Sonuncu regional sərgi Xaçmazda keçirildi
   
   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Respublika dekorativ-tətbiqi sənət festivalı keçirilir. İyunun 1-də Xaçmaz rayonunda festivalın sonuncu regional sərgisi açıldı.
   
   Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, sektorun böyük məsləhətçisi Anar Qurbanov, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, şəhər və rayon mədəniyyət və turizm şöbələrinin müdirləri, Rəssamlıq Akademiyasının müəllimləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
   Xaçmaz Rayon Mədəniyyət və İstirahət Parkında təşkil olunan regional sərgiyə respublikanın 9 şəhər və rayonunun (Xaçmaz, Şabran, Siyəzən, Xızı, Quba, Qusar, Şamaxı, Hacıqabul, Qobustan) xalq sənətkarları və dekorativ-tətbiqi sənət ustaları qatılmışdı.
   
   Çeşidli sənət nümunələri, gözoxşayan əl işləri
   
   Sərginin keçirildiyi gün Xaçmazda həzin meh əsirdi. Təşkilati işlər artıq başa çatmışdı və hər kəs açıq havada, milli musiqinin sədaları altında nümayiş olunacaq sərginin açılışını gözləyirdi. El sənətkarları sərgiyə gətirdikləri sənət nümunələrini onlar üçün ayrılan yerlərdə sıra ilə düzür, öz bacarıqlarını geniş ictimaiyyətə təqdim etməyə hazırlaşırdılar. Festivalda iştirak etmək arzusunda olan dekorativ-tətbiqi sənət ustalarının müvafiq rayon və şəhər mədəniyyət və turizm şöbələri tərəfindən qeydiyyatı əvvəlcədən aparılmış, park ərazisində onlara əl işlərini sərgiləmək üçün lazımi şərait yaradılmışdı.
   Regional sərgidə nümayiş olunan dekorativ-tətbiqi sənət əsərləri arasında xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma, dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma, makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma) üsulu ilə hazırlanmış nümunələr göz oxşayırdı. Bəzən iki ustanın birgə hazırlayaraq sərgiyə təqdim etdiyi sənət nümunələrinə də rast gəlmək olurdu.
   
   İlk festivalın müsbət nəticələri
   
   Tədbiri Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev açaraq festivalın əhəmiyyətindən danışdı: “Mədəniyyət və Turizm Nazirliyinin qədim sənət növlərinin bərpası, yaşadılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər rəğbətlə qarşılanır. Belə festivalların davamlı olaraq keçirilməsi mədəniyyətimizin inkişafına xidmət edir. Bugünkü sərgiyə 9 şəhər və rayondan el sənətkarları əl işlərini təqdim ediblər. Onların arasından ən yaxşıları seçilərək yekun sərgidə nümayiş olunacaq”.
   Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov bildirdi ki, festival dekorativ-tətbiqi sənət növlərinin təbliği və qorunması ilə yanaşı, bölgələrdə mədəni mühitin daha da canlanmasına zəmin yaradır. Qeyd olundu ki, fevral ayından başlanan festivalın Gəncə, Şəki və Lənkəranda regional sərgiləri keçirilib. Respublikanın bu sahə üzrə tanınmış mütəxəssisləri festivalın münsiflər heyətində təmsil olunurlar. Regional sərgilər respublikanın müxtəlif bölgələrində, şəhər və kəndlərində yaşayan dekorativ-tətbiqi sənət ustalarını bir araya gətirməyə, onların yaradıcılıqlarına stimul verməyə xidmət edir: “Biz artıq görürük ki, I Respublika dekorativ-tətbiqi sənət festivalı öz nəticəsini verib. İki il ərzində yeni, maraqlı sənət nümunələri yaradılıb. Bu ilin dekabrında Bakıda festivalın yekun sərgisi keçiriləcək. Münsiflər heyəti tərəfindən seçilmiş əsərlər həmin sərgidə geniş ictimaiyyətə təqdim olunacaq. Azərbaycan və ingilis dillərində çap olunacaq kataloqlar vasitəsilə el sənətkarları həm Mədəniyyət və Turizm Nazirliyinin, həm də digər qurumların - müxtəlif səfirliklər, turizm, diaspor təşkilatları, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin xətti ilə tanıdılacaq”.
   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva bildirdi ki, festival qarşıya çıxan problemlərin həllinə, sənətkarlarla əlaqələrin yaradılmasına geniş imkanlar açır: “Sərgidə iştirak edən hər bir sənət ustasına yeni yaradıcılıq uğurları arzulayıram. Düşünürəm ki, qədim sənət növlərinin yaşadılması, inkişafı üçün hər kəs səy göstərməlidir. Festival sənətkarlara yaradıcılıq ünsiyyəti qurmağa imkan verir”.
   Sonra sərgidə iştirak edən bir qrup xalq sənətkarı və dekorativ-tətbiqi sənət ustasına Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim edildi.
   
   Sənət ustalarının ürək sözləri
   
   Sərgidə müxtəlif yaş qruplarından olan xalq tətbiqi sənət ustalarını görmək olurdu. Hər biri hazırladıqları əl işlərinin seçkin xüsusiyyətlərini fəxrlə nümayiş etdirir, maraqlananların suallarını cavablandırırdı. 63 yaşlı Bayram Ağasıyev ixtisasca tar müəllimidir. Şabran rayonunun Dağbilici kəndində çalışır. Festivala özünün hazırladığı musiqi alətlərini təqdim edib: “İnsanlar sərgiyə çox maraq göstərir. Belə tədbirlər qədim sənət növlərinin tanıdılmasına xidmət edir”.
   
   Xızı rayonundan sərgiyə qatılan Rəcəb Rəsulov isə ağac üzərində bədii oyma işlərini təqdim edirdi. Özü haqqında danışmaq istəməsə də, hazırladığı sənət nümunələri onun istedadından xəbər verirdi. Təqdim etdiyi işlər arasında suvenir musiqi alətləri, beşik, rəhil, zövqlə işlənmiş rəsm çərçivələri maraqlı və baxımlı idi.
   
   Quba rayonunda toxunan xalçalar isə Azərbaycanın sənətkarlıq paytaxtının imkanlarını sərgiləyirdi. Rayonda fəaliyyət göstərən “Aygün” Sənətkarlıq Mərkəzinin rəhbəri Fatimə Ağamirzəyeva sərgidə regiona xas olan xalçaların, çeşnilərin nümayiş olunduğunu deyərək, onların anlamını, süjet xəttini həvəslə izah edir: “Gördüyünüz bu xalçanın süjet xətti “Kəlilə və Dimnə”dən götürülüb. Bu isə “Leyli və Məcnun” əsərindən. Biz əsasən itən kompozisiyalar üzərində daha çox işləyirik. Sərgiyə 8 növ xalça çıxarmışıq. Xalçaçılıq Qubanın qürur mənbəyidir”.
   
   Sərginin digər bir iştirakçısı - Xaçmazdan Ədalət Pirverdiyevin daş üzərində bədii oymalardan ibarət əl işləri xüsusi maraqla qarşılanırdı. Gənc usta çay daşları üzərində insan təsvirləri, müxtəlif naxışlar həkk edir. Hazırladığı hər bir əl işi kifayət qədər maraqlı alınır: “Mədəniyyət və Turizm Nazirliyin təşkil etdiyi I Respublika dekorativ-tətbiqi sənət festivalında da iştirak etmişəm. Budəfəki sərgi daha rəngarəngdir. Sərgiyə 100-dən artıq əl işimi gətirmişəm. İndi insanlar xalq tətbiqi sənət növlərinə daha çox maraq göstərir. Bu, mənim həvəsimi daha da artırır. Gənc yaşlarımdan bu sənətlə məşğul olmağa başlamışam. Qobustanda qayalar üzərində təsvirlərə baxarkən məndə maraq yaranırdı ki, daş üzərinə rəsmlər həkk edim. Hazırda bir neçə şagirdimə daş üzərində yonma sənətini öyrədirəm. Yəqin növbəti festivalda onlar da əl işlərini təqdim edəcəklər”.
   
   Zeydulla Ağayev 40 ilə yaxındır ki, əlvan metal üzərində döymə sənəti ilə məşğul olur. Sənətinin vurğunu olan Zeydulla müəllim Xaçmaz rayonunun Mürşüdoba kəndində evinin bir guşəsində gözəl sənət əsərləri yaradır. Əl işləri ölkəmiqyaslı müxtəlif sərgilərdə nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi sərgilərdə fəal iştirak edib, diplom və mükafatlara layiq görülüb. Arzusu bu sənətin əbədi yaşamasıdır. Sənətini övladına da öyrədib.
   
   Əvvəllər belə deyildi...
   
   Sərginin ən yaşlı iştirakçısı nümayişə özünün hazırladığı 20-yə qədər musiqi aləti çıxarıb. Nəfəsli alətlərdə məharətlə ifa edən 86 yaşlı Habil Dəmirov bu gün də bacardığı qədər el sənəti ilə məşğul olur. Müxtəlif ağac növlərindən zurna, ney, balaban, nağara hazırlayır. Qocaman sənət ustasının əl işləri münsiflər heyəti tərəfindən də yüksək qiymətləndirildi, Habil Dəmirov Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görüldü. Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən ustaya xalça hədiyyə edildi. Sənətkar deyir ki, əvvəllər qədim xalq sənəti növlərinə biganəlik var idi: “İndi hər bir sənət ustası öz işini insanlara göstərə bilir. Cəmiyyət də onları görür, tanıyır, qiymət verir. Sərgiyə dəvət olunanda çox sevindim. Mədəniyyət və Turizm Nazirliyi bu işə xüsusi diqqət ayırır. Belə sərgiləri təşkil edənlərə minnətdarlığımı bildirirəm”.
   
   Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət kafedrasının professoru, Əməkdar rəssam Ədhəm Yusifov da festivalın təşkilini yüksək qiymətləndirərək, nümayiş olunan nümunələr arasında yüksək sənət meyarlarına cavab verən işlərin olduğunu deyir: “Festival sənət adamlarını bir araya gətirir, onları bu işə ciddi yanaşmağa vadar edir. Çox maraqlı əsərlər gördük. Xüsusən xalçaçılıq, bədii oyma işləri çox baxımlıdır. Düşünürəm ki, yerlərdə el sənətkarları ilə daima əlaqələr saxlanılmalı, davamlı iş aparılmalıdır. Belə olsa heç bir sənət növü unudulmaz, əksinə, daha da inkişaf edər”.
   
   Ceyhun Zərbəliyev