Bir tərəfdə cənginin sədaları, digər tərəfdə pəhləvan oyunları, incə zövqlə hazırlanmış milli naxışlı xalçalar, milli geyimdə dörd bir yanda dövrə vuran iştirakçılar, bölgələrdən gətirilmiş tanınmış məhsullar, hər regiona məxsus milli yemək növləri və bunların fonunda səs-küylü alış-veriş...
      
   Novruz bayramına həsr olunmuş “Şərq bazarı” adlı tədbir paytaxt sakinlərinə və qonaqlara rəngarəng bayram ab-havası yaşatdı. “Şərq bazarı” - bazar, əyləncə, milliliyi bir arada birləşdirən əsl bayram şənliyi idi. Quba paxlavasından Lerik balına qədər, Göyçay narından Gədəbəy kartofuna qədər istənilən çeşiddə məhsulları dadmaq, almaq və ən əsası məhsul haqda istənilən məlumatı əldə etmək olurdu. Hər bölgəyə məxsus ayrıca stendin ayrılması, məhsulların özünəməxsus təqdimatı diqqət çəkirdi.
   Balakən rayonu “Şərq bazarı”nda müxtəlif çeşiddə məhsullarla, mürəbbə növləri, təbii şirələr, balqabaq, cincər, şor qutabı, dolma, halva və s. yeməklərlə təqdim olunurdu. Balakəndə hazırlanan qutablar turistlərin xüsusi diqqətini də cəlb etdi.
   
   İsmayıllı rayonunun məşhur İvanovka kəndi bayram tədbirinə süd məhsulları - süd, xama, yağ, pendir, həmçinin günəbaxan yağı, un, buğda, günəbaxan tumları, noxud gətirmişdi. Kənd mədəniyyət evinin müdiri İvan Vasilyeviç Jidkov: “Məhsullarımıza maraq böyükdür. Yaxınlaşırlar, maraqlanırlar, turistlərin də sayı çoxdur”.
   
   Salyan rayonundan isə müxtəlif növ balıqlar - kütüm, xəşəm, ilanbalığı, fermer təsərrüfatı məhsulları, süd məhsulları sərgilənirdi. Müalicəvi əhəmiyyəti olan gicitkən adlı bitki həm şəhər sakinlərinin, həm də turistlərin diqqətini çəkirdi. Stendin ziyarətçilərinə ilanbalığı haqda, onun müalicəvi əhəmiyyəti barədə məlumat da verilirdi.
   Lerik rayonundan gətirilmiş bal böyük maraq doğururdu. Rayon sakini Yaqub Məmmədov 200-ə yaxın arı ailəsi saxladığını bildirdi: “Bizim bal təbiiliyinə, qatqısız olduğuna və müalicəvi əhəmiyyətinə görə fərqlənir. İnsanlar Lerik pendiri ilə də maraqlanır. Bundan başqa bazara - kartof, noxud, soğan, mərci, kəklikotu və s. kimi məhsullar çıxarmışıq.”
   
   Böyük Qafqaz dağlarının ətəyində yerləşən Oğuz rayonundan “Şərq bazarı”na fındıq, qoz, şabalıd, alma, şoraba növləri, müalicəvi əhəmiyyəti olan beçə balı gətirilmişdi. Oğuz rayonundan Anar Yusifov məhsullar haqda danışdı: “Nadir alma sortu olan “qızıləhmədi” hər kəsin diqqətini çəkdi. Bu, nadir alma növüdür, Oğuz-Qəbələ bölgəsində bitir. Həm turistlər, həm də yerli camaat bu alma ilə maraqlanır və alırlar.”
   
   El sənətkarlarının əl işləri də “Şərq bazarı”na xüsusi rəng qatmışdı. Xalçalar, xurcunlar, gil qablar, misdən məişət əşyaları, milli papaqlar, qədimi alətlər və s...
   Dulusçuluq ustası Cəsarət Nuriyev: “Masallı rayonunun Ərkivan kəndində dulusçuluqla məşğulam. Su dolçaları, gül əkmək üçün qablar, kiçik nehrələr, küplər, qazançalar, piti qabları, Azərbaycan arxeologiyasına aid olan qədim qablar gətirmişik. Üçbaşlı dibçək isə mənim yaratdığım dibçək növüdür. Bu dibçəyə üç cür gül əkmək mümkündür. Turistlər bu qablarla çox maraqlanırlar”.   

   Tovuz rayonundan Alı Əsgərov güldanlar, “qızılgül buketi”, “novruz” adlı ağac üzərində dekorativ işləmələri, Qəbələdən Şahin Rəhimov leylək, palma ağacı, ağacdan divar saatı, mənzərə rəsmi, mücrülər və s. sərgiləmişdilər. Ağacdan hazırlanmış futbol topu isə həm turistlərin, həm də yerli camaatın diqqətini çəkirdi.
   Şəkidən papaq ustası Aqil Kərimov “Şərq bazarı”na çıxardığı papaqları haqda danışdı: “Bir neçə növ milli papaq gətirmişik: daqqa papaq (bəy papağı), düryə papaq, qulaqlı papaq, çoban papağı, qədimi papaq olan “Şahpəsənti” və s. Daha çox milli papağımız olan daqqa papaqla maraqlanırlar”.
   
   “Şərq bazarı”nda iştirak edən və maraqlı məqamları kamera yaddaşına köçürməyə tələsən əcnəbi qonaqlar da Novruz haqda təəssüratlarını bölüşdülər.
   
   Murat Tarhan (Türkiyə): “Bakıdakı qohumlarımı görməyə, həm də Novruzu keçirməyə gəlmişəm. Türkiyədə də Novruz qeyd olunur, amma Azərbaycandakı kimi geniş deyil. Burda təşkil olunan şənlik isə mədəniyyətinizin təbliğidir. Milli geyimlər və sənətkarlıq nümunələri diqqətimi çəkdi”.
   
   Stiv Saunders (ABŞ): “Novruz şənliyini çox bəyəndim. Bu bayramda tonqal yandırmaq və onun üzərindən tullanmaq mənə maraqlı gəldi. Həmçinin məni Novruz süfrəsinə dəvət etmişdilər. Həm yeməklər, həm də xüsusi növ Novruz şirniyyatları fərqli və dadlı idi”.
   
   Yana Quseva (Rusiya): “Novruz haqda Rusiyada yaşayan azərbaycanlılardan çox eşitmişəm. Hər bayramda bizə pay olaraq Novruz şirniyyatları gətirirlər. İndi Bakıda Novruz şənliyində iştirak edirəm və milli geyimlər, rəqslər diqqətimi çəkdi”.
   
   Cəbrayıl Cavadi (İran): “Novruz bayramı bizdə də qeyd olunur. Bayramlaşma, çeşidli şirniyyatların bişirilməsi İranda da var. Ancaq Novruz bayramının Azərbaycanda fərqli ab-havası bizi valeh edir. Bu il təşkil olunan “Şərq bazarı” tədbiri rəngarəngliyi ilə fərqləndi. Fürsətdən istifadə edib Azərbaycan xalqının da Novruz bayramını təbrik edirəm”.
   
   Reyhan İsayeva