Teatrla yaşıd bədii rəhbərin etirafı

“Azərbaycan və Gürcüstan teatrları dostlaşsa, bizim dünyaya səs salan layihələrimiz ola bilər”

İrakli Qogiya. Zəngin teatr ənənələrinə malik Gürcüstanın cavan və tanınmış teatr xadimlərindən biri. Sakit təbiətli, daim fikirli adam təsiri bağışlayan, alçaq səslə danışan, yaşına görə bir azca şişman, müstəqil Gürcüstanda böyüyən əksər cavanlardan fərqli olaraq fikrini rus dilində dəqiq çatdıra bilən geniş təxəyyüllü, cəsarətli quruluşları ilə seçilən rejissor.
İrakli artıq üç ildir ki, S.Axmeteli adına Tbilisi Dram Teatrının bədii rəhbəridir. Qəribədir ki, rəhbərlik teatrla yaşıddır. İkisi də 35 yaşındadır. Əslində, nə teatr rejissoru, nə də teatr üçün o qədər də çox yaş deyil. Görək, həmsöhbətim bu barədə nə düşünür?


- 35 yaş o qədər də az deyil. Üç ildir ki, bədii rəhbər təyin olunmuşam. Kollektivdə məşhur aktyorlar çox idi, amma yaşlaşmışdılar... Mədəniyyət Nazirliyinə müraciət etdim. Bir dəfəyə 25 gənc aktyoru teatra cəlb etdik. Üç ildə yenilənmiş kollektivlə 25 yeni tamaşa qurmuşuq. Braziliya, Fransa, Belarus, Ukrayna və başqa ölkələrdə festivallarda iştirak etmişik.
- Səhv etmirəmsə, Şəki festivalı S.Axmeteli teatrının Azərbaycana ilk gəlişi idi...
- Bəli, bu teatr ilk dəfə Azərbaycanda bu festivalda çıxış etdi. Vaja Pşavelanın «Ev yiyəsi və qonaq» əsərinin tamaşasını nümayiş etdirdik.
- Dağ adamının qonaqpərvərliyi, şərəf və ləyaqəti məsələsinin qaldırıldığı bu tamaşa aktyor oyunundan daha çox səhnə həlli ilə diqqətimi xüsusilə çəkdi. Səhnədə quraşdırılmış güzgülər, işığı salona tuşlanan sofitlər qəribə bir ovqat yaradır, adamı antik dövrlərə aparırdı...
- Mən klassik teatrı sevmirəm. O, ömrünü başa vurub. Müasir teatr tamaşası isə göstəri yox, bir növ mərasimdir. Sizin dediyiniz kimi, belə tamaşada aktyorla tamaşaçının canlı ünsiyyəti alınır. Vaja Pşavela bu pyesi qədim gürcülərə, onların, yəni həm də bütün qafqazlıların oxşar adətlərinə həsr edib. Qafqazlılar bir-birini sevirlər, onların arasındakı münasibətlər korlanarsa da, düzəltmək lazımdır. Mədəniyyət, teatr irəli çıxıb sənətin gücü ilə dostluğu möhkəmləndirməlidir.
- Əslində, köklü qafqazlılar həmişə dost olublar, aranı vuran sonradan gələnlərdir...
- Gələnlərə də özümüz qucaq açmışıq. Düşünmüşük ki, Qafqaz dağları bitmir, tükənmir. Onun qoynunda hamıya yer çatar. Mən isə bir gürcü, bir qafqazlı rejissor olaraq hesab edirəm ki, ən sadiq dostumuz lap yaxınımızdadır. Gürcü teatrının özünə ən yaxşı tərəfdaşı Azərbaycandan tapması məsləhətdir. Bilirsiniz, tarix boyu dünyaya ən yaxşı mədəniyyət Asiyadan yayılıb. Avropa dəyərlərini üstün tutsaq da, Azərbaycan da, Gürcüstan da Asiya ölkəsidir. Əgər Azərbaycan və Gürcüstan teatrları dostlaşsa, bizim çox yaxşı, dünyaya səs salan layihələrimiz ola bilər. Əslində məişətimizdə də, xarakterimizdə də ümumi cəhətlər çoxdur.
- Anladığım qədər, Azərbaycanı pis tanımırsınız?
- Bakıda çox olmuşam. Dostlarım çoxdur. Bir də gördün, könlüm istədi, qatara minib Bakıya gəlirəm. İçərişəhərdə bir neçə saat dolaşmaq bəs edir ki, fikirlərim durulsun. Akademik Milli Dram Teatrının, «Yuğ» teatrının tamaşalarını maraqla izləyirəm.
- İndi sizi Bakıda nə vaxt gözləyək?
- Tezliklə orada olacağam. IV Bakı Beynəlxalq Teatr Konfransına Gürcüstandan gələcək böyük nümayəndə heyətinin tərkibində mən də varam.
- Nə yaxşı. Bəs birgə əməkdaşlıq layihələri barədə nə düşünürsünüz? Hətta mənə bir qədər qəribə də gəldi ki, niyə sizə Bakıda tamaşa qurmaq təklif edilməyib...
- Əslində belə bir fikir var. Qarşılıqlı əməkdaşlıq məsələsi aktuallaşanda çalışıram ki, ilk addımı özüm atım. Mikayıl Mikayılova bizdə tamaşa hazırlamağı təklif etmişəm. Həm də onun «Yuğ»da hazırladığı «Medeya»nın Gürcüstanda qastrolunu təşkil etmək fikrim var. Teatrlarınızla əməkdaşlığa dostluqdan başlamaq istəyirəm ki, münasibətimizin təməli möhkəm olsun.

Gülcahan Mirməmməd