O nəğməli “bağ”da 1 musiqi məktəbi, 202 şagird, 54 müəllim...

“Retro”-həmkarlarımın sözü olmasın, “maşınımız asfalt yolun mərmər sinəsilə şütüdükcə”, fikir-xəyalım torpaq yollar dövrünə aid düşüncə-daşınca təranələri çalırdı: bir azdan çatacağım o ucqar ünvanda ya “Qarabağ şikəstəsi” eşidəcəm, ya da “ah-ah” dolu “Segah”...

Amma yox. “Sən saydığını say...”, gör, IV və V sinif şagirdləri Şəhla Rzayeva ilə Elçin Cəfərov nə çalırlar: Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, A.Məlikov, Çaykovski, Vivaldi, Bethoven aləmlərindən ecazkar dəmlər...
Hələ yalnız haqqında eşitdiyim o ünvana - Füzuli rayon Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbinə çatmamış, yazacağım bu mövzu üçün forma arayıb, üslub bəlləməklə məşğul idim. Dünyalarca məşhurların musiqi, məktəb, təlim-tərbiyə haqda deyimlərini yada salmağa çalışırdım. Onlardan ilk xatırladığım bir fraza - “Bəşəriyyətə bəlli olan bütün səslərdən ən sevimlisi musiqidir” (T.Qotye) sözləri bu “problem”lə bağlı çar-naçarlığıma açar oldu. Bu nər-nəğməli ünvandakı ikimərtəbəli, yar-yaraşıqlı məktəbin yerləşdiyi hektaryarımlıq bağ-bağçanı görəndə isə dahi Bethovenin “Ruhumu ehtizaza gətirən musiqi bənzərsiz çiçəklərin açdığı, alaq otlarınınsa cücərə bilmədiyi bir diyara bənzəyir” fikrini sözün hər iki mənasında qəbul etdim. Elə bu heynidə uzaqlardan dahi mənfurların atəş səsləri eşidildi, fikirlərim (yaxın keçmişlərdə tez-tez eşitdiyimiz “külək hayannan əsdi, kəmər belimi kəsdi” diringisinə təşbeh olaraq) yarımçıq kəsildi. Və bu minvalla bura çatanadək “yığcam bir yazı” qənaətimi fövri redaktə etməli oldum - “artıq məsələyə müxbir-jurnalistik sözlə yox, publisistik gözlə baxmaq gərək...” Həmin məqamlarda uşaqlar arasındakı yaşca da, boyca da ən balacasının az qala ağlamsına-ağlamsına dediyi sözlərdən sonuncusu indi bu yazımın ilk yarımbaşlığına çevrildi: “Yekə kişilərdi, amma gejə-günüz partapart atıllar! Öz də guyam ki, -

atəşkəsdi!..”

...Deyirəm, görəsən, həmin o boyca, yaşca (və təbii, hələ ki başca) ən balaca “türkes”in müqəddəs dodaqlarından açılan bu tərbiyəli (“yekə kişilərdi”...) və müdrik atəşi “hayes”lərin bütün parametrlərcə ən böyüyü eşitsəydi, bunu necə cavablayardı?..
...Bunu öz-özümə deyirəm, sonra da başlayıram öz sadəlövhlüyümü qınamağa: onun-bunun musiqisini, xalı-xalça çeşnilərini oğurlayıb, mətbəxini, etnoqrafiyasını, maddi-mənəvi mədəniyyətini mənimsəyib “millət” olmuş bir Barbarıstanın “başbilən”i nə deyəcəkmiş ki?! 1988-ci ildə 26 azərbaycanlı uşağı dəmir boruya doldurub hər iki tərəfini qaynaq edən bu qədər aşağı toplum-tayfanın başçısı “Hər bir uşaq məchul mənada dahi, hər bir dahi məlum qədər uşaqdır” (A.Şopenhauer) kimi müdrikliklər səviyyəsinə ucala bilərmi?!.
Bu an böyük Dostoyevskinin mövzumuzun əsas məğzilə bağlı “Bütün dəblər dəyişir, əsl musiqi isə - əsrlərdən usanmadan - əbədi yaşayır” fikrini də yad etdim ki, mənim də belə bir “zikr”imə ayaq versin: dəblər də Allahın yaratdığı hər şey kimi dəyişirsə, bəs, erməninin şeytan xisləti niyə dəyişməsin?!
Nəysə...
Məktəbin sinif otaqlarını, foye, zal və dəhlizlərini gəzdikcə, göz-qulağımın bir ucu uşaqlarda idi. Hər sinifdən bir çalğı, bir avaz gəlir və bütün bunlar adama milli-bəşəri bir təlim-məşq simfoniyası təsiri bağışlayır.
Məktəbin direktoru Elmin İdrisli “hər şey göz qabağında” deyiminə rəğmən, mənimlə “paritet” addımlayır. “Deməli, məktəbinizdə 6 şöbə var - fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik, - eləmi” sualımı fərəh bükülü bir təbəssümlə: “Hə, 6 yazın, 1 yadda!”- deyə cavablayır. Mənsə bu məchul “sürpriz”i yaddaşıma yazıb, uşaqlar arasından gözüm tutanları sorğu-suala çəkirəm. Bir balaca qız bu ilin aprelində Ağcabədi şəhərində keçirilən “Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi”nin I turundakı uğurlarından danışır: “Bizim “qarmon Emin”lə “kamança Şəhla” II tura keçdilər”. O qızdan bir az böyük bir oğlan onun sözünü davam etdirir: “Hələ bu harasıdır, onlar Bakıda - 850 şagirdin iştirak etdiyi II turda 3-cü yerə çıxdılar!” Həmin qalib yoldaşlarının uğurlarından yana dili ağzına sığmayan yeniyetmə bir qız isə iyulun 10-da - müsabiqənin Azərbaycan Dövlət Filarmoniyasında keçirilən final mərhələsində - mədəniyyət və turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva ilə nazirliyin elm-təhsil şöbəsinin müdiri Yaşar Əliyevin bunların əllərini necə istiqanlıqla sıxmalarından, üzlərinə necə nəvazişlə baxmalarından, pul və... puldan da qiymətli olan səmimi təşəkkür mükafatlarını nə sayaq təqdim etmələrindən danışarkən bizi də öz ehtizazlı mütəəssirliyinə qərq etdi...
Sonra - “söz filankəsə verildi” kimi “protokol”lardan fərqli olaraq - müəllimlər danışdılar. Əlli iki nəfəri ali və orta ixtisas təhsilli bu müəllimlərin ümumi qənaətinə görə, ümummilli lider Heydər Əliyevin strategiyasını bütün taktiki-faktiki cəhətlərdən həyata keçirən Prezident İlham Əliyevin sərəncamları ilə günü-gündən qüdrətlənən ölkəmizin bu sərhədyanı guşəsi də dosta yaz kimi çiçəklənməkdə, düşmənə göz dağı kimi ucalmaqdadır. Onlar vurğuladılar ki, rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu məsələlərə - çıxışlarından birində söylədiyi “...hər açılan məktəb bir həbsxananın bağlanması deməkdir” frazasından yanaşır. Onlardan üçünün - Əsgər Əsgərov, Lalə Bayramova və Rövşən Bəylərovun söhbətləri, uşaqlarla davranışları isə mənə əfsanəvi Homerin “Təhsil şagirdlərə, tələbələrə hörmətdən başlayır” fikrini xatırlatdı. Buradakı milli, mədəni-mənəvi ruh da o qədər özəl və gözəl ki, buranı obyektoloji sarıdan ehtiva edən dahiyanə “Müfəttiş” müəllifinin bir postulatını da yada salır: “Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir”...
Amma bu dünyada başqa bir müəllimlik də var ki, bu haqda o məktəbin direktoru -

Elmin müəllim danışdı

Elə erkən yaşlarından qocaman-qocaman düşünüb-daşınan, ömrünü böyük mədəniyyət, elm-irfan aləminə həsr etmiş atası Bəhram kişinin mənəvi yolunu göyərtməsilə “ot kökü üstə bitər” kimi irsi-şəcərəvi məsəllərə nümunəvi misal olan, 1998-ci ildən bu ucqar-“aqrar” maarif-mədəniyyət ocağına başçılıq edən Elmin müəllim.
Elmin müəllimin bu məktəbin necə yaranması ilə bağlı 10-15 dəqiqəlik söhbəti mənim xəyal aləmimdə bitkin bir “kolxoz sədri surəti” yaratdı: - vaxtilə bu kənddə yerləşmiş “XXIII qurultay” adına kolxozun ağsaqqal, uzaqgörən, ziyalı sədri Qoşun Əliyevin obrazını. Elman müəllim dedi ki, deyirlər bir gün kənd mağazasına boşaldılan “raykoopittifaq” malları içərisində çoxlu siqaret-papiros da olduğunu görən Qoşun kişi satıcıdan məəttəl-məəttəl soruşur: “A qızım, məhlim bu kənddə siqaretçəkən də var?..”
Söhbətin burasına qədər “nəqli keçmiş”də danışan Elmin müəllim sözünü “şühudi keçmiş”lə bitirdi: Niyə yoxuydu ki, sadəcə, hörmət-izzət əlaməti olaraq heç kəs onun yanında siqaret çəkmirmiş...
Hə, indi - yəni belə bir “giriş”dən sonra - sözümüzü evi haqda tərifsiz-təqdirsiz, təəccübsüz-heyrətsiz “çıxış” etmək olar. Belə ki, 1988-ci ildə həmin o kolxoz sədri: “Biz harda, hansı şəraitdə olsa işləyə bilərik, qoy bu binada uşaqlar musiqi öyrənsinlər, böyük mədəniyyətə yiyələnsinlər!” - deyərək, idarənin açarlarını o vaxtkı rayon mədəniyyət şöbəsinin müdirinə verib...
“İndi rəhmətliyin nəvəsi Gülnarə Əliyeva da məktəbimizin əlaçılarındandır”-deyə, söhbətini yekunlaşdırmaq istəyən Elmin müəllim sözünə belə bir dua-sənalıq da əlavə etdi - Qoy onun ruhu bir daha şad olsun ki, buranın məzunu Rəhilə Məhərrəmova Asəf Zeynallı adına Musiqi Məktəbini qırmızı diplomla bitirərək Milli Konservatoriyaya qəbul olunub...”
- Bəs bayaqkı “6 yazın, 1 yadda” replikanız?
- Hə, o, cari dərs ilində gerçəkləşəsi saz şöbəsinə işarə idi. Bu çoxdankı arzumuzu nazirliyimiz də dəstəklədi və bu ildən qarabağlı uşaqların sinələrində milli musiqi alətlərimizin “dədə-babasını” da görəcəyik...
Və nəhayət, yuxarıda - həmin o yaşca və boyca ən balaca şagirddən iqtibas etdiyim “atəşkəsdi” yarımbaşlığı altında - başqalarının dediyi fikirlərə əlavə olaraq, özümdən -

Bir-iki kəlmə

Bu da ibarət olsun bundan ki, bütün dünyada “soyqırım” ağlaşması quran, bizim sərhədlərimiz boyunca isə hər gün 50, 100, 150 kərə darap-durum atışması ilə rəsmi “Atəşkəs”i (buna “kişilik müqaviləsi”ni də demək olardı - amma erməni hara, belə bir söz hara?!) pozan barbar pozğunlar hər gün bu məktəbin 202 şagirdinin tar, kamança, fortepiano, qarmon, nağara və Bəy-Xananə xanəndəliklə açdıqları mədəniyyət atəşlərini susdura bilməyəcək və günlərin bir günü, bizim bir qədər jarqonik zərb-məsəllərimizdən birindəki ilk personajın məlum “ariya”sını (buna “hür”iya da demək olar) ifa edə-edə baxacaqlar ki, Azərbaycanın Qələbə Karvanı keçir...

Tahir Əhmədalılar