Məşhur şair, filosof Nikolay Qumilyov ağır təqib və təzyiqlərə, DTK-nın zindanında işgəncələrə məruz qalsa da və sonda ölüm cəzasına məhkum edilsə də, həqiqətin gözünün içinə şax baxdı. “Mən hunam, türk mənşəliyəm” dedi, “kökümü, soyumu dana bilmərəm” söylədi. Bu etirafdan qorxan “qırmızı imperiya” Nikolayı bağışlamadı. 1937-ci ildə sakitcə güllələdi. Həyat yoldaşı, məşhur şairə Anna Axmatova (Əhmədova, daha bir türksoylu) ev dustağına çevrildi, uzun müddət əsərlərinin çapına qadağa qoyuldu. Yeganə övladları Lev Qumilyov ata-ana yolunun davamçısına çevrildi: şərqşünas alim kimi tanındı, türkologiyaya, qədim türklərin tarixinə, mənşəyinə, dilinə dair kitablar yazdı, yüzlərlə məqalə çap etdirdi. SSRİ hökumətindən mükafatı isə əzablı-əziyyətli həbsxana həyatı oldu.
   
   Onlar milli əqidə yolunda, məslək uğrunda mücadilə apardılar, həyatlarını itirdilər, lakin yaratdıqları qaldı. Bu şəxsiyyətləri ölümə sürükləyən sovet imperiyasının da ömrü uzun sürmədi, 70 il çəkdi. Qumilyovlar, Axmatovalar isə həmişəlik tarixdə qaldılar, əbədi yaşamaq hüququ qazandılar. 1991-ci ildə sovet imperiyasının dağıntıları altından yeni müstəqil türk cümhuriyyətləri istiqlaliyyətə qovuşdu: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan.
   XX yüzilliyin 30-cu illərində doğma vətənindən qovulan və məhz Türkiyənin qucaq açdığı didərgin ruhlu şairimiz Almas İldırım “Qara dastan”ında yazırdı:
   
   ... Qazan, Başqurd batmış, Kırım sürülmüş
   Mənim çəvik gözlü yarım sürülmüş,
   Qonum-qonşum, bütün varım sürülmüş
   Bulunurmu Sibiryada iman, hey!
   Qoca türkün düşdüyü gün yaman, hey!
   
   Türk elləri bir-birinə yadlanır,
   Qazax, qırğız, türkmən, özbək adlanır
   Azəri türk yanır, içdən odlanır,
   Ana yurdum içdən halı duman hey!
   Qoca türkün düşdüyü gün yaman, hey!
   
   Mustafa Kamal Atatürkün möhtəşəm özül üstə qurduğu Türkiyə Cümhuriyyətindən sonra indi digər türk xalqları da özünə qayıtmağa başlayıblar. Rusiyanın tərkibində müstəqil Tatarıstan və Başqırdıstan respublikaları yaranıb. Pərən-pərən düşmüş udmurtlar, qaqauzlar, qaraqalpaqlar, altaylar, nanaylar, yakutlar və digər onlarla türk əsilli, türksoylu Sibir xalqları münbit zəmində baş qaldırıblar, azadlıq uğrunda çarpışırlar. Əski türkün yenilməz ruhu onları türk bayrağı altında birləşməyə çağırır.
   TÜRKSOY-un Ankarada yerləşən əzəmətli dördqatlı binasında təşkilatın idarə, maliyyə və hüquqi dairə başqanı Sancar Mülazimoğlunun kabinetində şirin-şirin dərdləşir, əsrlərin çoxcildlik kitablarını vərəqləyir, tarixə səyahət edir, türk xalqlarının ədəbi-mədəni əlaqələrindən dəm vururuq. Sancar bəyin fikirləri maraq doğurmaya bilməz: “Xalqlar da coşqun sular kimi, dəryalar, dənizlər kimidir. Tarixin müxtəlif mərhələlərində qabarmaları, çəkilmələri olur. Uzun susqunluq və zahiri sükutdan sonra növbə mütləq türkündü, bu şansdan istifadə etmək, onu fövtə verməmək gərəkdir. Süquta uğrayan xalq həmişəlik məhvə məhkumdur. XX əsrin sonu, yeni yüzilliyin başlanğıcı türkün yeni intibah, tərəqqi illəridir. İndi həm də demək olar, bu çağlar TÜRKSOY-un, necə deyərlər, “gümüş” dövrüdür, onun dirçəliş, yaranma, təşəkkül tarixidir”.
   Türkün qədim və böyük mədəniyyəti Orxon-Yenisey, Qobustan, Anadolu abidələrində, “Dədə Qorqud”, “Manas”, “Koroğlu” dastanlarında, ölməz saz-söz sənətində, Daşkənd, Səmərqənd, Buxara, Almatı, Dərbənd, Şamaxı, Bakı, Gəncə, Şəki, Ərdəbil, Təbriz, İstanbul, Tarsus, Ərzurum, Trabzon, Ankara, Kərkük kimi əski şəhərlərin simasında yaşayır. Sadəcə, bir ortaq təşkilat, kültür-sənət birliyi çağdaş dövrümüzdə lazım idi ki, gündoğandan günbatanacan səpələnən eyni soylu, eyni köklü xalqı yeri gələndə bir araya gətirsin. Və ötən əsrin sonlarında TÜRKSOY-un əsası qoyuldu.
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlının söylədiklərindən:
   - TÜRKSOY-un ərsəyə gəlməsi, bir kültür təşkilatı kimi formalaşması üç böyük şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin, hörmətli Süleyman Dəmirəlin və Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin adları ilə bağlıdır. Sonra digər türkdilli müstəqil dövlət başçıları təşəbbüsə qoşuldular. Onu da deyim ki, TÜRKSOY-un ilk başqanı Polad Bülbüloğlu təşkilatın formalaşmasında, fəaliyyətində çox işlər görüb. Qısa müddətdə Ankarada Fərit Rəcai Ərtoğrul caddəsi, 8 ünvanında yaraşıqlı, müasir üslublu gözəl bir bina inşa olundu. İndi bura hər bir türk övladı üçün ocaqdır, pirdir, camedir, müqəddəs məbəddir.
   Məlumdur ki, dünyada mədəni irsi qoruyan, mədəniyyətləri təbliğ edən beynəlxalq təşkilat kimi UNESCO fəaliyyət göstərir. Düzdür, onun xəritəsi daha genişdir və imkanları daha böyükdür. Ancaq bəzən türk dünyasının elə dahi sənətkarı, fədaisi var ki, UNESCO-nun diqqətindən kənarda qalır. Bu mənada TÜRKSOY-a ehtiyac var idi.
   Məsələn, heç uzağa getməyək: Əhməd Zəki Vəlidi Toğanı götürək. Bu insan vətənindən dəfələrlə dərbədər düşdü, başqırd dili, ədəbiyyatı, mədəniyyəti uğrunda mübarizədə sovet məxfi təşkilatları tərəfindən izlənildi, haqqı tapdalandı, amma əqidəsindən dönmədi. Əhməd Zəki böyük türk oğlu kimi həm Başqırdıstanda, həm də Türkiyədə eyni məhəbbətlə sevilir. TÜRKSOY 2010-u Əhməd Zəki ili elan etdi, bu münasibətlə mütəfəkkir ziyalının 100 illik yubiley tədbirləri Ufada, Almatıda, İstanbulda, Ankarada, Bakıda, Kazanda keçirildi. Hətta Tarsus şəhərinin bələdiyyə başqanı Bürhanettin Kocamas təşəbbüs qaldırdı, şəhərin mərkəzi küçələrinin birində Əhməd Zəkinin anım lövhəsi vuruldu. Bu tədbirlər türkün yaddaşını özünə qaytarır.
   TÜRKSOY-un müasir dəbli binasının birinci qatındayam. Bura elə bil türk dünyasının mədəniyyət xəritəsidir. Hər tərəf tanınmış türk rəssamlarının, fırça ustalarının tabloları ilə bəzədilib. Burada dünyanın bütün rəngləri, rəng çalarları birləşib: qırmızıya çalan laləli düzənlik üfüqlərəcən uzanır. Yamyaşıl dağlar, xınalı qayalıqlar, gömgöy ormanlar, bənizi saralmış çəmənlikdən görünüşü çəhrayı otlar, burulğanlı dəli-dolu çaylar, şəffaf su hövzələri, göllər dünyamızın varlığının həyat əlamətləridir. Otaqların da hamısı sanki bu böyük mənzərənin kiçik modelləridir, hər yerdə sənət əsərləri, ölməz tablolar asılıb.
   Bir haşiyə çıxım, nədənsə birdən-birə yadıma Baykal gölü (Bəy gölü, Böyük göl), onun dörd tərəfindəki təkrarsız, bənzərsiz mənzərələr düşdü. Baykal - ulu Tanrının ən böyük rəsm əsəri, ən iri canlı su abidəsidir. Əgər bütün dünyada şirin su hövzələri qurusa, Bəy gölü öz möcüzəli suyu ilə bəşəriyyəti sərasər 9 il susuzluqdan saxlaya bilər. İndi türkə bu göldən yalnız ad yadigar qalıb, dadı özgənindi, yadındı...
   
   Keşikçi sıra dağlar,
   Yay-qış sırsıra bağlar
   Damızdırır buzunu Baykala,
   Küknar, şam meşələri
   Sürtür üzünü Baykala.
   
   Baykal da qədim türkün şah əsəri idi. Və gölə hər tərəfdən tökülən bütün çayların adları qədim türk sözləri, azca təhrif olunmuş əski türk toponimləridir. Baykala tökülən ən iri, gur sulu çay Kutulik adlanır. Həmin söz əski İtilin (İdil), müasir Volqanın təhrif olunmuş variantıdır. Qədim türk dilində “Böyük su” anlamını verir. Nə yaxşı, yaddaşdan silinməyib. Müasir türk yaddaşının möhkəmliyi naminə vaxtında bütün yaratdıqlarına yiyə çıxmalıdır. Yoxsa kimin əlinə nə keçdi, saxta tarix yaradıb, özününküləşdirir. İstər torpaq olsun, istər göl olsun, istərsə də çay...
   
   * * *
   
   Hər rübdə bir dəfə nəşr olunmaqla ildə dörd sayı işıq üzü görən “TÜRKSOY” dərgisinin müxtəlif nömrələri qarşımdadır. Türk xalqlarının mədəni inteqrasiyasında, bu mədəniyyətlərin bir-birinə nüfuz etməsində jurnalın xidmətləri misilsizdir. Əvvəla, jurnalda materiallar əsasən Osmanlı türkcəsində dərc olunsa da, bir qisminin rus dilində tərcüməsi də verilir. Bu başadüşüləndir. Axı Rusiyada yaşayan tatarlar, başqırdlar, udmurtlar və digər azsaylı xalqlar Türkiyə türkcəsini mənimsəməkdə hələ çətinlik çəkirlər. İkinci tərəfdən, başqa türkdilli dövlətlərin dillərində də orijinal məqalələr, reportajlar, resenziyalar, oçerklər, xəbərlər dərgidə yer alır. TÜRKSOY-un Quzey Kıbrıs təmsilçisi Gülər Fədainin sözləri ilə desək, “Dərgi bu gün hər bir türkün ana kitabıdır”.
   TÜRKSOY-da müxtəlif ziyalı şəxslərlə söhbətlərimdən belə nəticəyə gəldim ki, dərginin maliyyə problemi var və aylıq müntəzəm surətdə çıxmamasının səbəbi elə bununla bağlıdır. Bəlkə də bu, əhəmiyyətini kifayət qədər başa düşmədiyimiz bir məsələyə biganəliyimizdən irəli gəlir. Yoxsa buna para tapmağa nə var ki? Dərgi - yazılı tarixdir. Bu tarixə ortaq olmaq üçün hamı çiynini yükün altına verməyi bacarmalıdır.
   “TÜRKSOY” jurnalı bizi bir-birimizə daha yaxşı tanıdan qırılmaz tellərlə bağlayan elə bir mənbədir ki, yüzümüz, minimiz o işin qulpundan yapışsaq öhdəsindən gələ bilmərik. Jurnalın müxtəlif saylarını vərəqlədim: başqırd mətbəxi barədə, tatar rəqsləri haqqında məlumat aldım, qaqauz, qırğız, özbək, türkmən poeziyasından nümunələr oxudum. Eyni zamanda Məhəmməd Füzulinin, Əlişir Nəvainin, Qaracaoğlanın, Dadaloğlunun yaradıcılığından bəhs edən tədqiqat xarakterli rəylərə, lisenziyalara rast gəldim. Belə dərginin fəaliyyəti hər cəhətdən dəstəklənməlidir.
   TÜRKSOY-un baş katibinin (Düsen Kaseinov) yardımçısı Firat Purtaşın sözləri yadıma düşdü: “Əgər, Dədə Qorqud, “Manas”, “Koroğlu” hamımızındırsa, Mövlanə Rumi, Yunis Əmrə, Nəsimi, Füzuli, Nəvai, Qaracaoğlan, Məhdimqulu, Abay hər biri türkündürsə, ortada milli düşüncə eyni yerdən qaynaqlanırsa, fərqi yalnız düşmənlərimiz görə bilər. Türk yeni əsrdə bu fürsəti heç kəsə verməməlidir - bizim birliyimiz, inkişafımız, təşəkkülümüz, sabahımız naminə”.
   Əlbəttə, hər işdə, hər sahədə, nöqsan tapmaq olar. TÜRKSOY da təşkilat kimi hələ “gümüş” dövrünü yaşayır. Qarşıda isə “qızıl illər”, “qızıl” var!
   
   Ağacəfər Həsənli,
   Ankara-Bakı