(Əvvəli ötən sayımızda)
   
   Beynəlxalq folklor festivalının ikinci günü (14 iyun) günortadan sonra qrafik sərbəstiydi. Ta axşamacan heç nə nəzərdə tutulmamışdı. Yalnız axşam saat 8-də festival iştirakçılarının bir qisminin qonaq kimi yerləşdirildiyi “Nağıl dünyası” istirahət mərkəzində ziyafət olacaqdı. Yeri gəlmişkən, günortadan sonra iki gündə üzüm-gözüm öyrəşdiyi, digər işlərlə əlaqədar Bakıya dönməyi lazım bilən professor Füzuli Bayat, yazıçı-publisist Miraslan Bəkirli, ilahiyyatçı Təranə xanım və gənc operator Ramizdən ayrılası oldum. Və bu səbəbdən qaldığım yeri dəyişdim: məxsusi kiminsə bir tək məni İstisuya aparıb-gətirməsinə qıymadım. Hər qonağa ayrıca diqqət göstərən, Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, festivalın təşkilat komitəsinin sədri Nəsir Muxtarlı vəziyyətdən xəbər tutan kimi, məsələni həll etdi. Az sonra mən artıq rayon mərkəzində, tədbirin keçirildiyi Heydər Əliyev parkının beş addımlığındakı “Masallı” hotelində birnəfərlik otaqdaydım. Nahardan sonra bir azca istirahətə ehtiyac duydum. Həmişə səfərlərdə yol yoldaşım olan kitabları və elə buradaca əldə etdiyim çoxsaylı albom və kataloqları gözdən keçirdim. İki gün ərzində geyinilməyib bükülü qaldığından əzilən paltarları ütüləməyi də unutmadım. Bu da illərin vərdişidi. Uzun illər boyu yollara çıxmağa adət etmiş biri kimi bu işin öhdəsindən çox rahatca gəlirəm...
   Axşam saat 7-dən sonra duş qəbul edib, üzü təraş olunmuş, ütülü köynək və şalvar əynimdə əsl bayramlıq görkəmdəydim. Deyilən vaxtda hamı “Nağıl dünyası”ndaydı. Bir-biriylə görüşmələr, hal-əhval tutmalar bir qədər çəkdi. Sonra qonaqlar əvvəlcədən nəzərdə tutulmuş bölgü üzrə masaların arxasına keçdilər. Bir çoxunu şəxsən tanıdığım, əslən Masallıdan olan sənət adamları, ziyalılarla bir yerdəydim. İçinin cavanı mən olduğumu nəzərə alsaq, burada “ağır artilleriya”nın cəmləşdiyini düşünmək mümkündü. Bəli, məhz ziyafət yoldaşlarım “ağırtaxta” olduğundan bir qədər yeyib-içdikdən sonra, məclisin ümumi gənclik havasında sanki özlərini yad hesab edibən, getmək qərarına gəldilər...
   Rusiya, Latviya və Gürcüstandan təşrif gətirənlərin masalarında isə bir özgə sayaq coşqu vardı. Xüsusilə gürcülərin yeyib-içmək məharətiylə yanaşı, bu yerdə də gözəl rəqs etməsi hamının diqqətini çəkdi. Şəxsən mənim üçün bu məclisdə bir maraqlı tapıntı da oldu. Xalq, aşıq mahnısı, təsniflərlə yanaşı, vokal nümunələri, türk nəğmələri və sairi böyük ustalıq və istedadla ifa edən Atamoğlan Zahidovla tanışlıq imkanı qazandım. Öyrəndim ki, təqribən 45-50 yaşlı bu müğənni Masallıdan çıxmış nadir aşıq kimi tanınan, rəhmətlik Atababa Zahidovun oğludu. İlin xeyli hissəsini Rusiyada, əsasən Moskvada keçirən Atomağlanın ayrıca musiqi təhsili olmasa da, peşəkarlığına, mədəniyyətinə söz yox idi...
   Ziyafət rəsmən təqribən 3-4 saatdan sonra bitsə də, bir qisim qonaqlar şən əhval-ruhiyyəli məclisi gecə keçənədək davam etdirdilər...
   İyunun 15-i festivalın bağlanış günü idi. Kollektivlər gündüz məşqlər edib, axşam konsertinə hazırlaşırdılar. Hoteldə qonşuluğumda qalan İran və Dağıstandan gəlmiş iştirakçılar çox böyük şövqlə bir neçə saat sonrakı çıxışa əməlli-başlı səfərbərlik nümayiş etdirirdilər. Musiqiçilərin əksəriyyəti həyəcanlı idi. Bunun bir səbəbi peşəkarlıq məsuliyyətindən gəlirdisə, digər səbəbi Azərbaycanda, bizim tamaşaçılar qarşısında birinci dəfə çıxış etməklə bağlıydı. İran nümayəndə heyətinin rəhbəri, qarabuğdayı simasına baxmayaraq, üzü gülər, adamın qanı qaynayan Böyükbəy Ələkbəroğlununsa heç tövrü pozulmamışdı. Bir də niyə pozulaydı ki, əslən Təbrizdən olan Böyükbəy hər il Arazı adlayıb bu taya, saz-söz bayramlarına o qədər qatılıb ki, özünü qərib yox, ev sahibi kimi hiss edir. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu ilə əməkdaşlıq edən, Təbriz və Qaradağ Aşıqlar Birliyinin rəhbəri olan dostumuz burdakı saz-söz xiridarlarını əksərindən yaxşı tanıyır, desək, yanılmarıq. “Hər dəfə Azərbaycana nə boyda həvəslə gəlirik. Axı, Vətənimizdi, bir xalqın nümayəndələriyik. Aşıqlarımızın çıxışının həmişə hərarətlə qarşılanması, özümüzə hər addımda hörmət-izzət göstərilməsi onun təsdiqidi ki, hamımız bir kökdən su içmişik, bir can, bir ruhuq. “Ozan” qrupunda yer alan aşıqlarımızla yanaşı, əsasən gənclərdən ibarət “Səhər” rəqs kollektivinin ifaları da hamıda diqqət və maraq oyadır. Bu qonaqpərvər diyarda keçirilən festivalda iştirakımızdan qürur duyur və inanırıq ki, əlaqələrimiz daha sıx şəkildə davam edəcək, genişlənəcək”, - Təbrizdən olan dostumuz ürək sözlərini bax beləcə bölüşdü. 
   Rusiyanın Tolyatti şəhərindən gəlmiş qonaqların və Ukraynanı təmsil edən yeganə iştirakçının istər açılış, istərsə də bağlanış konsertlərində hind musiqisinə üz tutması hamını təəccübləndirdi. Və insaf naminə söyləsək, hər şey əla alınmışdı. Slavyan xalqlarının Şərq musiqisinə, tarix və dilinə bunca marağı adama qəribə doğmalıq hissi yaşadırdı. Rusların uzun sarı paltarda səhnədə bardaş quraraq, hind, ərəb, fars musiqilərini arada qarışdıraraq ahəngdarlıqla oxuması olduqca xoş təsir bağışlayırdı. Eləcə də Ukrayna təmsilçisi, hindli rəqqasələrdən seçilməyən xanımın onlardan geri qalmayan məharətlə çıxışı alqışa layiq idi. Bu da maraqlıdı ki, rəqqasə xanım və rusiyalı gənclər uzunmüddətli əməkdaşlıq münasibətinə malik olduqlarından bu səfərə də hansı repertuarla gəlmək məsələsini öz aralarında razılaşıbmışlar...
   Latışların folklorunun yerli tamaşaçıları bir xeyli təəccübləndirdiyi duyulurdu. Baltik sahillərindən gələn ucaboylu, ağbəniz qonaqlar olduqca ritmik, qədimlik və müasirlik elementlərini bir araya gətirən nümunələrlə zövq oxşadılar. Qardaş Türkiyənin kollektivinin çıxışı ağırlığı, sanbalıyla seçilirdi. Bu da səbəbsiz deyil. Axı böyük, zəngin tarixə, mədəniyyətə malik türk xalqının məişəti folklorda, ayrı-ayrı rəqslərdə, havalarda özgə necə əksini tapa bilərdi? Oturaq zəngin, formalaşmış mədəniyyətin işartısı məhz belə də görünməlidi...
   Gürcülərin knyaz ağayanalığı da rəqslərindən bəlliydi. Həqiqətən zövq verdi tamaşaçıya. Rəqslərin quruluşu da peşəkarlığıyla seçilirdi.
   Qazaxların özünəməxsus folkloru da uzaqdan bəlliydi. Milli geyimli ifaçıların köçəri xalqın mədəniyyətini ifadə edən nümunələrlə qarşımızda məharəti maraqlıydı.
   Dağıstandan gələn qonaqların və ölkəmizi təmsil edən Zaqatalanın “Udulki” rəqs ansamblının repertuarı bir-birinə çox oxşayırdı. Hər iki kollektivin çıxışları Böyük Qafqaz sıra dağlarında yaşayan xalqlara məxsus qaynar, çoşğulu, döyüşkənliklə dolu süjetiylə yadda qaldı.
   Azərbaycanı təmsil edən Masallının dörd kollektivi, Ağdamın “Qarabağ bülbülləri” və “Şur” kollektivləri repertuarlarının rəngarəngliyi, peşəkarlığı, istedad nümayişiylə məxsusi seçildilər. Masallının məşhur “Halay” folklor ansamblının yaşlı üzvlərinin - “Nənələr” adlı heyətin çıxışı həqiqətən də diqqətçəkəniydi. Qonaqların məhz bu kollektivin səhnədəki hünərinə maraqla tamaşa etməsi birinci gündən gözdən yayınmadı. Rayona, bölgəyə, bütövlükdə Azərbaycana şan-şöhrət gətirən “Halay”ın gənc davamçılarının ifası da ürəkaçanıydı. Eləcə də “Həcər” kollektivinin və “Masallı” rəqs ansamblının.
   Vətəndəykən didərgin həyatı yaşayan Ağdam folklorçularının muğamla süslənən proqramısa damarlarda qanımızı coşdurdu. Qarabağın əsrarəngiz təbiətindən ayrı düşən bu insanların məcburi köçkün həyat şəraitində də o gözəl torpaqlara məxsus təkrarsız səsləri qoruyub saxlamasını çıxışlar zamanı şəxsən mən hiss etdim. İyirmi səkkiz ildən bəri Xan Şuşinski adına muğam məktəbinə və “Şur” kollektivinə rəhbərlik edən Rafiq Rüstəmovun əməyi hədər getməyib. Qocaman musiqiçinin saysız-hesabsız yetirmələrinin sırasından həmin günlərdə festivalda iştirak edən bir neçəsi “Qarabağ şikəstəsi” və “Heyratı” muğamlarını şövqlə, istedadla ifa etməklə nəyə qadir olduqlarını bir daha sübuta yetirdilər...
   Festivalın bağlanışında bütün qonaqlar səhnədə bir araya gəldilər. Və atəşfəşanlıq oldu. Qonaqların ümumən yorğunluğuna baxmayaraq, çöhrələrdən sevinc, bəxtiyarlıq yağırdı. Nəticə hamını məmnun etmişdi. Çəkilən zəhmət hədər getməmişdi, festival alınmışdı. Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovanın əhvalısa daha da xoş idi. Axı bu möhtəşəm, məsuliyyətli tədbirin ağırlığı məsul şəxs kimi bilavasitə onların boynundaydı. Cəmi bir-iki saat əvvəl qonaqlara xatirə hədiyyələri bağışlayan icra başçısı Rafil Hüseynovun fərəhləndiyi də gözdən yayınmırdı...
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev festivalla bağlı fikirlərini “Hər şey yüksək səviyyədəydi, bu rayon üçün böyük hadisədi və alqışlanmağa layiqdi” qiymətiylə yekunlaşdırdı...
   Bəli, bu da bizim bir folklor bayramı haqqında demək istədiklərimiz. Getdik, gördük və sizinlə bölüşdük. Qarşıdasa yeni-yeni festivallar gözləyir bu diyarı. Beləcə, bir daha görüşənədək...
   
   Seymur Elsevər