Təəssürat və rəylər
   
   III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında yerli nəşr evi və poliqrafiya müəssisələri ilə yanaşı, 20-dək xarici ölkə nəşriyyatı da təmsil olunur. Kitab bayramına qatılanlar arasında ölkəmizdə yaşayan əcnəbilər, diplomatlar da vardı. Biz də yarmarkanın əcnəbi qonaqlarının təəssüratlarını öyrənmək istədik.
   
   “Nizami müdriklik zirvəsidir”
   
   İlk müsahibim norveçli xanım Ragnhild Thoridir. O, Azərbaycan və dünya ədəbiyyatının böyük ustadı Nizami Gəncəvinin vurğunudur. Sərgi-yarmarkada Nizami haqqında yazdığı kitabını təqdim edir. Dahi şairin yaradıcılığının öz ölkəsində orta məktəblər üçün tədris proqramına daxil edilməsini istədiyini deyir və buna mütləq nail olacağına da əmindir:
   - Mən Avropanın şimalından, uzaq Norveçdənəm. Doqquz ilə yaxındır ki, Azərbaycanda yaşayıram. İlk üç ili Gəncədə yaşamışam, orta məktəbdə müəllimə işləmişəm. Hazırda Bakıda qeyri-hökumət təşkilatında çalışıram. Sərgiyə dahi Nizaminin həyatı və əsərlərindəki dəyərli fikirlərin yer aldığı, Azərbaycan, ingilis və rus dillərində nəşr etdirdiyim nəfis tərtibatlı kitabla qatılmışam. Sağ olsunlar, Mədəniyyət və Turizm Nazirliyi, sərgidə mənim üçün ayrıca bir stend ayırdı. Burada dahi şairin yaradıcılığını nümayiş etdirirəm. Kitabın satışından əldə olunacaq vəsaitlə yeni nəşrlərin hazırlanmasına çalışacağam.
    - Nizami yaradıcılığı ilə tanışlığınız nə vaxt başladı?
   - Gəncədə müəllimə işləyərkən dahi şairin yaradıcılığı ilə tanış oldum. Mənə böyük eşqdən bəhs edən “Leyli və Məcnun” əsəri haqqında məlumat verdilər. İlk ağlıma gələn fikir o oldu ki, Nizami yəqin ki, bu əsəri yazarkən Şekspirdən təsirlənib. Heç bu fikri səsləndirməkdən də çəkinmədim. Ancaq mənə bildirdilər ki, Nizami Şekspirdən dörd əsr əvvəl yaşayıb. Nizami yaradıcılığını, həyatını, əsərlərini oxumağa başladım, belə böyük şəxsiyyəti bu yaşıma qədər tanımadığıma təəssüf etdim. Onun “Leyli və Məcnun” poeması həqiqətən heyrətamizdir. Orada insanlıq üçün mesajlar, səmimi və ülvi eşq, onun təkrarsız ifadəsi insanı valeh edir. Bu gün əminliklə deyə bilərəm ki, Şekspir “Romeo və Cüliyetta”nı yazarkən dahi Nizamidən təsirlənib. Bəzi Avropa klassiklərinin də Nizami yaradıcılığından bəhrələndiyi qənaətindəyəm. Çünki bu gün Avropanın səsləndirdiyi humanizm, insanpərvərlik, sevgiyə ali münasibət, qəddarlığa, istilaçılığa, yoxsulluğa incə və ustad dili ilə etiraz Nizami Gəncəvi yaradıcılığında hələ 12-ci əsrdə olub. Məsələn, “İskəndərnamə”də Bərdə hökmdarı Nüşabə ilə İsgəndər arasında baş tutan söhbətdə böyük şair istilaçıya etdiyi zülmləri, qəsbkarlığı, insanların yoxsul duruma düşdüyünü necə gözəl və incə bir dillə anladır. Burada həqiqətlərin qadın dili ilə çatdırılması xüsusilə maraqlıdır. Məncə, bu dahi şairin həm də qadına olan münasibətindən, hörmətindən irəli gəlirdi. Mən sizə bir məsələni deyim ki, Nizami yaradıcılığındakı dərinliyi dərk etdiyim kimi çatdıra bilsəydim, özümü çox xoşbəxt hiss edərdim. Elə məsələlər var ki, insan onu dərk edir, ancaq çatdıra bilmir. Bir sözlə, Nizami müdriklik zirvəsidir, Azərbaycan və eyni zamanda dünya mədəniyyətinin irsidir.
   - Çap etdirdiyiniz bu kitaba Avropada maraq necədir?
   - Kitaba maraq çox yüksəkdir. Onun nəşri üçün Norveç səfirliyi kiçik məbləğdə qrant ayırmışdı. “Qanun” nəşriyyatı ilə birlikdə bu nəfis nəşri ərsəyə gətirdik. Çox böyük məmnunluqla deyə bilərəm ki, kitab satışından əldə olunan vəsait bütün xərclərimizi ödədi və biz indi 4-cü nəşrin tərtibatına hazırlaşırıq. Norveç səfirliyi də bu kitabın təbliğində böyük rol oynadı. Səfirlik öz qonaqlarına hədiyyə kimi bu kitabı təqdim edir. Mən özüm də dünyanın bir çox ölkələrində tədbirlərdə oluram. Bu kitabı mütləq özümlə aparıram, dahi Nizamidən bəhs edirəm. Bundan əlavə, öz ölkəmizin Təhsil Nazirliyi ilə də Nizami Gəncəvi yaradıcılığının, əsərlərinin orta məktəb dərsliklərinə salınması ilə bağlı danışıqlar aparıram. Ümid edirəm ki, bu danışıqlar müsbət nəticəsini verəcək. Norveçdə bir nəşr evi ilə bu kitabın Norveç dilində çap olunmasıyla bağlı danışıqlarımız davam edir. Yəqin ki, bu məsələ də müsbət həll olunacaq. Bu qənaətdəyəm ki, Nizami dalğası dünyaya yayılmalıdır, bütün dünya böyük dühanın yaradıcılığı ilə tanış olmalıdır.
   
   “Ölkənizdə bizim nəşrlərə böyük tələbat var”
   
   Növbəti həmsöhbətimiz “Oksford Universiteti nəşriyyat evi”nin Mərkəzi Asiya və Yaxın Şərq üzrə regional direktoru Kenan Barut oldu.
   - Bakı sərgi-yarmarkasında ilk dəfə iştirak edirik və burada olmaqdan çox məmnunam. Sərgidə əsasən ingilis dilinin tədrisi ilə bağlı kitablarımızı nümayiş etdiririk. Qeyd edim ki, bizim nəşriyyat evi Oksford Universitetinə bağlıdır və artıq 535 ildir ki, kitab nəşri ilə məşğuldur. Nəşriyyat 1478-ci ildə ilk kitabını çap edib. Bundan əlavə, ingilis dili müəllimlərinin təkmilləşdirilməsi və eyni zamanda beynəlxalq imtahanların keçirilməsi ilə də məşğuluq.
   - Stendinizə maraq necə, sizi qane edirmi?
   - Maraq olduqca yüksəkdir. Əsasən gənclər stendimizə yaxınlaşırlar. Orijinal Oksford nəşrlərini almaq istəyirlər, bizim universitetdə təhsillə maraqlanırlar. Çox təəssüf ki, buraya gətirdiyimiz kitablar satmaq üçün deyil, ancaq tələbin çox böyük olduğunu müşahidə etdik, orijinal kitabları almaq istəyənlər olduqca çoxdur. Bilirsiniz ki, ingilis dilinin tədrisi ilə bağlı ən yaxşı kitablar “Oksford” nəşriyyatına məxsusdur. Məsələn, “Headway” bütün dünyada tanınır. Ancaq çox təəssüf ki, Azərbaycana bu kitablar İrandan gətirilir və daha aşağı keyfiyyətdədir. Biz əslində çoxdan istəyirik ki, Azərbaycanda kitab satışı, tədris və nəşr işi ilə məşğul olaq. Bu sərgi də bir daha göstərdi ki, ölkənizdə bizim nəşrlərə böyük tələbat var. 150 ölkədə aktiv fəaliyyət göstərməyimizə baxmayaraq, hələ ki, Azərbaycanda təmsil olunmuruq. Təhsil Nazirliyi və digər dövlət qurumları ilə danışıqlar aparılır. Ümid edirik ki, bu sərgi bizim üçün düşərli olacaq.
   - Sərginin təşkili ilə bağlı qənaətiniz necədir?
   - Sərgi yüksək səviyyədə təşkil olunub. Azərbaycanda ilk dəfə olduğum üçün deyə bilərəm ki, ölkəniz inkişaf edir, insanların təhsil səviyyəsi yüksəkdir. Bu baxımdan sərginin də yüksək səviyyədə təşkil olunması təbiidir. Ancaq sərgidə yerli nəşriyyatların çoxluq təşkil etdiyini müşahidə etdim. Məncə, Qərb ölkələrinin - Almaniya, Fransa, Amerika nəşr evlərinin də sərgi-yarmarkaya qatılması yeni əməkdaşlığın qurulması baxımından uğurlu ola bilər. Digər məqam isə, yarmarkanın ilk gündən ictimaiyyətə açıq olmasıdır. Bu yaxşıdır, ancaq hesab edirəm ki, ilk gün yalnız professionallar üçün açıq olsaydı, daha məqbul olardı. Bu cür yarmarkaların təşkilində əsas məqsədlərdən biri də nəşriyyatlar arasında əməkdaşlıqlar qurmaq, kitab çap etdirmək istəyən insanlarla əlaqə yaratmaqdır.

   “Kitabların hamısını pulsuz paylayırıq”
   
   Növbəti müsahibə üçün ABŞ səfirliyinin stendinə yaxınlaşırıq. Bizi səfirliyin mədəniyyət məsələləri üzrə nümayəndəsi xanım M.Kelli Kullum qarşılayır. Ondan nümayiş etdirdikləri nəşrlər barədə məlumat verməsini xahiş edirik:
   - Öncə onu deyim ki, özüm ilk dəfə Bakıda təşkil olunan sərgi-yarmarkaya qatılmasam da, səfirliyimiz bundan öncəki sərgilərdə iştirak edib. Sərgidə 25-dən çox kitab və broşürü təqdim edirik. Onların əksəriyyəti səfirliyin xətti ilə Azərbaycanda tərcümə olunub və çap edilib. Amerikada çap olunmuş və ingilis dilində olan nəşrlərimiz də var. Kitabların hamısını sərgi iştirakçılarına pulsuz paylayırıq. Kitablarımız əsasən media, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə bağlı, broşürlər səfirliyin fəaliyyəti, Amerika universitetlərində təhsil haqqındadır.
   - Stendinizə maraq da böyükdür...
   - Bəli, ziyarətçimiz çoxdur. Bunun bir səbəbi də, yəqin ki, çap məhsullarımızın pulsuz paylanması, digər səbəb isə kitabların media və qeyri-hökumət təşkilatları ilə əlaqəli olmasıdır. Əcnəbi müəlliflərin bu mövzuda Azərbaycan dilinə tərcümə olunmuş kitabları azdır. Bu sahəyə diqqət yetirməyimiz də məhz bununla əlaqədardır. Gənclər Amerikada təhsillə bağlı maraqlanırlar, suallar verirlər. Hazırladığımız broşürlər bu məsələdə köməyimizə çatır.
   - Digər stendlərə baş çəkmək imkanınız oldumu?
   - Digər stendlərlə tanış olmağa, təəssüf ki, vaxtımız qalmır. Gördüyünüz kimi, müraciət edən, sual verən çoxdur. Ancaq buradan müşahidə etdiyim qədərilə yerli nəşriyyatların kitablarına daha böyük maraq var. Gənclər kitab almağa çalışırlar. Bu əslində çox gözəldir. Sərgi yüksək səviyyədə təşkil olunub, məkan da əladır. Bu baxımdan hələ qarşıdakı günlərdə də sərgiyə marağın olacağını düşünürük.
   
   Sadiq Musa