Novruz gəlir, yaz gəlir,
   Bir əlində saz gəlir.
   Bir əlində xonçası,
   Açıb gülün qönçəsi...
   
   Qədim tarixi olan Novruz bayramı təzə ili, bahar təravətli yeni günü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir, qış qurtarır, yaz fəsli başlayır. Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən gözəl bayramlardan biridir. Bir çox türk və müsəlman ölkələrində olduğu kimi, bu bayram Azərbaycanda da geniş qeyd edilir.
   Ötən illərdə olduğu kimi, Bahar bayramı bu il də ölkə paytaxtında xüsusi təmtəraqla qeyd olundu. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən şənliklər İçərişəhərdən - Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Parkda davam etdi...
   
   * * *
   Martın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, nazirliyin məsul işçiləri Dənizkənarı Milli Parkda el bayramına hazırlıq prosesi ilə tanış oldular.
   
   Mədəniyyət kollektivlərinin bayram töhfəsi
   
   Musiqi və rəqs kollektivlərinin, teatrların, folklor kollektivlərinin bayram mərasiminə böyük həvəs və səylə hazırlaşdığı ilk baxışdan diqqəti cəlb edirdi. Balaca rəqqaslar Qız qalasının yanında ifa edəcəkləri bayram rəqsinə xüsusi həvəslə hazırlaşmışdılar. Dənizkənarı Milli Parkda qonaqları milli musiqi sədaları altında salamlayacaq balacalar, cəngavər geyimində el qəhrəmanlarını canlandıran aktyorlar, bayram tədbirinə xeyir-dua verəcək Dədə Qorqud, Bahar qızı, məzəli çıxışları ilə insanlarda xoş əhvali-ruhiyyə yaradan Novruz personajları - Kosa və Keçəl də burada idi.
   Dövlət Mahnı və Rəqs Ansamblının, Bakı Xoreoqrafiya Məktəbinin, «Cəngi» folklor, «Cücələrim» uşaq ansambllarının, Uşaq Filarmoniyasının solistləri milli geyimlərdə qara zurnanın sədaları altında qızğın məşq edirdilər. Qız qalasının hər bir tərəfində isə orta əsrlər cəngavərlərinin formasını geyinmiş əsgərlər düzülmüşdülər. Yolboyu milli geyimdə olan qız və oğlanlar gülərüzlə qonaqları qarşılayacaqdılar.
   
   Folklor kollektivlərinin rəngarəng çıxışları
   
   Novruz bayramı ilə əlaqədar Milli Parkın ərazisində Şərq bazarı qurulmuşdu. Rayonlardan gəlmiş xalq kollektivləri, mədəniyyət işçiləri, musiqi qrupları, el sənətkarları el bayramına ciddi-cəhdlə hazırlaşırdılar. Hər bölgə ayrıca stenddə təmsil olunurdu. Burada hər bölgənin mətbəxi, sənətkarlığı barədə ətraflı məlumat verilirdi.
   Lənkəranın “Nənələr” folklor qrupu da burada idi. Qrupun 75 yaşlı üzvü Qızbəs Əhmədova Novruz şənliklərində iştirak etməkdən zövq aldığını deyir: “Biz bu bayrama həmişə ciddi hazırlaşmışıq. İnanmışıq ki, bu bayramı necə qarşılasan, bütün ili elə qarşılayarsan. Bir ağbirçək kimi xalqımıza xöşbəxtlik, insanlara uzun ömür arzulayıram”.
   Astaranın Kakalos kənd mədəniyyət evinin “Əvəsor” kollektivi maraqlı musiqili kompozisiya hazırlamışdı. Qızlardan ibarət qrup üzvlərinin maraqlı nişan məclisi fonunda kompozisiyası iştirakçılarda xoş ovqat yaradırdı.
   Masallının məşhur “Halay” kollektivi də maraqlı musiqi nömrələri təqdim edirdi. “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblının, Lerik rayonundan gələn ”Rəfti-uzunömürlülər” folklor və rəqs kollektivi üzvlərinin də çıxışları maraqla qarşılandı.
   
   Qədim bayram ənənələri yaşadılır
   
   Milli Parkın bir guşəsi idman meydançasını xatırladırdı. Bir tərəfdə “Cəngi” sədaları altında pəhləvanlar ağır çəki daşlarını atıb-tutur, qol güclərini sınayır, digər yanda güləşçilər məharətlərini göstərirdilər. Pəhləvan Məhəmmədəli Ramazanov deyir ki, Novruz tədbirlərinin belə təmtəraqla təşkil olunması qədim el sənəti ilə məşğul olanların sayını artırıb: “Bu gün burada 87 yaşlı pəhləvanımız da var. Pəhləvanlıq sənəti dünyanın nadir sənətlərindəndir. Hər xalq pəhləvan yetirə bilmir. Burada hər bir hərəkət məzmunludur. Mən 15 yaşımdan bu sənətlə məşğulam. Əvvəllər milli bayramlarda, məhsul bayramlarında kəndlərdə zorxana meydanları təşkil olunurdu. Zurnaçı dəstəsi "Cəngi" çalar, kənd cavanları qurşaq tutardılar. Bu gün həmin ənənələr unudulmaqdan xilas olub. Sevinirik ki, bizim bu sənət də yaşayır, unudulmur”. 
   
   “Mirzə Fətəli dünyasına xoş gəlmisiniz!”
   
   Dənizkənarı Milli Parkın bir guşəsində qonaqları aktyorlar bu sözlərlə qarşılayırlar: “Mirzə Fətəli Axundzadə dünyasına xoş gəlmisiniz!” Bu il 200 illik yubileyi geniş şəkildə qeyd olunan ədibin “Hekayəti Xırs-Quldurbasan”, “Sərgüzəşti Vəziri-Xani Lənkəran”, “Müsyö Jordan və Dərviş Məstəli Şah” və digər əsərlərindən obrazlar insanları salamlayırdı. Hacı Qara “xəsislik edir”, müsyö Jordanın hərəkətləri gülüş yaradırdı.
   Mərasimə xalq nağıllarımızın personajları, nağıl tamaşalarının qəhrəmanları da gəlmişdilər.
   
   Fərqli səmənilər
   
   Milli Parkda Novruz mövzusuna həsr olunmuş rəngkarlıq nümunələri də göz oxşayır, rəssamların dili ilə Novruz ənənələrini təbliğ edirdi. Dövlət Rəsm Qalereyasının Fondunda saxlanılan 50-dək sənət nümunəsi arasında müasir incəsənət nümunələrinə də rast gəlmək olurdu.
   Azərbaycanın müxtəlif bölgələrini əhatə edən stendlərdə milli mətbəx nümunələri ilə yanaşı kənd təsərrüfatı məhsulları da sərgilənirdi. Eyni zamanda rayonlarda yaradılmış istehsal müəssisələrinin məhsulları iştirakçılara təqdim olunurdu. Zövqlə bəzədilmiş şəkərburalar, müxtəlif şirniyyatlar stendləri bəzəyirdi. Stendlərin hər birində fərqli bir neçə növ səməni də var idi. Onlar quruluşu, ölçüləri, gözəlliyi ilə göz oxşayırdılar. Lənkərana aid stenddə irihəcmli samovar quruluşlu səməni uzaqdan diqqəti cəlb edirdi. Qaranquş formalı səməni və bir metrə çatan səmənilərin necə hazırlanması iştirakçılarda maraq oyadırdı.
   
   Milli mətbəximiz və xalq sənətimiz təbliğ olunur
   
   Azərbaycan mətbəxinin dünyada tayı-bərabəri yoxdur. Milli Parkın ərazisində bayram günləri olanlar bu nümunələri bir arada görmək imkanına malik idilər.
   Stendlərdə qoyulmuş əvəzsiz nemətlər arasında nələr yox idi. Yüzlərlə mürəbbə növləri, şirniyyatlar, spesifik mətbəx nümunələri, fərqli dadlı meyvə növləri stendləri bəzəyirdi...
   Xalidə Həbibova Lənkəranın milli mətbəx nümunələrini təqdim edirdi: “Bizim ləvəngimiz nəyə desən dəyər. İştirakçıları Lənkərana dəvə edirəm, gəlsinlər, peşman olmazlar”.
   Azərbaycan Milli Kulinariya Mərkəzinin ləziz təamları da ayrıca stenddə öz əksini tapmışdı.
   Stendlərdə sənətkarlıq məhsulları ilə də göz oxşayırdı. Yüzlərlə tətbiqi sənət nümunəsi qədim sənət növlərinin yaşadıldığından, inkişafından xəbər verirdi. Hüseyn Hacımustafazadə şəbəkə ustasıdır. Novruz tədbirlərində iştirak etmək üçün Gəncədən gəlib. Hər il Novruz tədbirlərində iştirak edir, hazırladığı məhsulları sərgiləyir. Deyir ki, Novruz bayramı həm də qədim xalq sənəti ənənələrini təbliğ edir: “Novruz bayramı günlərində Bakıda əcnəbilər çox olurlar. Onlar qədim sənət nümunələrinə də xüsusi maraq göstərirlər. Əlbəttə ki, belə mədəniyyət tədbirləri el sənətimizi dünyaya tanıdır”.
   
   Paytaxt sakinlərinin Novruz sevinci
   
   Novruz şənliyi ilə bağlı mərasimi, məşq prosesi olmasına baxmayaraq, xeyli şəhər sakini izləyirdi. Bakıda yaşayan Vüsal Mehdiyev deyir ki, Novruz vətənini, millətini sevənlərin bayramıdır: “Bu bayram milli olduğuna görə təmtəraqla qarşılanmalıdır. Milli Parka istirahətə gəlmişdim. Burda mədəniyyət müəssisələrinin bayrama necə həvəslə hazırlaşdıqlarını gördüm. Yəqin bayram günü tədbirləri çoxlarının yadında xoş xatirələrlə qalacaq”.
   Səmayə Əliyeva təqaüdçüdür. Deyir ki, bir vaxtlar bu bayramı geniş qeyd etmək yasaq olunmuşdu: “İndi bayram ölkəmizdə çox geniş qeyd olunur. Qədim adət-ənənələr yaşadılır. Tariximizi yaşatmaq üçün milli bayramlarımızın belə təmtəraqlı keçirilməsi çox vacibdir”.
   * * *
   Novruz bayramı bir el şənliyi olmaqla milli özəllikləri ilə yanaşı, sülh və barış kimi bəşəri dəyərləri də təcəssüm etdirir, təbliğ edir. Novruz insanları birliyə, xoş gələcəyə səsləyir. Novruz dilimizi, qədim folklorumuzu yaşadır. Çalışaq ki, bu bayramı xoş ovqatla yaşayaq.
   İnanclara görə, bayramda yandırılan tonqallar qaranlığı yox edir. İnsanlar qışı qovub uzaqlaşdırır, günəşi səsləyir, səməni yaşıllığı, qırmızı boyanmış yumurta isə günəşi çağırır. Bütün bunlarla həm də insan demək istəyir ki, qışın mənə gücü çatmadı. Yenə də ruzim ortadadır, qışı uzaqlaşdırıram və yeni günümə uğurla başlayıram.
   Xoş inanclarımız, dualarımız, arzularımız çin olsun...
   
   Ceyhun Zərbəliyev