Amerika Birləşmiş Ştatlarından döndüyümüz artıq xeyli vaxtdır, amma hələ də təəssüratlarımı oxucularla bölüşə bilməmişəm. Bəllidir ki, bu günlər Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilirdi. Mətbuatın da işi təbii ki, başdan aşırdı. Əslində elə Amerika səfərimiz də mahiyyət etibarilə mədəniyyətlərarası dialoqa xidmət edən, türk dünyası mədəniyyətini dünya miqyasında tanıdan bir aksiya idi. 
      
   TÜRKSOY-un təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində, BMT-nin qərargahında Novruz bayramı martın 24-də qeyd olunacaqdı. Amma səfərimiz martın 21-dən 30-dək nəzərdə tutulmuşdu, çünki bu arada həm Türkiyənin paytaxtı Ankarada, həm də ABŞ-ın bir neçə şəhərində Novruz tədbirlərində iştirak etməliydik. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatında milli bayramımızın qeyd olunması, uzun və maraqlı bir yolçuluq, Amerikaya ilk səfərimiz nümayəndə heyətimizdə təbii həyəcan yaratmışdı.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tapşırığı əsasında nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə 17 nəfərlik heyət martın 21-də Ankaraya yola düşdü. Heyətə Əməkdar artist Gülyanaq Məmmədova, “Muğam aləmi” II Beynəlxalq muğam müsabiqəsinin qalibi Ehtiram Hüseynov, tar-kaman cütlüyü - əməkdar artistlər Elşən və Malik Mənsurov qardaşlarından ibarət muğam qrupu, Dövlət Rəqs Ansamblının 10 rəqqası, Azərbaycan Televiziyasının operatoru Vüqar Şıxəliyev və bəndəniz daxil idi.
   Ankarada TÜRKSOY-un nümayəndəsi tərəfindən qarşılanıb birbaşa şəhərin mərkəzində yerləşən Gənclik Parkına yollandıq. Hər tərəfi Novruz təntənəsi sarmışdı. Bayram əhvallı insanlar, türk toplumlarının bayraqları... Artıq konsert də başlamışdı. Dərhal “təğyiri-libas” olan rəqqaslarımız “Azərbaycan” adı çəkiləndə səhnəyə atılaraq “Nağaraçılar” rəqsiylə salonu elə çoşdurdular ki, bunları görmək lazım idi. Bizimkilərin çıxışı zamanı həmişəki coşqu, həmişəki alqışlar....
   Artistlərimiz dincəlməyə macal tapmamış Ankaranın Qazi Universitetində açıq havada düzənlənən, TRT ilə birbaşa yayımlanan konsertə yollandıq. Novruz tonqalı qalandı, türk dünyasının birlik və bərabərliyini ifadə edən körükdöymə mərasimi bitdi və konsert başladı. Sanki hamı bir millət - bir ölkə idi. Ətrafda toplaşan gənclərin Azərbaycana olan sevgi və ehtiramı bizi çox məmnun etdi. “Deyirlər Bakı çox gözəl olub, görmək istərdik”. “İnşallah” deyib, elə həmin axşam avtobusla İstanbula gəldik. 5-6 saatdan sonra biz artıq 13 saatlıq uçuş üçün təyyarəyə əyləşəcək və Amerikaya yola düşəcəkdik.
   Bu yerdə bir haşiyə. Novruz bayramı TÜRKSOY tərəfindən 1995-ci ildən etibarən qeyd olunur. 2010-cu ildə 12 ölkənin birgə təqdim etdiyi sənədə əsasən Novruz bayramı Birləşmiş Mİllətlər Təşkilatı tərəfindən rəsmən tanınıb və 21 mart Günü Beynəlxalq Novruz Günü elan edilib. Ötən il TÜRKSOY xətti ilə 8 ölkənin 100-ə yaxın sənətçisini birləşdirən bir komanda ilə Novruz bayramı əvvəlcə Parisdə, UNESCO-nun qərargahında, sonra Strasburqda qeyd olunmuşdu. İlbəil doğma bayramımızın təntənəsi daha geniş sərhədlərə ayaq açır. Bu dəfə Novruz şənlikləri BMT-nin mənzil-qərargahında keçirilirdi.
   Nyu-Yorkda ilk günümüz Türkiyənin BMT-dəki daimi nümayəndəliyində - Türk Evində keçirilən mətbuat konfransıyla başladı. Mətbuat konfransını TÜRKSOY-un baş katibi Düsen Kaseinov, baş katibin müavini Fırat Purtaş və Bilkənt Universitetinin professoru Mehmet Kalpaklı aparırdı. Media təmsilçilərinin coğrafiyası da çox geniş idi. Məmnuniyyətlə deyə bilərəm ki, Nyu-Yorkda Azərbaycan dilində yeni fəaliyyətə başlamış internet televiziyanın və radionun da mövcudluğundan burada xəbər tutduq.
   Düsen Kaseinov 11 ölkədən 120 sənətçinin yer aldığı konsert proqramıyla Amerikaya gəldiyimizi söylədi. Novruz bayramının beynəlxalq miqyasda tanınmasından danışdı, TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirliklərinin bu təqdimatın uğurla keçməsi üçün əllərindən gələni etdiklərini söylədi, qonaqları təqdim etdi. Nümayəndə heyətimizin rəhbəri Fikrət Babayev Azərbaycanın bu xüsusda gördüyü işlərdən, UNESCO-dakı fəaliyyətindən danışdı.
   BMT-nin binasının qarşısında bir müddət susaraq dayandım. Müxtəlif ölkələrin bayraqları sırasında Azərbaycan bayrağını görmək insana necə də qürur verirmiş. Çox ciddi mühafizə olunan binanın həyətinə daxil olan kimi bizi Yer kürəsinin genişliyini və müxtəlifliyini anladan bir aynalı qlobus monumenti qarşıladı. Hamı bu simvolun yanında şəkil çəkdirməyə cəhd göstərirdi. Sizə deyim, hətta ən balaca məktəbliləri bura ekskursiyaya gətirərkən elə bir yoxlamadan keçirirlər ki!.. Biz hara gəldiyimizi çox gözəl anlayırdıq. Hələ Bakıda konsertin çəkilişlərini aparmaq üçün müxtəlif sənədlər hazırlanmış və elektron məktubla lazımi ünvanlara göndərilmişdi. Amma BMT kimi mürəkkəb bir təşkilatın yazılmamış qanunları da var və biz onlara əməl etməyə məcbur idik. Vəziyyət belə tələb edirdi! Beləliklə, Azərbaycandan Amerikayadək gəlib Novruz təqdimatının yalnız 15 dəqiqəsini lentə ala bildik. Yox, elə bilməyin ki, materialsız qaldıq, sonradan bizə çəkilən lentlər verildi, amma xeyli təəssüfləndik. Adam öz işini özü görəndə ayrı ləzzəti olur.
   Yavaş-yavaş salon dolur, yüksək qonaqlar, tamaşaçılar toplaşırdı. BMT Baş Assambleyasının 65-ci sessiyasının sədri Yozef Deiss, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev, Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, türk respublikalarının nümayəndə heyətlərinin rəhbərləri və başqa qonaqlar foyedə söhbətləşirdilər. Salon təkcə Nyu-Yorkda yaşayan türk əsilli insanlarla deyil, həm də başqa millətlərin təmsilçiləri ilə dolu idi.
   Nəhayət, tədbir başladı. Aparıcı öncə cənab Yozef Deissi kürsüyə dəvət etdi. O, BMT-də qeyd olunan Novruz bayramına məmnuniyyətlə qatıldığını, bu bayramın dünyaya sülh və əmin-amanlıq, oyanış və gözəllik mesajı verdiyini bildirdi. Sonra Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin Novruzu bayram edən bütün ölkələrin vətəndaşlarını təbrik etdi: “Biz bu bayramın 192 ölkənin təmsil olunduğu BMT mənzil-qərargahında keçirilməsindən çox məmnunuq. Novruz bir ailənin təmsilçilərini bir araya gətirən, ənənəni yaşadan bayramdır. BMT də dünya ailəsinin rəmzi olan bir qurumdur. Novruz da bəşəriyyətin ortaq dəyəridir”.
   TÜRKSOY-un baş katibi Düsen Kaseinov Novruz bayramının BMT-də keçirilməsindən məmnun olduğunu dedi, 21 martın “Beynəlxalq Novruz Günü” elan edilməsinə görə BMT-nin baş katibi Ban Ki Muna və BMT Baş Assambleyasına minnətdarlığını bildirdi.
   Beləliklə, konsert başladı. Azərbaycan sənətçiləri ilə yanaşı, Türkiyədən müğənni Feryal Tüzünün, qopuz ifaçısı Lezzet Mülazımoğlunun və folklor rəqs qrupunun, Qazaxıstandan ”Ulutau” musiqi qrupunun, rəqqasə Anel Nurseyitovanın, ”Gulder” rəqs qrupunun, Qırğızıstandan Roza Amanovanın, Dilşad Kangeldiyevanın, “Akık” folklor və etnik musiqi qrupunun, “Aruuke” rəqs qrupunun, Ukraynadan Krım tatarlarını təmsil edən müğənni Elnara Küçük, ”Cəmilə” rəqs qrupunun, Türkmənistandan “Qalkınış” rəqs qrupunun, Başqırdıstanın Faiz Askerov adına Dövlət Akademik Rəqs Ansamblının, Tuvanın ”Yedegey” qrupunun, Xakasiyadan Yevgeni Uluqbaşevın, Moldovanın Qaqauz Yeri Muxtariyyətindən “Kadınca” mahnı və rəqs qrupunun, Quzey Kıprıs Türk Cümhuriyyətindən folklor rəqs qrupunun, Tatarıstan Dövlət Musiqi və Rəqs Ansamblının, Bosniya Herseqovinadan “Kajret”, Bolqarıstandan “Nevrokopçanki” rəqs qruplarının daxil olduğu heyətə beynəlxalq türk ansamblı da demək olardı.
   Konsert Azərbaycanın məşhur “Səməni” mahnısıyla başladı. Sənətçilərimizin əllərində səməni və Novruz xonçası ilə səhnəyə tamaşaçı salonundan daxil olması ilə bütün zal təbiətin oyanışının, yazın gəlişinin, insanların bayram əhval-ruhiyyəsinin, türk tarixinin təbiətə bağlılığının, insanların bahar coşqusunun, yeni həyatın doğuşunun şahidi oldu. Və alqışlar ara vermədi. Azərbaycan sənətçilərinə tamaşaçıların necə reaksiya verdiyini bir görə bilsəydiniz... Birlik, bərabərlik arzuları insanları coşdurmuş, fəxarət hissi qürurlandırmışdı. Salonda olan hər türksoylu bu duyğunu yaşayırdı. Konsert bitdi. Amma alqışlar bitmədi. “Hansı hissləri keçirirsiniz” sualına hər bir ifaçı “Biz bu gün özümüzü daha güclu, daha vahid hiss edirik” deyirdi. Proqramın rejissoru qazaxıstanlı Bahit Kaimbekov məqsədinə nail olmuşdu: səhnədə türk dünyası çiçəkləyirdi.
   Konsertdən sonra Türkiyənin BMT-dəki daimi təmsilçiliyində kiçik bir qəbul zamanı Düsen bəy Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevə tədbirin BMT-də keçirilməsində göstərdiyi xidmətlərə görə diplom təqdim etdi. Aqşin müəllim öz növbəsində ölkəsinin rəhbərliyinin, Azərbaycan prezidentinin tapşırıqlarını yerinə yetirdiyini, belə bir təklifin BMT-yə Azərbaycan hökuməti tərəfindən daxil olduğunu dedi.
   Ertəsi gün, martın 25-də beş saatlıq Boston səfərinə çıxdıq. Harvard Universitetində Novruz paneli olacaqdı. Azərbaycan heyəti bu tədbirə muğam qrupu ilə qatıldı. Başqa qruplardan da nümayəndələr seçilmişdi. Harvardın həyətində bizi elə mister Harvard özü qarşıladı. Onun kresloda ləyaqətlə əyləşmiş tunc heykəli qarşısında şəkil çəkdirdik. Dünyanın ən böyük təhsil ocaqlarından olan Harvard Universitetinin Ortadoğu Araşdırmaları Mərkəzində düzənlənən Novruz panelinin moderatoru professor Camal Kafadar idi. Novruz haqqında əsas məruzəçi, professor Mehmet Kalpaklı Novruzun qədim tarixindən, onun Türkiyədə hələ Osmanlı dönəmindən bayram edilməsindən danışdı. Doktor Fırat Purtaş Novruz panelinin məhz Harvard Universitetində təşkil olunmasının xüsusi əhəmiyyətini qeyd etdi. Camal Kafadar 2012-ci ildə Harvardda Novruzla bağlı daha maraqlı tədbirlərin təşkil olunacağını söylədi.
   Təbii ki, burada da türksoylu sənətçilərin çıxışları oldu. Yenə də Azərbaycan sənətçilərinin çıxışı hamını heyran etdi. Paneldə dünyanın müxtəlif ölkələrindən tələbələr vardı. Osmanlı tarixini öyrənən Berla Kuin tərtəmiz türkcə danışıb Azərbaycan sənətçilərini ilk dəfə dinlədiyini və ifalarına valeh olduğunu dedi. Professor Camal Kafadar Gülyanaqla Ehtiramın Füzulidən oxumalarını istədi. Sən demə, Füzuli pərəstişkarı imış. Onlar da “Leyli və Məcnun”dan oxudular.
   Sərbəst qalan bir-iki saat vaxtımızı Bostonun təmiz, sakit, səliqəli küçələrini dolaşaraq keçirdik. Və yenidən Nyu-Yorka qayıtdıq.
   Ertəsi gün Manhettenin Tayms Meydanındakı Taun-Holl adlanan salonda konsertimiz vardı. Hələ BMT-də keçirilən tədbirdə konsertə gələnlər arasında Azərbaycan diasporunun nümayəndələri, diplomatik korpusların məsul işçiləri, Bakıdan gələn qonaqlar da vardı. Aralarında amerikalılar da çox idi. Hər kəsin üzündə bir məmnunluq ifadəsi, ilk dəfə rastlaşdığı bir mədəni müxtəlifliklə tanışlıqdan doğan razılıq əlaməti vardı. Hər zamankı kimi Azərbaycan sənətçilərinin çıxışları fərqli görünürdü. Amerikanı texnikaya və müasir əyləncəyə çox düşkün demişdilər, amma əsl sənəti, canlı ifaları sevənlərin çox olduğunu, ən əsası, onların dünyadakı başqa millətlərlə də maraqlandıqlarını gördük.
   Nyu-York bizi yağışlı hava ilə qarşılamışdı. Vaşinqtona yola düşərkən hava bir az açıldı. “Amerikaya da baharı türklər gətirdi” deyib hamı zarafatlaşırdı. Vaşinqtona avtobuslarla getdik. Artıq neçənci dəfə idi ki, Nyu-York körpüləri üzərindən keçirdik. Hər dəfə İst Riverin - yəni İst çayının alt körpülərini keçəndə vahimə hissi bizi bürüyürdü, çünki suyun içindən çəkilən yolların möhtəşəmliyini görürdük. Amma onu da deyim ki - səmimiyyətimə inana bilərsiniz - memarlıq baxımından Bakı kimi gözəli görəndən sonra heç bir avanqard-filan adamı həyəcanlandırmır. Amma maraqlı olmadığını desəm, bax burada səmimi olmaram.
   “Donovan” hotelinə yerləşincə xeyli vaxt keçdi. Axşam hazırlaşıb Vaşinqtondakı Türkiyə səfirliyinə qəbula yollandıq. Burada Azərbaycandan millət vəkilləri Asim Mollazadəni, Rasim Musabəyovu, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyevi, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlını görmək bizi sevindirdi. Onlar iki gün əvvəl Vaşinqtondakı “Qarabağ” Fondunun xəttiylə keçən tədbirin qonağı imişlər.
   Türkiyə səfiri Namiq Tan giriş sözü ilə hamını salamladı, türk dünyası mədəniyyətinin Amerikada yüksək səviyyədə təqdim olunduğunu dedi, bu tədbirlərin gələcəkdə də davam edəcəyini bildirdi. Səmimi görüş türk sənətçilərinin gözəl çıxışlarıyla müşayiət olundu. Sonda Gülyanağın oxuduğu “Çırpınırdın, Qara dəniz” mahnısından duyğulanan səfir ”Görürsünüz də, biz türklər bir araya gəlincə dünyanın altını üstünə gətiririk” dedi.
   Ertəsi günün birinci yarısı sərbəst vaxtımızı otaq yoldaşım, artıq əsl dost sandığım əzizim Gülyanaq Məmmədova ilə şəhəri gəzib dolaşmaqla keçirdik. Rəqs kollektivinin üzvləri ilə ilk dəfə deyildi ki, yola çıxırdıq. Amma Fikrət Babayev və muğam dəstəmizlə heç səfərdə olmamışdıq. Bu dəfə mən təkcə Amerikanı deyil, həm də yeni dostlarımı kəşf etdim. Üstəlik bizim Amerikada olduğumuzdan yalnız Vaşinqtona gələndən sonra xəbər tutan köhnə dostlarımız Nyu-Yorkdan paytaxta, bizi görməyə gəldilər. Dostlarımızın sədaqəti bizi yaman kövrəltmişdi.
   Azərbaycan səfirliyindəki dostlarımız bizi şəhərdə çəkilişə apardılar. Maşınla bir az gəzəndən sonra Ağ Evin qarşısına gəldik. Vaşinqtonun ilin bu vaxtlarında xüsusi özəlliyi olurmuş: hər tərəfdə çiçəkləyən albalı ağacları şəhərə ayrı bir cazibə verir. İri lalə kolları isə Ağ Evin ətrafını saran çəmənliklə ətraf arasında kiçik sərhəd yaradır. Müxtəlif millətlərdən, irqlərdən olan, müxtəlif dillərdə danışan inanılmaz insan axını mənə bəşəriyyətin diqqət kəsildiyi Amerika əfsanəsini xatırlatdı. Hər şey bir hadisə, hər hadisə bir reklam...
   Buralarda çox dayana bilmədik. Biz orada olan dəqiqələrdə Amerika prezidenti Ağ evdən çıxıb öz vertolyotuna tələsirmiş. Bizə yalnız mister Obamanın vertolyotunu çəkmək nəsib oldu. Burada bir çox türk soydaşlarımızla görüşdük. Bizi görüncə necə sevinirdilər. “Azərbaycanı sevəriz, televizyondan izləriz” deyirdilər.
   Ağ evin ətrafındakı çəmənliklər turistlərin məskəni idi. Hər tərəf yaşıllıq, şəhərlərin düz ortasından keçən çaylar, şəhərlərarası rahat yollarda inanılmaz təbiət mənzərələri...
   Nyu-Yorkda olarkən Gülyanaq xanımın rəfiqələri əvvəlcə bizi görməyə gəldilər, sonra yaşadıqları Konnektikut ştatına qonaq apardılar. Mənzərələrə söz ola bilməzdı. Evlər sanki bir memarın layihəsindən boylanırdı, hamısı eyni ölçüdə, eyni biçimdə, eyni görkəmdə. Mənim əziz rəfiqəmin rəfiqələri ilə biz də tanış çıxdıq və vətəndə keçən günləri xatırladıq. Bakı üçün burnumuzun ucu göynədi. Qürbət ellərdə yaşamaq heç kəsə asan gəlməsin. Onların həyatı uzaqdan göründüyü kimi problemsiz-filansız deyil...
   Vaşinqtonu elə də gəzib dolaşa bilmədik. Amerika parlamentinin yerləşdiyi binaya - Kapitoliyə baş çəkdik. Onun da ətrafı çiçəkləmış albalı ağacları ilə dolu idi. Hər tərəfdə elə sakitlik və hüzur vardı ki, sanki dünyanı idarə eləyən siyasət meydanı deyildi bura. Kapitolinin içərisinə daxil olmaq BMT-nin binasına daxil olmaqdan daha çətin imiş. Amma dəyərdi. Vaxtımızın çoxunu elə bu binada keçirdik. Başqa turistlərlə birgə gəzdik, şəkil çəkdirdik, nahar etdik. Gülyanaq hot-doqdan yaxşıca yedi ki, axşam konsertdə yaxşı oxusun. Sizə bir söz deyim, amma qəribçiliyə salmayın. Amerika gonbul adamlar ölkəsiymiş. Vallahi-billahi, deyirdilər, inanmırdım. Elə bilirəm hər şeyə səbəb elə o hot-doqlardır. Vaşinqtonda məşhur dəmiryol vağzalını dolaşdıq, suvenirlər aldıq. Bilmək olmaz, bəlkə bir də nəsib olmadı okeanın o tayını görmək.
   Günorta TÜRKSOY-dan kiçik bir dəstə Corctaun Universitetində olmuşdu. Burada dünyanın daha bir məşhur təhsil ocağında Novruz paneli hazırlanmış, məruzələr dinlənilmişdi. Axşam Linkoln Teatrında yenə konsertimiz vardı. Konsertdən öncə kiçik bir qəbul oldu. Qəbulda TÜRKSOY-a tərəfdaşlıq etmiş Qarabağ Fondunun təsisçiləri, Bakıdan gələn qonaqlar, amerikalı azərbaycanlılar iştirak edirdilər. Nümayəndə heyətimizin rəhbəri Fikrət Babayev Düsen bəyə, səfirliyimizin nümayəndələrinə hədiyyələr təqdim etdi, türk mədəniyyətinin təbliği yolunda göstərdikləri xidmətlərə görə hamıya təşəkkürünü bildirdi.
   Konsert başladı və eyni coşqu ilə davam edərək alqış sədaları səngimədən bitdi. Azərbaycan tərəfinin təklifi ilə səhnə çəkiliş qrupuna verildi. Biz öz işimizi görür, tamaşaçılar isə sənətçilərlə şəkil çəkdirirdilər. Sanki kiçik bir türk dünyasında idik. Hər kəs bir-biriylə ünsiyyətdə, anlaşmada...
   Amerikaya yaşadılan Novruz həyəcanı hələ çox davam edəcəkdı. Amma bizim getmək vaxtımız gəlmişdi, getməliydik ki, yenidən Düsen bəyin dediyi kimi, Karneqi-Hollda, konservatoriyalarda və Amerikanın başqa sənət ocaqlarında möhtəşəm konsertlər vermək, bu ölkəni yenidən təəccübləndirmək üçün qayıdaq. Amerikada Novruz təntənəsi tarixə çevrildi. Səfərin sonunda TÜRKSOY təşkilatı adından Amerikada ilk dəfə Novruz təntənələrinin iştirakçısı olmuş nümayəndə heyətlərinin bütün üzvlərinə xatirə diplomları təqdim edildi.
   Ertəsi gün Vaşinqtonun “Dallas” hava limanından İstanbula yola düşdük. Demək olar ki, bir günü İstanbulda keçirəcəkdik. O günün də ayrı bir xatirəsi var...
   
   Zöhrə Əliyeva,
   Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi
   
   Bakı-Nyu-York-Vaşinqton-Bakı