Milli suvenir və xalq sənətkarlığı nümunələrimiz burada toplanıb
   
     Qız qalasının yaxınlığında adı kimi özü də sehrli görünən “Sehrli daxmacığ”ı görsəniz heç də təəccüblənməyin. Çünki bu məkana daxil olanda doğrudan da fərqli bir aləmə düşürsən. Qədim əl işlərimiz, məsələn, xalça, həsir səbətlər, başmaqlar, işləməli yaylıqlar, xurcunlar, qəlyanlar, küplər, milli geyimlər, bəlkə də adlarına yalnız kitablarda rast gəldiyimiz qədim əşyalar və daha nələr. Hələ olduqca qeyri-adi təsir bağışlayan, üzərində sarı rəngin fonunda qırmızı buta naxışlı armudu stəkan, nəlbəki, çaynik, sinini demirik.   

 Hər biri səliqə ilə işlənən bu əl işləri xalq sənətkarlığı nümunələridir. Belə demək mümkünsə, nəsillərdən-nəsillərə keçən qədim əl sənətkarlığının ifadəçisidir bu kiçik daxma. Əl işlərinə baxdıqca, onların necə incə ustalıqla işləndiyini, böyük zəhmət hesabına ərsəyə gəldiyini görürsən. Və bir anlıq düşünürsən: nə yaxşı ki, bölgələrimizdə xalq sənətkarlığı yaşadılır. Axı hər bir xalqın mədəni irsini özündə ehtiva edən sənət nümunələri həm də onun qədim keçmişindən, zəngin mədəniyyətindən xəbər verir. Hər il beynəlxalq forumlara, genişmiqyaslı tədbirlərə ev sahibliyi edən qədim Bakıya müxtəlif ölkələrdən təşrif buyuran xarici qonaqlara belə orijinal sənət əsərlərini - milli suvenirlərimizi təqdim etməkdən yalnız qürur duya bilərik. İndi isə keçək əsas mətləbə. Yəni milli suvenir probleminin tez-tez gündəmə gəldiyi indiki vaxtda “Sehrli daxmacıq” adlı belə bir məkanın fəaliyyəti haradan qaynaqlanır?
   Bu layihə Azərbaycanda fəaliyyət göstərən Norveç Humanitar Müəssisəsinin “Ev-şəraitində istehsalatın inkişafı” layihəsi çərçivəsində aparılır. Artıq 15 ildir ki, ölkəmizdə çalışan Norveç təşkilatı bu layihəni 2009-cu ildən həyata keçirir. Layihənin rəhbəri Nil Uilyams isə belə bir işlə məşğul olmasını onun üçün gözəl fürsət olduğunu dilə gətirir: «Azərbaycanın mədəniyyətinə, mədəni irsinə və regionlardakı qədim əl sənətkarlığına heyran olduğumdan bu layihəni böyük həvəslə həyata keçirirəm. Məni bu ölkənin mədəniyyəti o qədər cəlb etdi ki, hətta Azərbaycan dilini öyrənməyə başladım».
   
   Yerli suvenir
   istehsalına dəstək
   
   Layihə Azərbaycanın şimal-qərb bölgələrində aztəminatlı əhalinin ev şəraitində xalq sənətkarlığının inkişaf etdirilməsinə dəstək məqsədi daşıyır. Layihənin əsas vəzifələri ayrı-ayrı şəxslər tərəfindən ev şəraitində hazırlanan əl işlərini, suvenir nümunələrini ictimaiyyətə təqdim etmək, ənənəvi xalq sənətkarlığını qorumaq və inkişaf etdirmək, ev şəraitində biznes sahibləri arasında ədalətli ticarət prinsiplərini təbliğ etmək, istehsalat işində məsləhət xidmətləri və treninqlə köməklik göstərmək, eyni zamanda istehsalçıların məhsullarını bazara çıxarmaqdır.
   Nil Uilyams deyir ki, layihəyə başlamaq o qədər də asan olmayıb: «Əvvəllər belə bir layihəni Nepal və Banqladeşdə həyata keçirmişik. Burada da həmin təcrübədən istifadə etdik. Məqsəd regionlarda əl sənətinin inkişafına və bununla bağlı kiçik biznesə başlayanlara yardım etmək idi. Əlbəttə bütün bu işlər ədalətli ticarət prinsipləri əsasında aparılırdı. Layihə bir neçə mərhələdən ibarət idi. Bunun üçün əvvəlcə rayonlara getməli və oradakı vəziyyəti öyrənməli idik. O zaman Bakıda əsəsən Çin, Hindistan, Pakistan, Türkiyə, İran istehsalı olan suvenirlər satılırdı. Axı əgər əcnəbilər Azərbaycana gəlibsə, onları yalnız bu ölkənin istehsalı olan əşyalar, suvenirlər maraqlandırır. Bunu isə tapmaq çox çətin idi. Eyni zamanda, görürdük ki, regionlarda yaşayan insanların bu sahəyə marağı var. Lakin çətinlik yaradan məsələ vardı ki, bu onları işləməyə həvəsləndirmək idi. Məsələn, sakinlərin arasında bəziləri deyirdi ki, gəlir gətirməyən bu sahə ilə məşğul olmaqdansa, təsərrüfatla, məsələn, mal-qara, toyuq-cücə yetişdirməklə məşğul olaram. Lakin bu layihəni həyata keçirməklə biz onlarda böyük həvəs yarada bildik».
   Beləliklə, layihə regionlarda həyata keçirilən zaman aşkar olunur ki, insanlar gözəl əl işləri hazırlaya bilirlər, lakin onu bazara çıxara və realizə edə bilmirlər. Nil Uilyams deyir: «İsmayıllı, Şəki, Şamaxı, Qax və Qəbələdə ən müxtəlif, bir-birindən gözəl əl işlərinə rast gəlmək olurdu. O zaman düşündük ki, mağaza açmaqla onlara yardım edə bilərik. Əvvəlcə “Sahil” metrosunun yaxınlığında kiçik qalereya yaratdıq və bu artıq əcnəbiləri özünə cəlb edirdi. Layihənin ikinci mərhələsində bazarı öyrənməyə başladıq. Yəni əcnəbilər hansı suvenirləri almaq istəyir, onları hansı qane edə bilər. Hazırda bizim regionlarda 50 istehsalçımız var. Əlaqələrimizi Xaçmaz, Quba, Şamaxı, Qusar və digər regionlarda davam etdiririk. Layihənin gedişində sənətkarlara məsləhət də veririk: yəni məhsulu hazırlayarkən hansı rəngdən istifadə və ya hansı dizaynı tətbiq etsələr, daha yaxşı olar».
   
   Əcnəbilərin milli əl
   işlərinizə böyük marağı var
   
   İndi isə «Sehrli daxmacıq» mağazasının özündən bəhs edək. Bu mağaza layihənin sonuncu, yəni üçüncü mərhələsində ərsəyə gəlib. «Bilirsiniz, regionlarda biznes qurmaq və onu inkişaf etdirmək çox çətindir. Ona görə də layihənin üçüncü mərhələsi satışın təşkili ilə bağlı oldu», - deyə həmsöhbətim bildirir.
   Qeyd edək ki, mağazada məhsulların satılmasında ədalətli qaydalara əməl olunur. Sənətkar öz məhsulunun qiymətini təklif edir və müqavilə əsasında həmin məhsul xüsusi dəftərdə qeydə alınır. Sənətkarın məhsulu satıldıqda əldə edilən gəlir bir yerə toplanıb onun özünə çatdırılır.
   Layihə rəhbəri bu yolla Azərbaycanda ev şəraitində istehsala kömək etmək istədiklərini bildirir: «Çünki Azərbaycanın çox zəngin tarixi, mədəniyyəti var. Onu bu sənət nümunələri - suvenirlər vasitəsilə göstərmək elə mədəni irsin təqdimatının bir hissəsidir».
   “Sehrli daxmacığ”ın təbliği üçün bir sıra vasitələrdən istifadə edilir. Məsələn, Nil Uilyams deyir ki, ötən ilin noyabrında “Hyatt Regency” hotelində təşkil etdikləri sərgi əcnəbilərdə böyük maraq yaradıb. Bundan başqa onlar sosial şəbəkələrdə də bu məkanı təbliğ edirlər. “Sehrli daxmacığ”ın qonaqları - müştərilər də daha çox əcnəbilərdir. Çünki onların diqqətini Azərbaycanın adət-ənənəsini özündə əks etdirən suvenirlər özünə çox cəlb edir: “Bununla yanaşı, biz bu məhsulları yerli sakinlər arasında da təbliğ edirik. Biz onlara bildiririk ki, yerli məhsul alaraq siz öz qonşularınız, dostlarınız və ailənizin biznesinə yardım etmiş olursunuz. Bu sizə maddi cəhətdən sərf edəcək, cəmiyyətinizi isə gücləndirəcək. Nəticədə gələcək nəsillərdə davamlı olaraq dolanışıq imkanları olacaq».
   Maraqlıdır, bəs görəsən mağazada xaricilərdə ən çox marağa səbəb olan məhsullar hansılardır? Bu məqamı aydınlaşdırmaqda layihə rəhbəri bizə yardım etdi: «Üzərində rəsmlər yonulan kiçik daşlar, uzunboğaz corab, üzərində buta işləməsi olan çay dəstgahı, zərgərlik əşyaları, xüsusilə də, təbii neftlə çəkilən rəsmlərə əcnəbilərin böyük marağı var. Amma qiymətlərə gəlincə, bəzən bu sahədə kiçik problem yaranır. Məsələn, üzərində rəsmlər yonulmuş kiçik daş onların diqqətini cəlb edir, lakin qiyməti bir qədər baha (25 manat) olduğundan onu almaqda tərəddüd edirlər. Əlbəttə, belə hallar yarandıqda biz istehsalçıya vəziyyəti aydınlaşdırırıq və deyirik ki, qiyməti bir qədər aşağı endirsə, məhsulu tez satılar. Əlbəttə, öz məhsuluna qiymət qoymaq istehsalçının şəxsi hüququdur. Biz, sadəcə, məsləhət verə bilərik».
   
   Quba balı, Lənkəran çayı və Bilgəh zəfəranı
   
   Cəmi bir ildir ki, fəaliyyət göstərən “Sehrli daxmacıq” artıq ətrafına xeyli sayda alıcı cəlb edə bilib. Bunu mağazadan reportaj hazırlayan zaman da müşahidə etmək olurdu. Burada rəflərə düzülmüş Quba balı, Lənkəran çayı və Bilgəh zəfəranı görmək isə bizi yaxşı mənada təəccübləndirdi. Axı onlar əl sənəti nümunəsi deyil. Nil Uliyams bu nüansı belə izah edir: «Bu məhsullar Norveç Humanitar Müəssisəsinin kənd təsərrüfatının inkişafına yardım proqramı çərçivəsində satılır. Əsas odur ki, ətrafda gördüyünüz bütün məhsullar orijinaldır. Mağazada satılan məhsulların orijinallığını isbatlayan bir detal da budur ki, onlar - ikinci vasitəçi olmadan - birbaşa istehsalçının özündən alınır. Bəzən Bakıda yerli bazarda Şəki yaylıqları adı ilə məhsullar satılır. Lakin onlar həqiqi Şəki yaylığı olmur. Bizdə isə əsl Şəki yaylıqları satılır. Onu da bildirim ki, bu yaylıqlara çox böyük maraq var və bu səbəbdən onun satışı da çox olur».
   Qeyd etdiyimiz kimi, artıq üç ildir ki, davam edən layihə bu ilin aprel ayında bitəcək. Lakin layihə rəhbəri ümid edir ki, mağaza ticarət obyekti kimi öz fəaliyyətini davam etdirəcək: «Azərbaycan xalqı çox əməksevər və öz mədəni irsinə hörmət bəsləyən xalqdır. Onlar işləmək və pul qazanmaq istəyirlər. Bununla insanlar həm də mədəni irsi qoruyub-saxlayırlar, həm də kiçik bizneslə məşğul olurlar».
   
   Mehparə