Egey sahilinin incisi - İzmir
   
   II yazı
   
   Türkiyənin ən gözəl şəhərlərindən biri olan İzmir tarixi yerlər və abidələrlə zəngindir. Məhz bu səbəbdəndir ki, qədim yunan, Roma, Bizans, eləcə də Osmanlı dövrü abidələrini özündə yaşadan bu şəhər dünyanın hər yerindən turistləri özünə cəlb etməkdədir. 2020-ci ildə dünyanın ən böyük sərgisinə (EXPO) ev sahibliyi üçün yarışan İzmiri digər rəqib şəhərlərdən üstün tuta biləcək məqamlardan biri də məhz bu zəngin tarixi-mədəni irsdir.
   
   Bu günlərdə İzmirə səfərimiz zamanı burada böyük qayğı ilə qorunan, nəsillərdən-nəsillərə ötürülən antik yunan və Roma mədəniyyəti nümunələri ilə tanışlıq məndə hədsiz təəssürat yaratdı. Bu vaxta qədər tarix kitablarında oxuduğum məşhur Perqam və Efes şəhər-abidələri, Aqora meydanı və digərlərini görmək doğrudan da (şablon da olsa) «min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır» deyimini isbatlayırdı.
   
   Ellinizmin parlaq mədəniyyət mərkəzi - Perqam
   
   Antik dünyaya ilk səyahətimiz Perqamdan başlandı. İzmirdən 101 km uzaqda yerləşən Berqama şəhəri qədim Perqamla möhkəm bağlara malikdir. Berqamada qədim yunan evləri ilə bir arada Osmanlı dövrü minarələri, məscidlər də yer alıb. Turistləri bu əraziyə daha çox cəlb edən məkan isə antik şəhər Perqamdır.
   Şəhər Akropolda, müasir şəhərin üzərində yerləşdiyindən əraziyə kanatlarla qalxmaq lazım gəlir.
   Akropola qalxdıqca, hər addımında gözəl mənzərə açılır. Onu da qeyd edim ki, bu antik yunan şəhərinin abidələri ilə ilk dəfə 2009-cu ildə «Qafqaz jurnalistlərinin mədəniyyət səfəri» proqramı çərçivəsində Almaniyada olarkən qismən tanış olmuşdum. Həmin abidələr Berlində «Muzeylər adası» adlanan ərazidə, «Perqamon» adlı muzeydə saxlanılır. Əlbəttə, bu maraqlı məqamın özü yüz illərlə torpağın altında sirr kimi qalan bu məkanın açılma tarixçəsi ilə bağlıdır. XIX əsrin 70-ci illərində alman mühəndisi Karl Human yol və körpülər inşa etmək üçün Osmanlı sultanı tərəfindən ölkəyə dəvət olunur. Özü ilə 100 nəfər qazmaçı götürən mühəndis onlarla birlikdə dağın başına qalxır. İlk qazıntılar 1878-1886-cı illəri əhatə edir və tikinti işləri zamanı qədim Perqam və Ellin incəsənətinin möhtəşəm abidəsi - Zevsin məbədi aşkar edilir. Deyilənlərə görə, Sultan II Əbdülhəmid ərazidə qazıntı aparan arxeoloqa «Bizdə daşlar çox, bunları öz ölkənizə aparın» deyib. Beləcə Zevs məbədinin barelyefi və başqa qiymətli tapıntılar Berlinə aparılır. Və bu incəsənət nümunələri əsasında Berlində haqqında bəhs etdiyim məşhur “Perqamon” muzeyi qurulur.
   İndi isə bu antik şəhərə ekskursiyaya başlayaq. Məlumat üçün bildirək ki, Perqam Roma və İsgəndəriyyədən sonra qədim dünyanın üçüncü ən böyük şəhəri olub. Özünün möhtəşəm arxitekturası, kitabxanası, teatr sənəti, heykəltəraşlığı və elmi məktəbləri ilə İsgəndəriyyə ilə rəqabət aparıb. Deyilənlərə görə, bu gözəl şəhər bayağı xəyanətin nəticəsində meydana gəlib. Makedoniyalı İsgəndərin ölümündən sonra onun əshabələrindən Lisimah keçmiş fatehin, demək olar ki, bütün xəzinəsini qəsb edir. Xəzinəni saxlamaq üçün məkrli Lisimah qayanın zirvəsində alınmaz Perqam qalasını seçir. Bu gün də orada vaxtilə Makedoniya çarının daş-qaşlarının yığıldığı, daşdan oyulmuş saxlanc yerləri qalmaqdadır. Lisimah bu daş-qaşların qorunmasını öz xidmətçisinə etibar edir. O isə öz növbəsində xəzinəni mənimsəyir və eradan əvvəl 287-ci ildə Lisimahın düşməni I Selevikinin tərəfinə keçir. Sonralar, eradan əvvəl 240-cı ildə, Perqam öz müstəqilliyini elan edir. Beləliklə, Perqam çarlığı Kiçik Asiyada güclü dövlətə çevrilir. 133-cü ildə isə Perqam Roma imperiyasının Asiya əyalətinin paytaxtı edilir və o zaman imperatorlar şəhəri bəzəmək üçün heç nəyi əsirgəmirdilər. Ellinizm dövründə Perqam 150 il parlaq mədəniyyət mərkəzi olub.
   Türkiyənin ən gözəl arxeoloji məkanlarından olan antik şəhərdə kitabxana, nəhəng və gözəl təsir bağışlayan teatr, Troyan və Dionisin məbədləri, Zevsin qurbangahı, üç terras üzərində əsası qoyulan gimnaziya və Aqoranın xarabalıqları qalmaqdadır. Perqamda vaxtilə mövcud olan teatrların möhtəşəmliyini qalıqlarından da hiss etmək olar. Mərmər oturacaqlı nəhəng amfiteatrda 10 mindən çox insan tamaşanı seyr edə bilib. Perqam məbədi qədim dünyanın böyük şəhər sərvətlərindən biridir.
   Burada 200 min əlyazma kitab olub. Minlərlə tamaşaçısı olan teatr da o dövrdə digərlərindən fərqlənib. Şəhər tibbi elmlərin və müalicənin mərkəzi olduğundan kitabxanada təbabətə aid çoxlu əlyazmalar da qorunub. İndi isə həmin kitabxananın yalnız sütunlarına rast gəlmək olar.
   Şəhər həm də müalicəvi xüsusiyyətləri ilə məşhur olub. Buraya üz tutan xəstələr bürünc vanna qəbul edər, müalicə suları içərdilər. Məharətli masajçıların şəfalı əlləri və ətirli yağlar zəifləmiş əzələlərin gücünü bərpa edərdi. 713-cü ildə bu gözəl Kiçik Asiya şəhəri ərəb qoşunları tərəfindən dağıdılır. XX əsrin əvvəllərində Türkiyə şəhəri Berqamanın sakinlərinin ağıllarına belə gəlməyib ki, onlar qədim dünyanın böyük şəhərinin xarabalıqları üzərində yaşayırlar. Bu gün isə bu şəhər dünyanın bütün ölkələrindən olan turistlərin axın etdiyi tarixi abidə kimi qorunmaqdadır.
   
   Asklepion - xəstələrin müalicə ocağı
   
   Berqamanın yaxınlığında, yolun sağ tərəfində təbabət ilahəsi Asklepiosun şərəfinə qurulan böyük antik tibbi mərkəz Asklepion yerləşir. Əvvəlki dövrlərdə Asklepionu əsas şəhərlə 820 metr uzunluğunda “müqəddəs yol” bağlayıb. Hər iki tərəfində dağılmış sütunlar dayanan bu yol da qazıntılar nəticəsində üzə çıxıb. Müalicə mərkəzinin girişinə yaxınlaşdıqda qədim müalicə mərkəzinin simvolu hesab edilən kiçik heykəlciyi qoyulan zəhərli ilan görmək olur. Bunun da öz tarixçəsi var. Belə ki, Asklepionda yalnız müalicəsi mümkün xəstələri qəbul edərmişlər. Əks halda bu yer öz nüfuzunu itirə bilərmiş. Bir nəfər ölüm ayağında olan xəstəni müalicəyə qəbul etmədiklərindən o özünə qəsd etmək üçün ilan zəhərini içir. Və ölmək əvəzinə sağalır. Bundan sonra bəlli olur ki, əslində ilan zəhəri bir çox dərdlərə dərmandır.
   Vaxtilə xəstələr burada yeraltı mineral su ilə vanna qəbul edərmişlər. Həmin ənənə bu gün də davam edir. Lakin bir qədər fərqli formada. Belə ki, əraziyə gələn turistlər həmin yeraltı su ilə əl-üzlərini yuyurlar. Hətta suyun şəfalı olduğuna inanıb özləri ilə su götürənlərə də rast gəldik. Qədimdə ruhi xəstələri yuxu otaqlarına aparan 80 metrlik tunel bu gün də qalır. Xəstələr yuxu otaqlarına tuneldən axan su səsinin müşayiəti ilə gedirlərmiş ki, bu da onların gərginliklərini azaltmağa kömək edərmiş. Asklepionun xarabalıqlarında qədim teatrın qalıqları da qorunur. Tarixi məkan bu gün də psixologiya mövzusunda keçirilən tədbirlərə, konfranslara ev sahibliyi etməkdədir.
   
   Qədimdən bu günə
   
   Səfərimizin ikinci günündə İzmir vilayətinin Səlcuq rayonunda yerləşən qədim yunan şəhəri Efesin qalıqlarını ziyarət etdik. Deyirlər ki, Efes və Səlcuqu bir şəhər hesab etmək böyük səhvdir. Çünki Efes Türkiyənin ən gözəl və əhəmiyyətli qədim şəhərlərindəndir. Səlcuq isə öz növbəsində özünəməxsus görməli yerlərə malikdir.
   Tarixin atası Heredot yazırdı ki, İzmir kimi, Efesin də əsasını amazonlar qoyub. Dünyanın 7 möcüzəsindən biri Artemis məbədi də bu şəhərdə yerləşir. Efes xarabalıqları yerli və xarici turistləri ən çox cəlb edən məkanlardandır. Qazıntılar şəhərin yalnız 15 faizində aparılıb. Qədim şəhərin böyük kitabxanası, qul bazarı, hamamlar, teatrlar, teatr gimnaziyası, yaşayış evlərinin xarabalıqları bu gün də qalmaqdadır. Yamacda salınmış şəhərdə evlər sanki bir-birinin üzərində inşa edilib. Onlardan bəziləri eramızın I əsrində tikilib. Efes ilk əvvəl bir liman şəhəri kimi salınıb, vacib ticarət mərkəzi olaraq istifadə edilib. Qədim zamanlardan özünün yerləşdiyi coğrafi məkana görə, böyük, strateji əhəmiyyətə malik olan Efes həm də çox məhsuldar vadidə yerləşib. Şəhər qədim dünyanın ticarət, erkən orta əsrlərin isə xristianlıq mərkəzi olub. Bu gün isə şəhər Türkiyənin mühüm turist mərkəzidir. Qədim Efesə doğru yol mərmər döşənmiş sütunlu xiyabandan keçib. Vaxtilə Roma imperiyasının generalı Mark Antoni və misirli Kleopatra bu xiyabanda gəzərmişlər. Dağıntıya məruz qalsa da, xiyaban öz möhtəşəmliyini bu gün də saxlamaqdadır. Mərmər küçənin kəsişməsində yerləşən I əsrə aid «Sevgi evi» də maraq doğurur. Bu maraqlı ev mərkəzi zal və çoxlu otaqlardan ibarət olub. Qazıntılar nəticəsində tapılan kurqanlar Efesdə məskunlaşmanın bizim eradan 6000 il əvvəl mövcudluğunu sübut edir və bu şəhərdə kifayət qədər məşhur şəxsiyyətlər yaşayıb.
   
   Müqəddəs Məryəm küçəsi
   
   Efesdən 9 km yuxarıda isə yaşıllıqlar arasında və heyrətamiz bir atmosferdə müqəddəs Məryəm küçəsi yerləşir. Deyilənlərə görə, Məryəm ana özünün son günlərini burada keçirib. Məryəm ananın evi tipik Roma memarlığı üslubundadır, bütünlüklə daşdan tikilib. Eranın IV əsrində kilsə onun evi ilə qəbrini birləşdirərək bir yerdə tikib. İkimərtəbəli ev, şamlar, yataq, müsəlman və xristianlar üçün dua otaqlarından ibarətdir. Bu gün yalnız mərkəzi hissə və məbədin sağ tərəfindəki otaq ziyarətçilərin üzünə açıqdır. Burada isə hər kəs tikilinin evə deyil, kilsəyə bənzədiyini görə bilər. Küçədəki digər maraqlı yer «Məryəm suyu»dur. Suyun mənbəyinin kilsənin ətrafında tapıldığını və şəfaverici əhəmiyyətə malik olduğunu bildirirlər. Buradakı maraqlı məqam həm də arzuların yazılmasıdır. Küçəni ziyarət edən hər kəs kiçik kağız parçasına öz arzusunu yazıb xüsusi lövhəyə bağlaya bilər. Qeyd edək ki, Roma papası IV Pavel ilk dəfə 1960-cı ildə buraya səfər edir, 1980-ci ildə isə Papa II İohann Pavel bu yeri xristianlar üçün ziyarətgah adlandırır. Bu gün “Məryəm ana” küçəsini xristianlarla yanaşı, müsəlmanlar da ziyarət edir.
   İzmirdə antik dövr abidələrinə şəhər mərkəzindən o qədər də uzaqda olmayan II əsrə aid Aqora və ya bazar meydanı da daxildir. 1932-1941-ci illərdə aparılan qazıntılar nəticəsində Aqoranın böyük hissəsi, onu əhatə edən sütunlar aşkar edilib. Aqoranın şimal qanadında Roma dövrünün gözəl nümunəsi - Bazilika yerləşir. Bir sözlə, qədim sivilizasiyanı özündə yaşadan İzmir turistləri hər zaman heyrətləndirməkdə davam edir.
   
   Mehparə Sultanova,
   Bakı-İzmir-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar