9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

Dövlət Bayrağının Təbliği Muzeyindən reportaj

Milli qürur mənbəyimiz

Noyabrın 9-u tariximizin qürur duyulacaq günlərindən biridir. 1918-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli (mavi-qırmızı-yaşıl) bayraq milli dövlətimizin rəmzi kimi qəbul edilib. Cümhuriyyətin süqutu və Azərbaycanın sovetləşməsindən sonra üçrəngli bayrağımızı qırmızı sovet bayrağı əvəzləyib. 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə Cümhuriyyətin yadigarı yenidən Azərbaycanın dövlət rəmzi elan edildi.
Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bayram ərəfəsində paytaxtımızdakı Dövlət Bayrağı Meydanında yerləşən Dövlət Bayrağının Təbliği Muzeyinə baş çəkib dövlətçilik tariximizin unudulmaz səhifələrini bir daha yada saldıq.

Dövlət Bayrağı Meydanı

Muzeylə tanışlıq üçün öncə Dövlət Bayrağı Meydanı haqqında məlumat vermək istərdik. Meydanın təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın bütün nöqtələrindən görünməsinə imkan yaradır. Qeyd edək ki, meydanda ucaldılan dövlət bayrağı dirəyi ölçülərinə görə “Ginnesin rekordlar kitabı”na düşüb. Dirəyin hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi təqribən 350 kiloqramdır.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Ümumi ərazisi 60 hektar, əsas sahəsi 31 min kvadratmetr olan meydanda zəruri infrastruktur yaradılıb.

Muzeylə tanışlıq

Meydan ərazisində yaradılan Dövlət Bayrağının Təbliği Muzeyi eyni zamanda maraqlı memarlıq layihəsidir. Burada dəyərli eksponatlar nümayiş etdirilir. Muzeyin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyeva bizə ayrı-ayrı guşələr haqqında məlumat verdi. Tanışlıq zamanı ilk olaraq Azərbaycanın dövlət bayrağına bənzəyən, amma müəyyən fərqləri ilə seçilən bayraq diqqətimi çəkir. Bu, Azərbaycan Respublikası Prezidentinin ştandartının dublikatıdır. Ştandartın orijinalı dövlət başçısının kabinetində saxlanılır.
Müsahibim deyir ki, qədim dövrlərdən başlayaq Azərbaycan dövlətlərinin, xanlıqlarının başçılarının bayraqları - indiki terminlə desək, ştandartı eyni zamanda dövlətin rəmzi olub: “Dövlət rəhbərinin bayrağı onun hakimiyyətinin rəmzi kimi qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin ştandartının üzərində dövlət gerbi, üçrəngli bayrağımızın rəngləri əks olunub və ölçülərinə görə dövlət bayrağından böyük deyil. Bundan əlavə, muzeyimizdə müxtəlif nazirlik və dövlət orqanlarının ştandartlarının nümunəsini də görmək olar”.

Orta əsr bayraqlarında dini motivlərdən istifadə olunub

Muzeydə orta əsrlər Azərbaycan dövlətlərinin bayraqlarının reproduksiyaları da nümayiş olunur. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin bayraqları dördkünc və üçkünc olub. Həmsöhbətim bildirir ki, orta əsrlərdə dördkünc dövlət bayraqları sayılardı, üçkünc bayraqlar isə ordu bayrağı və ya ştandart kimi qəbul edilərdi. Onların əksəriyyətində dini motivlərdən istifadə olunub. Buna səbəb dinin dövlətin ideologiyası ilə bağlı olmasıdır. Səfəvilər dövlətinin bayrağında İslamı təcəssüm etdirən yaşıl rəng üstünlük təşkil edir. “Allah qoruyandır”, “Məhəmməd Allahın elçisidir” kimi kəlamlar o dövrün bayraqlarında əksini tapıb. Səlcuq imperiyası bayraqlarının nümunəsində isə türkçülük rəmzi olan mavi rəng diqqəti cəlb edir.

Xanlıqlardan Cümhuriyyətədək

Digər guşədə Bakı, Gəncə, İrəvan xanlıqlarının bayraqlarının nümunəsi asılıb. Onların üzərində şir, Qurani-Kərimdən ayələr təsvir olunub. Bayraqların qədim dövrlərdə emosional təsiri də olub. O dövrlərdə ordu torpaqları zəbt edəndə bayraqlarını həmin ərazilərdə ən hündür yerlərə sancardı.
İrəvan xanlığının bayrağına yaxınlaşıram. İndiki Ermənistan ərazisinin zamanında Azərbaycanın tarixi torpaqlarına aid olmasına dair əyani sübut. Üzərində Quran ayələri olan bayraq Qərbi Azərbaycan torpaqlarında müsəlman dövlətinin mövcud olmasından xəbər verir.
Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı nümayəndəliyinin qarşısında dalğalanan bayrağın əsli də maraq doğurur. 95 yaşlı bayrağın rəngləri solub, qırmızı rəng çətinliklə seçilir. Müsəlman Şərqində ilk demokratik respublikanın bayrağına baxdıqca tariximizlə bir daha qürur duyuruq.
Bu bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. Bayraqdakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərində milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Müstəqillik illərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mərasim geyim formaları, bayraqların emblemləri, poçt markaları, digər nümunələr, elektron kitabxana muzeyə gələnlərdə zəngin təəssürat yaradır.

Orden və medallar

Muzeyin guşələrindən birində orden və medallar nümayiş olunur. Azərbaycanın ən ali dövlət təltifi ulu öndər Heydər Əliyevin şərəfinə təsis olunmuş ordendir. 2005-ci ildə təsis olunan ordenlə indiyədək 13 görkəmli şəxs təltif edilib. Onların arasında İhsan Doğramacı, Mstislav Rostropoviç, Tahir Salahov, Arif Məlikov kimi görkəmli elm, mədəniyyət xadimləri, Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində müstəsna xidmətləri olan xarici ölkə rəhbərləri var.
Guşədə Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı - “Qızıl ulduz” medalı, dövlətçilik tariximizdə böyük rolu olan Şah İsmayılın şərəfinə təsis olunmuş ali hərbi orden, vətənə xidmətə görə digər təltiflər - “Şərəf”, “Dostluq”, “Azərbaycan bayrağı”, “Şöhrət” ordenləri, medallar sərgilənir. Onların hamısını bir arada yalnız bu muzeydə görmək mümkündür.
* * *
Muzeyin hər eksponatının özündə bir tarix yaşatdığını deyən direktor Könül İmamverdiyeva qeyd edir ki, Dövlət Bayrağı Meydanının və belə bir muzeyin yaradılması dövlətin öz rəmzlərinə, tarixinə hörmətidir. Muzeyə gələn qonaqlar da unikal eksponatlarla tanış olandan sonra muzeydən zəngin təəssüratlarla ayrılırlar: “Bizim əsas məqsədimiz təbliğat işidir. Gənc nəslin vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə 200-dən çox məktəbin şagirdləri muzeydə olub. Biz hər il “Bayrağımız qürür mənbəyimizdir” adlı rəsm müsabiqəsi keçiririk. Bu il tələbələr arasında fotomüsabiqə də elan etmişik. Çalışırıq ki, milli dövlətçiliyimizin, suverenliyimizin rəmzi olan bayrağımızı layiqli şəkildə təbliğ edək. Müstəqilliyimizin daimi və əbədi olması dövlət rəmzlərimizə, bayrağımıza hörmətdən, onun daşıdığı ideyalara sədaqətdən keçir”.

Ceyhun Zərbəliyev