«İordaniyaya səfər edən hər bir kəs burada özü üçün xüsusi bir şey tapa bilir»... Bu deyim heç də təsadüfi deyilmiş. Həqiqətən də, Şərqlə Qərbin qovuşduğu bu əfsanəvi ölkədə keçirdiyimiz bir neçə gün hamımızda yaddaşımızdan silinməyəcək səfər təəssüratları yaratdı. Qədim və eyni zamanda müasir İslam dövlətinə səfərimizsə zəngin mədəniyyətimizin dünyada tanıdılması, təbliği üçün son illər həyata keçirilən ardıcıl tədbirlərdən növbəti biri - İordaniyada Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı idi... 
    
   Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi 50 nəfərlik rəsmi nümayəndə heyətinin tərkibinə nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq əlaqələr və protokol sektorunun müdiri Rauf Paşayev, M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov və başqaları, yaradıcı heyətə isə Xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblının kollektivi, Əməkdar artist Məcnun Kərimovun rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblının üzvləri, xanəndələr İlkin Əhmədov, Vəfa Orucova, əməkdar artistlər Nuriyyə Hüseynova, Elza Seyidcahan, Teyyub Aslanov daxil idi.
   Əvvəlcə onu qeyd edim ki, İordaniyaya getmək üçün yolumuz İstanbuldan keçirdi. 2010-cu ildə Avropanın “Mədəniyyət paytaxtı” elan edilən bu ecazkar şəhəri görmək hər kəs üçün xoş idi. Üstəlik, İstanbul hava limanında tıxac yarandığından təyyarəmiz nə az, nə çox, yarım saat Qara dənizin və şəhərin üzərində dövrə vurdu və biz İstanbulu göydən də xeyli seyr etmək imkanı qazandıq. Ancaq niyyətimiz də, elə mənzilimiz də başqa istiqamətəydi...
   Və bu da əfsanəvi Əmman şəhəri. Üç milyona yaxın əhalisi olan bu şəhərin olduqca maraqlı görünüşü var. Şəhər əsasən təpələrin üzərində salınmış ayrı-ayrı məhəllələrin birləşməsindən təşkil olunub. Deyilənə görə, Əmman əvvəllər cəmi 9 məhəllədən ibarət olub. İndi isə belə məhəllələrin sayı 27-yə çatır. Adına gəlincə, İordaniya paytaxtının adı ilk vaxtlar Rabat Ammon olub. Romalılar bu ölkəni zəbt edəndən sonra Filadelfiya, Xilafət dövründə isə Əmman adlandırılıb. Şəhər bütünlüklə qala divarları ilə əhatə olunub.
   İordaniyalıların eynən bizim kimi çox mehriban və qonaqpərvər olmaları bu ölkədə diqqətimizi ilk cəlb edən məqam oldu. Qəribədir ki, iordaniyalılar xarici görünüşcə də bizdən fərqlənmirlər. Hətta qarşılaşdığımız insanlarla danışana qədər onların başqa millətin nümayəndəsi, başqa dövlətin vətəndaşı olduğunu təxmin etməyə çətinlik çəkirdik. İordaniyanın dövlət dili ərəb dilidir. Amma əsasən də paytaxtda ingilis dilində danışanlar çoxdur.
   
   Rəsmi görüşlər
   
   Səfərimizin ilk günü bir neçə görüşlə yadda qaldı. Noyabrın 30-u günün birinci yarısında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İordaniyanın turizm və tarixi abidələr naziri Zeyd Qussus ilə görüşdü. Söhbət əsnasında iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirilməsi üçün yüksək potensial olduğu hər iki nazir tərəfindən qeyd edildi. Görüş zamanı nazir Əbülfəs Qarayev Bakıda keçirilən turizm sərgilərində İordaniyanın da iştirakının arzulandığını həmkarının diqqətinə çatdırdı. Onu da qeyd edim ki, nümayəndə heyətimizin tərkibində təmsil olunan «Caspian-tur» turizm şirkətinin rəhbəri Murad Məmmədov İordaniyanın Turizm Assosiasiyasının rəhbəri ilə görüşdü, turizm sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparıldı.
   Həmin gün nazir Əbülfəs Qarayevin daha bir görüşü İordaniyanın mədəniyyət naziri Nəbih Şakumla baş tutdu. İki ölkə arasındakı mədəni əlaqələrin müzakirə edildiyi görüş zamanı Azərbaycanın mədəniyyət və turizm naziri iordaniyalı həmkarına mədəni əməkdaşlığa dair üçillik əməkdaşlıq proqramının işlənib həyata keçirilməsini təklif etdi. Əbülfəs Qarayev iordaniyalı naziri gələn ilin aprelində Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq Forumuna da dəvət etdi. Nazir qeyd etdi ki, həmin səfər zamanı nazirliklər arasında sənəd imzalana bilər.
   İordaniyanın mədəniyyət naziri ilə görüş zamanı bu ölkənin kitabxanasına Azərbaycan Milli Kitabxanası tərəfindən mədəniyyətimizi, tariximizi əks etdirən, eyni zamanda Qarabağa həsr olunmuş kitablar hədiyyə edildi. Görüş zamanı həmçinin nümayəndə heyətimizin tərkibində təmsil olunan M.F.Axundadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və İordaniya Milli Kitabxanasının direktoru M.Təlhuni iki mədəniyyət ocağı arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum da imzaladılar.
   Günün ikinci yarısı isə nazir Əbülfəs Qarayevi İordaniya şahzadəsi Haşim Bin Əl-Hüseyn qəbul etdi. Biz İordaniyada olduğumuz zaman kral II Abdullah ölkə xaricində olduğundan onun səlahiyyətlərini şahzadə həyata keçirirdi. Görüşdə İordaniyada keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin xalqlarımız arasındakı münasibətlərin daha da yaxınlaşmasına şərait yaradacağı qeyd olundu. Nazir Əbülfəs Qarayev Azərbaycan prezidenti İlham Əliyevin İordaniya kralına ünvanladığı məktubu şahzadəyə təqdim etdi.
   Həmin günün axşamı Əmman şəhərindəki Kral Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirildi. Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə İordaniyanın mədəniyyət naziri Nəbih Şakum çıxış etdi. O, nümayəndə heyətimizi salamlayaraq, Azərbaycanın yaxın və dost ölkə olduğunu söylədi və mədəniyyət günlərinin keçirilməsini ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm hadisə kimi dəyərləndirdi.
   Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında Azərbaycanın zəngin qədim mədəni irsinin olduğunu və müasir mədəni inkişafı özündə təcəssüm etdirdiyini iştirakçıların diqqətinə çatdırdı. Nazir müsəlman şərqində ilk operanın məhz Azərbaycanda yarandığını qeyd etdi. O, eyni zamanda 2009-cu ildə ölkəmizdə İordaniya Mədəniyyəti Günlərinin keçirildiyini yada saldı və iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirdi. Nazir öz çıxışında xüsusilə qeyd etdi ki, bu inkişafda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasındakı dostluq, qarşılıqlı səfərlər, bu səfərlər zamanı imzalanan sənədlər mühüm rol oynayır. Ə.Qarayev mədəni əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini, bununla bağlı yaxın üç ildə əməkdaşlığa dair proqramın hazırlanacağını bildirdi.
   Açılış mərasiminin rəsmi hissəsindən sonra Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etdilər. Azərbaycan Dövlət Rəqs və Qədim Musiqi Alətləri ansambllarının çıxışları, xanəndələr İlkin Əhmədov, Vəfa Orucova, müğənnilərdən əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov və Elza Seyidcahan, Əməkdar artist, çəqanə ifaçısı Munis Şərifov, qarmon ifaçısı Etibar Qasımbəyli və digər sənətçilərimizin ifaları alqışlarla qarşılandı.
   
   İncəsənət ustalarımızın çıxışları iordaniyalıları heyran etdi
   
   Dekabrın 1-də Azərbaycanın Əmmandakı səfirliyində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə səfir Elman Araslının iştirakı ilə mətbuat konfransı keçirildi. Konfransda Ə.Qarayev Azərbaycanın mədəniyyətindən, incəsənətindən, muğamından bəhs etdi və eyni zamanda işğal edilmiş torpaqlarımızda maddi-mədəni irsimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdılması barədə danışdı. Eyni zamanda nazir UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş tarixi və mədəni abidələrimiz haqqında İordaniya ictimaiyyətini məlumatlandırdı. Tədbirdə İordaniya televiziyasının, “Ər-Ray”, “Əl-Ğəd” kimi nüfuzlu qəzetlərin, “Petra” xəbər agentliyinin nümayəndələri iştirak edirdilər.
   Ümumiyyətlə, İordaniya KİV-ləri bizə çox böyük diqqət göstərdilər. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva bu ölkənin İctimai Televiziyasında canlı verilişə qonaq kimi dəvət olundu və verilişdə Azərbaycan Mədəniyyəti günləri barədə ətraflı məlumat verildi. Bundan əlavə, nazir Əbülfəs Qarayevin mətbuat konfransı, mədəniyyət günlərinin açılışı, bizim incəsənət ustalarımızın çıxışı həm televiziyalarda, həm də İnternet vasitəsilə canlı yayımlandı.
   
   * * *
   Mədəniyyət günlərinin ikinci günü Zarka şəhərində Kral II Abdullah adına Mədəniyyət Mərkəzində növbəti konsert proqramı oldu.
   Mədəniyyət günləri çərçivəsində sonuncu konsert dekabrın 2-də Əmmanda Milli Mədəniyyət və İncəsənət Mərkəzində keçirildi. Burada Azərbaycan incəsənət ustaları möhtəşəm konsert proqramı ilə çıxış etdilər. Mədəniyyət günləri çərçivəsində «Azərbaycan ənənə və müasirliyin qovşağında» adlı fotosərgi də təşkil edilmişdi. Sərgidə ölkəmizin tarixi və mədəniyyəti, zəngin memarlıq ənənələri, turizm potensialı və təbiət mənzərələri, müasir inkişafı nümayiş olunurdu.
   Bir məqamı da qeyd edim ki, mədəniyyət günləri çərçivəsində keçirilən konsertlər zamanı, hətta proqramlardan sonra da iordaniyalılar bizə yaxınlaşıb öz heyranlıqlarını bildirirdilər. Rastlaşdığımız insanların münasibətindən özümüzə qarşı ancaq hörmət və maraq hiss edirdik. İordaniyalılar hər addımda Azərbaycanın onlara yaxın ölkə olduğunu göstərməyə çalışırdılar. Tarixi məkanlarımızı, abidələrimizi, müasir Bakının görüntülərini əks etdirən videoçarxları gördükdə isə onlarda özümüzə qarşı bir az da qibtə hiss edirdik.   

   Açıq səma altında təbii klinika və ya günəş vannası möcüzələri
   
   İordaniyanın əsas gəlir mənbəyi turizmdir. Burada əsasən Ölü dənizin məhsullarından müxtəlif məmulatlar, xüsusilə də müalicəvi kosmetika vasitələri istehsal edirlər və həmin məhsullar yalnız ölkə daxilində turistlərə satılır. Sözügedən məhsulları Əmman şəhərinin mərkəzində yerləşən «Kozma» ticarət mərkəzindən əldə etmək mümkündür.
   Ölkə həm də müalicəvi kurortları ilə məşhurdur. 357 metr dərinliyi olan Ölü dəniz demək olar ki, bütün xəstəliklərin dərmanıdır. Bu dənizin İordaniya ərazisindəki kurortlarında şəfalı təbii mənbələr çoxdur. Əmman şəhərindən 2 saatlıq məsafədə Nebo dağlarının ətəyində Zarka Ma-İn adlı termal suların mənbəyi yerləşir. Buraya dünyanın bütün ölkələrindən müxtəlif xəstəliklərini müalicə etdirmək üçün insanlar gəlir. Bundan başqa, Vadi Ram bu ölkədə «açıq səma altında yerləşən təbii klinika»lardan biridir. Deyilənə görə, Vadi Ramda dincələn insanların qəbul etdiyi günəş vannası möcüzələr yaradır və burada bir neçə gün qalmaq kifayətdir ki, insanın ömrü uzansın.
   İordaniyada ilin bütün fəsillərində müalicə olunmaq olur. Yazda və payızda burada orta temperatur 27, qışda isə 20 dərəcədir. Ölü dənizdə hətta qışda da suyun temperaturu 24 dərəcədən aşağı düşmür. Elə bu səbəbdəndir ki, ölkədə turizm mövsümi xarakter daşımır. Ölkəyə turist cəlb etmək üçün hər cür güzəşt nəzərdə tutulur. Viza sistemi çox sadədir, birbaşa hava limanında viza almaq mümkündür, hətta ölkəyə gələn turist qruplarının tərkibində 20 nəfərdən artıq insan olduqda, onlardan viza üçün pul alınmır. İordaniyanın turizm ölkəsi kimi tanınmasının əlamətlərindən biri də bu idi ki, burada xalqın özünəməxsus mədəniyyətini, adət-ənənələrini əks etdirən istənilən formada suvenirlərə rast gəlmək mümkündür.
   
   Qəribə adətləri olan ölkə
   
   İordaniya həm də qəribə adətləri ilə məşhurdur. Biz orada olanda dedilər ki, uzun muddətdir ölkəyə yağış yağmır və yerli sakinlər yağış namazı qılmağa hazırlaşırdı. Bu zaman hamı bir nəfər kimi 3 gün bütün paltarlarını tərsinə geyinir və namaz qılır.
   Müşahidə etdiyimiz qəribəliklərdən biri də o oldu ki, ticarət köşklərindən istədiyini ala bilməzsən. Müxtəlif malların öz mağazası var. Məsələn, çörəyi digər ərzaq mağazalarından yox, yalnız çörəkbişirmə sexlərindən ala bilərsən. Çünki iordaniyalılar çörəyin əldən-ələ keçməsini günah hesab edirlər.
   Oyma və döymə işləri burada xalq sənəti hesab edilir. Sənətkarlar bu sənətdən çox gəlir əldə edirlər. İslam Mədəniyyəti Muzeyində və emalatxanasında, İslam irsinə aid miniatürlər hazırlayan mütəxəssislərin tədris mərkəzində olarkən iordaniyalı sənətkarların əl işləri ilə tanış olduq. Bu əsərlər o qədər incəliklə işlənir ki, oradakı naxışları gözlə görmək mümkün deyil və biz onlara böyüdücü şüşə ilə baxmalı olduq...
   Beləliklə, İordaniyada Azərbaycan Mədəniyyəti Günlərinin təşkili iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində mühüm mədəniyyət hadisəsi kimi yadda qaldı. Bu günlərin xoş xatirələri isə yəqin ki, hələ uzun müddət yaddaşlardan silinməyəcək.
   Və son olaraq, İordaniyadakı tədbirlərimizin yüksək səviyyədə keçirilməsində xüsusi əməyi olan, başda bu ölkədəki səfirimiz Elman Araslı olmaqla, səfirliyin bütün əməkdaşlarına, o cümlədən Kənan müəllimə, Mehdi müəllimə, Rəsul müəllimə, Emil müəllimə, İntiqam müəllimə, Hafiz müəllimə təşəkkürümü bildirmək istəyirəm.
   
   İntiqam Hümbətov,
   Bakı-İstanbul-Əmman-İstanbul-Bakı