlardan biridir. İndi bu sayta bağlı 45 saytımız var. Bunların içində Üzeyir Hacıbəyli, Rəsul Rza, İlyas Əfəndiyev, Əfrasiyab Bədəlbəyli, Qara Qarayev, Tofiq Quliyev haqqında memorial saytları, virtual “Teatr Muzeyi”, “Azərbaycan teatrı: dünən, bu gün, sabah” potalı və başqa mövzularla bağlı yaratdığımız saytları örnək göstərə bilərəm.
Hələlik sonuncu işimiz “Məktəblilərin elektron musiqi kitabxanası” () layihəsidir. Bu, məktəblilər üçün zəngin bir xəzinə olacaq. Gələcəkdə məktəblilərin not kitabxanasını yaratmaq istəyirəm. Eyni vaxtda həm əsəri dinləyə, həm də nota baxa bilsinlər. Musiqi ilə bağlı ən böyük arxiv bizdədir. Bir çox tanınmış şəxsiyyətlərin məktublaşmasını da ayrıca bir saytda toplamışıq.

- Aşıq musiqisinin nota köçürülməsi sahəsində xidmətlərinizdən danışardınız.
- Mənim əsas işim “Koroğlu” dastanındakı havacatları nota çevirmək olub. Burada əsas 7 hava var, variantlarla birlikdə 13 havadır. Onların içərisində oyun, döyüş havaları, gözəlləmələr var. “Koroğlu” havaları haqqında ayrıca kitabım çıxıb. Bundan başqa, klassik aşıq havalarından kitab yazmışam. 80 aşıq havasını nota köçürərək araşdırmaya cəlb etmişəm. “Qaraçı”, “Ovşarı” kimi qədimdən gələn saz havalarımız var. Onlardan sonra Şirvan aşıqlarının pişrovları, 100 il öncənin aşıq havaları gəlir. Məsələn, bir Koroğlu havası var, Borçalıda yayğındır. Adı “Təbli-cəngi Koroğlu”dur. Mənə bunu aşıq Hüseyn Saraclı oxuyub. Yalnız o bölgəyə aid havadır. Bunu bir dəfə də Mikayıl Azaflı ayrı sözlərlə oxudu. O isə bu havanın adının “Qanlı Koroğlu” olduğunu dedi. Bir havanın iki variantı var. Variantları olan belə havalar çoxdur. Şifahi ənənəli peşəkar musiqi belə gözəlliklərə sahibdir. Ayrı-ayrı ustalar, ifaçılıq məktəbləri varsa, variantların olması təbiidir. Not çalğısından fərqli olaraq şifahi yolla çalınan əsərlərdə fərqlər ortaya çıxır. Şifahi ənənəli musiqinin taleyi auditoriyadan da çox asılıdır. Elə yer var ki, saz havası tam, elə yer var, yarımçıq ifa olunur.

- Azərbaycanda aşıq musiqisini siz də daxil olmaqla bir neçə nəfər notlaşdırıb...
- Mərhum musiqişünas Nazim Bağırov bir vaxtlar bu işlə məşğul olub. Onun istəyi saz musiqisini populyarlaşdırmaq idi, bu məqsədlə onu fortepiano üçün nota saldı. Həmin notlar əsasında hər bir musiqiçi saz havasını fortepianoda çala bilər. Amma bu, elmi yol deyil. Elmin ayrı dili var. Aşıq sazda necə çalırsa, nota elə salınmalıdır. Mənim yolum elmi yoldur. Saz havasını sazda çalmaq üçün nota salmalısan. Mən belə etmişəm.

- Bir yandan da aşıq sənətini notla öyrənmək mümkün deyil...
- Düzdür. Keçmişdə şəyirdlər ustadların əllərinə baxmaqla, dastanları əzbərləməklə, 7-12 ilə qədər usta yanında qalmaqla aşıqlıq sənətinin sirlərinə yiyələnirdilər. Aşıq sənətini notla öyrənmək, məncə, istənilən sonuc verməz. Bu, saz-söz sənətidir. Onun öyrədilməsinin dədə-baba üsulu daha yaxşıdır. Mən aşıq sənətini elmi şəkildə araşdırmışam. Bundan ötrü bütün Azərbaycanı gəzərək aşıqlarla görüşdüm, klassik havaları öyrəndim və notlaşdırdım. 1983-cü ildə Moskvada “Koroğlu havalarının quruluşu” adlı namizədlik, 1989-cu ildə isə “Klassik aşıq havaları” adlı doktorluq işimi müdafiə etmişəm. Müdafiə vaxtı özümlə Moskvaya saz aparmışdım, bəzi nümunələri əyani göstərə bildim, əla qarşıladılar.

- Bizdə neçə aşıq havası var?
- Bunun dəqiq sayı yoxdur. Hüseyn Saraclı aşıq havalarının 77, Aşıq Əkbər 102, Aşıq İmran 130 olduğunu deyirdi. Klassik aşıq havaları və onların ayrı-ayrı variantları ilə birlikdə 250 saz havası olar. “İncigülü”, “Yurd yeri”, “Çoban bayatı” bunlar klassik havalardır, indi onları oxuyan da yoxdur. Aşıq İmranda əsl Koroğlu səsi vardı.

- Yeni aşıq havaları yarana bilərmi?
- Muğamdan fərqli olaraq yeni aşıq havaları hər zaman yarana bilər. Muğam aşıq musiqisindən sonra gəlir. Öncə şamanlar, ozanlar olublar. Yunus Əmrə aşıq titul adını alan ilk şəxsdir. Aşıq “işıq” sözündəndir, sufilərdən gəlib.

S.Qaliboğlu