Zəngin mənəvi dəyərlərimizi, adət-ənənələrimizi yaşadan Novruz bu il də ölkəmizdə təntənəli şəkildə qeyd olunur
   
   Xalqımızın mədəni irsinin, folklorunun, adət-ənənələrinin əsrlərin yaddaşından süzülərək gəlib günümüzə çıxmasında Novruz bayramının müstəsna yeri var. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Novruz bayramı siyasi-ideoloji rənglərdən azad olaraq, sözün həqiqi mənasında, yeni günə, xoş güzərana, aydın sabahlara inamını ifadə edən saf bir mərasimə çevrildi. Hər il bu bayram el şənlikləri, mədəni-kütləvi tədbirlərlə geniş şəkildə olunur.
   
   Novruz təkcə bir neçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim müddətini öz ətrafında cəmləşdirən irimiqyaslı mərasimlər kompleksidir. Qış dönəminin çətinliklərindən qurtulmaq üçün əski çağlardan üzübəri elimiz böyük və kiçik çillə, Xıdır Nəbi, Boz ay boyu Novruzun mübarək gəlişini gözləyib. Bu il də Novruz ölkəmizdə təntənəli şəkildə qeyd edilir.
   Martın 19-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda Novruz mərasimi təşkil olundu. Bayram tədbirində bölgələrimiz də geniş təmsil olunurdu.
   
   Gözoxşayan suvenirlər
   
   Mərasimdə ayrılmış xüsusi guşələrdə sənətkarlıq məhsulları sərgilənirdi. Müxtəlif bölgələrdən gələn sənətkarlar öz əl işlərini nümayiş etdirir, onların hazırlanma prosesi barədə məlumat verirdilər. Novruz personajları ilə bağlı suvenirlərə az rast gəlsəm də, müxtəlif çeşidlərdə, ölçülərdə böyük zövqlə işlənmiş sənət nümunələri göz oxşayırdı.
   İsmayıllı rayonunun Lahıc qəsəbəsindən gələn sənətkarların guşəsinə yaxınlaşıram.
   Babil Məmmədov sərrac olduğunu deyir: “Bu, çox qədim sənətdir. Atam da sərrac olub. Azərbaycanda tarixən atçılıq geniş yayıldığına görə, yəhər hazırlama sənəti də inkişaf edib”.
   Astaradan olan qocaman sənətkar Rüfət Rzayev isə uzun illərdir həsir toxuma sənəti ilə məşğuldur. Novruzla bağlı tədbirə əl işlərini böyük sevinclə təqdim edib: “Hazırladığım işlərə yerli sakinlərlə yanaşı, səfər zamanı təbiət qoynunda dincəlməyə üstünlük verən turistlər daha çox maraq göstərirlər. Həsiri yerə atıb üstündə dincəlmək olar, çünki həsir toxunmaları rütubəti keçirmir. İki gənc şagirdim var. Onların əl işlərini də burada nümayiş etdiririk”.
   Qubadan gələn Fatimə Ağamirzəyeva isə xalçaçıdır: “Biz Azərbaycanın bütün bölgələrinə xas olan xalçaları toxuyuruq, amma öz rayonumuzu təmsil etdiyimizə görə buraya Quba xalçaları gətirmişik. Məqsədimiz Azərbaycan xalçasının reytinqini yenidən qaldırmaqdır. Bilirsiniz ki, Bakıda keçirilən tədbirlərə çoxsaylı qonaqlar gəlir. Amma istərdik ki, əcnəbi qonaqlar özləri ilə hədiyyə kimi əsl Azərbaycan xalçasını aparsınlar. Çünki süni iplərdən, robot texnologiyalar vasitəsilə toxunan xalçalar milli xalçaçılıq sənətimiz haqqında mənfi rəy yarada bilər”.
   
   Bölgələrin ləziz təamları
   
   Novruz bayramı ilə əlaqədar Milli Parkın ərazisində “Şərq bazarı” qurulmuşdu. Rayonlardan gəlmiş xalq kollektivləri, mədəniyyət işçiləri, musiqi qrupları, el sənətkarları bayrama səylə hazırlaşmışdılar. Hər bölgə ayrıca stenddə təmsil olunurdu. Burada hər regionun mətbəxi, sənətkarlığı barədə ətraflı məlumat verilirdi.
   Lənkəranın sitrus meyvələri - limon, portağal, naringi, mətbəx nümunələri-ləvəngi, kükü və s. bu il də dadanların diqqətini çəkirdi.
   Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Mirzəyev deyir ki, rayonun müəssisələri sərgi-yarmarkada ilk dəfə iştirak edir: “Rayonumuz 10-dan çox çeşiddə meyvə məhsulları təqdim edir. Son illərdə rayonumuzda bir sıra istehsal müəssisələri açılıb. Onların məhsullarının da satışı təşkil olunub”.
   Təqdim olunan stendlərin hamısında səmənilər, şəkərbura, paxlava və digər şirniyyat növlərini görmək olurdu.
   Zaqatala rayonunun stendində isə qoz, fındıq, şəkərbura, paxlava, müxtəlif içkilər üstünlük təşkil edirdi.
   Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin təqdim etdiyi stenddə qaxac deyilən ət məhsulu diqqəti çəkirdi. Məhsulu təqdim edən Rafiq Əliyev deyir ki, payız aylarında kəsilən qoçun əti duzlanır, sonra isə hündür yerdən asılaraq qurudulur: “Bəzən ətin uzun müddət qalması üçün unun içində də saxlayırlar. Qaxacın xüsusi hazırlanma qaydası var. Ət qalın olmamalıdır. Qaxda bir çox evlərdə qaxac hazırlanır. Bəzən məhsula dağ otları da vurulur”.
   
   Xalq kollektivlərinin çıxışları maraqla qarşılandı

   
   Bayram şənliyinə folklor və xalq kollektivləri böyük həvəslə qatılmışdılar. Salyan rayonunun “Cəngi” xalq kollektivinin üzvü 80 yaşlı Musa Kərimov deyir ki, bir vaxtlar Novruza bayram kimi ögey münasibət olub: “Sovet hakimiyyəti dövründə bu bayrama xüsusilə biganəlik göstərirdilər. Bu, təbii idi. Çünki Novruz birliyə çağırışdır, Novruz qədim türk bayramıdır. 65 ildir qara zurna ilə müxtəlif mədəni tədbirlərdə çıxış edirəm. Amma deyərdim ki, heç bir vaxt Novruz bayramı son illərdəki kimi təmtəraqla qeyd olunmayıb”.
   Şabranın “Çıraqqala” xalq kollektivinin rəhbəri Rasim Ağasızadə: “Bayram tədbirində “Cəngi” ifa etdik. Repertuarımızda Novruzla bağlı musiqilərə xüsusi yer ayırırıq. Bayramın ildən-ilə daha təmtəraqlı keçirilməsi bizi çox sevindirir”.
   
   Əcnəbi qonaqların Novruz təəssüratı
   
   Dənizkənarı Parkda bayram şənliyini əcnəbi turistlər də maraqla izləyirdilər. Onlardan ikisi ilə həmsöhbət olduq. İlk dəfə Azərbaycanda olduğunu deyən Sim Kong malayziyalıdır. Aviasiya sahəsində çalışır. İşi ilə bağlı Azərbaycana gəlib: “Dəniz kənarında gəzərkən buraya çoxlu insanların toplaşdığını gördüm. Müxtəlif Şərq ölkələrində olmuşam. Amma Novruzla bağlı mərasimlərə ilk dəfə sizin ölkənizdə rast gəldim. İnsanlar sevinclidirlər və məndə o təəssürat yaranır ki, bu bir sevinc və bolluq bayramıdır. Bəlkə də səfərim mart ayına təsadüf etməsəydi, bu bayramın varlığından xəbərim olmayacaqdı. Bir həftə burada olacağam. Yəqin ki, yerli insanların adət-ənənələri ilə yaxından tanış olmağa imkan yaranacaq”.
   Maksim Qorkun isə Rusiyadandır, Moskvada yaşayır. Neft biznesində çalışır. Bir neçə dəfə Bakıda olduğunu deyən gənc Novruz mərasimlərinin insanda xoş əhval-ruhiyyə yaratdığını bildirir: “Burada Azərbaycanın bölgələrinin kulinariyası nümayiş olunur. Mənə çox maraqlı gəldi. Bölgələrdə olmaq istərdim. Paxlava xüsusilə dadlı idi. Onlardan alıb özümlə aparacağam”.
   
   * * *
   Novruzun təravəti həyatımızın ab-havasına paklıq və saflıq bəxş edir. Vətən torpağı baharın nəfəsindən oyandıqca insanları xoş əməllərə, nəcib, xeyirxah işlərə rövnəqləndirir. Novruz bayramı doğma torpağımıza qədəm qoymaqla həyata yenilik, süfrələrə bərəkət bəxş edir, niyyətlər saflaşır, mənəviyyat daha da kamilləşir. Budur Novruzun əsl mahiyyəti, dərin anlamı. Bayramınız mübarək!
   
   Ceyhun Zərbəliyev