Buranın hər daşı, hər divarı qədim dövrü xatırladır. Burada uzaq keçmişin, fərqli adətlərin, qədim inancların izləri, atəşpərəstlərin icra etdikləri dini ayinlər gözlərimiz önündə canlanır. Bura “Atəşgah məbədi”dir...

Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən Atəşgah məbədinin özünəməxsus yeri var. Abidə UNESCO-nun “Dünya irsinin siyahısı”na daxil edilməsi məqsədilə gözləmə siyahısına təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə abidənin ərazisi “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib və qoruq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. Ölkə başçısının “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsinin təmin olunması və maddi-texniki təminatı barədə” sərəncamına əsasən isə 2009-2013-cü illərdə burada genişmiqyaslı bərpa və konservasiya, elmi tədqiqat, abadlaşdırılma işləri həyata keçirilib. Bərpa zamanı məbədin hücrələrində müasir havalandırma sistemi qurulub, turistlərin rahatlığı üçün şərait yaradılıb.

Keçmişdən bu günə

Qoruğun direktoru Rəşid Babayi deyir ki, eramızın II-III əsrlərinə aid olan bu məbədin Suraxanıda tikilməsi təsadüfi deyil: “Qədim zamanlarda yerin alovlanması insanlara möcüzə kimi görünürdü. Zərdüştilər üçün isə od müqəddəs idi və onlar II əsrdə burada məskən salaraq məbədin əsasını qoyublar. VII əsrdə Azərbaycanda İslam dini yayıldıqdan sonra zərdüştilik öz təsirini itirir. Məbədin ikinci həyatı XVI-XVII əsrlərdən başlayır. Qədim İpək Yolu sayəsində başqa ölkələrlə geniş ticarət və mədəni əlaqələr qurulurdu. Hindistandan bura çoxlu zəvvarlar gəlir və atəşpərəstlərin sayı artır. Onlar dağılmış məbədi bərpa edirlər. Güman ki, hücrələri Azərbaycan memarları tikib. Çünki məbəd Abşeron arxitekturasında qurulub. Məbəddə ən müqəddəs yer mərkəzi ibadətxana sayılıb. Ora yalnız baş kahinlər buraxılırdı. Adi zəvvarlar isə həyətdə, hücrələrdə dini ayinləri yerinə yetirirdilər. 26 hücrədən ibarət abidə qonaq otağı, karvansara və ibadət yerləri kimi istifadə olunurdu”.
Rəşid müəllimlə birlikdə məbədin ərazisini gəzirik. Məbədin balaca hücrəsində bütün ömrünü oda sitayiş etməklə keçirən insan fiquru var. Başqa bir hücrədə daşdan düzəldilmiş taxtda qaynar əhəngin üzərinə uzanaraq özünə əzab verən tərki-dünyanın fiqurunu görürük. Bu hücrədə mətbəx kimi istifadə olunmuş guşə də var.

Arxeoloji qazıntılar maraqlı faktları üzə çıxarıb

Bərpa işlərindən əvvəl qoruq ərazisində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən arxeoloji qazıntı işləri aparılıb. Nəticədə bir çox maraqlı faktlar üzə çıxıb. Məbədi odla təmin edən qaz xətləri, 2 qurbangah, atəşpərəstlərin cəsədləri yandırdıqları yer aşkar olunub. “Atəşgah” ərazisini qazla təmin etmək üçün böyük bir sistem olub. Qazıntılar nəticəsində məlum olub ki, qazın toplandığı quyuların üzəri əhənglə, gillə bağlanıb. Bu quyulardan xüsusi xəndəklər vasitəsilə hücrələrə qaz xətləri çəkilib. Xəndəklərin də üzəri gillə örtülüb. Məbədi su ilə təmin edən quyu da aşkarlanıb. Quyu Abşeron memarlığı üslubunda üst hissə daşdan tikilib, alt hissə isə qayadan çapılıb.
Rəşid Babayi “Atəşgah”da tarixi muzey mərkəzinin yaradılmasının da nəzərdə tutulduğunu deyir. Onun sözlərinə görə, qoruğun ərazisindən tapılan eksponatlar həmin muzeydə nümayiş olunacaq.

Məbədi məşhur şəxsiyyətlər də ziyarət edib

Bu tarixi məkan müxtəlif xarici ölkələrdən də tacirlərin, səyyahların, elm, mədəniyyət xadimlərinin diqqətini çəkib. Məbədi ziyarət etməyə gələn insanlar arasında dünyaca məşhur fransız yazıçısı Aleksandr Düma (ata), rus kimyaçısı Dmitri Mendeleyev, rus rəssamı Qriqori Qaqarin və başqaları olub. Mendeleyev həyat yoldaşına yazdığı məktubda bu vaxta qədər belə məbəd görmədiyini bildirib. Rus çarı III Aleksandr da 1888-ci ildə Bakıya səfəri zamanı ailəsi ilə birlikdə “Atəşgah”da olub.

Tarixi məkan turistlərin marağındadır

Tarixi mədəniyyət abidələri turizmin inkişafına təsir göstərən mühüm faktorlardandır. Çünki istənilən ölkəyə səyahət edən turist həmin diyarın tarixinə, yaşayış tərzini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir. Mədəni turizm də öz növbəsində ölkənin qədim irsinin dünyaya tanıdılmasında xüsusi rol oynayır. Rəşid Babayi dünyanın hər yerindən qonaqların məbədi görməyə gəldiyini deyir. Türkiyə, İran, Hindistan və Kanadadandan gələn turistlər tarixi məkana xüsusi maraq göstərirlər. Ziyarətçi sayı yaz və yayda daha çox olur, qış aylarında nisbətən azalır. İl ərzində tarixi abidəni 12 min çox insan ziyarət edir.
“Atəşgah”a gələn şagirdlər üçün biletin qiyməti 20 qəpik, bir sinif üçün ekskursiya qiyməti 1 manatdır. Tələbələr üçün bilet 1 manat, kollektiv ekskursiya qiyməti isə 3 manatdır. Başqa vətəndaşlar və turistlər üçün giriş qiyməti 2 manatdır.
Artıq hər il Novruzda bayram tonqalını yandırmaq üçün “Atəşgah” məbədindən od gətirilməsi ənənəsi formalaşıb. Novruzun əsas personajları - Dədə Qorqud, Bahar qızı, Keçəl və Kosa musiqiçilərin müşayəti ilə od gətirmək üçün Qoşa qala qapısından Suraxanıya yola düşürlər. Bu ənənə Novruzun möhtəşəm görüntülərlə yadda qalması ilə yanaşı, “Atəşgah”a da turist marağını artırır.
Bu ilin iyununda Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində ölkəmizə olacaq turist axınını nəzərə alan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu da tarix və mədəniyyətimizin təbliği üçün öz imkanlarından layiqincə istifadə etməyə çalışacaq. Avropa Oyunlarının açılış mərasimini bildirən Olimpiya məşəlinin “Atəşgah məbədi”ndən alovlandırılması da gözlənilir.

Fariz Hüseynov