Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY 1994-cü ildən başlayaraq zəngin ümumtürk mədəniyyətinin təbliği və dünyaya tanıdılması istiqamətində mühüm layihələrə imza atmaqdadır. Qurumun ənənəvi layihələrindən biri də türk dünyasının görkəmli mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin şərəfinə xatirə ilinin keçirilməsidir.

Xəbər verdiyimiz kimi, TÜRKSOY Daimi Şurasının qərarı ilə 2015-ci il ünlü türk dramaturqu Haldun Tanerin 100 illiyi və xakas xalq dastançısı Semyon Kadışevin 130 illiyi münasibətilə bu şəxsiyyətlərin xatirə ili elan olunub. Artıq altıncı ildir ki, TÜRKSOY xatirə ilinin açılış tədbiri çərçivəsində türk mədəniyyət və sənətinin yaşadılmasına töhfə verən media nümayəndələrinə qurumun mükafatları təqdim edilir. Builki “Haldun Taner ili”nin açılış tədbirinə Azərbaycan da daxil olmaqla 10 respublikadan media nümayəndələri dəvət olunmuşdu. Ölkəmizi səfərdə bu sətirlərin müəllifi də daxil olmaqla üç nəfər təmsil edirdi. Türkiyə Cümhuriyyəti Baş Nazirliyinin İctimai Diplomatiya Koordinatorluğu və Mətbuat-Yayım və İnformasiya Baş Direktorluğu və TÜRKSOY-un təşkilatçılığı ilə media mənsubları üçün birhəftəlik xüsusi proqram tərtib edilmişdi.
Fevralın 22-dən 28-nə qədər Ankara, Kapadokya və İstanbulda səfərdə olan heyətlə Türkiyənin bir sıra dövlət qurumlarında görüşlər keçirildi. Səfər Ankaradakı görüşlərlə başladı.

“Bizə və gələcək nəsillərə qalan mədəniyyətdir”

Fevralın 23-də əvvəlcə TÜRKSOY baş katibinin müavini Fırat Purtaşın iştirakı ilə media nümayəndələri Baş Nazirliyin İctimai Diplomatiya Koordinatorluğu və Mətbuat-Yayım və İnformasiya Baş Direktorluğunda oldular. Baş direktor Cemalettin Haşimi qurumun tarixi, fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, informasiya qurumu olaraq öz işlərini dünyada baş verən proseslərə uyğun formada qururlar. Dünyada ilk mətbuat qurumlarından biri olan Türkiyə Mətbuat-Yayım və İnformasiya Baş Direktorluğu 1862-ci ildə qurulub və 2010-cu ildən bəri xüsusi departament kimi fəaliyyət göstərir. TÜRKSOY-un fəaliyyətinə də toxunan C.Haşimi qeyd etdi ki, çağdaş dünyada mədəniyyət böyük əhəmiyyət kəsb edir: “Siyasət, digər işlər keçicidir. Amma bizə və gələcək nəsillərə qalan mədəniyyətdir”.
Həmin gün türk dünyası mətbuat nümayəndələri “Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar” qurumunda da oldular. Qurumun rəhbəri Qüdrət Bülbül əsas fəaliyyət prioritetlərini açıqlamaqla yanaşı, son illər reallaşdırdıqları yeni layihələrdən söz açdı, türkdilli ölkələrdə həyata keçirdikləri təhsil təqaüdləri proqramı haqqında danışdı. Əsasən təhsili prioritet seçən qurum 1992-ci ildən bu günə qədər Azərbaycan da daxil olmaqla türk ölkələri və diyarlarından 13 min tələbəyə təhsil təqaüdü verib: “Bununla da biz türk dünyasında təhsilin inkişafına və yayılmasına dəstək veririk. Bundan başqa, biz türkdilli ölkələrin elmi-araşdırma institutları ilə də əməkdaşlıq edirik”.

Görüşlər, tanışlıqlar...

Növbəti görüş TÜRKSOY-un mənzil-qərargahında oldu. Media mənsublarını təşkilatın baş katibi Düsen Kaseinov qəbul etdi. İştirakçıların hər biri təmsil etdiyi KİV haqqında məlumat verdi, fikirlərini bildirdi, təkliflər irəli sürüldü.
Sonra TÜRKSOY haqqında film nümayiş olundu. Baş katib Düsen Kaseinov qurumun həyata keçirdiyi yeni layihələrdən söz açdı, media ilə daimi əməkdaşlığın əhəmiyyətini xüsusilə vurğuladı. Bildirdi ki, türk dünyası mədəniyyətinin təbliği və tanıdılmasında media nümayəndələri mühüm rol oynayır.
Fevralın 24-də media mənsubları ilə Türk İşbirliyi və Koordinasiya Agentliyində (TİKA) görüş keçirildi. Qurumun mədəniyyət sahəsində fəaliyyətindən söz açıldı. Bildirildi ki, qədim türklərin yaşadıqları bölgələrdə TİKA-nın həyata keçirdiyi layihələr, arxeoloji qazıntılar türk dünyasının tanıdılmasına xidmət edir və bu gələcəkdə də davam edəcək.
Türkiyə Radio və Televiziyasını (TRT) da ziyarət edən media mənsublarına ortaq türk mədəniyyətini tanıdan televiziya layihələri, studiyalar, müasir avadanlıqlar haqqında məlumat verildi.
Xarici İşlər Nazirliyində keçirilən görüşdə media nümayəndələri Türkiyənin bölgədə apardığı siyasət və reallaşdırdığı layihələr haqqında məlumat əldə etdilər. Görüşdə həmçinin Türkiyənin ortaq türk mədəniyyətinin, tarixinin daha dolğun və obyektiv formada təbliği məqsədilə reallaşdırdığı fəaliyyətlərdən bəhs edildi. Qazaxıstanın paytaxtı Astanada qurulan Türk Akademiyasında ortaq türk tarixi kitabının hazırlanması haqqında məlumat verildi.
Baş Nazirliyin Təbii Fəlakət və Təcili Vəziyyət Yönətimi Başkanlığında görüş zamanı media nümayəndələrinə Türkiyənin “açıq qapı” siyasəti haqqında məlumat verildi, ölkəyə gələn İraq və Suriya qaçqınlarına göstərilən diqqət və qayğı ilə bağlı görülən işlərdən bəhs edildi.

“Haldun Taner ili”nin açılışı

Fevralın 24-də axşam Ankara Opera Teatrında böyük qələbəlik yaşanırdı. TÜRKSOY-un “Haldun Taner ili”nin açılışına həsr olunmuş təntənəli mərasimə qurumun baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik, türk respublikalarının nümayəndələri qatılmışdı.
Əvvəlcə bu il 100 illiyi qeyd edilən Haldun Tanerin həyat və yaradıcılığı haqqında məlumat verildi. Bildirildi ki, H.Taner Türkiyənin tanınmış yazıçı-dramaturqu və jurnalisti olub. Yazıçılıqla yanaşı, İstanbul və Ankara universitetlərində dərs deyib, “Milliyet” qəzetində redaktor işləyib, 1986-cı ildə İstanbulda vəfat edib.
Tədbirin bədii hissəsində Ankara Dövlət Teatrı və Samsun Dövlət Opera və Balet Teatrının təqdimatında Haldun Tanerin əsərlərindən parçalar nümayiş etdirildi. Həmçinin sənətçinin əsərlərindən ibarət sərgi təşkil olunmuşdu.
Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirdi ki, qurum yarandığı gündən türk dünyasının sənət, ədəbiyyat və mədəniyyət sahəsində nüfuz qazanan şəxsiyyətlərinə hər zaman böyük önəm verib. Haldun Taner də onların sırasındadır: “Bu axşam bizləri bir araya gətirən bu isim öz yaradıcılıq nümunələri ilə türk dünyasına, ədəbiyyata və tarixə ölməz əsərlər bəxş edib”.
Baş katib “Haldun Taner ili” ilə bağlı TÜRKSOY-a üzv ölkələrdə keçiriləcək tədbirlər haqqında da məlumat verdi və bildirdi ki, bu tədbirlər sayəsində H.Taner türk dünyasına daha yaxından tanıdılacaq.
Sonra TÜRKSOY-un artıq ənənə halını almış media mükafatlarının təqdimatından söz açan baş katib qeyd etdi ki bu, ümümtürk mədəniyyətinin tanıdılmasına xidmət edən önəmli faktorlardan biridir. Bildirdi ki, TÜRKSOY-un media mükafatında təsvir olunan əllər ümumtürk birliyini simvolizə edir: “İnanıram ki, sizin də iştirakınızla hər zaman türk xalqlarının birliyi qorunacaq”.
Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik isə çıxışında TÜRKSOY-u “Türk dünyasının UNESCO-su” adlandıraraq dedi: “Türk dövlətlərinin sayı dəyişə bilər, adları da dəyişə bilər, amma bizi bir-birimizə bağlayan ortaq mədəniyyət birdir". Nazir təşkilatın türk dünyasının görkəmli şəxsiyyətlərinin xatirəsinin yaşadılması ilə bağlı layihəsini xüsusi qeyd etdi: “Bu il ilk dəfə olaraq Türkiyədən, Anadolu torpaqlarından bir mədəniyyət-sənət xadiminin xatirəsinə həsr olunub”.

Media mükafatlarının təqdimatı

Sonra ümumtürk mədəniyyətinin tanıdılması və zənginləşdirilməsinə verdikləri töhfələrə görə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistan, Makedoniya, Başqırdıstan, Dağıstan, Xakasiya və Tatarıstandan 18 media mənsubuna mükafatlar təqdim edildi. Ölkəmizdən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı Zərnişan Turan, “Mədəniyyət” qəzetinin yazarı Mehparə Sultanova və “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov təltif olundular. Qeyd edək ki, “Mədəniyyət” qəzeti ilk dəfə 2011-ci ildə bu mükafata layiq görülüb.
Bununla media nümayəndələrinin Ankara proqramı başa çatdı və heyət fevralın 25-də səhər Kapadokyaya yola düşdü...

(Ardı var)

Mehparə Sultanova
Bakı-Ankara-Bakı