Masallıya yetişəndə axşam saat 7-ni keçmişdi. İnsafən, hər gün ordan Bakıya və burdan da geriyə maşın sürən, saç-saqqalı ağarmış Eynulla kişi məni və daha üç sərnişini sağ-salamat mənzil başına çatdırdı. Neçə ildən bəri “Mersedes”iylə yollarda olan bu kişi həyatdan, gün-güzərandan o qədər danışdı ki, vaxtın necə keçdiyini bilmədik.
   
   Onda gördüm ki, rayon mərkəzindəki Heydər Əliyev parkındayam. Parkın başında qərar tutan səhnəni bəzəyib-düzəməklə məşğul olanları bir an gözündən uzaq qoymayan İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı mənimlə mehribancasına görüşdü. Xoş-beşdən sonra sabahkı (13 iyun - red.) açılış tədbirinə hazırlığa işarəylə “bizim işimiz çoxdu, siz yol gəlmisiz, gedin istirahət edin” söyləməklə qayğıkeşlik göstərdi. Az sonra şəhərdən 13 kilometr aralı, Viləş çayının sahilində yerləşən İstisu “Fatimeyi-Zəhra” şəfa sanatoriyasındaydım. Adaşım, bəzilərinin ərklə “Qarabala” çağırdığı inzibatçı məni qalacağım otaqla tanış elədi. Qonşuluğumda AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Füzuli Bayat, telejurnalist, yazıçı-publisist Miraslan Bəkirli, ilahiyyatçı Təranə xanım və gənc operator Ramizin bir az qabaq burada yerləşdiyini öyrəndim. Onlar da Masallıya məhz sabah başlayacaq tədbirdə iştirak etmək üçün gəlmişdilər.
   Hə, tədbir demişkən, indi gələk mətləb üstə. İlin-günün bu vədəsi bizi Masallıya çəkib aparan səbəb nəydi? Ondan başlayaq ki, hələ ötən il Mədəniyyət və Turizm Nazirliyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində Masallı rayonunu Azərbaycanın “Folklor paytaxtı” elan etmişdi. Rayon bu adı layiqincə doğrultmuşdu. Hətta, necə deyərlər, iki daşın arasında beynəlxalq folklor festivalı keçirməklə təsadüfən “Folklor paytaxtı” seçilmədiyini, sübuta yetirməyi də bacarmışdı. Ötən il sentyabrda rayon İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə birinci beynəlxalq folklor festivalına ev sahibliyi edən Masallıda bu sənət bayramının artıq ənənəyə çevrilməsi həqiqətən də ürəkaçan faktdı. Yeri gəlmişkən, biz beş yoldaş axşam yeməyindən sonra bu barədə xeyli söhbət elədik. Hamının fikri yekdiliydi: festivalın bu bölgədə gerçəkləşməsi təqdir olunmağa, alqışlanmağa layiqdi...
   Miraslan müəllimin maşınında səhər rayon mərkəzinə yola düşdük. Heydər Əliyev parkıyla üzbəüz sırada yerləşən İcra Hakimiyyəti binasının qarşısındakı meydanda ikinci beynəlxalq folklor festivalı start götürdü. Ölkəmizə təşrif gətirmiş Türkiyə, İran, Rusiya, Ukrayna, Gürcüstan, Latviya, Qazaxıstan və ayrıca olaraq Dağıstan Respublikasının (Rusiya Federasiyası) bədii kollektivləri, Azərbaycandansa Masallı, Ağdam və Zaqatala rayonlarının təmsilçiləri nümunəvi çıxışlarla zövq oxşadılar. Az sonra bayram tədbiri bütün qonaqların qatıldığı nəhəng izdihamla Mədəniyyət sarayı və Gənclər mərkəzinin qarşısındakı meydanda davam etdirildi. Masallı həmin gün mübaliğəsiz demək olar ki, bayram təntənəsi yaşayırdı, rayonda əsl qələbəlik idi. Meydan boyu açıq havada nümayiş olunan səyyar sərgilər, kollektivlərin bir-birinə qarışaraq çıxışı, milli mətbəximizdən adama gəl-gəl deyən seçmələrə diqqət kəsilən qonaqların gözü dörd olmuşdu. Burda kimlər yoxuydu: rəhbər şəxslər, iş adamları, Masallıda doğulmuş, əsasən Bakıda və müəyyən qismi digər yerlərdə yaşayan, çalışan elm, sənət cəfakeşləri, ziyalılar... Hamı bir-biriylə görüşür, hal-əhval tutur, sevinirdi. Beləcə, tədbir günortayadək davam etdi. Sonra qonaqlar onlar üçün ayrılmış hotellərə döndülər...
   Axşam saat səkkizdə rayon mərkəzi bir daha qonaq-qaraya qucaq açdı. II Beynəlxalq Folklor Festivalının təntənəli açılışı Heydər Əliyev parkında, neçə gündən bəri bəzədilib, çıxışları gözləyən səhnədə baş tutdu. İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qonaqları salamladıqdan və ev sahibi kimi xeyir-dua verdikdən sonra mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ürək sözlərini söylədi. Sonra musiqi kollektivləri bir-birindən rəngarəng nömrələrlə toplaşanlara xoş dəqiqələr yaşatdı. Rayon sakinləri bu sənət bayramından, əsl mədəni istirahətdən məmnun görünürdülər. Hətta tədbirin xeyli uzanmasının heç kimi narahat etmədiyi sezilirdi...
   İstisuya gec döndük. Belə demək mümkünsə, bir neçə saat yatmağa güclə vaxt tapa bildik. Çünki səhər yenidən bizi festival çərçivəsində tədbirlər gözləyirdi. Və ilk tədbir şəxsən mənim üçün xüsusi əlamətdarıydı: “Masallı folklor örnəkləri” üçcildliyinin birinci kitabının təqdimat mərasimi olacaqdı. Bu toplu qonşuluğumda qalan professor Füzuli Bayatın rəhbərliyi altında böyük kollektivin əməyinin nəticəsi kimi ərsəyə gəlməkdədi. Alimin öz təbirincə desək, ötən ildən yalan olmasın, hər həftə Masallıya gəlib-gedən tədqiqatçı heyətin zəhməti hədər getməyib. Doğrudan da gərəkli iş bəhrəsini verməkdədi...
   Növbəti gün səhər yenə Heydər Əliyev parkında Ağsaqqallar evi adlanan yerin düz qarşısında, ağacların kölgəsində təqribən 25-30 nəfərin bir araya gəldiyi məclisi icra başçısı Rafil Hüseynov açdı. O, rayonun sosial-iqtisadi həyatı barədə müəyyən məlumat verdikdən sonra, görüşün məqsədindən danışmağa başladı. “Masallı folklor örnəkləri” nəşrinin ərsəyə gəlməsini yüksək qiymətləndirdi. Rafil müəllim “bu işi yubatmaq olmazdı, çünki sinədəftər nənələr, babalar get-gedə sıralarımızı tərk edir. Onlar elin yaddaşıdı, bu gün dillərindən süzülənləri bir yerə toplamasaq, sabah gecikərik” deməklə, kitaba, alim əməyinə necə böyük önəm verdiyini diqqətimizə çatdırdı. Həqiqətən də o, başlatdığı abadlıq işlərindən daha çox, bu kitabın ərsəyə gəlməsinin təşəbbüskarı və arxa-dayaq durmasıyla məmnun görünürdü...
   Professorlar Füzuli Bayat, Fərahim Sadıqov, Musa Quliyev, rayonun tanınmış ziyalısı Ələşrəf Niftiyev və başqalarının çıxışıyla yadda qalan təqdimat mərasimindən sonra Həsənli kəndinə tələsdik. Festivala gəlmiş bədii kollektivlərin yarısı burada, yarısısa eyni vaxtda Hişkədərə kəndində tamaşaçılar qarşısında çıxış edirdilər. Konsert maraqlı keçdi. Miraslan müəllim operator dostuyla “Halay” kollektivini, İran, Rusiya və Gürcüstan folklor ustalarının çıxışlarını lentə aldılar. Elə mən də tənbəllik eləməyib, dünəndən bəri çəkdiyim kadrların sırasına yenilərini əlavə elədim. Ağdamın “Şur” kollektivinin rəhbəri Rafiq Rüstəmovla şirin söhbətimiz də diqqətdən yayınmadı. Bu dəfə mənim özümü kadra qonaq elədilər, nə gözəl...
   Həsənli kəndindən sonra festival çərçivəsində nələr oldu, necə oldu, bu gələn yazımızın söhbətidi. İndilikdəsə, qaim-qədim Masallıya sətirlərin diliylə bir balaca ekskurs eləmək yəqin ki, yerinə düşər...
   Deyilənə görə, vaxtilə bu yerlərdə «Masal» adlı qəbilə yaşayırmış. Arxeoloqların apardıqları qazıntılar da təsdiq edir ki, Masallı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridi. Burada 20 min il əvvəl yaşayış olub. Digər bir versiyaya görə, «Masallı» toponiminin yozumu folklor nümunəsi olan “misallar”la bağlıdı. Bunun da həqiqətə nə dərəcədə yaxın olduğunu söyləmək çətindi. Amma o da həqiqətdi ki, Masallı ölkəmizin zəngin folklor irsinə malik bölgələrindəndi.
   Masallı Azərbaycanın cənub-şərqində, Bakıdan 230 km məsafədə yerləşir. 210 min nəfər əhalisi olan rayon şərqdən Xəzər dənizi, qərbdən isə Talış dağları ilə əhatələnib ki, bu da bölgədə geniş turizm potensialının olmasını şərtləndirir. Lakin Masallının turizm imkanları təkcə əlverişli coğrafi şəraiti, təbii gözəlikləri ilə bağlı deyil. Bölgədəki zəngin mədəni irs, qədim abidələr (Ərkivan qülləsi, Digan və Boradigah kəndlərindəki XVI əsrə aid məscidlər, Seyid Sadıq məqbərəsi və s.), Musaküçə, Türkoba, Qəriblər, Kolatan, Sığdaş və başqa kəndlərdə tarixən inkişaf etmiş ənənəvi xalq sənəti (həsir, dulusçuluq, ağac məmulatları, xalçalar, corablar) və əlbəttə ki, Masallının zəngin xalq yaradıcılığı buraya gələn qonaqlar üçün böyük maraq kəsb edir.
   
   (Ardı gələn sayımızda)
   
   Seymur Elsevər