Yeni ilin gəlişini hər kəs xoş ovqatla qarşılamağa çalışır. Çünki bu, balacadan böyüyə hamı üçün sevinc dolu, yenilik ümidli bayramdır. Uşaqlar üçün isə Yeni il bir başqa dünyadır.
   
   Balacalar Şaxta baba və Qar qızı canlı görmək üçün ilin on bir ayını səbirsizliklə gözləyirlər. Onların istirahətini rəngarəng etmək, möcüzə ilə dolu aləmlərə səyahətə aparmaq üçün isə şəhərimizin mədəniyyət ocaqlarına baş çəkmək lazımdır.
   Hər il olduğu kimi, bu il də Heydər Əliyev Sarayı balacaların sevincini bölüşmək, onları sevimli personajları ilə görüşdürmək üçün rəngarəng Yeni il şənliyi proqramı hazırlayıb. Şənlik yanvarın 3-dən 5-dək davam edəcək. Dekabrın 22-də isə bayram proqramına baxış oldu. Rəngarəng nömrələr bir daha gözdən keçirildi, şounu daha da maraqlı etmək üçün tövsiyələr verildi.
   Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək Yeni il şənliyində balacaları milli və müasir rəqslər, muğam və aşıq ifaları, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlər gözləyir. Bundan əlavə, bir sıra estrada ulduzlarının çıxışları da nəzərdə tutulub.
   Proqramda Azərbaycan Şaulin Döyüş Sənəti Federasiyası da öz çıxışı ilə balacaları sevindirəcək. Federasiyanın baş məşqçisi Rauf Əliyev bildirdi ki, hazırlanan nömrə uşaqlara idmanı təbliğ etmək üçün xüsusi elementlərlə zəngindir: “Bu nömrədə müxtəlif yaş kateqoriyalı 20-yə yaxın uşaq iştirak edir. Bu da onu göstərir ki, şaulin döyüş sənətində yaşın aşağı və ya yuxarı həddi yoxdur. Bütün yaş qruplarında uşaqlar bu idman növü ilə məşğul ola bilər”. R.Əliyev onu da bildirdi ki, Yeni il nömrəsi döyüş elementləri, qılınclarla döyüş ilə yadda qalacaq.
   İdman nömrəsindən biri də gimnastların çıxışıdır. Lentlərlə çıxış, ən balacaların isə toplarla çıxışı maraqla qarşılanacaq.
   Proqram rəqs nömrələri ilə zəngindir. “Asiman” uşaq rəqs qrupu milli rəqslərlə yanaşı, xarici kompozisiyalarla da balacaları sevindirəcək. Qrupun bədii rəhbəri Rasita Əliyeva bildirdi ki, nömrələr rəngarəngliyi ilə seçilir: “Vals, “Lalələr” rəqsi, maraqlı rəqs və tamaşa elementlərini özündə birləşdirən “Arşın mal alan”, “Qaraçı” rəqsi, həmçinin “Şınıx”, “Şoloxo” rəqsləri ilə çıxış edəcəyik. Xüsusi olaraq Yeni il üçün Şaxta babalar və Qar qızların rəqsləri hazırlanıb. Yeni il olduğundan uşaqlar həvəslə hazırlaşırlar. Təxminən üç aydır ki, proqramı qurmuşuq və məşq edirik. Əminəm ki, balacaların xoşuna gələcək”.
   Uşaqların istirahətini daha da dolğun etmək üçün konsert başlamazdan öncə Sarayda nəhəng LED ekranlarda Yeni ilə aid cizgi filmləri nümayiş olunacaq. Foyedə uşaqları Şaxta baba və Qar qız qarşılayacaq. Uşaqlar sevimli Yeni il personajları ilə söhbətləşə, şəkil çəkdirə bilərlər.
   Proqram boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şou da təşkil olunacaq. Səhnədə qurulacaq rəngarəng işıqlı, al-əlvan şam ağacı ətrafında Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları balacalarla birgə əylənəcəklər. Personajlar təkcə səhnədə olmayacaq, onlar həmçinin zala düşərək azyaşlı tamaşaçılarla oyunlar keçirəcəklər.
   Onu da qeyd edək ki, Sarayın rəhbərliyi tərəfindən kimsəsiz uşaqlar, şəhid, veteran, əlil ailələrindən olan uşaqlara da xüsusi yerlər ayrılacaq.
   
   R.İsayeva